Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-178/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.Əhmədov) 04 mart 2021-ci il tarixli hökmü ilə xx.xx.1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbirinin seçilərək, məhkəmə iclas zalında həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, CM-in 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində tutulduğu 27.04.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək olan iki günün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş bir il müddətə azdlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkməsinin əvvəlinin həbsə alındığı 04 mart 2021-ci ildən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona CM-in 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunması, onun Şəki rayon narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 51,06 manat məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) hesabına köçürülməsi, iş üzrə maddi ziyanın, mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 qəsdən, vahid niyyətlə istintaqa məlum olmayan mənbədən, tamah niyyəti və satış məqsədilə şəxsi istehlak miqarından artıq miqdarda bir ədəd kibrit qutusunda yəni, 6,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 24 aprel 2020-ci il tarixdə, saat 13 radələrində həmin bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında qanunsuz olaraq 60 manata tanışı Təqsirləndirilən şəxs3 satmış, sonuncu narkotik vasitəni aldıqdan sonra üzərindən bir hissəsini götürüb siqaret giləsinə doldurub çəkdikdə, aldığı narkotik vasitə olan marixuananın keyfiyyəti aşağı olduğu üçün geri qaytarmaq qərarına gəlmiş və bir gün həmin narkotik vasitəni özündə saxladıqdan sonra 25 aprel 2020-ci il tarixdə bir ədəd kibrit qutusunda 6,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 qaytarmış, bundan sonra Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 geri qaytardığı həmin narkotik vasitə olan marixuananı vahid niyyətlə 25 aprel 2020-ci il tarixdə, saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında qanunsuz olaraq digər tanışı Təqsirləndirilən şəxs1 40 manata satmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 qəsdən 25 aprel 2020-ci il tarixdə, saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6 nömrəli evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,09 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 40 (qırx) manata alıb əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, göstərilən tarixdə, saat 13:30 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Təqsirləndirilən şəxs2 əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd kibrit qutusunda 6,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 qəsdən 24 aprel 2020-ci il tarixdə, saat 13 radələrində Şəki şəhəri, Ə.Sadıqov küçəsində yerləşən 6 saylı evin qarşısında tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 6,09 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 60 (altmış) manata alıb əldə etdikdən sonra həmin narkotik vasitənin üzərindən bir hissəsini götürüb bir ədəd siqaret giləsinə doldurub sonuncunun yanında həmin yerdə mağazanın yan tərəfində çəkmiş və aldığı narkotik vasitə olan marixuananın kefiyyətsiz olduğu üçün geri qaytarmaq qərarına gəlmiş və bir gün həmin narkotik vasitə olan marixuananı üzərində saxlayaraq daşımış, 25 aprel 2020-ci il tarixdə, saat 12 radələrində ünvan 4 ünvanının qarşısında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd kibrit qutusunda 6,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 qaytarmışdır. Hökmdən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətləri vermişlər. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilməsini və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 isə apellyasiya şikayətində cəzasının yüngül cəza ilə əvəz edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək demişdir ki, özümu təqsirli bilirəm. Əməlimdən peşmanam. Birinci instansiya məhkəməsində verdiyim ifadəni təsdiq edirəm. Ona görə də azadlığa buraxılmağımı məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilməsini və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci tarixli hökmü dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-cü (Sübutların toplanılması), 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün toplanmış sübutlar birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Ancaq təqsirləndirilən şəxsə təyin olunmuş cəza bir qədər sərt olmuşdur. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası ona təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinin mümkünlüyünü müsbət qiymətləndirir və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından uyğun olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşdən görünür ki, Təqsirləndirilən şəxs3 təmiz çəkisi 6,09 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşıdığına görə təqsirləndirilən şəxsdir. Cinayət işinin materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnamədə (İİ cild, i. v. 19) Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunaraq göstərilmişdir ki, o, ünvan 1 ünvanında yaşadığı müddətdə qohum-qonşuların xeyrində şərində yaxından iştirak etmişdir. Onun haqda heç bir şikayət daxil olmamışdır. Bundan başqa, o, cinayət əməlini törətdikdən sonra təqsirini boynuna almaqla törətdiyi əməl barədə ətraflı məlumat verərək cinayətin üstünün açılmasında istintaq orqanına yaxından köməklik etmiş, səmimi peşmançılığını bildirmişdir. Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin təqsirini boynuna almaqla törətdiyi əməl barədə ətraflı məlumat verərək, istintaq orqanına yaxından köməklik etməsi, səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, törədilmiş əməllə müqayisədə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs3 istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, ona yuxarıda göstərilən əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi qanuni və əsaslı hesab oluna bilər. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Həm apellyasiya şikayətlərindən, həm də Təqsirləndirilən şəxs3 apellyasiya şikayətlərinin dəlillərinə bildirdiyi münasibətdən görünür ki, o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan peşmаn olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs3 ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanın iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunması onun islаh olunması üçün yetərli ola bilər. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 25.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək olan 2 gün və 04 mart 2021-ci ildən 04 may 2021-ci ilədək olan 2 ay həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 ay 4 gün ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq bir il yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş bir il yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, baxılmış apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 394, 397-399, 407 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilsin. Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 25.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək olan 2 gün və 04 mart 2021-ci ildən 04 may 2021-ci ilədək olan 2 ay həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 ay 4 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq bir il yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş bir il yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Baxılmış apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-178/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-178/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver