Məhkəmə qərarları › İş №1(107)-217/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-217/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-217/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 1975-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzəridə çəkilməmiş yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, İsmayıllı şəhəri, M.P.Vaqif küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun xx xxxx 2020-ci ildən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki ay beş günün CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla dörd ay on günün ona təyin edilən iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində iki il bir ay iyirmi gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərində saxlanılan iki il bir ay iyirmi gün müddətə azadlığın məhdudlaşdırılması cəzаsının İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzаsının çəkilməmiş qalan yedi ay iyirmi altı günü ilə CM-in 67.1-ci maddəsinin tələblərinə əsasən qismən birləşdirilməsi və ona qəti olaraq iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, ona təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə, saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, M.P.Vaqif küçəsi, 6 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasına nəzarətin yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, onun narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübutlar - İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 5,34 qram çəkidə qurudulmuş marixuana, bir ədəd “Argo” markalı siqaret qutusu, bir ədəd boş şpris, bir ədəd başlığı ilə birlikdə iynə və bir ədəd sınmış halda olan şüşə flakonun hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 35,97 manat ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, adı: Dövlət Xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CRTE********************) ödənilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və naməlum mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 5,39 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri, Müşfiq küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 16:30 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibində olan “Argo” markalı siqaret qutusunun içərisində yerləşdirdiyi kibrit qutusunda saxladığı həmin 5,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protestinə qarşı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən etiraz verilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngül olduğundan, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ona cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. ETİRAZİN DƏLİLLƏRİ Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə iclaısnda Təqsirləndirilən şəxs ifadasində göstərmişdir o, narkotik vasitələrdən ara-sıra bədəndində ağırlar olduğu üçün istifadə edir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayasində iki azyaşlı uşagı vardır, ailəsində ondan başqa işləyən, ailəyə gəlir gətirən şəxs yoxdur. Etdiyi əməlin özü və cəmiyyət üçün zərərli təsirlərini dərk edir. İkinci bir tərəfdən, ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsi cəza qanunvericiliyin nisbətən yumşaldılması, vətəndaşların azadlıqdan məhrum etmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmalıdır. Bu mənada dövlət iitihamçısı Dövlət ittihamçısı tərəfindən hökmdən verilmiş apellyasiya protestində sadalanan əsasların heç biri qanuni və hüquqi əsaslar deyil, yalnız mülahizələrdir. Bu əsaslara görə Təqsirləndirilən şəxs barədə olan İsmayillı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü tamamilə qanuni va əsaslı hökmdür. Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmə cəzası təyin edilmədən də onun islah edilməsi mümkündür. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Telman Əhmədov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Emil Əliyev bildirmişdir ki, apellyasiya protestinə etiraz edirəm. Belə ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. İsmayıllı Rayon Məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyim şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, ailə vəziyyətini nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, ailə vəziyyətim çox çətindir, himayəmdə 2 azyaşlı övladım, xəstə anam və atam var. Əməlimdən peşmanam. Bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə iki dəfə məhkum olunmuşam. Ancaq səhv etdiyimi anlayıram. Bir daha belə işlərlə məşğul olmayacağıma söz verirəm. Ona görə də apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş, cəza tədbirinin müəyyən edilməsində səhvə yol vermiş, təqsirləndirilən şəxsə cinayətinağırlığınavəonunşəxsiyyətinəuyğunolmayan yüngül cəzanı təyin etmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və xx xxxxxx 2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bundan əvvəl də CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş və məhkumluğu ödənilmişdir. Lakin o yenidən, xx xxx 2019-cu ildə ümumi təmiz çəkisi 0,206 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq üzərində saxladığı üçün CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən xx xxxx 2020-ci ildə hazırda təqsirləndirildiyi cinayət əməlini törətmiş və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci mаddəsilə təqsirli bilinib, CM-in69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq iki ilaltı ay müddətə azadlığın məhdudlaşdırılmasına məhkum olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs bundan əvvəl də eyni xarakterli, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş və bu əməllərinə görə bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin həmin cinayət əməllərinə görə cəza çəkdiyi müddət ərzində yenidən eyni cinayət əməlini törətmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə nəzər salanda müəyyən olunur ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşür və bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o, əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmış və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, Təqsirləndirilən şəxs sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamış, cəza çəkdiyi vaxtda yenidən cinayət törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə onun törətdiyi əməldən peşman olmasını bildirməsini də əsas götürməklə yenə də həbslə bağlı olmayan cəza təyin etməsi CM-in ədalət prinsipi baxımından ədalətli hesab oluna bilməz. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs bundan əvvəl də eyni cinayəti törətmiş və bununla əlaqədar olaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə yenidən azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə almamış və əsassız olaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin məhkəmə cinayət qanunvericiliyinin bir şəxsin eyni növ cinayətə görə məhkum olunduğunu və hazırki cinayəti də azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə törətdiyini nəzərə almamış və əsassız olaraq yenidən ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Ona görə də cəzanın yüngül olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsində nəzərdətutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki ay beş gün CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan üç ay iyirmi üç günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən, həbsdə saxlama müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, CM-in 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş bir il üç ay iyirmi beş gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq bir il dörd ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-234.1-ci maddəsində nəzərdətutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki ay beş gün CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində bir il üç ay iyirmi beş gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan üç ay iyirmi üç günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən, həbsdə saxlama müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, CM-in 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş bir il üç ay iyirmi beş gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq bir il dörd ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar