Məhkəmə qərarları › İş №1(107)-223/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-223/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-223/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs Fəzili oğlu və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs Fəzili oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 85/43-də qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci ildə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Fəzili oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki günün CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı xx.xx.2020-ci tarixdən hesablanması, ona cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 984,85 qram narkotik vasitə olan marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, ondan 34,55 manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinə keçirilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ona görə ittiham olunmuşdur ki, o 2020-ci ilin mart ayının ortalarında Ağdaş rayonunun Dəhnə kəndində, kanalın yanından tapıb satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan kisədə təmiz çəkisi 985 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlayıb daşımış, xx.xx.2020-ci il tarixdə, saat 18:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞyə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti həmçinin verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası yüngüldür, ona görə də həmin hökm Təqsirləndirilən şəxs cinayət qanununun müddəalarına uyğun yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Telman Əhmədov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Emil Əliyev bildirmişdir ki, apellyasiya protestinə etiraz edirəm. Belə ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Ağdaş Rayon Məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyim şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona qanuni və ədalətli cəza təyin etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mtənasib olmamaışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Bundan başqa Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdara görə isə aşağı həddi 500 qram təşkil etdiyi halda Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından təxminən 200 dəfə, narkotik vasitənin külli miqdarının aşağı həddindən isə təxminən 2 dəfə artıq miqdarda, yəni təmiz çəkisi 985 qram qurudulmuş marixuannanı satış məqsədi olmadan qanunsuz olaraq saxlamışdır. Bundan başqa, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddəti Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının təsiri altına düşdüyünə görə 6 ay azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtardığına görə cəzasının sonu ilə azad edilmişdir Göründüyü kimi, təqsirləndirilən şəxs bundan əvvəl də eyni xarakterli, yəni narkotik vasitəni özündə saxlama cinayəti törətmiş və bu əməlinə görə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəkdiyi cəzanın islah təsirinə məruz qalmamış, yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Bundan başqa, Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli hökmünə nəzər salanda müəyyən olunur ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmışdır və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, Təqsirləndirilən şəxs sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamış və yenidən cinayət törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə onun törətdiyi əməldən peşman olmasını bildirməsini də əsas götürməklə yenə də onun ittiham olunduğ maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin etməsi CM-in ədalət prinsipi baxımından ədalətli hesab edilə bilməz. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona on bir ay iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Beləliklə, məhkəmə kollegiyаsıapellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli və təqsirləndirilən şəxsə təyin olunmuş cəza ağırlaşdırılmalıdır. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Fəzili oğluna Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş on bir ay iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzası artırılaraq bir il altı ay müəyyən edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar