Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-222/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov) 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmü ilə, xx xxxxx 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri, Günəş küçəsi, ev 31də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Günəşli bağ massivi, 3 küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 234.4.3-cü maddəi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanması, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 12 avqust 2020-ci ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 95 (doxsan beş) manat 91 (doxsan bir) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan iki ədəd sintetik kisədə və bir ədəd plastik qutuda ekspertizadan sonra təmiz qalıq çəkisi 4 kq 122,19 qram olan narkotik vasitə – qurudulmuş marixuana, beş ədəd sintetik kisənin içərisində narkotik tərkibli çətənə (kannabis) bitki ekspertizadan sonra təmiz qalıq çəkisi 25 kq 904,60 qram yaş vəziyyətdə əkilib becərilməsi qadağan olunmuş 8 ədəd çətənə bitkisinin məhv edilməsi, Təqsirləndirilən şəxs məxsus Samsung Galaxy S4 mini markalı mobil telefon əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 3-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində mişar daşından inşası başa çatdırılmamış yarımçıq evin içərisində əkib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 8 ədəd 52-345 sm-dək hündürlüyündə narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş və həmin narkotik tərkibli çətənə bitkilərini yetişdirdikdən sonra, satış məqsədi ilə qeyd olunan çətənə kollarının bir hissəsini doğrayaraq kultivasiya etdiyi çətənə bitkilərinin ətrafına töküb qurudaraq kustar üsulla qanunsuz olaraq hazırlayaraq, əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 4 kq 122,34 qram olan narkotik vasitə qurudulmuş marixuananın 4 kq 115 qram hissəsini çətənə bitkilərinin ətrafında, təmiz çəkisi 7,34 qram olan hissəsini isə bir ədəd plastik qutunun içərisinə qablaşdırmaqla yaşadığı evin yataq otağındakı çarpayının altında gizlətməklə qanunsuz olaraq saxlamışdır. 12 avqust 2020-ci ildə saat 18 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd 52-345 sm-dək hündürlüyündə narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi təmiz çəkisi 4 kq 122,34 qram yəni külli miqdarda qurudulmuş marixuana yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində mişar daşından inşası başa çatdırılmamış yarımçıq tikilinin içərisindən və yaşadığı evin yataq otağındakı çarpayının alıtndan aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)- 71/2021 nömrəli hökmü qanunsuz və əsassızdır. Belə ki, sözügedən narkotik vasitə təqsirləndirilən şəxsin yanında budaqları ilə birgə qablaşdırılmışdır. Bu baxış protokolundan da görsənir. Həmçinin cinayət işinin materialları ilə tanış olarkən və məhkəmədə həmin kütlələrin ağac budaqları olması görünmüşdür. Bundan başqa ekspertiza rəyində həmin narkotik vasitələrin elektron tərəzi ilə çəkildiyi və bu barədə akt tərtib edildiyi göstərilsə də, iş materiallarında həmin akt mövcud deyildir. Qurudulmuş marixuananın çəkisinin hansı üsulla müəyyən edilməsi rəydə göstərilmədiyindən həmin rəyin mötəbərliyi şübhə altına düşür. Bundan əlavə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı məqsədilə saxlanılmasına dair sübutlar mövcud deyildir. Qeyd edilənlərin nəzərə alınaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı apararaq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qimən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmü cəya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ( ibtidai araşdırma zamanı özünü təqsirli bilmişdir.) ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri,H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısından keçən zaman kağıza bükülmüş toxum tapmış və gətirib evində saxlamışdır. Narkotik vasitə olan marixuananın istifadəçisi olduğu üçün və toxumları tandığından həmin toxumların marixuana toxumu olduğunu bilmiş, buna görədə tapdığı marixuana toxumlarını özü istifadə etmək üçün yaşadığı evə gətirib saxlamışdır. Lakin narkotik vasitə hesab edilən çətənə kollarının toxumlarını 2020-ci ilin may ayının əvvəllərində yaşadığı həyət evində yeni tikdirdiyi yarımçıq evin içərisində əkmişdir. Həmin toxumları əkdikdən sonra gündəlik suyunu verib onlara qulluq edirmişdir. Əkdiyi toxumlardan 9 ədəd çətənə kolu yetişmişdir. Lakin həmin kollardan biri yararsız olduğu üçün kökündən çıxardıb həmin kolu yolub ağacların dibinə qoymuşdur. 12.08.2020-ci ildə saat 18:30 radələrində polis əməkdaşları mütəxəssis aqronomun iştirakı ilə onun yaşadığı Mingəçevir şəhər, Əfqan bağ massivindəki həyət evinə gəlmişlər və evinə baxış keçirmişlər. Baxış zamanı əkib becərdiyi narkotik tərkibli kollar aşkar olunmuşdur. Həmin həyətyanı torpaq sahəsindən 8 ədəd yaşıl rəngli kəskin iyli narkotik tərkibli bitkiyə oxşar bitkilər və yerə tökülmüş halda qurudulmuş marixuana aşkar olunmuşdur. Yaşadığı mənzilə baxış keçirilən zaman evin mətbəxi sayılan onun yatdığı çarpayının altından bir ədəd qutuda içərisində qurudulmuş marixuana aşkar olunmuş, həmin narkotik vasitə mariuxuana qablaşdırılmış, möhürlənmiş və tərəzidə çəkilmişdir. Birinci instansiya məhkəməsində şahid X8 göstərmişdir ki, 12.08.2020-ci ildə saat 18 radələrində məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 3-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə qarşısında olan yarımtikilinin içərisində narkotik tərkibli çətənə koluna bənzər kollar aşkar olunmuşdur. Fərdi yaşayış evinin həyətində içərisində narkotik tərkibli çətənə koluna bənzər kollar olan yarımtikilinin qarşısına baxış keçirilmişdir. Yaşayış evinin qarşısında olan yarımtikilinin içərisindəki kollara baxış keçirilmiş və həmin yarım tikilinin içərisindən 8 ədəd qulluq olunmuş narkotik tərkibli çətənə koluna bənzər kollar, eləcədə kolların dibində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Evin mətbəxində Təqsirləndirilən şəxs yatdığı çarpayının altında olan plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsində Şahid4 Fidail oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospekti Mərkəzi Bazarın yaxınlığında bərbər işləyir.Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yanına saçını kəsdirmək üçün gəlirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onunla Mingəçevir şəhəri, Günəşli bağ massivində qonşuluqda yaşayırmışdır. Hazırda istifadəsində ***-***-**-** mobil nömrə vardır. Həmin nömrəsində “Whatsapp” mobil proqramıda aktivdir. Ona təqdim olunan, Təqsirləndirilən şəxs narkotik vasitə istəməsini əks etdirən səs yazıları və smslər ona məxsusdur. Təxminən 5-6 ildir ki, narkotik vasitə marixuanadan istifadə edirmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yanına saçını kəsdirmək üçün gəlmişdir. Rayiv onun narkotik vasitə marixanandan istifadə etdiyini bildiyi üçün ona lazım olan vaxt narkotik vasitə marixuana verə biləcəyini bildirmiş və arabir ona narkotik vasitə olan marixuana vermişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə marixuananı həmişə pay vermişdir. O, isə bunun müqabilində Rayivin saçını həmişə pulsuz kəsmişdir. Rayivdən narkotik vasitəni pulsuz almışdır. Bunun müqabilində Rayivin saçını kəsmiş və arabir Rayivə bir paket siqaret alıb vermişdir. Rayivin narkotik vasitə olan marixuananı kimlərdən əldə etdiyini bilmirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: X1 tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 08 (səkkiz) ədəd çətənə (kannabis) bittkiləri ilə 02 (iki) ədəd sintetik kisədə və 01 (bir) ədəd plastik qutuda qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 19.09.2020-ci il tarixli, 901 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-komputer texniki ekspertizasının 28.10.2020-ci il tarixli,5/783 nömrəli rəyindən görünürki,təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 4.4.2” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy S4 mini” markalı “GT-İ9192” modeli “**********70987,**********70985” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy S4 mini”markalı “GT-İ9192” modelli mobil smartfonun yaddaşında mövcüd olan və yaddaşından pozulmuş (kontaktlar, multimedia (foto,video,audio) fayllar ”Whatsapp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). 12.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Samsung S4 mini markalı mobil telefona tərəfimdən baxış keçirilən zaman mobil telefonda Whatsapp proqramında adı “X12” kimi qeyd olunan ***-***-**-** mobil nömrəli kontakla səs danışıqlarına baxış zamanı həmin şəxsin Təqsirləndirilən şəxs mütamadi olaraq hər hansı bir şey istəməsini əks etdirən səs yazıları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59-cü və 61-ci maddələinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.1-ci maddələrinə tövsif edərkən haqlı olmuşdur. Belə ki, apellyator Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı məqsədilə saxlanılmasına dair sübutlar mövcud olmadığını bildirsə də, məhkəmə-bioloji ekspertizasının 13.08.2020-ci il tarixli,17/498 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış vərəqədə “Vət.Təqsirləndirilən şəxs evnin həyətindən aşkar olunmuş...qurudulmuş halda...” sözləri yazılmış 02 (iki) ədəd sintetik kisələrin içərisindəki, ayrı-ayrılıqda təmiz çəkiləri – 2kq 130 qram və 1 kq 985 qram, ümumi təmiz çəkisi – 4 kq 115 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış vərəqədə “Vət.Təqsirləndirilən şəxs yaşadığı...evindən aşkar olunmuş narkotik tərkibli bitkilər...”sözləri yazılmış 05 (beş) ədəd sintetik kisənin içərisindəki, ümumilikdə 08(səkkiz) ədəd hündürlükləri 52 sm-dən 345 smdək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-25 kq 905 qram bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Bundan başqa məhkməmə kollegiyasının iclasına dəvət edilmiş ekspert Hafiz Vəkilov maddi sübutu tədqiq edərək bildirdi ki, həmin narkotik vasitələrin çiçəkləri və yarpaqları ilə yanaşı zoğları da qurudulmuş marixuana hesab olunur. Beləliklə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə qurudulmuş marixuana 4 kq 115 qram və 7,34 qram olmuşdur. Bitkilər isə 8 ədəd olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitə çətənə bitkilərini özü istifadə etməsi üçün əkməsinə və toplayaraq saxlamasına dair ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadələr kimi qəbul etmir. İşin bütün halları ilə Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə saxladığı sübut olunur. Ona görə də məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin həm də CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün və ya təqsirləndirilən şəxsə həmin maddə üzrə bəraət verilməsi üçün əsaslar, yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3-cü və 237.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarı, 500 qramdan çox isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü cəzaya aid hissədə də nəzərdən keçirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qardaşı X7 məhkəmə kollegiyasının iclasında ərizə təqdim edərək “Aprel” döyüşlərində və “Vətən” müharibəsində iştirak etdiyini, atalarının da “Əfqanistan” müharibəsi veteranı olduğunu və cavan yaşda vəfat etdiyini, özünün də müharibədə kontuziya aldığını, lakin xəstə analarını tək qoyub müalicəyə gedə bilmədiyini, bu məsələ ilə əlaqədar məyus olduqlarını və bu halların nəzərə alınaraq qardaşı Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxsin yaxın qohumu, yəni qardaşı X2 cəlb edilmiş və 29 sentyabr 2020-ci il tarixdən - 09 dekabr 2020-ci il tarixədək Vətən müharibəsində, yəni “ikinci Qarabağ” müharibəsində iştirak etmiş, ölkəmizin ərazi bütövlüyü uğrundaki mübarizədə şücaət göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qardaşı X7 Azərbaycan xalqı və dövləti qarşısında xüsusi xidmətləri olan şəxsdir ki, bu halın da təqsirləndirilənin xeyrinə diqqətəlayiq hal qismində nəzərə alınması məqsədəuyğundur. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunan maddi hüquq normasının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi həqiqət çıxış edir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbаycаn Respublikаsının CM-in: 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü mаddəsinə əsаsən, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsində göstərilir ki, məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmü cəya aid hissədə dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə, CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6(altı) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası isə 1 (bir) il müddətə endirilərək, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə, CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6(altı) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası isə 1 (bir) il müddətə endirilərək, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(091)-71/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-222/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-222/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver