Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-191/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, təqsirləndirilən şəxs X4 və müdafiəçisi Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(039)-62/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən hakim G.Cavadova) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1982-ci ildə Yevlax rayonu Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut olan və X5 Baş Mütəşəkkil Cinayatkarlıqla Mübarizə İdarəsində saxlanılan 2014,75 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, baxış keçirilməsinə dair videoçəkilişin əks olunduğu diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, iş üzrə 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs X7 istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan torbada qablaşdırılmış beş ədəd selofan torbalarda ayrıayrılıqda çəkiləri 650 qram, 945 qram, 90 qram, 95 qram və 235 qram, ümumilikdə 2.015 qram təmiz çəkidə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üstündə daşımaqla, yaşadığı Yevlax rayonunun Havarlı kəndində yerləşən fərdi yaşayış evinə gətirib həmin narkotik vasitənin üç ədəd selofan torbalarda olan 1.685 qram çəkidə hissəsini evin yataq otağındakı güzgülü dolabda, iki ədəd selofan torbalarda olan 330 qram hissəsini isə evin həyətindəki yardımçı tikilinin damında saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Cəlal Abduyev xx xxxxxxx 2019-cu il tarixdə saat 19:55-də yaşadığı evin həyətin də saxlanılaraq dəvəti və icazəsi ilə keçirilmiş baxış zamanı evin həyətindəki yardımçı tikilinin damından bir ədəd üzərində “BMW” sözü yazılmış göyrəngli polietilen torbanın içərisində ağ və göy rəngli sellofan torbalarda, ayrı-ayrılıqda 95 qramvə 235 qram, ümumilikdə 330 qram çəkidə olan, evin yataq otağındakı güzgülü dolabın siyirtməli gözündənisə bir ədəd göyrəngli sellofan torbada 650 qram, bir ədəd sarı rəngli sellofan torbada 945 qram, həmin sarı rəngli selofan torbanın içərisində olan bir ədəd göyrəngli sellofan torbada 90 qram, ümumilikdə 1.685 qram çəkidə olan, cəmi təmiz çəkisi 2.015 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanı polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(039)-62/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı apelyasiya protesti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahıların İ siyahısının 12-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Onun külli miqdarı 500 qramdan başlanır. Göründüyü kimi Cəlal Abduyevin əldə edərək üzərində saxladığı narkotik vasitə olan marixuananın miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 403 dəfə, külli miqdardan isə 4 dəfə çoxdur. Bundan başqa birinci instansiya məhkəməsi şəxsin səmimi peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alaraq yüngül cəza təyin etmişdir. Bu hal isə qanunun tələblərinə cavab vermir. Odur ki, Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Ailənin yeganə işləyən üzvü və maddi təminatçısıdır və 7 aydan artıq ev dustaqlığı dövründə heç bir qanun pozuntusuna yol verməmişdir. Odur ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi apelyasiya protestinin təmin edilməməsini, apelyasiya şikayətinin təmin edilərək hüquqlarını müdafiə etdiyi şəxs təqsirini səmimi etiraf etməsini, onun ailə vəziyyətini, himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alıb təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs X7 bildirdi ki, o, təqsirini səmimi etiraf edir, ilk dəfə məhkum olunmasını nəzərə alıb cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apelyasiya şikayətinin təmin edilməməsini, apelyasiya protestinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(039)-62/2020 nömrəli hökmünün isə dəyişdirilərək Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi və apellyasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi və apellyasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara təqsirləndirilən şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(039)-62/2020 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs X4 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs X4 əməlinin CM-in 234.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin müdafiəçisi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini, dövlət ittihamçısı isə ağır cəza verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini, eləcədə təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə ona daha ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs əməlini səmimi etiraf edir, törətdiyi əmələ görə səmimi peşimançılıq hissi keçirir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, təqsirkar ailəlidir və himayəsində onun qazancına möhtac azyaşlı uşaqları var. Hansıki, bu azyaşlıların inkişafı, cəmiyyətə inteqrasiyası, cəmiyyətin fəal üzvünə çevrilməsi məhz təqsirkar ataya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddindən bilavasitə aslıdır. Belə olan halda, məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 1(039)-62/2020 nömrəli hökmü ilə bağlı apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs X6 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(039)-62/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(039)-62/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-191/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-191/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver