Məhkəmə qərarları › İş №1(107)-191/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-191/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-191/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli (hakim Malik Qarayev) hökmü ilə, xx.xx.1991-ci ildə Qax rayonunun İbaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonu İbaxlı kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun üzərinə gün ərzində yaşadığı Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Xələftala kəndində yerləşən evini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli icra və probasiya orqanında qeydiyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş hüquqi şəxs X12 Təsərrüfatı Mərkəzinə izah edilməsi müəyyən edilmişdir. işin halları: Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs meşə fonduna daxil olan ağacları qanunsuz kəsməsi ilə təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, о, meşə fonduna daxil olan ağacların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 19 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Qax rayonu Xələftala kəndinin ərazisində olan Qıpçaq meşəbəyliyinin 7 saylı dolayında yerləşən meşədən dəyəri 248 (iki yüz qırx səkkiz) manat və 776 (yeddi yüz yetmiş altı) manat olan 2 (iki) ədəd köküstü yaş olmaqla qızılağac cinsinə, 15 (on beş) manat dəyərində olan bir ədəd köküstü yaş olmaqla yalanqoz cinsinə mənsub olan ağacları elektrik mişarı ilə kəsərək təbiətə ümümilikdə 1039 (bir min otuz doqquz) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə razı olmadığını, özünü günahsız hesab etdiyin həmin hökmün ləğv edilərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmündən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti verilməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz verərək onun əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətinin təmin olunmasını, Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, o, heç bir ağac kəsməmiş, meşə idarəsinin əməkdaşları tərəfindən kəsilmiş ağacları yük maşınına yükləyərək evinə gətirmişdir. Onun daimi iş yeri yoxdur. Günəmuzd olaraq harada iş olsa orada fəhləliklə məşğuldur. Barəsində məhdudlaşdırılma cəzasının verilməsi onun başqa şəhərlərdə işləməsinə maneə olacaqdır. Cinayət işi üzrə vurulmuş maddi ziyandan heç bir ödəniş etməmişdir. Onun barəsində cərimə cəzası təyin edilərsə, onu ödəmək iqtidarında deyildir. Ona görə də ona köməklik edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Qax rayonu Xələftala kəndində qaz xətti olmadığı üçün oduncaq tədarük edib qışda istifadə edir. 19 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində Qax rayonu Xələftala kəndində olan meşəlik sahədə 2 ədəd qızılağac ağacını və bir ədəd yalanqoz ağacını özünə məxsus olan elektrikli mişarla kəsmişdir. Həmin ağacların oduncaq hissələrini kəsərək, özünə məxsus olan “UAZ” markalı avtomobilin yük yerinə yükləmiş, həmin vaxtı meşə idarəsinin işçiləri Nadir, Mübariz, Nəsimi və Pərvin ora gəlmişlər. Həmin şəxslər nə üçün meşədən ağac kəsdiyini soruşduqda qışa tədarük üçün etdiyini demişdir. Bundan sonra meşə idarəsinin işçiləri ona avtomobili sürüb onların arxasınca gəlmələrini demişlər. Həmin vaxtı Nadir onun yanında oturmuş, o maşını yaşadığı evin həyətinə saldıqda Mübariz nə üçün avtomobili həyətə saldığını soruşduqda avtomobilin nasaz olmasını, Qax şəhərinə gedə bilməyəcəyini demişdir. Mübariz ağacları meşə idarəsinin həyətinə aparmalı olduğunu dedikdə traktor vasitəsi ilə apara biləcəyini bildirmiş, bundan sonra Pərvin mobil telefonla onun videosunu çəkdiyi üçün onunla mübahisə etmiş, Nəsimi Pərvini oradan uzaqlaşdırmışdır. Bundan sonra oraya polis əməkdaşları gəlmişdir. Ağacları kəsməsi ilə bağlı hər hansı icazə sənədi olmamış, özü tək kəsmişdir. Qanunsuz ağac kəsməsi nəticəsində təbiətə 1039 (bir min otuz doqquz) manat maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş hüquqi şəxs olan Şəki X1i nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 1986-cı ildən X12 Təsərrüfatı mərkəzində müxtəlif vəzifələrdə işləyir. Hal-hazırda həmin idarənin Qax rayonu üzrə meşə mühafizə idarəsinin mühəndisi vəzifəsində işləyir. 19 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Qıpçaq meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisi Şahid4 tərəfindən Qax rayonu Xələftala kəndinin yaxınlığında olan meşədə motorlu mişar işləməsi və ağac kəsilməsi barədə həmin meşəbəyliyinin meşəbəyi olan Şahid3 məlumat verilmişdir. Mübariz bu barədə ona məlumat verdikdən sonra Mübarizə məxsus olan “VAZ-2121” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə meşəbəyi köməkçisi Şahid2la birlikdə Şahid4 dediyi əraziyə getmişlər. Qeyd edilən yerə çatdıqda “UAZ” markalı nömrəsi olmayan avtmobilə bir nəfər şəxsin oduncaqları yüklədiyini görmüşlər. Qax rayonu Xələftala kənd sakini olan Kərim adlı həmin şəxsdən həmin ağacı nə üçün kəsdiyini soruşduqda o ağacı kəsmədiyini, sadəcə olaraq kəsilmiş ağacları yığdığını demişdir. Pərvin həmin ağacların kəsildiyi yeri çəkmişdir. Onlar ağacların kəsilməsi barədə akt tərtib etmiş, həmin ərazidə iki ədəd qızılağac və bir ədəd yalanqoz ağacının kəsilməsi aktda qeyd edilmişdir. Onlar Kərimə həmin oduncağı avtomobillə birlikdə X12 X6 şəhərində olan inzibati binasına aparmasını təklif etmiş. Kərim də razılaşmışdır. Kərim idarə etdiyi avtomobillə öndə getmiş, onlar isə avtomobilin arxasınca hərəkət etmişlər. Lakin Kərim avtomobili evinin həyətinə sürmüş, Pərvin isə həmin avtomobildən həyətə olan oduncaqları düşməsini öz mobil telefonu ilə çəkmişdir. Bu zaman Kərimlə Pərvin arasında mübahisə yaranmışdır. Bundan sonra Qax rayon polis şöbəsinə müraciət etmişlər. Kərim ilkin olaraq həmin yerdə olan kəsilmiş ağaclardan ilk dəfə gəlib apardığını, sonradan isə ikinci dəfə ora kəsilmiş ağacları aparmağa gəlməsini bildirmişdir. Kərim tərəfindən iki ədəd qızılağac kəsilmiş, həmin ağaclardan birinin diametri 84 santimetr, digərinin diametri isə 60 santimetr, bir ədəd yalanqoz ağacının diametri isə 30 santimetr olmuş, həmin yerdə olan ağacların diametrini ağacın ən qarşılıqlı şəkildə olan ən enli yeri ilə ən ensiz yerini toplayaraq iki yerə bölüb ağacın diametri əldə edilmişdir. Onlar həmin vaxtı qeyd edilən üsulla ağaca dəymiş ziyanı hesablamışlar. Hazırda Təqsirləndirilən şəxs təbiətə vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Şahid3 ifadəsində göstərdi ki, 1997-ci ildən X12 Təsərrüfatı Mərkəzində müxtəlif vəzifələrdə, hazırda isə idarənin Qıpçaq meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. 19 sentyabr 2021-ci il tarixdə, saat 08 radələrində Qıpçaq meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisi Şahid4 onun mobil nömrəsinə zəng edərək, Qax rayonu Xələftala kəndinin yaxınlığında olan meşədə motorlu mişar işlədiyini və ağac kəsildiyini bildirmişdir. Bundan sonra özünə məxsus olan “VAZ- 2121” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə mühafizə mühəndisi Nümayəndə, meşəbəyi köməkçisi Şahid2la birlikdə Şahid4 dediyi əraziyə getmişlər. Həmin vaxtı Nadir onu həmin ərazidə gözləmişdir. Ağac kəsilən yerə çatdıqda “UAZ” markalı nömrəsi olmayan avtmobilə bir nəfər şəxsin oduncaqları yüklədiyini görmüş, Qax rayonu Xələftala kənd sakini Kərim adlı şəxsdən həmin ağacı nə üçün kəsdiyini soruşmuşlar. Kərim cavabında ağacı kəsmədiyini, sadəcə olaraq kəsilmiş ağacları yığdığını bildirmişdir. Digər əməkdaş Pərvin isə ağacların kəsildiyi yerin əv oduncaqların şəkillərini çəkmişdir. Kərim tərəfindən iki ədəd qızılağac və bir ədəd yalanqoz ağacının kəsildiyi aşkar edilmiş və bu barədə Akt tərtib edilmişdir. Kərimə idarə etdiyi avtomobillə oduncağı X12 X6 şəhərində olan inzibati binasına aparmasını təklif etmiş, Kərim də razılaşmışdır. Nadir Kərimin idarə etdiyi avtomobilin ön sağ oturacağında oturmuşdur. Kərimin idarə etdiyi avtomobil öndə, onlar isə arxasınca hərəkət etmişlər. Kərim avtomobili evinin həyətinə sürmüş, Pərvin isə həmin avtomobildən həyətə olan oduncaqların düşürdüyünümobil telefonla çəkmişdir. Həmin vaxt Kərim Pərvinlə mübahisə etmişdir. Nümayəndə Pərvini oradan uzaqlaşdırmışdır. Bundan sonra onlar bu barədə Qax rayon polis şöbəsinə məlumat vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid X12 Təsərrüfatı Mərkəzinin əməkdaşları Şahid2 və Şahid4 оğlu ifadələrində Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında Şahid1 ifadəsində göstərdi ki, o 2017-ci ildən Qax rayonu İbaxlı kənd sakini Təqsirləndirilən şəxs ilə faktiki olaraq ailə qurmuşdur. Yaşadığı Qax rayonu Xələftala kəndində qaz olmadığı üçün qışda istilik kimi odundan istifadə edirlər. Kərim 19 sentyabr 2021-ci il tarixdə kənddən odun yığmaq üçün meşəyə getmiş, bir-neçə saat sonra isə özünə məxsus olan “UAZ” markalı avtomobillə evin həyətinə daxil olmuşdur. Həmin vaxtı avtomobilin qabaq sağ oturacağında meşə idarəsinin işçisi Nadir əyləşmiş, avtomobilin arxası ilə isə ağ rəngli “Niva” markalı avtomobil gəlmişdir. O, nə baş verdiyini öyrənmək üçün çölə çıxmış, həmin vaxtı meşə idarəsinin işçisi Mübariz Kərimdən kəsdiyi ağacların Qax şəhərinə aparmasını tələb etsə də, Kərimin avtomobilin nasaz olduğunu, Qax şəhərinə gedə bilməyəcəyini, traktora ehtiyac olduğunu demişdir. Bundan sonra meşə idarəsinin işçisi Pərvin mobil telefonla çəkiliş aparmış, bu səbəbdən də Kərimlə aralarında mübahisə baş vermişdir. Daha sonra oraya polis əməkdaşları gəlmiş, Kərimi polis şöbəsinə aparmışlar. İşin 28-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş X12 Təsərrüfatı Mərkəzinin 19.09.2011-ci il tarixli aktından görünür ki, həmin tarixdə X12 X4 meşəbəyliyinin 07 saylı meşə dolayının 20-ci kvartalında Qax rayonu İbaxlı kənd sakini Təqsirləndirilən şəxs köküstə yaş olmaqla diametri 84 santrimetrlik 1 ədəd qızılağac, 60 santimetrlik 1 (bir) ədəd qızılağac, və 32 santimetrlik 1 (bir) ədəd yalanqoz olmaqla ümumilikdə 3 (üç) ədəd ağacları qısa ölçülü işlik oduncaqla doğranaraq qanunsuz kəsilməsi aşkar olunmuşdur. İşin 4-5-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax rayonu Xələftala kəndinin ərazisində olan Qıpçaq meşəbəyliyinin 7 saylı dolayında meşədə olan 2 (iki) ədəd qızılağac cinsinə və bir ədəd yalanqoz cinsinə məxsus təbii şəkildə bitmiş ağaclar, onlar köküstü yaş vəziyyətdə kəsilmişdir və qızılağac cinsinə məxsus ağacların ölçüləri 58 və 74, yalanqoz cinsinə məxsus ağaclar isə 30 sm diametrli, sayları isə ümumilikdə 03 ədəd olmuşdur. İşin 30-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş X12 Təsərrüfatı Mərkəzinin həcm-qiymət cədvəlindən görünür ki, 2 (iki) ədəd 58 və 74 sm diametrdə qızılağac və 1 (bir) ədəd 30 sm diametrdə yalanqoz cinsinə məxsus ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 1571 (bir min beş yüz yetmiş bir) manat maddi ziyan vurulmuşdur. İşin 85-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manatdır. İşin 86-87-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 06.12.2021-ci il tarixli 9/7578 saylı məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, müxtəlif diametrli üç ədəd kök üstə yaş ağaclar kəsilərək, məhv edilməsi zamanı, qərarın təsviri hissəsində olan məlumatlardan və qanunvericilikdə mövcud olan normativ sənədlərdən istifadə olunmuşdur. Həmin mövcud olan normativ sənədlərə və tərtib edilmiş hesablama cədvəlinə əsasən, 7 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin ərazisində, Qax rayonu Xələftala kənd sakini Təqsirləndirilən şəxs üç ədəd müxtəlif diametrli köküstə yaş ağacları qanunsuz kəsməsindən təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 1039,00 manat müəyyən edilir. İşin 105-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Əlibəyli kənd İƏD-nin verdiyi 07.12.2021-ci il tarixli 515 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu İbaxlı kəndində pasport qeydiyyatındadır . İşin 106-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Əlibəyli kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 69-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 16.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 259.1-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə razı olmadığını, özünü günahsız hesab etdiyin həmin hökmün ləğv edilərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, o, heç bir ağac kəsməmiş, meşə idarəsinin əməkdaşları tərəfindən kəsilmiş ağacları yük maşınına yükləyərək evinə gətirmişdir. Onun daimi iş yeri yoxdur. Günəmuzd olaraq harada iş olsa orada fəhləliklə məşğuldur. Barəsində məhdudlaşdırılma cəzasının verilməsi onun başqa şəhərlərdə işləməsinə maneə olacaqdır. Cinayət işi üzrə vurulmuş maddi ziyandan heç bir ödəniş etməmişdir. Onun barəsində cərimə cəzası təyin edilərsə, onu ödəmək iqtidarında deyildir. Ona görə də ona köməklik edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hərəkətindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 259.1-ci maddəsinin törədilməsinə görə şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlığın məhdudlaşdırılması növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar