Məhkəmə qərarları › İş №1(107)-19/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-19/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-19/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Hüseynli Nübar Elçin qızının iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair X2 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Məhkəməsinin (hakimlər R.Əliyev (sədrlik edən), R.Hüseynov (məruzəçi) və B.Məmmədov)xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, şübhəli şəxs kimi tutulduğu üç günün həmin cəzaya hesablanmaqla çıxılması, üzərində qəti olaraq üç il on bir ay iyirmi yeddi gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, ona təyin edilmiş cəzanın ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, saxlanması üçün Şəki Penitensiar Müəssisəsinə təhvil verilməsi, onun Şəki Penitensiar Müəssisəsinə çatdırılması və təhvil verilməsinin Şəki Penitensiar Müəssisəsinin mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilməsi, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, iş üzrə ekspertiza xərci olan 35,97 manatın ondan tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 33 ədəd yaş halda çəkisi 6,16 qram çətənə bitkisi kollarının, 14 ədəd plastik butulka və 1 ədəd vannanın qiyməti və əhəmiyyəti olmadığından məhv edilməsimüəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq yaşadığı Qax şəhəri, A.Məmmədov küçəsi, 10 ünvanındakı evin yataq otağında 2019-ci ilin aprel ayının əvvəllərində külli miqdarda, yəni 33 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qaydada qulluq göstərərək davamlı olaraq onları suvarmaqla gübrə vermiş və ətrafını alaq otlarından təmizləyərək yetişdirmiş və kultivasiya etmişdir. xx xxxxx 2019-cu ildə DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında Kamil İsmayılovun iştirakı ilə yaşadığı ünvana baxış keçirilən zaman evin yataq otağının pəncərəsindən onun qanunsuz olaraq əkib-becərdiyi, xüsusi olaraq qulluq göstərdiyi külli miqdarda, yəni 4 sm-dən 21 sm-dək uzunluqda 33 ədəd ümumi təmiz çəkisi 6,16 qram olan narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs Kamil İsmayılovun müdafiəçisi apelyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təyin etdiyi 4 il müddətə azadlıqdan məhrum etmə cəzası həddindən artıq ağır olmuş, birinci instansiya məhkəməsi hökm çıxararkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almamışdır. Təqsirləndirilən şəxs Kamil İsmayılov həm məhkəməyədək icraatda, həm də birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə, əməlindən peşman olduğunu bildirmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs Kamil İsmayılov xəstədir, mədəsində olan ağrılardan əziyyət çəkir. Himayəsində yataq xəstəsi olan qardaşı və iki yetkinlik yaşına çatmayan uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürüləndə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Göründüyü kimi, məhkəmə praktikasında şəxsin əməlindən peşman olub, törətdiyi cinayəti etiraf etməsi onun daha tez islah olunmasını şərtləndirən amil kimi qəbul edilir. Belə şəxslər tez islah olunmağa meyilli olduqları üçün məhkəmələrin onların barəsində təqsirləndirildikləri maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin etməsi məqsədə müvafiq hesab edilə bilər. Ancaq birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, nəticədə təqsirləndirilən şəxs Kamil İsmayılova həddindən artıq ağır cəza təyin etmiş, bu zaman Cinayət Məcəlləsində nəzərdə tutulmuş sosial ədalətin bərpa edilməsi prinsipini pozmuşdur. İşdə cəzanı ağırlaşdıran halların olmaması kimi yüngülləşdirici hallar olmasına baxmayaraq, birinci instansiya məhkəməsi hazırkı işə CM-in 62-ci maddəsinin tətbiqinin məqsədəmüvafiq olub-olmamasını müzakirə etməmiş, təqsirləndirilən şəxs Kamil İsmayılova onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Ona görə də X2 Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilməli və CM-in 62-ci maddəsi tətbiq edilməklə Kamil İsmayılov ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən təqsirləndirilən şəxs Kamil İsmayılov CM-in 237.2.3-cü mаddəsilə ona elаn оlunmuş ittihаmdа özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu və ona görə də barəsində olan bütün yüngülləşdirici halların nəzərə alınaraq apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin, o bildirmişdir ki, birinci instansiya məhkəməsində verdiyim ifadəni təsdiq edirəm. Təqsirləndirilən şəxs Kamil İsmayılov birinci instansiya məhkəməsində son sözündəözünü təqsirli bilərək demişdir ki, 2019-cu ilin aprel ayının əvvəllərində evinə odun gətirmək üçün Qax rayonu, Fıstıqlı kəndininin yaxınlığındakı meşəlik sahəyə getmiş, orda yol kənarında olan çayın yanında içərisində narkotik vasitənin toxum olan torba tapmış və götürüb yaşadığı Qax şəhəri A.Məmmədov küçəsi 10-da olan evinə gətirmişdir. Toxumları 14 ədəd plastmas su butulkasında və 1 ədəd orta həcmli su vannasında əkmişdir. Həmin qabları evin yataq otağının pəncərəsinə qoymuş, mütəmadi olaraq həmin qablardakı toxumları sulamış, gübrə vermişdir. xx.xx.2019-cu ildə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək DİN-nin 102 xidmətindən yaşadığı ünvanda narkotik vasitə əkməyi barədə anonim məlumatın daxil olduğunu, aqronumun və özünün könüllü razılığı və iştirakı ilə videoçəkiliş vasitəsilə özünün yaşadığı ünvana baxış keçirilmiş, yataq otağının pəncərəsində 14 ədəd plastmas su qabında və 1 ədəd orta həcmli vannada əkilmiş bitkilərin nə olduğunu soruşan zaman onlara həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özünün şəxsi istifadəsi üçün əkdiyini, həmin bitkilərin toxumlarını 2019cu ilin aprel ayının əvvələrində Qax rayonu, Fıstıqlı kəndinin yaxınlığında yol kənarından tapdığını bildirmişdir. Narkotik tərkibli bitkilərin (şitillərə) gübrəsini, suyunu verməklə və diblərini təmizləməklə yaxşı yetişmələri üçün qulluq etmişdir. Qardaşı qızı Elmiraya polis orqanına məlumat verməsi barədə zəng etməmişdir. Elmira onun razılığı olmadan polis orqanına zəng etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Mazan Fətəliyev bildirmişdir ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona qanuni və ədalətli cəza təyin etmişdir. Hesab edirəm ki, təqsirləndirilən şəxs Kamil İsmayılovun üç dəfə məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən haldır. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, X2 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Emil Əliyev apelyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsinin tətbiq edilərək ona daha yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, X2 Məhkəməsinin xx.xx.2019-cu il tarixlihökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 43 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Kamil İsmayılovun CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Kamil İsmayılovun əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdır. Məhkəmə kollegiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2005-cı il tarixli Azərbaycan Respublikası Qanununun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələbinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır (1.0.6.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Kamil İsmayılov ağır cinayətlər kateqoriyasına aid, qəsdən, qanunsuz olaraq külli miqdarda, yəni 33 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qaydada qulluq göstərərək yetişdirmiş və kultivasiya etmiş, bununla da ona qarşı irəli sürülən cəmiyyət üçün daha təhlükəli olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Kamil İsmayılovun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Kamil İsmayılova yuxarıda göstərilən əməllərinə görə CMin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs Kamil İsmayılovun törətdiyi cinayət əməlinə görə CM-in 237.2.3-cü maddəsinin sanksiyasındaqanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından görünür ki, bundan əvvəl təqsirləndirilən şəxs Kamil İsmayılov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-in 177.3.1-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilib 03 il 03 ay müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasından vaxtından əvvəl şərti azad olunmuş, daha sonra isə Qax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən xx.xx.2016-cı ildə Şəki Penitensiar Müəssisəsindən azad olunmuşdur. Kamil İsmayılov hazırda məhkumluğu olmayan şəxs olsa da, onun kriminal hərəkətlərə meyilli olması belə nəticəyə gəlməyə əsas verir ki, Kamil İsmayılovun yuxarıda göstərilən əməlinə görə ona CM-in 62-ci maddəsinin tətbiq edilməsi islah təsiri baxımından yetərli hesab edilə bilməz. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Kamil İsmayılovun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan halda təqsirləndirilən şəxs Kamil İsmayılovun cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, X2 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. X2 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar