Məhkəmə qərarları › İş №1(107)-198/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-198/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-198/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 25 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1990-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan "VAZ-21074" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınması, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, habelə hökmün məhkəmə məsrəfinin tutulması hissəsində icra edilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 10 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı Ucar şəhərinin Oğuz küçəsində olarkən həmin küçədə yerləşən "Dostlar" adlanan kafenin həyətindən keçərək kafeyə bitişik yerləşən "Təzə bazar" adlanan əraziyə gəldikdə bazarın arxasında əvvəlcədən tanıdığı Ucar şəhər sakini Şahid etibarnamə əsasında idarə etdiyi 5500,0 (beş min beş yüz) manat dəyərində olan ağ rəngli "VAZ- 21074" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini dayanmış vəziyyətdə gördükdə istifadə etməyə icazəsi və ya heç bir sahiblik hüququ olmadığı halda həmin avtomobili sürərək musiqiyə qulaq asmaq istədiyi üçün avtomobilin qapılarının açıq olubolmadığını əli ilə yoxlamış, avtomobilin sol arxa qapısı örtülü olsa da həmin qapının kilidinin açıq olmasından istifadə etməklə qapını açaraq avtomobilin içərisindən qabaq qapının kilidini açmış, bundan sonra əyləşərək avtomobilin üzərində olan açarla mühərriki işə salıb avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə və Ucar şəhər ərazisində təxminən 2-3 km idarə edib talama məqsədi olmadan qanunsuz qaçırmaqla "VAZ-21074" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 5500,0 (beş min beş yüz) manat dəyərində ziyan vurmuş və 11 sentyabr 2020-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil onun yaşadığı ünvan 2 ünvanının qarşısında aşkar edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 185.2.4-cü maddəsindən həmin məcəllənin 185.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətin təmin olunmasını, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcələsinin 185.2.4-cü maddəsindən həmin məcəllənin 185.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs məxsus avtomobili qaçıran zaman talama məqsədi olmayıb. Zərərçəkmiş şəxs onun qonşusudur. O, həmişə həmin avtomobili götürübmüş. O, maşını sürmüş, daha sonra gətirib yerində saxlamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcələsinin 185.2.4-cü maddəsindən həmin məcəllənin 185.1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alaraq həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 185.2.4-cü maddəsindən CM-nin 185.1-ci maddəsinə tövsif edilməlidir. Birinci instansiya məhkəməsi istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü CM-in 185.1-ci maddəsi ilə təqsirli bilərək və ifadəsində göstərmişdir ki, Ucar şəhər sakini Şahid tanıyır, onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. 10 sentyabr 2020-ci il tarixdə, saat 19 radələrində Ucar şəhərində olarkən şəxsi işi ilə bağlı piyada xalasının evinə getmişdir. Həmin tarixdə, saat 20 radələrində xalası evindən geri qayıdarkən Ucar şəhəri, Oğuz küçəsində yerləşən "Dostlar" kafesinə getmiş və kafenin arxasında "Təzə bazar"ın ərazisində Şahid məxsus "VAZ-21074" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını görmüşdür. Avtomaşının yaxınlığında həmin vaxtı heç kim olmamış və onu heç kim görməmişdir. O, avtomaşına yaxınlaşaraq qaçırmaq istəmiş, məqsədi avtomaşını qaçıraraq sürmək və avtomaşında musiqiyə qulaq asmaq olmuşdur. Avtomaşına yaxınlaşıb qapılarının açıq olub-olmamasını yoxlamış, bu zaman avtomaşının sürücü əyləşən tərəfdən olan qabaq qapısının bağlı və kilidli, lakin arxa sol qapının bağlı olsa da kilidli olmadığı ona məlum olmuşdur. O, arxa sol qapını açıb, bundan sonra isə arxadan qabaq sol qapını əli ilə içəridən açmış, ardınca isə qabağa keçib əyləşərək avtomaşının üzərində olan açarla avtomaşını işə salmışdır. Ardınca isə avtomaşının sürətlər qutusunun birinci sürətini qoşaraq hərəkətə başlamış və sürətlər qutusunu tədricən dəyişməklə hərəkətini sürətləndirmişdir. Məlum avtomaşınla təxminən 2-3 km məsafə qət edərək avtomaşını sürmüş, avtomaşında olan maqnitafonu qoşaraq musiqiyə qulaq asmış və avtomaşını sürüb yaşadığı həyətin qarşısında saxlamışdır. Avtomaşını saxladıqdan sonra da maqnitafonda mahnıya qulaq asmışdır. Bundan bir müddət sonra yaşadığı küçədə olarkən polis əməkdaşları gələrək ona Şahid avtomaşınını qaçırdığını və buna görə də Ucar Rayon Polis Şöbəsinə izahat verməyə dəvət etmişlər. O, Ucar Rayon Polis Şöbəsinə gedərək törətdiyi cinayət əməli barəsində olduğu kimi demişdir. Avtomaşını idarə etməyi bacarsa da hər hansı kateqoriyaya aid sürücülük vəsiqəsi yoxdur. Hüququ olmaması ilə yanaşı avtomaşını sürməyə görə heç kimdən icazə almamışdır. Avtomaşını qaçırsa da hər hansı hissələrini və ya hər hansı əşyasını oğurlamamış, hər hansı yerini zədələməmiş, avtomaşını tam sağlam vəziyyətdə polis əməkdaşlarına vermiş, avtomaşını sürdükdə başqa qayda pozuntusu törətməmişdir. Məhkəmədən törətdiyi əməli CM-in 185.1-ci maddəsinə tövsif olunmasını və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq işə xitam verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olan "VAZ-21074" markalı, **- LR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomaşınını verdiyi etibarnamə əsasında oğlu Şahid idarə edir. 10 sentyabr 2020-ci il tarixdə oğlu Vüsal yaşadığı ünvandan idarə etdiyi avtomaşınla dostları ilə çay içmək üçün evdən çıxmışdır. Həmin tarixdə, saat 20 radələrində Ucar şəhəri, Oğuz küçəsində ona məxsus oğlunun etibarnamə əsasında idarə etdiyi məlum markalı və məlum dövlət qeydiyyat nişanlı avtomaşını naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə oğlu Vüsal DİN-in 102 xidmətinə məlumat vermiş və Ucar Rayon Polis Şöbəsinə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Həmçinin özü də bununla bağlı Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məlum faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılarkən məlum olmuşdur ki, mülkiyyətində olan avtomaşını Ucar şəhər sakini Təqsirləndirilən şəxs qaçırmışdır. Təqsirləndirilən şəxslə hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Elçinə avtomaşını idarə etmək üçün sənəd və ya icazə verməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs mülkiyyətində olan və 2012-ci ildən etibarnamə əsasında istifadəsində olan “VAZ-21074” markalı, ağ rəngli **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Ucar şəhəri ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. 10 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində Ucar şəhərində, "Təzə bazar" adlanan ərazidə "Dostlar" adlanan kafedə dostları Orxan və Pərvizlə təxminən 1 saat müddətində çay içmişlər. Bu zaman avtomaşınını çay içdiyi kafenin yaxınlığında, "Təzə bazarın" arxasında saxlamışdır. Avtomaşının qapıları bağlı olmuş və əyləşdikləri yerdən görünməmişdir. Çünki həmin yerlə avtomaşını arasında təxminən 300-350 metr məsafə olmuşdur. Bununla yanaşı avtomaşınını saxladığı yer gözdən kənar bir yer olmuşdur. Dostları Orxan və Pərviz kafenin yaxınlığında Pambıq zavod yaşayış kompleksində yaşadıqları üçün birlikdə çay içib ayağa durmuşlar və dostları onu yola salmaq üçün birlikdə avtomaşını saxladığı yerə getdikdə avtomaşının saxladığı yerdə olmadığını görmüşdür. Onlar təxminən 30-40 dəqiqə müddətində avtomaşınını axtarsalar da tapa bilmədikləri üçün dostu Orxanın istifadəsində olan ***-***-**-** saylı mobil nomrə ilə o, DİN-in 102 xidmətinə məlum məzmunda müraciətini etmişdir. Təqsirləndirilən şəxs tanısa da onunla hər hansı münasibəti yoxdur və Elçindən şübhələnməmişdir. Elçinə avtomaşını idarə etmək üçün hər hansı hüquqi sənəd və ya icazə verməmişdir. Avtomaşının mühərriki saz vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs mühərriki işə salmaqla avtomaşınını qaçırmış, avtomaşını qaçırılsa da avtomaşından hər hansı əşyası və ya avtomaşının hissələri oğurlanmamış, eləcə də heç bir əşyası və ya hissəsi zədə almamış və ya məhv edilməmişdir. Avtomaşının salonunda və mühərrikində, ümumiyyətlə bütün əşyaları yerində olmuş, avtomaşını tam sağlam vəziyyətdə təhvil almışdır. Hər hansı miqdarda pulu və qiymətli əşyası avtomaşında olmamışdır. Birinci instansiya məhkəməsi istintaqında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, 10 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində Ucar şəhər sakini Şahid DİN-in 102 xidmətinə və Ucar Rayon Polis Şöbəsinə eyni məzmunlu müraciətləri, eləcə də sonuncunun anasının eyni məzmunlu müraciəti əsasında tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş və ağ rəngli "VAZ-21074" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qaçırması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Ucar Rayon Polis Şöbəsinə gətirilməsi ilə yanaşı, həmçinin cinayətin predmeti olan həmin avtomaşın Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısından gətirilərək Ucar Rayon Polis Şöbəsinin avtomaşın duracağına yerləşdirilmişdir. Adını qeyd etdiyi şəxsi tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə kollegiyası həm ibtidai istintaq orqanının, həm də birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə, yəni istinad edilən cinayət əməlinin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla advtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə törədilməsi hissəsi ilə razılaşmır və bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməli CM-in 185.2.4-cü maddəsindən CM-in 185.1-ci maddəsi ilə tövsif edilməlidir. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə cinayət qanunvericiliyi normasını düzgün tətbiq etməməklə Təqsirləndirilən şəxs barəsində CM-in 185.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmişdir. Birinci instansiya məhəməsi hesab etmişdir ki, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittiham üzrə, yəni CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu ifadəsi elan edilmiş ittiham üzrə özünümüdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli düzgün olaraq CM-n 185.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 185.2.4-cü maddəsindən həmin məcəllənin 185.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsindən CM-nin 185.1-ci maddəsinə tövsif edilməsi hissəsində əsaslıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. CM-in 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət məsuliyyətinə səbəb olur. CM-nin 185.2.4-cü maddəsi sözügedən əməlin xeyli miqdarda (CM-nin 177-ci maddəsinin qeydinə əsasən 5.000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədilməsini nəzərdə tutur. CM-nin 185.2.4-cü maddəsində təsbit edilmiş “ziyan vurma” əlaməti -ziyanın vurulmasının mövcud olub-olmaması, ziyanın miqdarı ələ keçirilmiş nəqliyyat vasitəsinin müəyyən (az və yaxud çox) dəyər kəsb etməsi ilə deyil, nəqliyyat vasitəsinin sıradan çıxması, zədələnməsi kimi səbəblərdən meydana gələ bilər. Çünki, talama cinayətlərində əmlakın sahiblikdən çıxması əmlakdan məhrum olunma anlamına gəlirsə, şərh edilən cinayətdə nəqliyyat vasitəsinin sahiblikdən çıxması müvəqqəti xarakter daşıyır və onun mülkiyyətçisi (sahibi) əmlakından birdəfəlik məhrum olunmur. CM-nin 185-ci maddəsində təsbit edilmiş cinayətin (əsas tərkibin) dispozsiyasına görə, nəqliyyat vasitəsinin qaçırılması talama (əvəzsiz olaraq ələ keçirmə) kimi kriminal məqsədlə müşayiət olunmur, nəqliyyat vasitəsinin qaçırılması (özü-özlüyündə) ziyanın vurulması (nəqliyyat vasitəsinin dəyərinə bərabər zərərin meydana gəlməsi) ilə nəticələnmir. Belə zərərin mövcud olması üçün nəqliyyat vasitəsinə ziyan vurulması tələb olunur. Baxılan işin mübahisə edilməyən hallarından isə görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” markalı avtomobil Təqsirləndirilən şəxs tərəfindən qaçırılandan sonra həmin avtomobilə ziyan dəyməmiş, bu cinayətlə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyanın vurulması müstəsna olaraq avtomobilin 5.500 manat dəyərində olmasına görə müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CMin 185.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığına görə onun əməli CM-nin 185.1-ci maddəsi ilə tövsif edilməklə həmin maddə üzrə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, lakin cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun əməlində zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etməmişdir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar ittihamda aktında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraqi onun törətmiş olduğu cinayət əməlinin CM-185.1-ci maddəsi ilə ittiham olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı sayır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun əməlinin CM-nin 185.2.4-cü maddəsindən həmin məcəllənin 185.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsinin iclasında isə ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və məhkəmə prosesslərinin isəonun iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Təqsirləndirilən şəxslə isə barışmasını qeyd etməişdir. Məhkəmə kollegiyası isə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi 73-1.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə həm barışmalı, həm də və ona dəymiş ziyanı tamamilə ödəməlidir. Hazırkı cinayət işi materiallarından aydın olur ki, zərərçəkmiş şəxsə heç bir ziyan dəyməsə də, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirsə də, təqsirləndirilən şəxslə barışması barədə heç fikir bildirməmişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun cinayət məsuliyyətindən azad edilmə barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. Cəza təyin edərkən məhkəmə kollegiyası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizı olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. O,cümlədən CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmaması qənaətinə gəlir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 185.2.4-cü maddəsindən CMnin 185.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəza çəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 185.2.4-cü maddəsindən CM-nin 185.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar