Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-20/2023 08.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-62/2022 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 13 oktyabr 2022-ci il tarixli, 1(063)- 62/2022 nömrəli hökmü ilə xx xxxxxx 1970-ci ildə Ucar rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmas, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Bağman kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 12 (on iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 34 (otuz) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması və maddi sübutunnarkotik təbiətli çətənə (kannabis) bitkilərinin məhv edilməsi hissəsində icra edilməsinin Ucar Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 58 (əlli səkkiz) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edərək 2022-ci ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan günlərdə həmin toxumlardan 12 (on iki) ədədini yaşadığ Ucar rayonu, Bağman kəndində yerləşən evinin həyətyanı sаhəsindəki zəfəran bitkilərinin olduğu torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 09 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı evin həyətyаnı sаhəsində zəfəran bitkilərinin olduğu torpaqda qаnunsuz оlаrаq əkilərək, аqrоtexniki qаydаdа qulluq edilmiş xeyli miqdarda, yəni 12 (on iki) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 9065,0 qram təşkil edən tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-62/2022 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(063)-62/2022 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 apellyasiya protestində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-62/2022 nömrəli hökmünun Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi X4 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, himayəsində iki azyaşlı uşağı və bir yaşlı atası var. Ona görə də o halların nəzərə alınmasını xahiş edir. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-62/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yаşаyır. Təxminən 2 il ərzində narkotik vasitə olan qurudulmuş marixuanadan tapdıqca istifadə etmiş və son vaxtlar narkotiki tapa bilmədiyi üçün çox əziyyət çəkmişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayının əvvəllərində dəqiq gününü və saatını xatırlamadığı vaxtda yaşadığı Ucar rayonu, Bağman kəndinə gələrkən kəndin giriş hissəsindən bir qədər irəlidə yol kənarında bir ədəd kibrit qutusu tapmış, həmin qutunu açdıqda içərisində qurudulmuş marixuana və toxumlar olduğunu görmüşdür. Həmin toxumların da narkotik tərkibli çətənə bitkisinin toxumları olduğu qənaətinə gələrək əvvəlcə az miqdarda olan qurudulmuş marixuanadan istifadə etmiş, sonra isə toxumları həmin qutunun içərisində cibinə qoymuşdur. O, qurudulmuş marixuana tapa bilmədiyindən həmin toxumları yaşadığı evin həyətyanı sahəsində əkməyi qərara almış, daha sonra evə getmiş və hava qaranlıq olduğu üçün həmin günü yatmışdır. Səhəri tezdən oyanıb evin həyətyanı sahəsində əkilmiş zəfəran bitkilərinin olduğu yerə getmiş, orada bir qədər torpağı yumşaltdıqdan sonra həmin torpağa cibində kibrit qutusunda olan sayını dəqiq xatırlamadığı toxumları çıxarıb səpmiş və səpdikdən sonra torpağa az miqdarda su vermişdir. Bu barədə heç kimə, o cümlədən ailə üzvlərinə bir söz deməmişdir. Bir neçə gün ara ilə toxumlara su vermiş və artıq qısa vaxtda həmin toxumlardan 12 ədədi kol kimi formalaşmışdır. O, həmin narkotik tərkibli çətənə bitkisi kollarının dibində torpağı yumşaldıb onlara su verməyə davam etmiş, 2022-ci ilin iyun ayının əvvəlində artıq 12 ədəd bitki kolu yetişmişdir. 09 iyun 2022-ci il tarixdə yaşadığı evə polis əməkdaşlarının gəldiyini və orada onun əkdiyi və qulluq etdiyi narkotik tərkibli çətənə kollarının çıxarıldığını öyrənmişdir. Daha sonra bununla bağlı həmin gün Ucar Rayon Polis Şöbəsinə getmiş və şöbənin qarşısında olarkən məsuliyyətdən yayınmaq üçün səs-küy salmışdır. Bu səbəbdən inzibati qaydanı pozduğu üçün o, Ucar Rayon Məhkəməsinə aparılmış və ona 08 (səkkiz) gün müddətə, yəni 17 iyun 2022-ci il tarixədək inzibati qaydada həbs verilmişdir. Daha sonra inzibati həbs müddəti qurtardıqdan sonra könüllü surətdə həyətindən aşkar olunaraq götürülmüş narkotik tərkibli çətənə bitkilərinə görə ifadə vermək istədiyini və tutduğu əməldən peşman olduğunu qeyd etmişdir. Məhkəmədən törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının və 86 yaşında ahıl atasının olmasını, məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkilidir. Ucar rayonu, Bağman kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evin həyətində narkotik vasitələr əkib–becərməsi barədə 09 iyun 2022-ci il tаrixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumаt əsаsındа onun tərəfindən prоtokоl yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və rayon polis şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ətrаfındа əməliyyаt tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi аltındа əməliyyаt qrupu yаrаdılmışdır. Bundan sonra Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid2 və Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid3 qrupun tərkibinə dаxil edilməklə keçiriləcək tədbirlə bаğlı onun tərəfindən təlimаtlаndırılmışlar. Fаktlа bаğlı аrаşdırmа аpаrılmаsı Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X17 оğlunа həvаlə оlunmuşdur. Bundаn sоnrа Təqsirləndirilən şəxs yаşаdığı evin həyətyаnı tоrpаq sаhəsinə keçiriləcək bаxışdа mütəxəssis-аqrоnоm qismində iştirаk etmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X18 X3 sektorunun aparıcı məsləhətçisi, aqronom X9 оğlu şöbəyə dəvət оlunаrаq keçiriləcək tədbirlə bаğlı məlumаtlаndırılmışdır. Аqrоnоm Ağarəhim Tağıyevə mütəxəssis kimi hüquq və vəzifələri izаh оlunаndаn sоnrа həmin gün, təxminən sааt 17 rаdələrində iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yаşаdığı Ucar rayonu, Bağman kəndində yerləşən evinin qаrşısınа getmişlər. İstintaq bölməsinin baş müstəntiqi Sadiq Alıyev evin həyətinə yaxınlaşıb giriş qаpısını döydükdən sonra Təqsirləndirilən şəxs həyat yoldaşı Ramiyə Mehdiyeva qаpını аçаrаq küçəyə çıxmış və qаpının qаrşısındа onları qаrşılаmışdır. X7 Təqsirləndirilən şəxs evdə olub-olmamağını soruşmuşlar. Ramiyə Mehdiyeva isə onlara həyat yoldaşı Təqsirləndirilən şəxs Ucar rayonu ərazisində olmadığını bildirmişdir. Daha sonra Ramiyə Mehdiyevaya özlərini təqdim edib Əkbər Mediyevin həyətyаnı tоrpаq sаhəsində qаnunsuz оlаrаq tərkibində nаrkоtik mаddələr оlаn bitkilər əkib-becərməkdə şübhəli оlduğunu və bunа görə də qeyd olunan həmin yerlərə videо çəkiliş vаsitəsi ilə bаxış keçirəcəklərini bildirmişlər. Ramiyə Mehdiyeva da baxışın keçirilməsinə etirazının olmamasını bildirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmışdır. X7 yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Ramiyə Mehdiyeva da yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olubolmamasından məlumatının olmamasını bildirərək onları baxış keçirilməsindən ötrü yaşadığı evin həyətinə dəvət etmişdir. Onlar həyətə daxil olub bağ sahəsi ilə irəlilədikdən sonra zəfəran bitkilərinin arasında olan 12 (on iki) ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkiləri aşkar etmiş və Ramiyə Mehdiyevadan həmin bitkilərin kim tərəfindən əkildiyini soruşmuşlar. Ramiyə Mehdiyeva da həmin bitkilərin qeyd olunan yerdə olmasından və kim tərəfindən əkilməsindən məlumatının olmadığını bildirmişdir. Daha sonra aqronom mütəxəssis Ağarəhim Tağıyev tərəfindən həmin 12 (on iki) çətənə bitkisinə bənzər bitkilərin diblərinə baxış keçirərək bitkilərin narkotik xassəli olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş və sonra o, PPXB-nin komandiri Şahid2 ilə birlikdə həmin bitkiləri kökləri ilə birlikdə torpaqdan çıxarmışlar. Bundan sonra evin həyətyanı sahəsinə baxış keçirilməsi davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Sadiq Alıyev tərəfindən 12 (on iki) ədəd çətənə bitkisinə bənzər bitkilər 2 (iki) ədəd ağ rəngli baş-başa keçirilmiş sintetik kisələrdə qablaşdırılaraq üzəri möhürlə möhürləmişdir. Daha sonra o, Ramiyə Mehdiyeva və digər iştirakçılar qablaşdırmanın üzərini imzaladıqdan sonra bununla əlaqədar prоtоkоl tərtib оlunаrаq ucаdаn оxunmuşdur. Protokol doğru olduğundan o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi istintaqında şаhid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan X18 X3 sektorunun aparıcı məsləhətçisi A.Tağıyev tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli rəydən görünür ki, təqdim olunan bitkilər narkotik xassəli çətənə bitkiləridir, onlara aqrotexniki qaydalarına əməl olunmaqla qulluq göstərilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 10 iyun 2022-ci il tаrixli, 17/476 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim оlunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki əkin sahəsindən aşkar edilmiş 12 ədəd...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 67 sm-dən 166 smdək, nəm vəziyyətdə ümumi çəkiləri-9065,0 qram olan 12(on iki) ədəd bitki nümunələri əkib becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Ağarəhim Tağıyevin 10 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2022-ci il tаrixli, 1040 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 iyun 2022-ci il tarixli, 249 nömrəli arayışından və doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 iyul 2009-cu ildə doğulmuş Hüseyn və 30 oktyabr 2017-ci ildə doğulmuş Nərgiz adlı iki uşağı vardır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 oktyabr 2022-ci il tarixli, 383 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində ahıl atası X6 vardır. Apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində 2 azyaşlı övladının olmasını CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CMin 237.1-ci maddəsinin sanksiyası həddində üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını həm qanuni, həm də ədalatli hesab etmişdir. Apellyasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəticəsinin ağırlığının, habelə məhkumun şəxsiyyətinin və əsasən də onun cinayətin törədilməsində rolunun ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirən amillərə aid edilməsi, cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması barədə apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi, iş materialları ilə müəyyən edilmir. Əksinə, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur və onun cəmiyyətdə hər hansı mənfi davranışı ilə bağlı məlumat cinayət işinin materiallarında yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn 2 azyaşlı uşağının fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş cəzanı məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-62/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-62/2022 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-20/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-20/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver