Məhkəmə qərarları › İş №1(107)-219/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-219/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-219/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (sədrlik edən hakim R.Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmü ilə, xx xxxx 1981-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12-də qeydiyyatda olmaqla orada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.3, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 32.4, 312.1-ci maddələrinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 18 (on səkkiz) gün müddət ona təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs 03 (üç) il 05(beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilərək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs o, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, daxili xidmət kapitanı rütbəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədi ilə İsmayıllı rayon sakini X9 vasitəsilə tanış olduğu X6 ilə 2019-cu ilin iyun ayının əvvəllərində məlum olmayan gündə İsmayıllı rayonu ərazisində görüşərkən söhbət əsnasında sonuncunun oğlu Afiq Hüseynovu Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə düzəltməsi üçün köməkliyin edilməsi barədə müraciəti ilə əlaqədar Şafiq Hüseynova Dövlət Yanğından Mühafizə Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Afiq Hüseynovu yanğınsöndürən vəzifəsinə düzəltmək imkanına malik olduğunu yalandan bildirərək həmin vəzifəli şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar Afiq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verməklə Afiq Hüseynova məxsus şəxsiyyət vəsiqəsinin və digər sənədlərin surətlərini alıb Şafiq Hüseynovla sövdələşməklə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin iyun ayının ortalarında məlum olmayan gündə Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından mühafizə hissəsinin inzibati binasının ikinci mərtəbəsindəki xidməti otağında Şafiq Hüseynovdan 5000 (beş min)manat, eyni niyyətlə cinayət əməlini davam etdirib xx xxxx 2019-cu il tarixdə “Elay” şadlıq sarayı yaxınlığında 2900 (iki min doqquz yüz)manat, bir neçə gün sonra məlum olmayan gündə Qalınçaq kəndi ərazisində yerləşən yaşadığı evin həyətində 100 (yüz) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şafiq Hüseynovun xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Afiq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şafiq Hüseynovu təhrik etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, CM-in 2-ci maddəsinə əsasən həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının CM cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarm şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşin hallarından isə görünür ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilməmiş, məhkəmə CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, hökmdə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, həmin hallara formal yanaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsini hakimiyyət nümayəndəsi funkiyalarım həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müaəssisə, idarə və təkşilatlarmda təşkilatısərəncamverici və ya inzibati-təsrrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasma münbit zəmin yaratmasını, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlünə meyllənməsi, insanların hüquq və dövət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulmasını, Təqsirləndirilən şəxs belə cəzanın tətbiq edilməsinin həm onun, həm də başqa şəxslər tərəfindən bu kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməyəcəyini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə irəli sürülmüş ittihamlarda CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayət "iqtisadi sahədə olan cinayətlər bölməsinin mülkiyyət əleyhinə olan cinayətlər" kateqoriyası aid olmaqla əməlin ictimai təhlükəliliyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Belə ki, burada obyekt qismində mülkiyyət münasibətləri çıxış edir. Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm, iqtisadi və hüquqi kateqoriya olmasını və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyət toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması öz əksini tapmışdır. Eyni zamanda da cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibi zərərçəkmiş şəxs X2 şikayəti əsasında başlanılmış və təqsirləndirilən şəxs cinayətin üstünün açılmasına heç bir köməklik göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 4-cü hissəsinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallarda, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmçinin, CPM-in 139.0.5-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yalnız sübutlara əsasən müəyyən edilir və cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübut edilməli olan hallardır. Göründüyü kimi, məhkəmə tərəfindən cinayət əməli tam sübuta yetirilmiş təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə həmin maddələrin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Dövlətin mühüm struktur qrumlarmdan olan, öz fəaliyyəti ilə cəmiyyətdə vətəndaşlar arasında inam qazanmış Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşı olduğu halda Nazirliyin fəaliyyətinə kölgə salmaqla əsassız olaraq müəyyən insanların təsəvvüründə həmin Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinə rüşvət müqabilində işə düzələ bilmə kimi neqativ fikirlərin formalaşmasına səbəb olmaqla onların cəmiyyətdə olan nüfuzuna mühüm zərər vurmuşdur. Bu da özlüyündə Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsi üçün zəmin yaradır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti əməli nəticəsində Şafıq Hüseynova 8000 manat maddi ziyan vurulsa da o həmin nəticələri aradan qaldırıb islah olunduğunu sübuta yetirmək üçün həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı Şafiq Hüseynova vurulmuş 8000 manat məbləğində maddi ziyanı ona tam ödəmiş, Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzanı yüngülləşdirən hal kimi CM-in 59.1.13-cü maddəsinin təsiri altına düşməsə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin ictimai təhlükəliliyini aradan qaldırır və ictimai təhlükəlilik əhəmiyyətini itirir. Lakin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın bir hissəsini zərərçəkmiş şəxsin ondan pulunu israrla geri tələb etdiyi müddətdə ödəsə də, digər hissəsini isə onun barəsində cinayət təqibi aparıldığı müddətdə ödəmiş, bu da özü özlüyündə dəymiş ziyanın könüllü ödənilməsi kimi deyil, həmin şəxsin cəza təhdidi altında labüd məsuliyətini yüngülləşdirməyə cəhdi kimi qiymətləndirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs cinayəti hərəkətlərini planlaşdırmaqla, öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək hazırki cinayət əməlini törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs həmin cinayət əməlinin hərəkətlərini əvvəlcədən müəyyən edib qəsdən planlı və məqsədyönlü şəkildə törətmişdir. Buna görə də, məhkəmə onun dələduzluq yolu ilə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Afıq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şafıq Hüseynovu təhrik etməsi cinayətini törətməklə ələ keçirdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərclədikdən sonra bu barədə onun barəsində davamlı olaraq edilmiş şikayətlərin qarşısını alınmasından ötrü hissə-hissə geri qaytarması əməlin ictimai təhlükəliliyini aradan qaldırmamaqla ictimai təhlükəlilik əhəməyyətini itirmir. Sadalananlardan göründüyü kimi, məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Lakin, məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, təyin edilmiş cəza ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq edilməmişdir. Belə ki, qanunda cinayətlərin məcmusuna görə həm əsas, həm də əlavə cəzaların təyin edilməsi qaydası müəyyən edilmişdir. Əsas cəzaların təyin edilməsi qaydası CM-in 66.2 və 66.3-cü maddələri, əlavə cəzanın təyin edilməsi qaydası isə CM-in 66.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, cinayət qanununun tələbinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, bu halda qəti cəza CM-in 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada, yox əgər cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, qəti cəza CM-nin 66.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təyin edilir. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya Xüsusi hissənin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Göründüyü kimi, qanunun tələbinə əsasən əlavə cəza və ya əlavə cəza növləri cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız birləşdirilə bilər və cinayət qanununda bu qaydadan istisna qayda nəzərdə tutulmamışdır. Odur ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının verilməsi və əlavə cəza növünün birləşdirilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apelyasiya protestinin təmin edilməklə, hökmün dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X3 apelyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya protestinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, o, təqsirini səmimi etiraf edir, əməlindən peşmandır. Dəymiş 8000 manat zərəri tam olaraq ödəmişdir. Hazırda bilir ki, əlavə olaraq dövlət büdcəsinə 2000 manat ödəsə cinayət məsuliyyətindən azad edilr. Lakin, həmin pulu ödəməyə onun faktiki olaraq imkanı yoxdur. Odur ki, apelyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. CPM-in 399.1 və 399.1.4-cü maddələrinə görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 178.2.3, 178.2.4 maddələri ilə düzgün tövsif etsədə, onun əməlinin əlavə olaraq CM-in 32.4, 312.1-ci maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Çünki, CM-in 178.2.3-cü maddəsinin dizpazisiyasına görə CM-in 178.1-ci maddəsində nəzərdə tutulan əməl şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə məlum maddənin tərkibini yaradır. Həmçinin, CM-in 312.1-ci maddəsinə görə rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi yuxarıda istinad edilən maddənin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəlik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli faktiki olaraq CM-in 178-ci maddəsi ilə tam əhatə olunduğundan əməl dələduzluq kimi CM-in 178-ci maddəsi ilə tövsif olunmalıdır. Bu zaman əməlin həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4, 312-ci mddələri) kimi tövsif edilməsinə ehtiyac yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 32.4, 312.1-ci maddəsi sonuncuya verilən ümumi ittihamdan xaric edilməli və təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 maddələri təqsirli bilinib, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya protestin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.2.3, 178.2.4 maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılmasıcəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarnı, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Hazırda öyrənilən işdən görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin, öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam olaraq ödəmiş, eləcədə zərərçəkmişin təqsirkara qarşı hər hansı bir şikayəti yoxdur. Cəzanı yüngülləşdirən hallardan bəhs edən CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən halların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cinayət nəticəsində vurduğu zərəri ödəməsi, zərərçəkmiş şəxslə barışması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, cinayət nəticəsində vurduğu zərəri ödəməsi, zərərçəkmiş şəxslə barışması törətdiyi əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Məhkəmə kollegiyası gəldiyi qənaətdə həm də ona görə israrlıdır ki, faktiki olaraq təqsirkar cinayət nəticəsində vurduğu zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etsəydi, sonuncu barəsində cəzanın ağırlaşdırılmasından deyil, cinayət qanunvericiliyinin tələbinə görə onun cinayət məsuliyyətindən azad edilməsi məsələsi müzakirə mövzusu olacaqdı. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 maddələri ilə təyin edilmiş əsas cəza ilə yanaşı 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi məqsədə müvafiq sayır. Çünki, tədqiq edilən cinayət işinin materiallarından aydın olur ki, təqsirləndirilən şəxs Dövlətin mühüm struktur qrumlarmdan olan Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşı olduğu halda Nazirliyin fəaliyyətinə kölgə salmaqla əsassız olaraq müəyyən insanların təsəvvüründə həmin Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinə rüşvət müqabilində işə düzələ bilmə kimi neqativ fikirlərin formalaşmasına səbəb olmaqla onların cəmiyyətdə olan nüfuzuna zərər vurmuşdur. Məhkəmə kollegiyası həmçinin apelyasiya protestinin əsas dəlillərindən biri olan “məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq edilməmişdir” kimi dəlili ilə bağlı Təqsirləndirilən şəxs CM-in 32.4, 312-cü maddəsi ilə verilmiş itiham CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-in 32.4, 312-cü maddəsi ona verilmiş ümumi ittihamdan xaric edilməsi qənaətinə gəlməsi səbəbindən əlavə araşdırma aparmasına zəruriət görmür. Belə olan halda, məhkəmə kollegiyası İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmü ilə bağlı apelyasiya protestinin dəlillərini əsaslı hesab etmir, bununla yanaşı həmin hökmün dəyişdirilməsini mümükün hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmü dəyişdirilməli, CM-in 32.4, 312.1ci maddəsi ümumi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 32.4, 312-cü maddəsi ilə verilmiş itiham CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-in 32.4, 312-cü maddəsi ona verilmiş ümumi ittihamdan, CM-in 66.2-ci maddəsi ilə bağlı qeyd edilmiş müddəalar isə hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 18 (on səkkiz) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 (bir) il 11(on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın müddəti qərarın qanuni qüvvəyə mindiyi andan hesablansın. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(037)-29/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar