Məhkəmə qərarları › İş №1(107)-217/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-217/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-217/2021 19.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşаviri İbrаhimоv Rəhmаn Kərim oğlu, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və onun müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(033)-10/2021 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1977-ci il tarixdə Zaqatala rayonu Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində 29 sentyabr 2020-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəli onun həbsə alındığı tarixdən, yəni 09 mart 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, iş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdə, saat 20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zaqatala rayonu, Lahıc kəndində yerləşən və X2 icarə əsasında işlətdiyi ictimai yer hesab edilən kafedə Zərərçəkmiş şəxs onların oturduğu masaya yaxınlaşaraq tanışı Şahid1 ilə qarşılıqlı mübahisə etməsindən bəhanə kimi istifadə edərək, yəni həmin mübahisənin ona aidiyyəti olmadığı və Zərərçəkmiş şəxs tərəfindən ona qarşı hansısa qanunsuzluq edilmədiyi halda, hər hansı əsaslı səbəb olmadan həmin vaxt əlində olan, silah qismində istifadə edilən pivə bakalı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə endirib alında 01 ədəd sıyrılmış yara, sağ gicgah nahiyəsində 01 ədəd, burnun sağ tərəfində 01 ədəd, burun qabarı üzərində 02 ədəd, sağ yanağında 01 ədəd kəsilmiş yara xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs şəxsi mənafeyinə əhəmiyyətli zərər vurmaqla, eləcə də cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə qəsdən silah qismində istifadə olunan əşyadan istifadə edib xuliqanlıq cinayətini törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs üzdən tanımış, heç bir düşmənçilik və ədavəti olmamışdır. O, bir neçə müddətdir ki, həmkəndliləri Müşfiq və Bəhlulla birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində fərdi evlərin üzünə daş döşəyir. 05 iyun 2020-ci il tarixdə, saat 19 radələrində günlük işini bitirdikdən sonra birlikdə işlədiyi Mehmanın avtomobili ilə yaşadığı kəndin girəcəyində, Yevlax yolunun kənarında yerləşən, Ehtibar adlı şəxsin işlətdiyi «Naxçıvan istirahət mərkəzi» adlanan kafeyə gəlmiş, kafedə salat və noxud sifariş verərək Bəhlul və Müşfiqlə adama 50 qram araq içmiş, Mehman isə kola içmişdir. Daha sonra pivə sifariş verərək içməyə başlamışlar. Qonşu masada Qara ləqəbli Vəfadar, Rafiq və Nəzir pivə içmişlər. Onlar öz masalarında oturub söhbət edərkən söhbət əsnasında nalayiq ifadələr işlətmişlər, həmçinin həmin vaxt X10 kəndindən olmasını deyirdi, onlar söhbət etdiyi zaman Nəzir yerindən duraraq onların masasına yaxınlaşıb Bəhlula nəyə görə Bəhmətli kəndi haqqında söyüş söydüyünü deməyə başlamışdır. Həmin vaxt o Nəzirin ağır dərəcəli sərxoş vəziyyətdə olmasını görərək Bəhlula sərxoş vəziyyətdədir baş qoşma demiş, bu vaxt Nəzir adlı şəxs Bəhlula ifadə edə bilmədiyi nalayıq ana-bacı söyüşləri söyərək Bəhlulun qarın nahiyəsindən təpiklə vurmuş, o Nəzir adlı şəxsin bu hərəkətlərindən bərk əsəbləşərək əlində olan pivə bakalı ilə Nəzirin sifətindən vurmuş, zərbənin təsirindən pivə bakalı Nəzirin sifətinə dəyərək sınmış və sifətinin bəzi yerlərini çapmışdır. Həmin vaxt orada olan şəxslər onları ayırmış və hərəsi bir tərəfə çəkildikdə kafeni işlədən Ehtibar onların qaçmaq istədiyini zənn edərək Zaqatala- Yevlax yolunun kənarında xidmət aparan polisləri səsləyib çağırmış, polislər kafeyə gələrək məsələyə aydınlıq gətirib, onları Zaqatala RPŞ-nə gətirmişlər. Hazırda etdiyi hərəkətdən peşmandır, himayəsində iki azyaşlı uşağı var. Zərərçəkmiş şəxslə barışaraq ondan üzr istəmiş və zərərçəkmiş şəxs onu bağışlamışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Vüqar və ailə üzvləri ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Şahid1 Məhəmməd oğlunu da əvvəllər tanımamış, Şahid1 ilə də əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Lahıc kəndinin kənarında yerləşən həmkəndlisi Ehtibar adlı şəxsin işlətdiyi «Naxçıvan istirahət mərkəzində» ofisiant işləmişdir. 05 iyun 2020-ci il tarixdə yaşadığı həyətdə Zaqatala rayonu Lahıc kənd sakinləri Rafiq və Qara adlı ustalar evin üzərinə suvaq vurmuş, saat 18 radələrində işlərini yekunlaşdıraraq təhvil verdikdən sonra onlarla evdə yemək yeyərək bir şüşə 700 qramlıq spirtli içki olan araq içmişdir. Həmin gün saat təxminən 19 radələrində ustalarla birlikdə Lahıc kəndinin girişində yerləşən X2 icarəyə işlətdiyi kafedə pivə içmək barədə razılaşmışlar. Kafeyə gedərək təxminən adama iki bakal pivə içdikdən sonra qonşu masada əyləşən, 4 nəfər tanımadığı, lakin adlarını sonradan öyrəndiyi Müşfiq, Mehman, Vüqar və Bəhlul adlı şəxslərin kəndləri haqqında danışaraq kəndin ünvanına təhqiredici sözlər demələrini eşitmişdir. Bundan sonra, Rafiqlə Qaranın yanından durub onların masasına yaxınlaşmış, o həmin masaya yaxınlaşaraq özünü təqdim edərək Bəhmətli kəndindən olduğunu, nə sözləri varsa onun üzünə demələrini bildirmiş, bu zaman Bəhlul adlı şəxs ona ifadə edə bilməyəcəyi nalayıq söyüşlər söyərək rədd olub getməsi demişdir. O, Bəhlulun sözlərindən əsəbləşərək ünvanına nalayıq söyüşlər söymüş və təpiklə Bəhlulun qarın nahiyəsindən vurmuş, həmin vaxt Bəhlulun yanında əyləşən Vüqar adlı şəxs pivə bakalı ilə sifətinə bir zərbə vurmuş, Vüqarın onu vurduğu pivə bakalı sifətində sınaraq sifətini və baş nahiyəsini kəsmiş və sifəti qanamağa başlamışdır. Bu vaxt onun yanında olan şəxslər, eləcə də kafenin icarədarı Ehtibar ona yaxınlaşaraq ondan uzaqlaşdırmışdır. Bundan sonra Ehtibar onu yoldan keçən avtomobillə xəstəxanaya aparmış, Qımır kəndinə yaxınlaşdıqda təcili tibbi yardım briqadasının gəlməsini görərək təcili tibbi yardım avtomobili ilə Zaqatala MRX-na gətirilmiş, ona tibbi yardım göstərilərək sifətinin bəzi yerlərinə tikişlər qoymuşlar. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bəhlul adlı şəxs onun ünvanına ana söyüşü söydüyü üçün əsəblərini toplaya bilməyib Bəhlula söyüş söymüş və təpiklə də qarın nahiyəsinə bir zərbə vurmuşdur. Həmin hadisə vaxtı onu ancaq Təqsirləndirilən şəxs pivə bakalı ilə vurmuş, onu başqa heç kim vurmamış, hadisə təxminən 5 dəqiqə davam etmişdir. O, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiklərini, ondan hər hansı şikayət və tələbinin olmamasını, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifаdəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxındır tanıyır, Nəzirlə heç bir düşmənçiliyi və ədavəti olmamış, əksinə yaxın münasibəti olmuş, həmkəndliləri Vüqar, Mehman və Müşfiqlə birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində fərdi evlərin üzünə daş döşəyib ailəsini dolandırır. 05 iyun 2020-ci il tarixdə, saat 19 radələrində günlük işini bitirdikdən sonra Mehmanın avtomobili ilə yaşadığı kəndin girəcəyində, Balakən-Yevlax yolunun kənarında yerləşən, Ehtibar adlı şəxsin işlətdiyi «Naxçıvan istirahət mərkəzi» adlanan kafeyə gəlmiş, kafedə salat, noxud və bir şüşə araq sifariş vermişlər. O, Müşfiq və Vüqarla araq içməyə başlamış, kafedə həmkəndliləri Əzizi görərək masalarına dəvət etmişlər. Əziz onlarla 50 qram araq içib getmiş, onlarla birlikdə olan Mehman isə spirtli içki içməyərək kola içmişdir. Daha sonra saat təxminən 20 radələrində pivə sifariş verərək pivə içməyə başlamışlar. Onlar pivəni içərək bir-biri ilə söhbət edib zarafatlaşdığı zaman onlarla qonşu masada əyləşmiş həmkəndliləri Vəfadar və Rafiqlə birlikdə əvvəllər Ehtibarın kafesində ofisiant işləmiş, Nəzir də əyləşmiş və onlar da pivə içmişdir. Həmin vaxt o nalayiq ifadələr işlətmiş, həmçinin Nəziri əvvəllər tanıdığı üçün zarafatla ona nalayiq söz deyərək pivə gətirməsini demiş, həmin vaxt Nəzir onların masasına yaxınlaşaraq nə üçün kəndlərinin ünvanına nalayiq söyüş söyməsini demişdir. O da Nəzirə kəndlərinin ünvanına heç bir söyüş söymədiyini demişdir. Bundan başqa, Vüqar ona Nəzirin ağır dərəcəli sərxoş vəziyyətdə olmasını deyərək baş qoşmamağı bildirmişdir. Buna baxmayaraq Nəzir ona nalayiq ifadələrlə ana və bacı söyüşləri söyərək qarın nahiyəsindən təpiklə vurmuş, həmin vaxt onların səs-küyünə kafeni işlədən Ehtibar araya girərək onları aralamağa çalışmışdır. Həmin vaxt onunla bir stolda oturmuş Vüqar pivə bakalı ilə Nəzirin başından bir zərbə vurmuş və Nəzirin başından qan axmağa başlamışdır. Həmin vaxt o Vüqarı sakitləşdirməyə başlamış, Ehtibar isə Nəziri kənara çəkərək aparmış və Zaqatala-Yevlax yolunun kənarında xidmət aparan polisləri səsləyərək çağırmış, polislər kafeyə gələrək onları Zaqatala Rayon Polis Şöbəsinə gətirmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifаdəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs əvvəllər Ehtibarın kafesində ofisant kimi işləyərək bir neçə dəfə ona qulluq etmiş şəxs kimi tanımışdır. Nəzirlə yaxşı münasibəti olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Bir neçə müddətdir ki, həmkəndliləri Vüqar, Mehman və Bəhlulla birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində fərdi evlərin üzünə daş vuraraq ailəsini dolandırırdı. 05 iyun 2020-ci il tarixdə saat 19 radələrində günlük işlərini bitirdikdən sonra birlikdə işlədiyi Mehmanın avtomobili ilə yaşadığı kəndin girəcəyində, Zaqatala-Yevlax yolunun kənarında yerləşən, Ehtibar adlı şəxsin işlətdiyi «Naxçıvan istirahət mərkəzi» adlanan kafeyə gəlmiş, kafedə salat, noxud və bir şüşə araq sifariş verərək Bəhlul və Vüqarla birlikdə araq içməyə başlamışdır. Kafedə həmkəndliləri Əzizi görərək masalarına dəvət etmiş, Əziz onlarla 50 qram içib çıxıb getmişdir. Onlarla birlikdə olan Mehman isə avtomobil idarə etdiyi üçün spirtli içki içməyərək kola içmişdir. Daha sonra pivə sifariş verərək pivə içməyə başlamışlar. Onlarla qonşu masada həmkəndliləri Təqsirləndirilən şəxs qardaşı Vəfadar və Rafiqlə birlikdə Ehtibarın kafesində ofisant işləyən Nəzir də əyləşərək pivə içmişdir. Söhbət edərək zarafat etdikləri vaxt Nəzir qəflətən yerindən duraraq onların olduğu masaya yaxınlaşıb Bəhlula nəyə görə söyüş söyməsini demişdir. Bu vaxt Vüqar Nəzirin ağır dərəcəli sərxoş vəziyyətdə olmasını görüb Bəhlula sərxoş vəziyyətdədir, ona baş qoşmayın demişdir. Həmin vaxt Ehtibar da onların yanına gələrək Nəziri sakitləşdirmək istəmiş, buna baxmayaraq Nəzir Bəhlula ifadə edə bilmədiyi nalayıq söyüş söyərək Bəhlulun qarın nahiyəsindən təpiklə vurmuş, həmin vaxt kafeni işlədən Ehtibar araya girib onları sakitləşdirdikdə Vüqar pivə bakalı ilə Nəzirin başından bir zərbə vurmuş və Nəzirin başından qan axmağa başlamışdır. Həmin vaxt sakitləşdirməyə başlamışlar və kafeni işlədən Ehtibar onların qaçmaq istədiyini zənn edərək Zaqatala-Yevlax yolunun kənarında xidmət aparan polisləri çağırmış, polislər kafeyə gələrək onları Zaqatala Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifаdəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının sonlarından Zaqatala rayonu Lahıc kəndinin ərazisində yerləşən, X7 məxsus «Naxçıvan istirahət mərkəzi» adlanan kafeni icarəyə götürərək işlətmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs, Lahıc kənd sakini Bəhlul və Vüqarı tanıyır, onların hər üçü ilə normal münasibəti olmuş, heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. 05 iyun 2020-ci il tarixdə, saat 20 radələrində kafenin mətbəxində olduğu zaman kafedə bərk söyüş və mübahisə səsləri eşidərək mətbəxdən çıxmış, mətbəxdən çıxdıqda həmkəndlisi Nəzirlə Lahıc kənd sakini Bəhlulun mübahisə edərək bir-birilərinə ifadə edə bilmədiyi nalayıq söyüşlər söyməsini eşitmişdir. Onlara yaxınlaşdıqda Nəzir Bəhlulun qarın nahiyəsinə təpiklə bir zərbə vurmuş, o araya girərək onları sakitləşdirmək istədikdə Vüqar qəflətən əlində olan pivə bakalı ilə Nəzirin sifət nahiyəsindən bir zərbə vurmuş və pivə bakalı Nəzirin sifətində sınaraq sifətini kəsmişdir. Həmin vaxt o Nəziri kənara çəkmək üçün araya girərək onları sakitləşdirmək istəmişdir. O, Nəziri kənara çəkdikdə Vüqar və Bəhlulun qaçıb getmək istədiklərini görüb dərhal qışqırıb Zaqatala-Yevlax yolunun kənarında xidmət aparan polisləri köməyə çağırmış, polis əməkdaşları kafeyə gələrək Vüqar, Bəhlul, Müşfiq və Mehman adlı şəxsləri rayon polis şöbəsinə aparmışlar. Daha sonra o təcili tibbi yardıma zəng edərək təcili tibbi yardım briqadası çağırmış, lakin onlar gec gəldikləri üçün yoldan keçən avtomobil ilə Nəziri Zaqatala şəhərinə xəstəxanaya gətirmiş, yolda o təcili tibbi yardım avtomobilinin gəlməsini görərək təcili yardımı saxlatdırmış və Nəziri təcili tibbi yardım briqadası ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına gətirmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifаdəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımış, Zərərçəkmiş şəxsla yaxşı münasibəti olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmkəndliləri Vüqar, Müşfiq və Bəhlulla birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində fərdi evin üzərinə daş vurur, ailəsini dolandırırdı. 05 iyun 2020-ci il tarixdə, saat 19 radələrində günlük işlərini bitirdikdən sonra idarə etdiyi avtomobil ilə yaşadığı kəndin girəcəyində, Zaqatala-Yevlax yolunun kənarında yerləşən, Ehtibar adlı şəxsin işlətdiyi «Naxçıvan istirahət mərkəzi» adlanan kafeyə gəlmişlər, kafeyə gəldikdən sonra Bəhlul, Vüqar və Müşfiq salat, noxud və bir şüşə araq sifariş vermiş, o isə araq içmədiyi üçün kola sifariş vermişdir. Həmin vaxt kafedə həmkəndlisi Əzizi görüb masalarına dəvət etmiş, Əziz onların masasında 50 qram araq içib çıxıb getmiş, daha sonra saat 20 radələrində pivə sifariş verib içməyə başlamışlar. Qonşu masada həmkəndliləri Təqsirləndirilən şəxs qardaşı Vəfadar və Rafiqlə birlikdə Ehtibarın kafesində ofisant işləyən Nəzir də əyləşərək pivə içmişlər. Söhbət etdikləri zaman Bəhlul nalayiq söyüşlər söyməyə başlamış, Bəhlul nalayiq söyüşlər söyən vaxt Nəzir adlı şəxs qəflətən yerindən duraraq onların masasına yaxınlaşıb Bəhlula nəyə görə söyüş söyməsini demişdir. O, həmin vaxt tualetə getmiş, o tualetdən gəldikdə Nəzirin sifətini qanlı görmüşdür. Həmin vaxt Nəzirin sifətinə Vüqarın pivə bakalı ilə vurmasını bilmişdir. Ancaq həmin hadisənin hansı formada baş verməsini bilməmiş, həmin vaxt o da yaxınlaşaraq sakitləşdirməyə başlamışdır. Kafeni işlədən Ehtibar Zaqatala-Yevlax yolunun kənarında xidmət aparan polisləri səsləyib çağırmış, polislər kafeyə gələrək onları Zaqatala Rayon Polis Şöbəsinə gətirmişlər. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə ona 2 il azadlıqdan məhrum etmişdir. Qeyd edir ki, himayəsində 2 az yaşlı uşaq var və heç bir yerdə işləmir. Heç bir şikayətçinin olmadıqı halda Zaqatala Rayon Məhkəməsi ona ədalətsiz cəza təyin etmişdir. Odur ki, ona verilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs sonradan Apaellyasiya Məhkəməsinə ərizə göndərərək əməlinin CM-nin 221.3-cü maddəsində 128-ci maddəsinə tövsif edilməsini və Zərərçəkmiş şəxs ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o özünü CMnin 221.3-cü maddəsi ilə təqsirli bilmir. Belə ki, onun barəsində ilk öncə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış daha sonar əsassız olaraq CM-nin 221.3-cü maddəsinə tövsüf edilmişdir. Cinayət işinin materiallarından da görünür ki, o, Zərərçəkmiş şəxs onun qanunazidd hərəkətləri nəticəsində vurmuşdur. Belə ki, hadisə zamanı Nəzirlə birlikdə olmuşlar. Bəhlula ifadə edə bilmədiyi nalaiq söyüşlər söyərək Bəhlulun qarın nahiəsində təpiklə vurmuşdur. Bunların nəticəsində o, əsəbləşərək əlində olan pivə bakalı ilə Nəzirin sifətinə vurmuşdur. Bütün bu hadisələri zərərçəkmiş şəxsin özü və iş üzrə şahidlər də təsdiq etmişdir. O, hesab edir ki, onun əməli düzgün olmayaraq CM-nin 221.3-cü maddəsinə tövsüf edilmişdir. Belə ki, o əməlində CM-nin 128-ci maddəsinin tərkibi mövcudur. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs qeyd etmişdir ki, özünü qismən təqsirli bilir. Nəzirin hərəkətini səhv başa düşmüşdür. İşdən gələndə oturub 1-2 bakal pivə içdik. Nəzirlə zarafatı olduğunu dəqiq bilmirdi . Onlar bir-biri ilə zarafat etdilər və söyüşə keçdilər. Nəzir Bəhlulu vurub söyəndə pisinə getdi. Bəhlulun rəhmətlik qardaşı ilə dost olmuşdur. Ana söyüşü söyəndə pisinə getdi, özündən aslı olmayaraq bir dənə vurdu, vurandan sonra peşman oldu. Odur ki, əməlinin CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsini və Zərərçəkmiş şəxs ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 da apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsini və Zərərçəkmiş şəxs ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı İbrаhimоv Rəhmаn Kərim oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs ərizə təqdim etmiş, və ərizəsində Təqsirləndirilən şəxs qarşı şikayəti olmaması və gələcəkdə bununla bağlı heç bir iddia tələbi olmayacaqını bildirmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 06.06.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu Lahıc kəndinin girişində Zaqatala-Yevlax yolunun sağında yerləşən kafenin ərazisi ağaclıq olmaqla oturacaq stolları ağacların altında və gün çətirlərinin altında yerləşir. Baxışda iştirak edən Ehtibar Sultanov ağ rəngli çətirin altını təqdim edərək bildirmişdir ki, 05.06.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxsla, Şahid1 arasında mübahisə orada baş vermiş və nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına şüşə bakalı ilə vurmuşdur. Həmin çətirin altında göy rəngli plastikdən masa, ətrafında oturacaq stullar vardır. Çətirin digər tərəfində yerdə bakal qırıntıları vardır. Həmin masa açıq sahədə yerləşdiyindən ətrafda dağıntı sınıq və xəsarət aşkar edilməmişdir. Baxış zamanı çətirin altında olan şüşə qırıqlarının və kafenin digər yerlərinin telefon vasitəsi ilə fotoları çəkilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 06 iyun 2020-ci il tarixli 251 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində alnında bir ədəd sıyrılmış yara-bərk küt əşyanın təsirindən, sağ gicgah nahiyyəsində bir ədəd, burnunun sağ tərəfində bir ədəd, burun qabarı üzərində iki ədəd, sağ yanağında bir ədəd kəsilmiş yaralar – iti kənara malik əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 05.06.2020-ci il tarixdə sınmış pivə bakalının qırıqlarının təsirindən əmələ gələ bilərdilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 179 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 05.06.2020-ci il tarixdə keçirilmiş müayinə zamanı 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs alkoqol qəbul etdiyi müəyyən edilmiş və yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20.08.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Atayev X8 Rayon Xalq Məhkəməsinin 27.01.1995-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsi ilə 42-1 maddələri ilə hökmün icrası 1 il təxirə salınmışdır. Zaqatala rayon məhkəməsinin 30.06.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 2ci hissəsi ilə və 227-ci maddəsinin 1-ci hissəsi ilə 02 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 12 may 1998-ci il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzadan azad edilib. Zaqatala rayon məhkəməsinin 21.01.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-7-ci maddəsinin 2-ci hissəsi ilə 03 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 17.03.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş 29.09.2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 2 övladı var, fərdi təsərrüfatla məşğul olur, son illərdə kənd ərazisində yaşayış tərzində narahatçılıq doğuran hallar qeydə alınmamışdır. Barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 23 fevral 2021ci il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, ondan şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 174534 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.03.2007-ci il tarixdə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 599195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29.05.2008-ci il tarixdə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsi və Zərərçəkmiş şəxs ilə barışdığı üçün işin icraatına xitam verilməsi dəlili ilə razılaşmır və sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdə, saat 20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zaqatala rayonu, Lahıc kəndində yerləşən və X2 icarə əsasında işlətdiyi ictimai yer hesab edilən kafedə Zərərçəkmiş şəxs onların oturduğu masaya yaxınlaşaraq tanışı Şahid1 ilə qarşılıqlı mübahisə etməsindən bəhanə kimi istifadə edərək, yəni həmin mübahisənin ona aidiyyəti olmadığı və Zərərçəkmiş şəxs tərəfindən ona qarşı hansısa qanunsuzluq edilmədiyi halda, hər hansı əsaslı səbəb olmadan həmin vaxt əlində olan, silah qismində istifadə edilən pivə bakalı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə endirib alında 01 ədəd sıyrılmış yara, sağ gicgah nahiyəsində 01 ədəd, burnun sağ tərəfində 01 ədəd, burun qabarı üzərində 02 ədəd, sağ yanağında 01 ədəd kəsilmiş yara xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs şəxsi mənafeyinə əhəmiyyətli zərər vurmaqla, eləcə də cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə qəsdən silah qismində istifadə olunan əşyadan istifadə edib xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli qərarında da müdafiə edilir. Həmin qərarın 3-cü bəndinə görə zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni, təqsirləndirilən şəxs Zaqatala rayonu, Zaqatala rayonu, Lahıc kəndində yerləşən və X2 icarə əsasında işlətdiyi ictimai yer hesab edilən ərazidə cəmiyyətdə insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etikdavranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan nalayiq sözlər deməklə, mübahisə edib, zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20.08.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Atayev X8 Rayon Xalq Məhkəməsinin 27.01.1995-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsi ilə 42-1 maddələri ilə hökmün icrası 1 il təxirə salınmışdır. Zaqatala rayon məhkəməsinin 30.06.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 2-ci hissəsi ilə və 227-ci maddəsinin 1-ci hissəsi ilə 02 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 12 may 1998-ci il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. Zaqatala rayon məhkəməsinin 21.01.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-7-ci maddəsinin 2-ci hissəsi ilə 03 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 17.03.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi də haqlı olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 09 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını hökm etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edərkən Cinayət Məcəlləsinin imperativ normalarını da nəzərə almış, ona təqsirli bilindiyi maddələr üzrə ən aşağı həddə yaxın həddə cəza təyin edərək ona təyin etmiş cəzaların qismən toplanmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin ona görə israrlıdır ki, cinayət işin materiallarında olan 20.08.2020-ci il tarixli DİN-in BƏSSİ-in tələbnamədən görünür ki, hazırkı cinayət əməlindəb əlavə 2 dəfə cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət əməllərini törədərək məhkum olunmuşdur. Göründüyü kimi şəxs bir neçə dəfə məhkum edilməsinə baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(033)-10/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar