Məhkəmə qərarları › İş №1(107)-206/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-206/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-206/2021 11.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs2 , onun müdafiəçisi X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Yevlax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(039)-40/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Sadəddin oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında bаxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 30 mart 2021-ci il tarixli, 1(039)- 40/2021 nömrəli hökmü ilə, 07 avqust 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax Rayon Məhkəməsini 30.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasından 19.03.2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmaqla məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, bаrəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan seçilərək məhkəmə iclas zalından həbs edilməsi, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 mart 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir; xx xxxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, bаrəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan seçilərək məhkəmə iclas zalından həbs edilməsi, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 mart 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin sentyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə və saatlarda özgənin əmlakını gizli olaraqtalamaq məqsədi ilə Yevlax şəhəri, F.Əmirov küçəsi ev 21-də yaşayan Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək sonuncunun həyətinə vahid niyyətlə - iki dəfə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan yaşayış evinin içərisinə daxil olub evdən əvvəlcə 160 manat dəyərində olan 01 ədəd Türkiyə istehsalı olan “Beko” markalı, 32 BLE5324BG modelli, 32 düymlü istifadə olunmuş televizoru, 15 manat dəyərində olan bir ədəd “TP-Link” markalı istifadə olunmuş modem aparatını, daha sonra 110 manat dəyərində olan 01 ədəd qutuda “X9 PHO-610” yazıları olan təzə vəziyyətdə mikrodalğalı qril aparatını, 30 manat dəyərində olan 01 ədəd üzərində “X7 Cobalt” yazıları olan, dairə formalı böyük ölçülü, alt hissəsi hündür olan istifadə olunmuş şirniyyat qabını, qaşığı ilə birlikdə, 15 manat dəyərində olan 01 ədəd üzərində “X7 Cobalt” yazıları olan, kiçik ölçülü, üzərinə qızılı rəngli güllər həkk edilmiş istifadədə olmuş qabı, 45 manat dəyərində olan 01 ədəd üzərində “Alimdən atasına hədiyyə” yazıları olan istifadədə olmuş nərd taxtasını gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 375 manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin sentyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə və saatlarda özgənin əmlakını gizli olaraqtalamaq məqsədi ilə Yevlax şəhəri, F.Əmirov küçəsi ev 21-də yaşayan Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək sonuncunun həyətinə vahid niyyətlə - iki dəfə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan yaşayış evinin içərisinə daxil olub evdən əvvəlcə 160 manat dəyərində olan 01 ədəd Türkiyə istehsalı olan “Beko” markalı, 32 BLE5324BG modelli, 32 düymlü istifadə olunmuş televizoru, 15 manat dəyərində olan bir ədəd “TP-Link” markalı istifadə olunmuş modem aparatını, daha sonra 110 manat dəyərində olan 01 ədəd qutuda “X9 PHO-610” yazıları olan təzə vəziyyətdə mikrodalğalı qril aparatını, 30 manat dəyərində olan 01 ədəd üzərində “X7 Cobalt” yazıları olan, dairə formalı böyük ölçülü, alt hissəsi hündür olan istifadə olunmuş şirniyyat qabını, qaşığı ilə birlikdə, 15 manat dəyərində olan 01 ədəd üzərində “X7 Cobalt” yazıları olan, kiçik ölçülü, üzərinə qızılı rəngli güllər həkk edilmiş istifadədə olmuş qabı, 45 manat dəyərində olan 01 ədəd üzərində “Alimdən atasına hədiyyə” yazıları olan istifadədə olmuş nərd taxtasını gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 375 manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Yevlax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(039)-40/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Sadəddin oğlu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. Yevlax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(039)-40/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Sadəddin oğlu apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(039)-40/2021 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində dostu Təqsirləndirilən şəxs2 günahsızlığını nəzərə alıb azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində cinayətdə iştirak etmədiyini, cəza ilə razı olmadığını, himayəsində olan şəkər xəstəliyindən əziyyət çəkən və hazırda Yevlax şəhər mərkəzi xəsatəxanasında qeydiyyatda olan atasını, üç azyaşlı uşağının olmasını, dəymiş ziyanın ödənilməsini və barəsində zərərçəkmiş şəxs tərəfindən şikayətinin olmamasını nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etmişdir. . PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X3 apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya şikayətlərinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 30 mart 2021ci il tarixli, 1(039)-40/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 bildirdi ki, o etdiyi əməldən peşmandır. Odur ki, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs2 bildirdi ki, o, oğurluq hadisəsində iştirak etməmişdir. Ümumiyətlə baş vermiş bu hadisəyə görə pemandır. Odur ki, apellyasiya şikayətinin təmib ediləsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş şikayətlər təmin edilməməli, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Sadəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində cinayətdə iştirak etmədiyini qeyd etsə də, məhkəmə kollegiyasının iclasında müdafiəçisinin verdiyi şikayəti müdafiə edərək ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirməmiş və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da verdiyi apellyasiya şikayətində ona elan edilmiş ittihama yaxud ona təyin edilmiş cəzaya eitraz etməmiş, dostu Təqsirləndirilən şəxs2 günahsızlığını nəzərə alıb azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə prosesində döyülməsi ilə bağlı verdiyi ifadəsini geri götürdüyünü, əsəbiləşdiyi üçün dediyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin baxış qərarında Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə uyğun olaraq məhkəmə baxışı iclasının qismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübut tələb edilməklə keçirilməsi qərara alınmışdır. Hazır da isə təqsirləndirilən şəxslər və müdafiəçilər cəa məsələsini mübahisələndirirlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətləri mahiyyət etibarı ilə eynilik təşkil etdiyindən apellyasiya şikayətlərinin dəlilləri üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-cü (Sübutların toplanılması), 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün toplanmış sübutlar birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Ancaq Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza bir qədər sərt olmuşdur. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası ona qəti olaraq təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinin mümkünlüyünü müsbət qiymətləndirir və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından uyğun olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cinayət işinin materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnamədə (İ cild, i. v. 319) Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunaraq göstərilmişdir ki, o, yaşadığı küçənin, həmçinin həmin küçəni və ətraf küçəni əhatə edən məhəllənin sakinləri arasında hörmət qazanmışdır. Yaşadığı küçənin və ətraf məhəllənin yaşıllaşmasında və abadlaşmasında fəal iştirak etmişdir. O, yaşadığı küçədə və ətraf məhəllədə sakitliyin təmin edilməsində birgə yaşayış qaydalarına riayət etmişdir. Təqsirləndirilən şəxs2 barədə yaşadığı müddətdə nümayəndəliyə yazılı yaxud şifahi müraciət daxil olmamışdır. İş materiallarında olan arayış və şəhadətnamə surətlərinə (İ cildi i.v 318-322) görə onun himayəsində 2 azyaşlı uşağı vardır. Bundan baqaş Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxudr Bundan başqa, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, törədilmiş əməllə müqayisədə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs2 istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, ona yuxarıda göstərilən əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi qanuni və əsaslı hesab oluna bilər. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellayasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Sadəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Yevlax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(039)- 40/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 03 noyabr 2020-ci il tarixdən 05 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 30 mart 2021-ci il tarixdən 11 avqust 2021ci il tarixədək olan 4 (dörd) ay 12 (on iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il müddətinə azadlığın mədudlaşdırılması cəzasından 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 2 (iki) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmalı, azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, baxılmış apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 394, 397-399, 407 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellayasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Sadəddin oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Yevlax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(039)-40/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 03 noyabr 2020-ci il tarixdən 05 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 30 mart 2021-ci il tarixdən 11 avqust 2021ci il tarixədək olan 4 (dörd) ay 12 (on iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il müddətinə azadlığın mədudlaşdırılması cəzasından 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 2 (iki) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm baxılmış apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar