Məhkəmə qərarları › İş №1(107)-201/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-201/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-201/2022 06.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Cavadova Günay İsmayıl qızından ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri X4 və X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 178.2.1 və 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmü ilə xx xxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Xətai kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ev 50 A, mənzil 65-də yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin 29 mart 2021 -ci il tarixli 1 (024)-06/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 1 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 16 dekabr 2021-ci il tarixdən hesab edilməsi, digər cinayət işi üzə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, xx xxxxxx 1964-cü ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Qaramanlı kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtan hesablanması, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrinin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş danışıqların qeydə alınması barədə mikrokartın cinayət işinin materiallarında saxlanılması, ibtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs1 qöstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X9 360 (üç yüz altmış) manat, ibtidai istintaqda Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X5 60 (altmış) manat məbləğində pulun ödənilməsi, Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədi ilə Ucar rayonu Məlikballı kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun oğlu Şahid2 gəmiçilikdə işə düzəldəcəyini vəd edib inandıraraq 29 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus Ucar rayonu Məlikballı kəndində yerləşən evində 7000 (yeddi min) manat pulu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədi ilə Ucar rayonu Məlikballı kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun oğlu Şahid2 gəmiçilikdə işə düzəldəcəyini vəd edib inandıraraq 29 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus Ucar rayonu Məlikballı kəndində yerləşən evində 7000 manat pulu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əməlində CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından, eləcə də istintaq zamanı və məhkəmə baxışı gedişində qeyd edilən maddələrlə cinayət əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Ona görə də Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmünün ləğv edilməsini, əməlində CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından, eləcə də həmin maddələrdə ona istinad edilən əməlin törədilməsi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün cıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona qarşı törətdikləri cinayət əməlini etiraf etməməklə bərabər ona vurduqları ziyanı ödəməmişlər. Onların əməlində heç bir yüngülləşdirici halların olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onlara ən yüngül cəzanı təyin etməklə ciddi prosessual pozuntulara yol vermişdir. Ona görə də Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrdə nəzərdə tutulan cəzanın yuxarı həddində cəza təyin edilməsini, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair hökmün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, əvvəllər verdiyi ifadələrini təsdiq edir. Zərərçəkmiş şəxs iş yoldaşının vasitəsi ilə tanımışdır. Şahmalının oğlunu tanısa da, onun adı yadından çıxmışdır. Zərərçəkmiş şəxs heç nə söz verməmişdir. Gəncə şəhərindən qayıdanda Ucar rayonu ərazisində maşınları xarab olduğundan gecə Şahmalıgildə qalmışlar. Ertəsi gün isə Şahmalı ilə banka kredit götürməyə getmişlər. Şahmalı krediti onun üçün götürməmişdir ki, ona da pul versin. Ədalətli qərar qəbul edilməsini xahiş edri. Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Belə ki, Ceyhun ona zəng vurub “kafeyə gəl, dostum gəlib onun bir problemi var” demişdir. O da evinin altında yerləşən kafeyə düşmüşdür. Ceyhun ona “dostumun “stopu” var, ona kredit vermirlər, tanışına zəng elə ona kredit versinlər” bildirmişdir. O da sabah Gəncə şəhərinə gedəcəyini, qayıdanda həll edəcəyini bildirmişdir. Gəncə şəhərindən qayıdanda, Ceyhun da onunla olmuş, maşınları Ucar rayonu ərazisində xarab olmuşdur. Ceyhun jurnalist dostuna xəbər verərək kömək istəmişdir. Onlara kömək etmək üçün Nicat gəlmiş, Nicatla birlikdə gecə onlara getmişlər. Səhər Nicatgildən çıxıb banka getmişlər. Banka getməmişdən əvvəl bankın müdiri olan tanışına zəng vurmuşdur. O da onları qarşılayıb Şahmalıya kredit almaq üçün köməklik edəcəyini bildirmişdir. Həmin gün Şahmalıya 5500 manat kredit verilməsi üçün sənədlər hazırlanmışdır. Bakı şəhərində bu krediti almaq üçün Şahmalının oğlu ona 1500 manat pul vermişdir. Şahmalıgil bankdan kredit almaq üçün kassaya yaxınlaşdıqdan sonra onlar Bakı şəhərinə çıxıb getmişlər. O, Şahmalının oğlu Nicat işə düzələn zaman Dubay şəhərində olmuşdur. Şahmalıya oğlu Nicatı işə düzəltmək üçün köməklik etmək istəmişdir. Başqa heç nədən xəbərim olmamışdır. Kimlərəsə kömək etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, Şahmalının oğlundan evlərinin altındakı kafedə 1500 manat aldığını etiraf edir. Həmin pulu ona görə vermişlər ki, o, onlara 4000 manatdan yuxarı kredit almaq üçün kömək etmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərin dediklərinin hamısı yalandır. Belə ki, müvəqqəti iş olmadığı üçün oğlu Nicat gəmidə işləmək istəmişdir. İşə düzəlmək üçün Nicat Ələddinlə tanış olmuşdur. Ələddin Nicatın sənədlərinə baxarkən bu işlərə onların baxdığını demişdir. Nicat da Ələddinə bildirmişdir ki, onun gəmiçilik üzrə sənədləri tam deyil, lakin qardaşı Şəmistanın bütün sənədləri vardır. Bundan sonra Ələddin oğlu Nicata Şəmistana məxsus olan bütün sənədlərin şəkillərini “whatsapp” vasitəsi ilə ona göndərməsini, əgər sənədlər düzgündürsə, sonra Şəmistan özü sənədlərlə birlikdə onun yanına gəlməsini demişdir. Ələddin özü gəmiçiliyə işləmək üçün adam düzəltdiyini demişdir. 2019-cu ilin noyabr ayının təxminən 20-də Ələddin oğlu Nicata zəng edərək Şəmistan üçün öz sənəti üzrə iş tapdığını bildirmişdir. Elə həmin günü də Nicat Ələddinlə görüşmək üçün Bakı şəhərinə getmişdir. Nicat Ələddinlə görüşən zaman X12 tanış edərək Şəmistan üçün işi Ceyhunun düzüb-qoşacağını demişdir. Bundan sonra X19 tanış edərək ikisinin onun qardaşının işini düzüb qoşacağını bildirmişlər. Nicat ona zəng vuraraq bildirmişdir ki, Şəmistanı işə düzəltmək üçün 10000 manat pul istəyirlər. O da Nicata 10000 manatın çox olduğunu, həmin pulu ödəyə bilmədiyini, çıxıb evə gəlməsini demişdir. Ələddinlə bu barədə söhbət edəndə Ələddin onu qorxmamasını, Ceyhunu tanıdığını bildirmişdir. O isə Ələddinə onu bir dəfə gördüyünü, Ceyhunu heç tanımadığını demişdir. Ceyhun “whatsapp”la öz vəsiqəsini ona atmışdır. Sonra ona zəng vurub “əmi narahat olma, bu iş üçün mən 2000 pul vermişəm, o pul batmasın” demişdir. O da ona demişdir ki, “mən bu işin düzəlməyini istəmirəm, başqa gedən varsa onu işə düzəlt pulunu ondan al.” Bundan sonra Ceyhun ona tez-tez zəng edərək “onun pulunun batdığını, onun pulunu kimin verəcəyini” demişdir. O da cavabında “vermiyərdin” demişdir. Sonra oğlu Nicat, Ceyhun və Sevil gecə onlara gəlmişlər. Nicat “mənim də, sənin də adımıza kredit götürək bu iş düzəlsin” demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, Ceyhungil ondan 10000 manat pul istəmişlər, o da onlara 7000 manat pul vermişdir. Həmin puldan ona heç nə qaytarmayıblar. Ceyhungil oğlu Şəmistanı Almaniyanın “Arkaş” gəmiçilik şirkətində işə düzəldəcəklərinə söz versələr də, oğlu işə düzəlməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi şəxsin əgər şikayəti varsa təmin edilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X2 Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Şahmalını oğlu Nicatın vasitəsi ilə tanmışdır. Nicatı isə iş yoldaşı Ələddinin vasitəsi ilə tanımışdır. Belə ki, Ələddin Rusiya Federasiyasında olduğu zaman ona zəng edərək Nicat adlı şəxsin ofisdə sənədlərinin olduğunu və həmin sənədləri vermək lazım olduğunu bildirmişdir. Bundan sonra da o həmin sənədləri ofisdən götürüb Nicata vermək üçün Bakı şəhəri, “28 May” metrostansiyasının yaxınlığında yerləşən “İnsta cafe” kafesində görüş təyin etmişdir. Qeyd etdiyi kafedə o, Nicatla görüşmüş, həmin zaman da onun yanında Sevil olmuşdur. Nicat həmin kafeyə gəlib sənədləri ondan götürmüşdür. Həmin zaman Nicatla bir qədər söhbət etmişlər, söhbət zamanı Nicat demişdir ki, bu qardaşı Şəmistanın sənədləridir, həmin sənədləri Ələddinə vermişdir ki, qardaşı Şəmistan gəmiyə işə düzəltsin. Həmin zaman Sevil demişdir ki, Vüqar adında tanışı var, Vüqar gəmi kapitanıdır, lazım olsa Vüqardan xahiş edər ki, əgər yeri varsa, Şəmistanı işə götürsün. Bundan sonra Nicat Sevilin nömrəsin əlaqə saxlamaq üçün götürmüşdür. 28 noyabr 2020ci il tarixdə o və Sevil taksiylə Gəncə şəhərindən Bakı şəhərinə getmişlər. Ucar rayonunun çatmağa az qalmış gəldikləri avtomobildə problem yaranmışdır. Həmin zaman Nicata zəng edib bildirmişdir ki, sizin rayona yaxın ərazidə avtomobilin işıqlarında problem yaranmışdır. Nicat da yolda olduğunu, Bakı şəhərindən Ucar rayonuna gəldiyini, çatmaq üzrə olduğunu bildirmişdir. Təxminən yarım saat sonra Nicat oraya gəlmiş və təklif etmişdir ki, onlara getsinlər. Onlar da heç bir etiraz etmədən Nicatgilə getmişlər. Nicatgildə onlara süfrə açılmış, oturub çay içib yemək yemişlər. Söhbət əsnasında Şahmalı bildirmişdir ki, vəziyyətləri çətindir, bir oğlu işsizdir, qızı nişanlıdır, bankdan kredit də götürə bilmir ki, qızına cehiz alsın. Həmin zaman Sevil bildirmişdir ki, banka birlikdə gedərlər, o da xahiş edər, onlara kredit verərlər. Eyni zaman da, Sevil Şəmistana da tanışı Vüqarın yanında işə düzəlməsində ona köməklik edəcəyini demişdir. Daha sonra bir qədər söhbət edib yatmışlar. Səhəri günü Şahmalıgil onlarla birlikdə onların gəldikləri taksiylə Ucar rayonunda “Kapital” banka getmişlər, orada Şahmalıgil kredit götürmüşdür. O çox qarışmadığından məbləğdən xəbəri olmamışdır. Daha sonra onlar Şahmalı və oğlu Nicatı aparıb evlərinə düşürüb Bakı şəhərinə getmişlər. Bundan təxminən 10-15 gün sonra Şahmalı ona zəng vuraraq Sevil xanıma zəng çatmadığını demişdir. Həmin vaxtı Sevil xanım ölkə ərazisində olmadığından “whatsapp” vasitəsi ilə əlaqə saxlamasını demişdir. Bundan bir həftə sonra Nicat onu yığıb Sevil xanımın gəlməsini soruşmuş, o da bilmədiyini demişdir. Daha sonra Sevil onu yığıb X8 adlı şəxsin yanına aparmaq lazım olduğunu demişdir. Ramin həmin gəmi kapitanı olan Vüqarın tanışıdır. O da hal-hazırda vaxtı olmadığını demişdir. Bir neçə gün sonra o, Şəmistanla əlaqə saxlayıb görüşərək Şəmistanı Ramin adlı şəxsin yanına aparmışdır. Xırdalan şəhərində Raminlə görüşmüşlər. X15 özü söhbət etmiş, o heç nəyə qarışmamışdır. Daha sonra o Şəmistanla birlikdə Bakı şəhərinə qayıtmışdır. Oradan da Şəmistan avtovağzala, o da evə getmişlər. Bundan sonra o, atası xəstə olduğundan İrana getmişdir. Geri qayıtdıqdan sonra Şahmalı ona zəng edib yenə Sevili soruşmuşdur. O da bildirmişdir ki, bilmir hardadır. 2-3 gün sonra Şahmalı təkrar onu yığıb əsəbi danışmağa başlamışdır. Oğlu Şəmistanı işə düzəltmək üçün 7000 manat verdiyini demişdir. O da pulu ona vermədiyini demişdir. Şahmalı da pulu ona yox, Sevilə verdiyini demişdir. O da “əgər həmin pulu vermisənsə deyərik qaytarar” demişdir. Bundan sonra onun Şahmalı ilə heç bir əlaqəsi olmamışdır. O, Şahmalıdan oğlu Şəmistanı işə düzəltmək adı ilə heç bir pul almamışdır. Bu barədə ümumiyyətlə onların danışıqları olmamışdır. Əlavə olaraq bildirdi ki, Bakıdan Gəncəyə gedərkən Nicat onlarla birlikdə olmuş, Gəncədən qayıdanda Nicat Ucarda olmuş və bankdan kredit verildikdən sonra birbaşa Bakıya qayıtmışlar. Əvvəllər Vüqarı və Ramini tanımamış, Sevil xanımın təklifi ilə Şəmistanla birlikdə Raminlə görüşmək üçün Xırdalan şəhərinə getmişlər. Sevilin nə məqsədlə kredit götürüləcəyinə köməklik etməsini bilmir. Bankdan nə vaxt getmələrini isə xatırlamır. Həmin vaxt Nicat və atası orada olmuşlar. Ə.Baxşəliyev ona Rusiyadan zəng edərək sənədləri ofisdən götürüb Nicata qaytarnmağı təklif etmişdir. O, cinayət törətməmişdir, odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ucar rayonu Məlikballı kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Belə ki, 2019-cu ilin oktyabr ayında o, Təqsirləndirilən şəxs1la birlikdə Gəncə şəhərindən Bakı şəhərinə geri qayıdan zaman özləri üçün şəxsi taksi tutmuşlar. Ucar rayonu Qazıqumlaq kəndi ərazisində olan zaman onların taksi maşını xarab olmuşdur. Həmin zaman Ceyhunun mobil telefonuna zəng gəlmişdir. Sonradan öyrənmişdir ki, həmin şəxs Ceyhunun dostu Ələddindir. Ələddin Ceyhundan harada olduqlarını soruşduqda Ceyhun Ucar rayonu ərazisində avtomobilləri xarab olub yolda qaldıqlarını bildrmişdir. Həmin zaman Ələddin Ceyhuna onun Ucar rayonunda dostunun olduğunu, zəng edəcək gəlib onları qarşılayacaqlarını demişdir. Bir qədər sonra bir cavan oğlan onlara yaxınlaşıb adının Nicat olduğunu bildirib Ələddinin zəng etməsinə görə gəldiyini bildirmişdir. Daha sonra onlar birlikdə Nicatgilə getmişlər. Nicatgildə olan zaman onlara yaxşı süfrə açılmış, bir-biriləri ilə tanışlıq yaratmışlar. Söhbət əsnasında o, ev sahibi olan Şahmalıdan uşaqlarının nə işlədiyini soruşmuşdur. Şahmalı oğlu Nicatın hansısa MMC-də işlədiyini, digər oğlu Şəmistanın isə işsiz olduğunu, qızının isə 3 ildir ki, nişanlı olduğunu, pulu olmadığından cehiz verə bilmədiyini bildirmişdir. O da niyə kredit götürmədiklərini soruşmuşdur. Şahmalı da onlara banklarda qırmızı xətt qoyulduğundan kredit verilmədiyini demişdir. O da köməklik məqsədi ilə onlara kredit almağı xahiş edəcəyini demişdir. Daha sonra Şahmalı oğlu Şəmistanın gəmiçiliyi bitirdiyini, amma iş tapa bilmədiyini bildirmişdir. O da Şəmistana köməklik göstərə biləcəyini demişdir. Onun dostu Vüqar gəmi kapitanıdır. Bundan sonra səhəri gün onun köməkliyi ilə Şahmalıya və oğluna kredit verilmişdir. Həmin puldan Şahmalı ona əziyyət çəkməyinə görə 1500 manat pul vermişdir. Şahmalı tezliklə qızına toy edəcəyini bildirmişdir. Daha sonra onlar avtomobillərin təmir etdirib Bakı şəhərinə qayıtmışlar. Təxminən 10-15 gün sonra Şahmalının oğlu Nicat ona zəng edərək Bakıda olduğunu, qardaşı Şəmistanın sənədlərini gətirdiyini bildirmişdir. O da evinin ünvanını Nicata demişdir. Bir qədər sonra Nicat zəng edib aşağıda olduğunu bildirmişdir. O, aşağı düşdükdə Nicat qardaşı Şəmistanın sənədlərini gətirdiyini demişdir. O da Nicata gözləməsini, Ceyhunun çatdığını, sənədləri Ceyhuna verməsini bildirmişdir. Bir qədər sonra Ceyhun da gəlmiş, Nicat sənədləri Ceyhuna vermişdir. Bundan sonra o, Ceyhuna sənədləri götürub Raminin yanına getməsini, Raminlə danışdığını demişdir. Belə ki, Ramin Xırdalanda yaşamış, gəmidə işədüzəltmə şöbəsində işləyir. Səhv etmirsə orada Ramin kadr məsələlərinə baxır. Bundan sonra Ceyhun Nicatla birlikdə Raminin yanına gedəndə Ramin onlara Şəmistanın özünün gəlməsini demişdir. Daha sonra Şəmistan Ceyhunla zəngləşib Raminin yanına getmişlər. Ramin Şəmistandan 3000 ABŞ dolları pul istəmişdir. Daha sonra Şahmalıgil Ələddinlə danışıb xahiş etmişlər ki, qiyməti bir az aşağı salmağa köməklik etsin. Daha sonra o, özü gəmidə kapitan işləyən Vüqara zəng edərək Ramindən qiyməti aşağı salmasını demişdir. Bundan sonra Ramin 1500 ABŞ dolları verməsini, 100 ABŞ dollarını da, yəni sertifikatın pulunu hörmətə keçdiyini bildirmişdir. Bundan başqa da onun heç nədən xəbəri olmamışdır. 11 dekabr 2019-cu il tarixdə o, blokdan aşağı həyətə düşən zaman yıxılmış, ayağında mil sınmış, 20 yanvar 2020-ci il tarixənədək evdə yataq vəziyyətində olmuş, daha sonra fevral ayında müalicə üçün Dubaya getmişdir. O, Şahmalıdan və ya onun oğlanlarından heç bir pul almamışdır. Sadəcə bir insan kimi köməklik etməyə çalışmışdır. O arada vasitəçi olmuşdur. Əlavə olaraq bildirdi ki, sonradan dəqiqləşdirilmişdir ki, Şahmalının oğlu Nicat onlarla birlikdə Bakı şəhərndən gəlmiş və Ucar rayonunda düşmüşdür. Nicatı Ceyhunun yanında görmüşdür, Ceyhun Ələddinin xahişi ilə sənədlərini qaytarmışdır. Yaşadığı evin aşağı mərtəbəsində yerləşən kafedə söhbət zamanı tanışı Vüqara zəng etmiş, o isə 6 ay sonra Azərbaycana qayıdacağını demişdir. Sonradan bankdan kredit götürücəklərinə köməklik edəcəyinə söz vermiş, buna görə də zamin duracağına görə onun depozit hesabı üçün 1500 manat pul vermişlər. Gəncədən qayıdarkən avtomobilin işıq faralarında nasazlıq olmuş, buna görə də Ceyhun Nicata zəng etmişdir. Şahmalıgilin evində yalnız bankdan kredit götürmək barədə söhbətləri olmuşdur. 1500 manat pulu Nicat ona vermişdir və həmin pulu xərcləmiş, işə məhkəmədə baxılarkən qaytarmağı təklif etmiş, lakin Şahmalı razılaşmamış, 7000 manat qaytarmağı tələb etmişdir. Nicat Şahmalı ilə birlikdə bankda olmuşlar, hər ikisi də kredit götürmüşlər, kredit verilənə qədər o, bankdan getmişdir. Nicata 10-15 gün sonra zəng edərək başqa gəmidə işə düzəlməyə köməklik etməyi xahiş etmişdir. Vüqar ona zəng edərək gəmiyə işə düzəlmək üçü heyət yığıldığını bildirmişdir. Buna görə də Ceyhundan Xırdalana getməyini xahiş etmişdir. Raminə ola bilər ki, depozit hesabı üçün pul ödəməyi təklif etmişlər. Barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, böyük oğlu Şahid2 gəmiçilik kursunu oxuyub bitirmişdir, lakin işsizdir. 2019-cu ilin iyul ayında kiçik oğlu Şahid1 Gədəbəy rayonunda işləri müvəqqəti dayandığından Bakı şəhərinə işləmək üçün getmişdir. Həmin zaman Bakı şəhəri Tbilisi prospektində yerləşən “Qaçqınkom”un binasının qarşısındakı küçədə yerləşən binada Şahid4 ilə tanış olmuşdur. Belə ki, Nicatın özünün işlədiyi qazma şirkəti həmin yerə yaxındır. Müvəqqəti iş olmadığı üçün Nicat gəmidə işləmək istəmişdir. Öz iş yerindən də Nicata həmin Əliəddingilin binasına getməsini demişlər. Nicat da həmin binaya gəldikdə Ələddinlə tanış olmuşdur. Ələddin Nicatın sənədlərinə baxarkən bu işlərə onların baxdığını, yəni gəmiçilik üzrə iş olduqda onlar özləri çağırdığını demişdir. Nicat da Ələddinə bildirmişdir ki, onun gəmiçilik üzrə sənədləri tam deyil, lakin qardaşı, yəni onun böyük oğlu Şəmistan gəmiçilik üzrə kursu bitirmiş, Şəmistanın bütün sənədləri vardır. Bundan sonra Ələddin oğlu Nicata Şəmistana məxsus olan bütün sənədlərin şəkillərini ilk olaraq “whatsapp” proqramı vasitəsi ilə ona göndərməsini, əgər sənədlər düzgündürsə, sonra Şəmistan özü sənədlərlə birlikdə onun yanına gəlməsini demişdir. Ələddin özü gəmiçiliyə işləmək üçün adam düzəltdiyini demişdir. Bundan sonra Nicat oradan kəndə evə zəng edərək Şəmistana məxsus sənədlərin şəklini whatsapp” proqramı vasitəsi ilə ona göndərmələrini, Ələddin baxıb həmin sənədlərlə gəmiçiliyə işə düzəltməyin mümkün olub-olmadığını bilməsini demişdir. Şəmistan da öz sənədlərinin şəkillərini göndərdikdən sonra Ələddin bu sənədlərlə Şəmistanı dənizdə işə düzəltdirə biləcəyini demişdir. Bundan sonra 2019-cu ilin noyabr ayının təxminən 20-də Ələddin oğlu Nicata zəng edərək Şəmistan üçün öz sənəti üzrə iş tapdığını, bunun üçün də Nicatın Bakı şəhərinə getməli olduğunu demişdir. Elə həmin günü də Nicat Ələddinlə görüşmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində Nicat Ələddinlə görüşən zaman Ələddin Nicatı Təqsirləndirilən şəxs1 ilə tanış edərək Şəmistan üçün işi Ceyhun düzüb-qoşacağını demişdir. Bundan sonra X20 ilə tanış edərək ikisinin onun qardaşının işini düzüb qoşacağını bildirmişlər. Bundan sonra Nicat, Ceyhun və Sevil birlikdə Bakı şəhərində kafelərin birində oturub pul danışmağa başlamışlar. X17 Almaniyanın Arkaş şirkətində matros kimi işə düzəldəcəklərni, öz xalasının oğlu da həmin şirkətdə kapitan olduğunu, Şəmistanın da matros kimi həmin şirkətdə aylıq 4500 avro maaş müqabilində işləyəcəyini, bunun üçün də X13 10000 manat pul istədiklərini demişdir. Bundan sonra Nicat Ələddinə zəng edərək Ceyhun və Sevillə aralarında olan söhbəti bildirmiş və əlavə olaraq Nicat qeyd etmişdir ki, 10000 manat çoxdur və onların həmin pula gücləri çatmaz. Ələddin də Nicata bildirmişdir ki, “o, deyər bir az aşağı edərlər, amma sən geri çəkilmə, o çox yaxşı işdir”. Bundan sonra Ələddin Sevillə danışmışdır. Həmin danışıqdan sonra Sevil ilkin olaraq 7000 manat pul vermələrini, sonra da 3000 manat verəcəklərini demişdir. Bu söhbətdən sonra Nicat 1500 manat pulu Sevilə vermişdir. Bundan sonra Nicat bir neçə gün borca və ya banklardan kredit olaraq pul tapması üçün Bakı şəhərində qalmışdır. Lakin tapa bilmədiyindən 28 noyabr 2019-cu il tarixdə axşam saatlarında Nicat Ceyhun və Sevillə Ucar rayonu, Məlikballı kəndinə, yəni onların evinə gəlmişlər. Səhəri gün o, Nicat, Sevil, Ceyhun və onlarla birlikdə “Kapital Bank”ın Ucar rayon filialına gəlmişlər. Orada o öz adına 2991 manat, Nicat isə 3000 manat öz adına kredit götürmüşdür. Onlar krediti götürdükdən sonra yenidən kəndə evə qayıtmişlar. Evə qayıdan zaman yolda olarkən Sevil Nicatın Bakı şəhərində ona vermiş olduğu 1500 manat pulu ona geri vermişdir. Daha sonra evdə olan zaman o, 7000 manat pulu öz əli ilə sayıb Ceyhuna vermişdir. Ceyhun da həmin pulu Sevilə vermişdir. Bundan sonra onlar birlikdə nahar etmişlər. Nahar edən zaman Sevil Şəmistanın əmək haqqısı 2700 avro olacağını demişdir. Sevilin həmin şirkətdə kapitan olan xalası oğlunun dekabr ayında guya Bakı şəhərinə gələcəyini, yanvar ayının 1 və ya 2-si işə qayıdan zaman da Şəmistanı özü ilə aparacağını demişdir. Bundan sonra onlar bir qədər də iş barəsində söhbət etmişlər. Nahar bitdikdən sonra Ceyhungil getmişdir. Bundan sonra onlar 2020-ci ilin yanvar ayında Ceyhun və Sevillə əlaqə saxlamağa başlamışlar ki, “bəs artıq indiyə Şəmistan işə getməli idi", onlar da hər dəfəsində müxtəlif bəhanələrlə işi uzatmışlar. Buna görə də o axırda Ucar Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. 1500 manat pulu əvvəlcə Nicat vermişdir, sonradan 1500 manat pulu ona qaytarmışlar, o da cəmi olaraq 7000 manat pulu 29 noyabr 2019-cu ildə ailə üzvlərinin-Şəmistanın, Nicatın və Nəzakətin yanında Ceyhuna vermişdir. Ələddinə pul verməmişdir, Ələddin Ceyhunu və Sevili tanış etmişdir. 3000 manat pulu qohumundan borc kimi almışdır. Sevil xanım xalası oğlunun dekabr ayının sonuna və ya yanvar ayının əvvəlində gələcəyini və oğlunun gəmidə matros işləyəcəyini vəd etmişdir. Onun şübhələri olmuşdur, Sevil və Ceyhun and etdilər ki, iş düzəldəcəkdir, onu inandırmışlar. İbtidai istintaq zamanı 3000 manat pulu borc almağını soruşmamışlar, 7000 manat pulu Ceyhuna, Ceyhun da həmin pulu Sevilə vermiş, Sevil də həmi pulu çantasıa qoymuşdur. Təqsirləndirilən şəxslər ondan aldıqları pulu geri qaytarmırlar, ona görə də onların həbs edilməlirini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 eyni məzmunlu ifаdə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusаtlаrı bir dаhа təsdiq etmişlər. Şahid1 əlavə olaraq bildirmişdir ki, 1500 manat pulu əvvəlcə Ceyhuna vermişdir. Sonradan həmin pulu qaytardılar ki, üstünü düzəldib 7000 manat versinlər. 7000 manat pulu Ceyhun götürüb Sevilə vermişdir. Sevili onunla Ceyhun tanış etdi və işə düzəlməklə bağlı söhbət etmişlər. Şahid2 əlavə olaraq bildirdi ki, banka atası və qardaşı getmişlər və bankdan təxminən 5000 manatdan bir az çox kredit götürmüşlər. Qardaşı 1500 manat pulu borc almış, evdə ümumiyyətlə 7000 manat pul verilmişdir. Yolda 1500 manatı qaytarmışdılar ki, 7000 manat pulu tam düzəldib versinlər. Evdə ailə üzvləri, Sevil və Ceyhun olmuşlar. Sürücü kimi gələn Qinyaz orada idi, başqa qonşu və qohumları olmamışdır. Ona yanvar ayının 1-ə qədər “Arkaş” şirkətində işə düzəldəcəyini vəd etmişlər. Günorta vaxtı pul verilmişdir. Bankda 3 aylıq dənizmi kursunda oxumuşdur. Qardaşına Sevil və Ceyhun həm əvvəlcə, həm də sonradan evdə işin düzəlməyini, digər məsələlərin isə özlərinin həll edəcəklərini bildirmişlər. Şahid3 əlavə olaraq bildirdi ki, əri Şahmalı pulu evin içərisində Ceyhuna vermişdir, yenidən sayıldıqdan sonra Sevil pulu çantasına qoymuşdur, cəmi olaraq 7000 manat pul olmuşdur. Sevil və Ceyhun yanvar ayına qədər, ola bilər ki, ayın sonuna qədər işin həll olunacağını bildirmişlər. Nicat əvvəlcə Ceyhuna 1500 manat pul verdiyini demişdir. Sevil və Ceyhunda şübhəli hərəkət görməmişdir. Ceyhun sənədlərinin surətini oğluna göndərmişdir. Sevil xanım qohumunun gəmidə işlədiyini demişdir. Sevil pulu çantasına qoymuşdur, amma çantanın rəngi yadına deyl. Sürücü Qinyaz da orada olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ildə o, Bakı şəhəri Tbilisi prospektində, “Qaçqınkom”un arxasında yerləşən redaksiyada işləmişdir. Təxminən 2019-cu ilin oktyabr ayında redaksiyada olan zaman bir nəfər şəxs ofisə gəlmişdir. O, həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs adının Nicat olduğunu, Ucar rayonundan gəldiyini, Zəhra xanımı axtardığını demişdir. O da Zəhra xanımın hal-hazırda həmin ofisdə işləmədiyini demişdir. Nicat qardaşı Şəmistanın gəmiçilik üzrə kurs bitirdiyini, Şəmistanı işə düzəltmək istədiyini demişdir. Bundan sonra Nicat Şəmistanın sənədlərini ona təqdim etmişdir. O da bildirmişdir ki, sənədlər onda qalsın, uyğun iş olsa xəbər edəcəkdir. Daha sonra o, tanışı Təqsirləndirilən şəxs1la söhbət edən zaman bu barədə danışmış, Ceyhun da həmin işi həll edə biləcəyini demişdir. Bundan sonra 2019-cu ilin noyabr ayında o, Nicatla əlaqə saxlayıb Şəmistanı işə düzəltmək üçün adam tapdığını, gəlib özünün danışmasını demişdir. Bundan sonra o Nicatı Ceyhunla əlaqələndirmişdir. Amma bundan sonra o onların arasında olan danışıqlara qarışmamışdır. O, sadəcə Ceyhunla Nicatı əlaqələndirib tanış etmiş. Nicata da öz aralarıda danışıb razılaşdığını demişdir. Əlavə olaraq bildirdi ki, Ceyhunun işə düzəltmək üçün pul alıb-almamasını bilmir. Sevil xanımı isə tanımır. Nicat və onun atası ona bildirmişlər ki, Ceyhun işə düzəltmək üçün onlardan pul alsa da işə düzəltməmişdir, amma nə qədər pul verdiklərini bilmir. Ceyhun ona Nicatı gəmidə işə düzəltmək istədiyini, lakin razılaşmadıqlarını və pul almadığını bildirmişdir. O, Rusiyaya getdiyindən Ceyhuna demişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl Sevil xanım ona özünə məxsus avtomobillə Yevlax rayonuna, daha sonra Gəncə şəhərinə aparmağı təklif etmişdir. O da taksi fəaliyyəti ilə məşğul olduğundan bu təkliflə razılaşmış, onlarla birlikdə həmin vaxt Ceyhun və bir nəfər cavan oğlan da olmuşdur. Həmin oğlan Ucar rayonunda avtomobildən düşmüşdür. Yevlax rayonunda Sevil çəkilişdə olmuş, o da qohumlarının evində qalmışdır. Növbəti gün Sevil və Ceyhunla birlikdə Gəncə şəhərinə getmişlər, gecə də oteldə qaldıqdan sonra Bakı şəhərinə qayıtmalı olmuşlar. Sevil Ucar rayonunda bankda işi olduğunu və buna görə də Ucar rayonunda oteldə qalmağı təklif etmişdir. Lakin otel tapa bilmədiklərindən Ceyhun bir nəfərə zəng etmiş və onlarla Bakı şəhərindən birlikdə gələn gənc oğlan da onların yanına gələrək otel və ya kirayə ev axtarmağa köməklik etmişdir. Lakin otel və kirayə ev olmadığından həmin gənc oğlanın təklifi ilə yaşadığı evə getmişlər. Gecə həmin evdə qalmışlar, onları yaxşı qarşılamışlar və süfrə açmışlar. Gecə həmin evdə qaldıqdan sonra ertəsi gün Sevil, Ceyhun və ev sahibi ilə birlikdə Ucar şəhərində yerləşən banka getmişlər. Həmin vaxt o, avtomobildə oturmuş, Ceyhun çöldə dayanmış, ev sahibi ilə Sevil banka getmişlər. Bir müddət sonra Sevil qayıdaraq ev sahibinin növbədə gözlədiyini bildirmiş, buna görə də Bakı şəhərinə qayıtmağı təklif etmişdir. Sevil ona göstərdiyi xidmətə görə yanacaq və yemək pulu da daxil olmaqla 300 manat vermişdir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən və hökmün surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(024)-06/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 avqust 2020-ci il tarixdən 29 mart 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının 1 gününə 2 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “NTV Xəbər” kanalının təsisçisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 iş yerindən müsbət xаrаkterizə оlunmuşdur. “LTV7 Xəbər” kanalının təsisçisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 iş yerindən müsbət xаrаkterizə оlunmuşdur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Belə ki, məhkəmə kollegiyası təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi ilə bağlı göstərdiyi dəlilləri onun cinayət məsuliyyətindən azad olunmasına yönəlmiş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin Təqsirləndirilən şəxs2 ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxs, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən cinayət əməllərini törətmişdir. Ona məhkum olunduğu CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrdə nəzərdə tutulan cəzanın yuxarı həddində cəza təyin edilməsi, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onların islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mаddələrin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq təqsirləndirilən şəxslərə qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar