Məhkəmə qərarları › İş №1(107)-194/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-194/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-194/2020 26.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs Təlqət oğlunun və onun müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Təlqət oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs Təlqət oğlu tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: X15 Məhkəməsinin (sədrlik edən hakim R.Hüseynov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxx 1966-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, CM-in 181.2.1-ci, 181.2.2-ci, 181.2.3-cü, 181.2.4-cü və 181.2.5-ci maddələri ilə məhkumluğu olan, Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu Bahar küçəsi ev 22də qeydiyyatda olan, həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxxxx 2019-cu ildən həbsdə olan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılanTəqsirləndirilən şəxs Təlqət oğlu CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinərək 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.1-ci maddəsi ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin təyin edilmiş cəzaya hesablanması CM-in 66.3- cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan xx xxxxxx 2019-cu ildən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 69 (altmış doqquz) manat 10(on) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və X12 Şöbəsində saxlanılan təmiz çəkisi - 8,162 qram çəkidə narkotik vasitə – heroin, 0,353 qram çəkidə psixotrop maddə - metafetamin, 1 tablet narkotik vasitə – metadon və 1 kapsul güclü təsir edən maddə «tramadol 50 mg» məhv edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Təlqət oğlu CM-in 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq ayrıayrılıqda 01 (bir) ədəd qara rəngli kağız bükümün içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə təmiz çəkiləri 0,392 qram və 0,401 qram, 02 (iki) ədəd qırmızı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 3,254 qram və 4,315 qram - ümumilikdə təmiz çəkisi 8,362 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, satış məqsədi ilə 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,453 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə hesab olunan metafetamini, satış məqsədi ilə 1 həbin təsir maddəsinin miqdarı 0,040 olan 2 (iki) tablet formada olan ümumilikdə 0,080 qram F/M40 açıq qəhvəyi rəngli dairəvi narkotik vasitə hesab olunan metadonu və satış məqsədi ilə 2 ədəd kapsulda olmaqla ümumilikdə 0,100 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin siyahısına daxil edilmiş «Tramadol 50 mg» dərman preparatını məlum olmayan mənbədən əldə etmiş, 2 ədəd şəffaf sellofan bükümlərdə təmiz çəkiləri 0,392 qram və 0,401 qram, 2 ədəd qırmızı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 3,254 qram və 4,315 qram - ümumilikdə təmiz çəkisi 8,362 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,453 qram psixotrop maddə hesab olunan metafetamini üzərində saxlayaraq daşımışdır. xx xxxxxx 2019-cu ildə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən «Tibb texnikumunun» yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş içərisində 02 (iki) ədəd qırmızı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 3,254 qram və 4,315 qram, həmçinin 01 (bir) ədəd qara rəngli kağız bükümün içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə təmiz çəkiləri 0,392 qram və 0,401 qram olan – ümumilikdə 8,362 qram çəkidə narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində təmiz çəkisi 0,453 qram olan metafetamin aşkar edilərək götürülmüşdür. Həmçinin xx xxxxxx 2019-cu ildə saat 15:30 radələrində onun yaşadığı ünvan 1ünvanında yerləşən həyət evinə baxış keçirilərkən evin həyətində yerləşən yarımtikilinin üzərində olan beton örtüyün arasındakı dəmirlərin arasından Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən 1 həbin təsir maddəsinin miqdarı 0,040 olan 2 (iki) həb ümumilikdə 0,080 qram F/M40 açıq qəhvəyi rəngli dairəvi tablet formasında narkotik vasitə metadon və 2 ədəd kapsulda olmaqla ümumilikdə 0,100 qram çəkidə güclü təsir edən maddələrin siyahısına daxil edilmiş «tramadol 50 mg» dərman preparatı aşkar edilərək götürülmüşüdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs Təlqət oğlu apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təlqət oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun etdiyi cinayət əməli düzgün tovsif edilməmişdir. Belə ki, o narkotik vasitə istifadəçisidir. Bir neçə dəfə o tanışı olan X4 narkotik vasitə olan heroin alıb istifadə etmişdir. Axırıncı dəfə də onunla görüşüb narkotik vasitə alanda Zamir ona yaxınlaşıb əlində olan bağlamanı verərək “indi gəlirəm” deyib aralaşmışdır. O aralaşan kimi bir neçə şəxs mülki geyimdə ona yaxınlaşaraq özlərini polis nəfəri kimi təqdim edərək onu şöbəyə aparmışlar. Onlar istintaqın gedişini də saxtalaşdırmışlar. Onu Zamirlə üzləşdirməmişlər. O, evində olan psixotrop dərmanlar olan “tramadol” və “metadonu” özü təhvil vermişdir. Bir sözlə onun istintaq prosesi saxtalaşdırılmış, Qasımov Zamir istintaqdan yayındırılmışdır. Odur ki, X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmünün ləğv edilməsini, işin ibtidai-istintaqa qaytarılması və barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 bildirdi ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayət əməlini törətməsi işdə olan sübutlarla tam sübuta yetirilir. Ona görə də hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olmasının nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini, X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs Təlqət oğlunun müdafiəçisi X1 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs Təlqət oğlu ona cəzanın tətyin edilməsi ilə bağlı cinayət məcəlləsinin müvafiq normasını tətbiq edərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs Təlqət oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Təlqət oğlu ona CMin 234.4.3-cü və 240.1-cı maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2019-cu ildə saat 18:25 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən Tibb Texnikumunun qarşısında tutulmuşdur. O bir qram heroni Qasımov Zamirdən özünün istifadəsi üçün almışdır. O narkotik vasitələrin satışı ilə məşğul olmamamışdır. İbtidai istintaqda onu Zamirlə üzləşdirməyiblər. Həmçinin yaşadığı mənzildə axtarış aparılarkən evindən öz istifadəsi üçün dərmanlar tapılmışdır. Həmin dərmanlar özünə məxsusdur. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs Təlqət oğlu birinci instansiya məhkəməsində ona CM-in 234.4.3-cü və 240.1-cı maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə saat 18:25 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən Tibb Texnikumunun qarşısında olarkən polis əməkdaşları onu saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, polis şöbəsinə gətirmişlər. Saat 19:00 radələrində polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçirmişlər. Polis əməkdaşlarının təklifi ilə üzərində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş bükümü, həmin bükümün içərisində əlavə olaraq iki ədəd qırmızı rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni, bir ədəd şəffaf rəngli sellofanın içərisində bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan metafetaminə oxşar kütləni, qara rəngli siqaret kağızının içərisində isə iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni təqdim etmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri Zamir bir qədər əvvəl ona vermişdir. Hesab edir ki, həmin narkotik vasitələr və psixotrop maddələr polis tərəfindən aşkar edilməmişdən əvvəl Zamir ona 3 dəfə zəng etmişdir. Ona görə də həmin narkotik vasitələr və psixotrop maddələri polis Zamirə vermiş, Zamir də onu tutdurmaq üçün ona vermişdir. Həmin narkotik vasitələr və psixotrop maddələr onun olmamışdır. Evindən isə siqaret qutusunun içərisində olan salfet bükümdə 02 (iki) ədəd blister kəsiyində, üzərlərində «tramadol 50 mq» yazısı olan 02 (iki) ədəd ağ-göy rəngli, içərisində ağ toz şəkilli maddə olan kapsul formasında həblər və 02 (iki) ədəd blister kəsiyində, üzərlərində «F/M40» yazısı olan 02 (iki) ədəd açıq-qəhvəyi rəngli, dairəvi, tablet formasında həblər – «metadon» aşkar edilmişdir. Ona məxsusdur, özü istifadə edir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin narkotik vasitələrin özünə məxsusdur. İstifadə etmək üçün üzərində gəzdirmiş, həmin narkotik vasitələri tutulmamışdan təxminən 1 həftə əvvəl Şirvan şəhərində Zamir ilə tanımadığı başqa bir şəxsdən almışlar. Hazırda öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs və müdafiəçisi hər hansı yeni bir sübutun tədqiq edilməsini istəmirlər, həmçinin məhkəmə kollegiyası da buna zərurət görmür. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsi aşağıda tədqiq edilən sübutlara görə təqsirləndirilən şəxsin həm birinci, həm də apelyasiya məhkəməsinin iclasında verdiyi ifadələri qeyri səmimi və uyğun olaraq apelyasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Təlqət oğlu ifadəsində özünü təqsirli bilərək həmin əməli törətdiyini etiraf etmişdir. Həmin ifadə müdafiəçinin iştirakı ilə, həm də uyğun olaraq video çəklişlə aparılmış, həmçinin təsirləndirilən şəxs həmin ifadəni verərkən ona hər hansı bir fiziki zor, işgəncə verilmədiyini göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” iş üzrə gəldiyi qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də hazırkı məhkəmə kollegiyasının iclasında özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini qeyri səmimi qəbul etməklə inandırıcı bilmir. Məhkəmə kollegiyasının gəldiyi bu qənaət həm də aşağıdakı sübutlardan irəli gəlir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X10 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu eşitmiş, həmin vaxtdan sonra onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxsla Şirvan şəhərinə getməmiş və hər hansı bir şəxsdən birlikdə narkotik vasitə, psixatrop maddə almamışlar. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə verməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 Məyhəddin oğlu birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üstündə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və əynində olan qış gödəkçəsinin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş büküm, həmin bükümün içərisində əlavə olaraq iki ədəd qırmızı rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan metafetaminə oxşar kütlə, qara rəngli siqaret kağızının içərisində isə iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri bir həftə əvvəl Zamir adlı şəxs ilə Şirvan şəhərindən aldığını və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bidirmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələr çəkilmiş, sonra zərfə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahidlər Şahid6 və Şahid7 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 Təlqət oğlu birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Namiq 2019-cu ilin fevral ayında azadlığa buraxılmışdır. Namiq azadlığa buraxıldıqdan sonra onun yaşadığı ünvana, yəni mərhum atalarından qalan evə gəlmişdir. xx.xx.2019-cu ildə axşam saatlarında ona məlum olmuşdur ki, qardaşı Namiqin üzərindən narkotik vasitə aşkar olunmuş və tutulmuşdur. Mənzilə və həyətə baxış keçirilərkən yaşadığı həyətin dəmir qapısından daxil olduqda sağ tərəfdə yarımtikili köhnə hamam kimi istifadə etdiyi yerin üst hissəsində olan betonun arasında olan dəmirlərin arasından bir ədəd rəngli siqaret qutusu aşkar edillmiş və onun iştirakı ilə həmin siqaret qutusuna baxış keçirilmiş, siqaret qutusunun içərisindən ağ rəngli kağız çıxarılmış və kağıza bükülmüş bükülü açılarkən içərisindən 4 ədəd dərman həbləri aşkar edilmişdir. Aşkar edilmiş dərman həbləri onun və iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 və X8 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Namiq yaşadığı ev və həfətə baxış keçirilməsində hal şahidi kimi iştirak etmiş və. baxış zamanı həyətin dəmir qapısından daxil olduqda sağ tərəfdə yarım tikili köhnə hamam kimi istifadə etdiyi yerin üst hissəsində olan betonun arasında olan dəmirlərin arasından bir ədəd qara rəngli siqaret qutusu aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə həmin siqaret qutusunun içərisindən ağ rəngli kağız çıxarılmış və kağıza bükülmüş bükülü açılarkən içərisindən 4 ədəd dərman həbləri aşkar edilmişdir. Aşkar edilmiş dərman həbləri onun və iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Təlqət oğlunun əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş bükümü, həmin bükümün içərisində əlavə olaraq iki ədəd qırmızı rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə, bir ədəd şəffaf rəngli sellofanın içərisində bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan metafetaminə oxşar kütlə, qara rəngli siqaret kağızının içərisində isə iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli, 581 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs Təlqət oğlunun üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli kağız bükümün içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, təmiz çəkiləri – 0,392 qram və 0,401 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfin içərisindəki 02 (iki) ədəd qırmızı rəngli sellofan bükümlərdə, təmiz çəkiləri – 3,254 qram və 4,315 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 0,453 qram maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına ( İ siyahı, İİ bənd, sıra № 27) daxil olan metafetamindir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 57 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs Təlqət oğlunun yaşadığı həyət evindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki siqaret qutusunun içərisində olan salfet bükümdə 02 (iki) ədəd blister kəsiyində, üzərlərində «Tramadol 50 mq» yazısı olan 02 (iki) ədəd ağ-göy rəngli, içərisində ağ toz şəkilli maddə olan kapsul formasında həblər – «Tramadol 50 mq» dərman preparatıdır. «Tramadol» dərman preparatları 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin siyahısı»na daxildir. Təqdim edilmiş, 02 (iki) ədəd kapsul formalı həblərdə olan «Tramadol» preparatının təsir maddəsinin ümumi miqdarı – 0,100 qram (bir ədəd həbdə təsir maddəsinin miqdarı – 0,050 qramdır) təşkil edir. Həmin zərfin içərisindəki 02 (iki) ədəd blister kəsiyində, üzərlərində «F/M40» yazısı olan 02 (iki) ədəd açıq-qəhvəyi rəngli, dairəvi, tablet formasında həblər – «Metadon» adlı preparatdır. Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxildir. İİ siyahının İ bəndi, sıra №6). Təqdim edilmiş, 02 (iki) ədəd tablet formalı həblərdə olan «Metadon» preparatının təsir maddəsinin ümumi miqdarı – 0,080 qram (bir ədəd həbdə təsir maddəsinin miqdarı – 0,040 qramdır) təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 57 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Təlqət oğlu narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və qаnunlа müəyyən edilmiş qаydаdа götürülmədiyi hаldа istintаqа məlum оlmаyаn mənbədən, sаtış məqsədi оlmаdаn, qəsdən satış məqsədi ilə qanunsuz olaraq heroin və psixotrop maddələrəldə etmə, sаxlаmа və dаşımа cinаyət əməlini törətmişdir. Buna görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin sadalnan dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs Təlqət oğlunun bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı apelyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apelyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxs faktiki olaraq üzərindən narkotik vasitə olan heroinin çıxdığını inkar etməmiş, onun fikrinə görə həmin narkotik vasitəni Zamir adlı şəxs bir qədər əvvəl ona vermişdir. Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi” haqında xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.10 maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.4.3 və 240.1-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, məhkumluğunun ödənilməməsini və götürülməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsinşəxsiyyətini,cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətəazadlıqdan məhrum etmə ilə cəzası və CM-in 240.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Digər tərəfdən işdə olan işə əlavə edilmiş tələbnamə və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Talqət oğlu CM-in 181.2.1-ci, 181.2.2-ci, 181.2.3-cü 181.2.4-cü və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 (on) il 9 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzasına yendirilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Təlqətoğluna CM-in 234.4.3 və 240.1-ci maddələriilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Təlqət oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təlqət oğlunun apelyasiya şikayəti təmin edilməsin. X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-90/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs Təlqət oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar