Məhkəmə qərarları › İş №1(107)-196/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-196/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-196/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 04 mart 2021-ci il tarixli, 1(024)- 16/2021 nömrəli hökmü ilə xx.xx.1984-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli - himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 11 dekabr 2020-ci il tarixdən 13 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddətin bir günü CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Balakən rayonu Mahamalar kəndində yerləşən yaşayış evini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin Balakən rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması müəyyən edilmişdir. İşin halları: Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2020-ci ilin oktyabr ayında Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən meşəlik sahədə kolların arasında yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitki kolunu və yarpaqlarını qırıb əldə edərək yaşadığı evə daşıyıb evin damının çardağında saxlayaraq qurutmuş, 11 dekabr 2020-ci il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu Tasmalı kəndi ərazisində mülki etibarnamə əsasında idarə etdiyi “QAZ 2410 pikap” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, orada avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerində saxlayıb daşıdığı ümumi təmiz çəkisi 104,97 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkum olunmasına dair Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmünün ona təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz vermişdir. Həmin etirazda apellyasiya protestinin təmin edilməməsini və iş üzrə Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)- 16/2021 nömrəli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 apellyasiya protestinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmamasını və Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 18 ildir ki, hərdənbir yadına düşəndə narkotik vasitə olan marixuanadan istifadə edir. Mal-qara alveri ilə məşğul olaraq ailəsini dolandırır. 2020-ci ilin oktyabr ayında Balakən rayonunun Qazbinə kəndinin yaxınlığındakı meşəyə mal otarmağa gedən zaman kolların arasında bir ədəd böyük çətənə bitkisinin kolunu görmüş, onun yaş halda olan yarpaqlarını sellofan torbaya yığaraq evə gətirmiş, gələcəkdə özü istifadə etmək üçün yaşadığı Balakən rayonunun Mahamalar kəndində yerləşən evinin çardağında gizlədərək qurutduqdan sonra sellofan torbaya yığaraq baş etibarnamə ilə idarə etdiyi “QAZ 2410 pikap” markalı avtomobilin arxa sol fənərinin içəri hissəsində gizlətmişdir. Hərdənbir yadına düşəndə marixuanadan istifadə etmişdir. 11.12.2020-ci ildə saat təxminən 16 radələrində “QAZ 2410 pikap” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə heyvan almaq üçün Qax rayonu istiqamətində hərəkət etmiş, rayonun Tasmalı kəndinin ərazisində tanımadığı avtomobil işarə verərək onu saxlatmışdır. Avtomobili saxladıqdan sonra polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə baxış keçirmək istədiklərini deyərək həmin yerə hal şahidləri də dəvət edilmiş, onun razılığı və hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilmişdir. Baxışdan əvvəl ona təklif olunmuşdur ki, üstündə qanunsuz əşya və ya narkotik vasitə varsa özü könüllü təqdim etsin. O, üzərində narkotik vasitə olmadığını bildirsə də, üstünə baxış keçirilməsinə razılıq vermiş, baxış keçirilən zaman üstündə narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onun könüllü razılığı və iştirakı ilə idarə etdiyi “Qaz 2410 pikap” markalı avtomobilə baxış keçirilmiş, avtomilin arxa sol fənərinin içərisində gizlətdiyi sellofan torbada olan 104.97 qram qurudulmuş marixuana aşkar olunmuş, tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Onda narkotik vasitə olmasını heç kim bilməmişdir. Narkotik vasitəni öz istifadəsi üçün saxlamış və satmaq niyyəti olmamışdır. Himayəsində işləməyən valideyinləri, arvadı və iki yetkinlik yaşına çatmayan uşağı vardır. Ailənin yeganə qazanc gətirəni odur. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11.12.2020-ci il tarixdə Balakən rayonu Qazbinə kənd sakini Emin adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat tədbiri hazırlanmışdır. Digər polis əməkdaşları ilə birlikdə həmin gün Qax rayonu Tasmalı kəndi ərazisində Emin adlı şəxsin idarə etdiyi “QAZ 2410 pikap” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılmış, sürücü Emin adlı şəxsə özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Eminə onun üstünə baxış keçirmək istədiklərini demişlər. Əvvəlcədən Eminə təklif olunmuşdur ki, üstündə narkotik vasitə və ya hər hansı bir qeyri-qanuni əşya varsa onları könüllü təqdim etsin. Emin üstündə hər hansı qeyri-qanuni əşya və ya narkotik vasitə olmadığını bildirmiş və onlara üstünə baxış keçirilməsinə könüllü razılıq vermişdir. Polis şöbəsinə 2 nəfər hal şahidi dəvət edilərək onlara hüquq və vəzifələri izah edilmişdir. Hal şahidlərinin iştirakı ilə Eminin üstünə baxış keçirilmiş və üstündə narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra Eminin idarə etdiyi “QAZ 2410 pikap” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilərkən arxa sol fənərinin içərisindən sellofan torbada gizlətdiyi yaşıl rəngli kəskin iyli kütlə aşkar edilmişdir. Emin sellofan torbadakı kütlənin içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, yaşadığı Balakən rayonu Qazbinə kəndinin yaxınlığındakı meşədə heyvan otararkən kolların arasında bitmiş çətənə bitkisinin yarpaqlarını yığaraq evin çardağında qurutduğunu və gələcəkdə çəkmək üçün saxladığını demişdir. Onun həmin narkotik vasitəni satmaq məqsədi olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Eminin üzərindən aşkarlanan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kəskin iyli kütlələr tərəzidə çəkilmiş, qablaşdırılmış və 108 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edildikdən sonra əməliyyat tədbiri iştirakçıları tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşları X14 və X5 ifadələrində Şahid ifadəsində göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 11 dekabr 2020-ci il tarixdə Eminin narkotik vasitələrdən istifadə etdiyi üçün Qax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını öyrənmişdir. Emin həmişə sağlam həyat tərzi keçirmiş, onun narkotik vasitədən istifadə etməsi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş X9 ibtidai istintaq zaman verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X12 Bölməsinin eksperti işləyir, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ixtisası üzrə ixtisaslaşmışdır. 2015-ci ildən ekspert iş təcrübəsinə malik mütəxəssisdir. Ekspertiza tədqiqatına təqdim olunmuş bükümlərin, torbaların və s. qablaşdırıcı vasitələrin içərisindəki maddəni boşaldaraq elektron tərəzidə xalis çəkisini müəyyən edirlər. Çünki maddənin büküldüyü vasitənin, yəni kağızın, sellofan torbanın və s. qablaşdırıcı vasitənin özünün də çəkisi olur, ona görə təqdim olunmuş maddəni bükümdən boşaldıb xalis çəkisini dəqiqləşdirirlər. İşlədiyi ekspertiza bölməsində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin Şimal-Qərb regional ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi laboratoriyası tərəfindən ölçmə dəqiqliyi 025 №-li şəhadətnamə ilə təsdiq olunmuş “CAS” markalı elektron tərəzidən istifadə edirlər. İstifadə etdikləri tərəzi yoxlanışdan keçmiş, standartlara uyğun dəqiq ölçü verir, polis şöbəsində narkotik vasitələr çəkilərkən onların xalis çəkisi müəyyən edilmir, yəni orada ümumi çəkidən söhbət gedir. Polis bölməsində qurudulmuş marixuananın ümumilikdə sellofon torba ilə birlikdə, onlarda isə məhz qurudulmuş marixuananın özü çəkilir. Ona görə də çəkisi fərqli olur. Polis şöbəsində şəxsi axtarış zamanı istifadə olunmuş “Kinlee” markalı elekteron tərəzi çəkini səhv göstərir. İstifadə etdikləri tərəzi isə dövlət standartlarına uyğun yoxlamadan keçir. Məhkəmə ekspertizası mərkəzinin Elmi Şurasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onları prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələri götürülməsi və qalan maddənin (kütlənin) geri qaytarılması haqqında qaydalar”a müvafiq olaraq tədqiqata təqdim olunmuş maddi sübutlardan nümunələr götürüb maddi sübutların qalığını qablaşdırıb üzərinə möhür vurub geri qaytarır, götürülmüş nümunələrin tədqiq olunduqdan sonra rəy tərtib edilir, tədqiqat üçün ekspertiza mərkəzinə gətirilən maddi sübutların qablaşdırılmış vəziyyətdə üzəri möhürlənmiş olur, əgər maddi sübutların qablaşdırıldığı zərfə və s. torbaya müdaxilə olunmuş vəziyyətdə olarsa, yəni möhür və yazud zərfin hansısa hissəsi çırılmış, açıq olarsa həmin maddi sübutlar qəbul edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmənarkoloji ekspertizasının 05.01.2021-ci il tarixli 02 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin verdiyi 12.12.2020-ci il tarixli 17/621 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs istifadəsində olan... avtomobilə baxış keçirilən zaman aşkar olunmuş kütlə” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada təmiz çəkisi 104.97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 104.92 qram təşkil edir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş maruxiananı 2020-ci ilin oktyabr ayında Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən meşəlik sahədən yığdığı və saxladığı yeri və şəraiti göstərmişdir. İş materiallarında olan 11.12.2020-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin gün hal şahidlərinin iştirakı ilə Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üztünə baxış keçirilmiş, baxış zamanı onun üzərindən heç bir qeyri-qanun əşya və ya narkotik vasitə aşkar olunmamışdır. İş materiallarında olan 11.12.2020-ci il tarixli “Baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, həmin gün Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs icazəsi ilə onun baş etibarnamə əsasında idarə etdiyi “QAZ 2410 pikap” markalı **-BJ-*** dövlət qeydiyyatt nişanlı avtomobilə baxış keçirilərkən evin avtomobilin arxa sol farasının içərisinə gizlədilmiş açıq yaşıl rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, Balakən rayonu Qazbinə kəndinin yaxınlığındakı meşədə kolluqların arasında bitmiş çətənə bitkisinin yarpaqlarından yığdığını demişdir. Həmin narkotik vasitə çəkildikdə ümumi təmiz çəkisi 114 qram olmuş və kütlə qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə saat 18:15-də tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan baş etibarnamədən görünür ki, “QAZ 2410 Pikap” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi tərəfindən həmin avtomobili Təqsirləndirilən şəxs sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq və etibarnamədə göstərilən digər səlahiyyətləri həyata keçirmək üçün etibar edilmişdir. İş materiallarında olan Balakən RİH-nin Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 27.01.2021-ci il tarixli 107 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində yaşayır. İş materiallarında olan Balakən RİH-nin Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin verdyi 27.01.2021-ci il tarixli 108 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi onun özündən, atası X2, anası X3, arvadı X1, qızı 22.11.2005-ci il təvəllüdlü X6 və oğlu 11.01.2007-ci il təvəllüdlü X7 ibarətdir. İş materiallarında olan Balakən RİH-nin Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin verdyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi 18.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 04.06.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə təqsirili bilinərək 02 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 23.08.2013-cü il tarixli qərarı ilə isə 01 il müddətə nəqliyyat vasitəni idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını cinayət işində onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların isə mövcudluğunu, o cümlədən himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə almaqla ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsini məqsədəuyğun və yetərli hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsaslı və işin hallarına uyğun hesab etməklə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlaşdırılmasına və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə zərurət və ya məqsədəuyğunluq görmür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır... Bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 və 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin (cəmiyyətin) hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə (cəmiyyətə) vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cəzanın qeyd olunan məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə daha sərt cəza deyil, ədalətli və məqsədəuyğun cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törədilmiş cinayətə görə məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun ictimai təhlükəli əməl törətməyə və başqalarına zərər vurmağa meylli olmamasına, cəmiyyətdə normal davranış və həyat tərzi nümayiş etdirməsinə, ailə üzvlərinə himayə və qayğı göstərməsinə, cəmiyyətdəki birgəyaşayış qaydalarına hörmətlə yanaşmasına dəlalət edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının tətbiqi onun ailə üzvlərinin, o cümlədən yaşlı valideynlərinin və himayəsində olan 2 (iki) yetkinlik yaşına çatmayan uşaqlarının həyat şəraitini kəskin ağırlaşdıra və onların maddi təminatlarını əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Məhkəmə kollegiyasının qənaətincə, qeyd edilən vəziyyətdə Təqsirləndirilən şəxs islah olunması üçün cəmiyyətdən və ailəsindən müəyyən müddətə tam təcrid edilməsi cəzanın məqsədləri ilə uzlaşmır. Apellyasiya protestində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının tətbiqi ilə bağlı tələb daha çox onun əldə etdiyi narkotik vasitənin miqdarının nisbətən çoxluğu ilə əlaqədardır. Lakin hər bir halda iş materiallarından Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyi və narkotik vasitə istifadəçisi olduğu, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasına ehtiyacı olduğu, narkotik vasitələrin satışı ilə məşğul olmadığı müəyyən olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası üzrə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və onun üzərinə həmin növ cəzanın çəkilməsindən irəli gələn müəyyən məhdudiyyətlərin qoyulması cəzanın məqsədlərinə nail olunması baxımından yetərlidir. Ona daha ağır (azadlıqdan məhrum etmə növündə) cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin zərurət və kifayət qədər əsas olmadan daha sərt məhrumiyyətlərə məruz qalmasına səbəb olar. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq törədilmiş cinаyətin xаrаkterini və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzаsına təsir edən xüsusatları, təyin olunan cəzаnın onun islаh olunmаsınа təsirini, habelə işin digər diqqətəlayiq hallarını nəzərə аlmaqla onа təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası çərçivəsində qаnuni, əsaslı və ədalətli cəzа təyin etmişdir. Buna görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görmür və həmin cəzanın dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun sayır. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsinə heç bir əsaslı səbəb görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmünün isə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Qax Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(024)-16/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar