Məhkəmə qərarları › İş №1(107)-22/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-22/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-22/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun müdafiəçisi X5 iştirakı ilə X6 barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 148-ci maddəsi üzrə X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmləsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə X2 CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. İŞİN HALLARİ X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nazim Süleymanov şikayətini onunla əsaslandırmışdır ki, X6 öz qanunsuz hərəkətləri ilə kütlənin qarşısında çıxış etmiş və onu təhqir etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 apellyasiya şikayəti vermişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Nazim Süleymanov apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ucra Rayon Məhkəməsi qərar çıxararkən Orxan Hüseynovun xx xxxxxx 2020-ci ildə, saat 09:30 radələrində Ucar Rayon Kommunal Təsərrüfatı İdarəsinin həyətində və dəhlizində ictimaiyyətin və kütlənin gözü qarşısında məni və həyat yoldaşımın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etməsini qanunsuz olaraq nəzərə almamış və şikayətin qanunsuz olaraq icraata qəbul edilməsindən imtina etmişdir. Həmin qərarı əsassız sayıram. Hesab edirəm ki, məhkəmə qərarda gösətirlən xüsuiyyətləri və dəlilləri baxış iclasında da araşdıra bilərdi və yekun qərar çıxara bilərdi. Orxan Hüseynovun məni və həyat yoldaşımı təhqir etməsi məhkəməyə təqdim etdiyim audio diskdə olan səs yazıları və görüntülər, Ucar Rayon Polis şöbəsində verilən qərarın surəti və şahid ifadələri ilə təsdiqlənir. Odur ki, qərarın ləğv edilməsini və pozulmuş hüquqlarımın bərpa edilməsini xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Nazim Süleymanov apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi X8 apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və onun müdafiəçisi Müdafiəçi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət- Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə görə isə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilməlidir. İş materiallarından isə şikayətin məzmununun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olmadığı müəyyən edilmiş, məlumatlar natamam göstərilmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət verən şəxs Nazim Süleymanov şikayətində bildirmişdir ki, Orxan Hüseynovun məni və həyat yoldaşımı təhqir etməsi məhkəməyə təqdim etdiyim audio diskdə olan səs yazıları və görüntülər, Ucar Rayon Polis Şöbəsində verilən qərarın surəti və şahid ifadələri ilə təsdiqlənir. CPM-in 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-in 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 5-ci bəndində isə qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, X7 Hüseynov barədə verdiyi xüsusi ittiham qaydasında şikayətin məzmunu qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edərkən haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Nazim Süleymanov tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397 və 398-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Apellyаsiyа şikаyəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar