Məhkəmə qərarları › İş №1(107)-192/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-192/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-192/2022 12.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 315-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(063)-15/2022 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 10 mart 2022-ci il tarixli 1(063)- 15/2022 nömrəli hökmü ilə 14 avqust 1987-ci ildə Türkmənistan Respublikasının Bayramalı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar şəhəri Azərbaycan küçəsi ev 139-da qeydiyyatda olmaqla yaşamış, hazırda digər cinayət işi üzrə Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2022-ci il tarixdən hesablanması, digər cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan xidməti geyim köynəyinin Zərərçəkmiş şəxs qaytarılması, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 78 (yetmiş səkkiz) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 22 iyul 2021ci il tarixdə, saat 10 radələrində X8 stansiyasında xidmətdə olan “Yevlax Yüklərin və Obyektlərin Mühafizə komandasının Ucar mühafizə qrupu”nun atıcısı (saatdar) Zərərçəkmiş şəxs X8 stansiyasının parkının 5-ci yoluna daxil olaraq dayanmış 3001-ci qatarın yarımvaqonlarından birindən yararsız avtomobil ehtiyat hissəsi oğurlamaq istədiyini düşünüb ona yaxınlaşdığı zaman, sonuncunun əvvəllər də onu dəmir yol stansiyası ərazisindən oğurluq etdiyi üçün tutaraq aidiyyəti orqanlara təhvil verdiyi bəhanəsi ilə Zərərçəkmiş şəxs üzərinə gedərək yumruqla sifət nahiyəsindən vuraraq ənsə nahiyəsinin şişkinliyi və sol qulaqönü nahiyənin sıyrığından ibarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib, xidməti geyim formasının paqonunu dartıb qoparmaqla, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(063)-15/2022 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşadığı yerdən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Lakin məhkəmə yuxarıda göstərilmiş yüngülləşdirici halları nəzərə aldıqdan sonra cəzanı ağırlaşdıran hal müəyyən etməməsinə baxmayaraq, onun barəsində CM-in 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən ağır növünü seçmiş və bunu əsaslandıra bilməmişdir. Ona görə də Ucar Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(063)-15/2022 nömrəli hökmünü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərini müdafiə edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(063)-15/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 315-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 315-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuş və cəzaçəkmə rejimi düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilərək azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. CM-nin 315-ci maddəsinə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrın (himayəsində iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması) olması, cəzanı ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Kollegiyaya görə, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın azaldılması və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi islah təsiri baxımından mütənasib deyil. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Ucar Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(063)-15/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(063)- 15/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar