Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-170/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibаrət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)-11/2022 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 10 fevral 2022-ci il tarixli 1(016)- 11/2022 nömrəli hökmü ilə xx.xx.1987-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, işsiz, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəlinin şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış və Ağsu Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş vəziyyətdə olan narkotik vasitə qalıq çəkisi 1,083 qram olan heroinin kütləsi, 1 ədəd şüşə flakonun və 1 ədəd 1 ml-lik şprisin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat 10 qəpik) manat məbləğində məhkəmə xərcinin Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 14 saat hüquqi yardıma görə 84 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,133 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz əldə edib, yerini dəyişdirərək daşıyıb yaşadığı Ağsu şəhəri Melioratorlar qəsəbəsinə gətirərək üzərində saxlamış, 20 noyabr 2021-ci il tarixdə saat 07:30-da Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri Nizami küçəsində saxlanılıb polis şöbəsinə gətirilərək, orada saat 09:15-də üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi qara rəngli şalvarının sağ yan cibində olan kağıza bükülmüş 1,133 qram təmiz çəkidə narkotik vasitə olan heroin, bir ədəd istifadə edilmiş şipris, bir ədəd dibində çöküntü olan şüşə flakon aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almadan ona 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)-11/2022 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, daha yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Abdulla Abdullayev apellyasiya protestinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)- 11/2022 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, daha yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Zaur Bayramov apellyasiya protestinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)-11/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)-11/2022 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamaışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ Siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Onun külli miqdarı 2 qramdan başlanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz əldə edib saxladığı heroinin ümumi çəkisi 1,133 qram olmaqla şəxsi istehlak miqdarının aşağı həddindən 7 dəfə çox olmaqla yuxarı həddə, yəni külli miqdara yaxındır və ona təqsirli bilindiyi maddələrin sanksiyalarının aşağı həddində cəza təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında məhkəmələrin diqqətini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi zəruriliyinə cəlb edilməsini zəruri hesab etmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitənin istehlak miqdarından dəfələrlə çox olması, habelə məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasına görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda Təqsirləndirilən şəxs 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarda xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X3 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlər görmələri zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbildən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan yüngül cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab etmək olmaz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)-11/2022 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)-11/2022 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il müəyyən edilməli, birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)-11/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 1(016)- 11/2022 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il müəyyən edilsin. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-170/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-170/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver