Məhkəmə qərarları › İş №1(107)-225/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-225/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-225/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 12 aprel 2021-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış, barəsində “xxxx” tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 19 avqust 2020-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olmuş 01 baş erkək dananın və Ford markalı **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması, həmçinin Zərərçəkmiş şəxs1 01 baş erkək dananın kəndiri ilə birlikdə oğurlanmasına görə 1630 manatın, Zərərçəkmiş şəxs2 məxsus 01 baş düyənin oğurlanmasına görə 1000 manat olmaqla, ümumilikdə 2630 maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınması, iş üzrə mülki iddianın, ekspertiza xərcinin və hər hansı əmlak üzərinə həbs qoyulmamasının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib oğurluq cinayəti törətmişdir. Belə ki, o, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 06.02.2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsinə, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli qərarı ilə cəzasının qalan 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 25 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən rayon, Daşkəsən qəsəbəsindən keçən GəncəDaşkəsən avtomobil yolunun 28-ci kilometrliyinə çatdıqdan sonra saat 16:30 radələrində yolun kənarında nəzarətsiz buraxılmış həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində 01 baş iribuynuzlu düyəni həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 06.02.2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsinə, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli qərarı ilə cəzasının qalan 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 18 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford markalı 20-DP723 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayon, Baş Küngüt kənd ərazisindən keçən İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun 139-cu kilometrliyinə çatdıqdan sonra saat 11:00 radələrində yolun kənarında olan həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1600 manat dəyərində 01 baş iribuynuzlu erkək dananı boynundakı 30 manat dəyərində, 15 metr uzunluğunda olan 01 ədəd kəndirlə birlikdə həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1630 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində humansitlik nümayiş etdirilərək ona təyin edilmiş 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 20 may 2021-ci il tarixdə əvvəlki apellyasiya şikayətinin məzmununa uyğun apellyasiya şikayəti verərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, 6 aylıq övladı var, həbsdə olan zaman atası vəfat edib, anası isə xəstədir. Xahiş edir ki, nəzərə alınsın. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs1 oğlu ona elan olunmuş Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə qardaşı Rafiq Xəlilovun həbsdən yeni çıxmış şəxsin ondan məcburi qaydada pul tələb etməsinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxs qardaşını döyərək ona ağır xəsarət yetirmişdir. Bu səbəbdən o da həmin şəxslə mübahisə edib onu iki bıçaq zərbəsi ilə öldürmüşdür. 18.10.2005-ci ildə Gəncə rayon prokurorluğu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə həbs edilmiş, araşdırma aparılıb 06.02.2006-cı il tarixdə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. 10 il cəza çəkdikdən sonra yəni, 26.11.2015-ci il tarixdə Bakı şəhəri. Nizami rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan 10 ay 22 gün vaxtından əvvəl həbsdən azad olunmuş və cəza müddəti bitdikdən sonra xarici pasport əldə etmişdir. 2017-ci ildə işləyib qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmiş, orada bazarda ticarətlə məşğul olub ailəsi üçün qazanc əldə etmişdir. Sonradan orada işi zəif olduğuna görə yaşadığı Gəncə şəhərinə qayıtmalı olmuşdur. 2019-cu ildə Gəncə şəhərinə qayıtdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olub dolanışıq əldə etmişdir. Bir il olar ki, ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra da Gəncə şəhəri ərazisində taksi sürücüsü kimi işinə davam etdirmişdir. Lakin hazırda dünyada və ölkəsində yaranmış Covid-19 xəstəliyi ilə əlaqədar elan olunmuş karantin rejiminə görə işləyib qazanc əldə etmək mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, hər ikisi ilə münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs2 ilə onu təxminən 1 ay bundan qabaq Təqsirləndirilən şəxs3 tanış etmişdir. Mövcud koronovirus pandemiyası ilə əlqədar olaraq heç bir yerdə işləmir. Hal-hazırda 600 manat məbləğində borcu var. Həmin vaxtlarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3da borcları olmuşdur. Təxminən üçü birlikdə Gəncə şəhəri Bağmanlar küçəsində görüşüb, Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford Taranzit markalı **-DP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilində oturaraq borcları və maddi sıxıntıları barədə söhbət etməyə başlamışdır. Söhbət zamanı borclarının bir qismini bağlamaq üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 onlara hansısa rayondan heyvan oğurlayıb sataraq pul əldə edib borcları bağlamağı təklif etmiş, o, isə Daşkəsən rayonun Xoşbulaq kəndində yolun kənarında nəzarətsiz buraxılmış heyvanların olmasını, həmin heyvanları asan oğurlaya biləcəyi və oğurlayacağı heyvanları özü satacağı barədə onlara söz vermişdir. Bu zaman Tural idarə etdiyi avtomobil ilə oğurluq edəcəyinə hazır olduğunu demişdir. Bu məqsədlə səhəri gün Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford Tranzit markalı yük avtomobil ilə birlikdə Təqsirləndirilən şəxs3 fəhlə kimi işlədiyi yerdən götürüb, heyvan oğurlamaq üçün 24.07.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışlar. Daşkəsən rayonu, Xoşbulaq kəndinə çatanda hava qaralmağa başlamış, Xoşbulaq kəndində yolun kənarında əhalinin sıxlığına, həmçinin Eminin həmin vaxt camaatın gözü önündə heyvan oğurlaya bilməyəcəni deməsi səbəbindən həmin gün oğurluq edə bilməyərək Xoşbulaq kəndində yemək yeyib Gəncə şəhərinə qayıtmışlar. Onlar Xoşbulaq kəndində yediyi yeməyin pulunu o, və yolda aldığı su və siqaretin pulunu isə Təqsirləndirilən şəxs2 ödəmişdir. Həmin günün səhəri yəni 25.07.2020-ci il tarixdə oğurluq etmək üçün təkrar olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford-Tranzit markalı yük avtomobili ilə birlikdə Emini fəhlə kimi işlədiyi yerdən götürüb, heyvan oğurlamaq üçün Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışlar. Həmin vaxt Emin oğurlayacağı heyvanların ayağını bağlamaq üçün işlədiyi yerdən ip götürmüşdür. Onlar Daşkəsən rayonu Daşkəsən qəsəbəsinə çatdıqda 25.07.2020-ci il tarixdə təxminən saat 16:30 radələrində yolun kənarında Daşkəsən rayonu istiqamətində təxminən 4 baş iribuynuzlu mal-qaranın getməsini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs2 iri bunuzlu mal-qaraların nəzarətsiz olduğunu bu heyvanlardan birini oğurlasalar heç kimin xəbəri olmayacağını demişdir. Bu məqsədlə o, və Emin avtomobildən düşən zaman Tural avtomobili Gəncə şəhəri istiqamətində döndərib heyvanların yanında saxlamışdır. Onlar birlikdə həmin 4 baş iri buynuzlu mal-qaranın arasından bir baş qırmızı rəngdə olan, qısa buynuzlu ümumi çəkisi 200 kiloqram olan inəyi avtomobilin arxa hissəsinə mindirib, gətirdikləri iplə ayağını bağlayaraq Gəncə şəhəri istiqamətinə qayıtmışlar. O, avtomobilin yük hissəsində oğurladığı heyvanla birlikdə oturmuş, Emin isə qabaqda T.Nağiyevin yanında oturub qısa bir zamanda oradan uzaqlaşmışlar. Təxminən 10 dəqiqə getdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili yolun kənarında saxlayıb hər üçü avtomobildən düşərək iplə oğurladığı inəyin ayağını daha sıx bağlamış və Emin üzərində olan paltarın çirkli olması səbəbinə görə avtomobilin yük hissəsində inəyin yanında əyləşərək Gəncə şəhərinə qayıtmışlar. Onlar Gəncə şəhəri Totanlı qəsəbəsində yerləşən Gəncə çayının kənarında avtomobilini saxlayıb, oğurladığı inəyin otlaması və su içməsi üçün çayın kənarına aparmışlar. O, Eminə heyvanın yanında gözləməyini, heyvanı satmaq üçün alıcı tapıb gətirəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onu aparıb evə düşürmüş və avtomobili yuduzdurmaq üçün moykaya getmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil nömrəyə zəng vuraraq onu moykadan götürməsini xahiş etmişdir. O, idarə etdiyi Vaz 21011 markalı sarı rəngli minik avtomobili ilə Təqsirləndirilən şəxs2 moykandan götürüb, yemək üçün kolbasa və çörək alıb Eminin yanına getmişlər. Tural yolda ona alıcı tapa bilməyini soruşduqda Təqsirləndirilən şəxs2 alıcını tapdığını və ondan xəbər gözlədiyini demişdir. Eminin yanına çatdıqda Emin alıcını nə üçün gətirmədiyini soruşanda, o, Eminə alıcının hal-hazırda işinin olmasını bir müddətdən sonra gedib gətirəcəyini demişdir. Orada çayın kənarında yemək yedikdən sonra onları orada qoyub avtomobili ilə alıcı tapmaq üçün Göygöl rayonu ərazisində yerləşən “Heyvan bazarına” getmişdir. Bazarda olarkən təxminən 50-55 yaşlı, ona mənə məlum olmayan kişi cinsindən olan şəxsin heyvanlarla maraqlandığını görmüşdür. Həmin şəxsə yaxınlaşaraq 1 baş dişi iri buynuzlu heyvanın olmasını və 600 manata satmaq istədiyimi demişdir. Bu zaman həmin şəxs idarə etdiyi Vaz 21011 markalı minik avtomobili ilə heyvana baxmaq üçün Gəncə şəhəri Totanlı qəsəbəsində yerləşən Gəncə çayının kənarına getmişdir. Həmin şəxsə day-day deyə müraciət etmişdir. Orada alıcını bir kənara çəkərək oğurladığı bir baş iri buynuzlu heyvanı 400 manat məbləğinə satmış və həmin pul vəsaitini orada gizlincə alıcıdan götürmüşdür. Emin və Təqsirləndirilən şəxs2 isə 400 manata alıcı ilə razılaşdığını və 2-3 gün ərzində gedib götürəcəyimi demişdir. Eminin və Turalın razılığını aldıqdıqdan sonra Emin heyvanı yolun kənarına çıxarmışdır. Həmin şəxs inəyin buynuzuna bağladığı ipdən tutaraq yolun kənarı ilə Göygöl rayonu, Üçtəpə kəndi istiqamətində getmişdir. O, isə Təqsirləndirilən şəxs2 avtomobilini götürmək üçün aparıb moykanın yanında düşürmüşdür. Təxminən 2 gün sonra Gəncə şəhəri, Bağbanlar qəsəbəsində görüşmüşlər. O, oğurlamış olduğu 1 baş iri buynuzlu heyvanı 400 manata satdığını və həmin pul vəsaitinin üzərində olduğunu demiş və həmin pul vəsaitini aralarında bölmüşdür. Bundan başqa bir müddət əvvəl Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs4 qaynanası ilə qonşuluqda yaşayır. Həmin şəxslə qaynanasıgilə qonaq gedərkən tanış olmuşdur. O, taksi işləsə də Təqsirləndirilən şəxs4 iş olduqca müxtəlif yerlərdə fəhlə işləyib özü üçün dolanışıq etmişdir. Təqsirləndirilən şəxs4 ilə tanış olduqdan sonra Gəncə şəhəri, Bağbanlar küçəsində "Cümə" məscidi yaxınlığında yerləşən çayxanada əyləşib çay içmişdir. Təqsirləndirilən şəxs4 ilə çay içərkən Təqsirləndirilən şəxs2 çayxanaya gəlib adını xatırlamadığı şəxsi soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 axtardığı şəxs çayxanada olmamışdır. Həmin vaxt ona əyləşib çay içməyi təkilf etmişdir. Təqsirləndirilən şəxs2 də əyləşib çay içmiş və həmin vaxtdan münasibəti yaranmış olmuşdur. Təqsirləndirilən şəxs2 arendiya götürüb işlətdiyi "Fort" markalı avtomaşınla müxtəlif şadlıq evlərinə su paylayıb qazanc əldə etmişdir. Lakin pandemiyaya görə Təqsirləndirilən şəxs2 də işsiz qalmışdır. 17.08.2020-ci il tarixdə axşam üstü olarkən yenə Cümə məscidi yaxınlığında yerləşən çayxanada Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və o birlikdə əyləşib çay içib söhbət etmişdir. Söhbət əsnasında hər biri pul borcu olduğu müəyyən olunmuşdur. Hər biri pul tapıb borcu ödəməyin yollarını axtarmışlar. Aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs4 təklif etmişdir ki, Balakən rayonunda yaşayan dayısı vardır. Bir neçə dəfə Balakən rayonuna gedibgəlmişdir. Balakən rayon sakinlərinin mal-qaranı səllimi örüş sahəsinə buraxdıqlarını, Təqsirləndirilən şəxs2 məxsus avtomaşınla oraya gedib səllimi olan mal-qaradan oğurlayıb satmaqla qazanc əldə edib borcları ödəyə biləcəyimi demişdir. İsmayılın təklifinin ağılabatan olduğundan onun təklifi ilə razılaşmışlar. 17.08.2020-ci il tarixdə təxminən saat 23:55 radələrində Təqsirləndirilən şəxs2 məxsus avtomaşınla Gəncə şəhərindən çıxaraq Balakən rayonu istiqamətinə hərəkət etmişlər. 18.08.2020-ci il tarixdə təxminən saat 05:00 radələrində Balakən rayonuna çatmışlar. Bir qədər Balakən rayonu ərazisində gəzib malqara axtarsalar da gecə saatları olduğundan örüş sahəsində və rayon ərazisində heç nə tapa bilməmişlər. Bu səbəbdən Gəncə şəhərinə qayıtmalı olmuşlar. Balakən rayonundan Qax rayonuna, Qax rayonundan da Şəki rayonu ərazisinə keçib Gəncə şəhəri istiqamətində hərəkət etmişər. Şəki rayonu, Aşağı Küngüt kənd ərazisindən keçərkən yolun sol tərəfində sahibsiz qoyun sürüsü olmasını görmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 avtomaşını saxlamış və yerə düşüb sürünün içərsindən bir baş erkək qoyunu tutub avtomaşına qoymuşlar. Ondan sonra tələsik şəkildə oradan uzaqlaşmış, təxminən 500 metr getdikdən sonra yolun sol kənarında 01 baş iri buynuzlu heyvanın (inək) otladığını görmüşlər. Təqsirləndirilən şəxs2 yenə avtomaşını saxlamış və hər biri yerə düşüb qara rəngli erkək dananı tutub avtomaşına qoymuşlar. Bütün bunlardan sonra təcili olaraq həmin yeri tərk etmişlər. Oğuz rayonu ərazisində polis əməkdaşları maska taxmadıqlarına görə saxlamışlar. Polis əməkdaşları saxlayıb söhbət edərkən oğurladıqları heyvanlar səs etmişdir. Həmin vaxt polis əməkdaşlarından biri avtomaşında nə olmasını soruşmuş avtomaşında dana və bir baş heyvan olmasını bildirmişlər. Polis əməkdaşları dana və heyvanı haradan alıb gətirdikləri soruşduqlarında Təqsirləndirilən şəxs4 heyvanları Balakən rayonunda yaşayan dayısından alıb gətirdiklərini bildirmişdir. Polislərlə aralarında olan söhbət əsnasında onlar şübhələnib Oğuz rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs4 heyvanları Balakən rayonu ərazisində oğurladıqlarını bildirmişdir. Belə deməklə guya Təqsirləndirilən şəxs4 qohumlarının onlara Balakəndə köməklik göstərə biləcəklərini düşünmüşlər. Buna görə də həmin heyvanları bir yerdə oğurladıqlarını etiraf etmişlər. Ondan sonra Balakən rayon polis şöbəsinin işçiləri gəlib onları Balakən rayon polis şöbəsinə aparmışlar. Balakən rayon polis şöbəsində polis əməkdaşları Təqsirləndirilən şəxs4 soruşmuş ki, dayısının mobil nömrəsini versin onunla əlaqə saxlayıb heyvanları ondan alıb almadığını dəqiqləşdirsinlər. Lakin İsmayıl dayısının mobil nömrəsini verə bilməmişdir. Belə olduqda Şəki rayonu ərazisindən oğurluq etdikləri müəyyən edilmişdir. Balakən rayon polis şöbəsində də aparılan araşdırma zamanı heyvanları Balakən rayonu ərazisindən deyil, Şəki rayonu ərazisindən oğurladıqlarını bildirmişlər. Beləliklə də göstərmişdir ki, həmin heyvanları 18.08.2020-ci il tarixdə saat 11:00 radələrində Şəki rayon, Baş Küngüt kəndində yolun kənarından oğurladıqlarını bildirmişdir. Həmin heyvanları Gəncə şəhərinə aparıb orda satacaqlarını göstərmişdir. Lakin qabaqcadan kimə satacaqları barədə razılaşmadıqlarını, heyvanları oğurlayandan sonra satıb pulunu necə böləcəkləri barədə söhbət olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 tanımadığını, onunla aralarında ədavət, düşmənçilik, həmçinin borc yaxud əmlak münasibətlər olmadığını qeyd etmişdir. Göstərmişdir ki, rəsmi nikaha girməsə də hazırda qeyri-rəsmi olaraq evlənmiş 1 azyaşlı uşağı vardır. Sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiklərini, onlarla barşdıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 02.12.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir. İstintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonundan olsa da 1993-cü il tarixdən Şəki rayon Baş Küngüt kəndinə yerləşmiş və hazırda da orada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lakin kənd təsərrüfatı ilə məşğul olmaqla ailəsini dolandırır. Yaşadığı evin həyət hissəsində iribuynuzlu heyvanları saxlayır. Belə ki, həyətində 01 baş erkək dana və 02 başda inəyi vardır. Həmin heyvanları kənd sakinləri ilə birlikdə heç vaxt örüşə buraxmamışdır. Buna səbəb isə heyvanların bəzən qarışması, bəzən isə kiminsə sahəsinə girib ziyanlıq vurmaqlarına görə olmuşdur. Buna görə də heyvanları yaşadığı evin yaxınlığında örüşə buraxır və hər birini iplə ağaca bağlayır. Yaşadığı ev Şəki rayon Baş Küngüt kəndində olmasına baxmayaraq həmin kəndinə aşağı hissəsində, yəni giriş, Şəki-Oğuz avtomobil yolunun kənarında yerləşir. Buna görə də həmin heyvanları evinin yaxınlığındakı kənd ərazisində olan meşəlik hissəyə buraxır. Erkək danasını 01 baş olmasına görə həmin heyvanın oğurlanması, yaxud digər halların qarşısını almaq üçün onu evinin yaxınlığında örüşə buraxır, lakin uzağa getməməsi üçün iplə ağaca bağlayır. Həmin heyvanların ağaca bağladığı ipin uzunluğu təxminən 10 metrdən yuxarıdır ki, həmin heyvan ətrafda rahat otlaya bilsin. Həmçinin gün ərzində heyvanların örüş yerlərini bir neçə dəfə dəyişir. Belə ki, onların rahat otlaması üçün iplərini açıb digər ağaclara bağlayır. Həmişəki kimi 18 avqust 2020-ci il tarixdə saat 09:00 radələrində gəlini Rəna ilə birlikdə heyvanları örüşə buraxmışdır. Erkək dananı da həmişəki yerinə bağlamış və bundan sonra evə gedərək öz işlərini görməyə başlamışdır. Həmin gün saat təxminən 11dən sonra gəlini Rəna heyvanların örüş yerini dəyişdirməyə getmişdir. Təxminən 15-20 dəqiqə sonra gəlini Rəna gəlib erkək dananın yerində olmadığını bildirmişdir. Bundan sonra birlikdə dananı meşəlik ərazidə axtarmağa başlamışlar. Lakin həmin erkək dananı tapa bilməmişlər. Həmin dananı xeyli axtarsaq da tapa bilməmiş və bundan sonra oğurlandığını düşündükləri üçün 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin həmin erkək dananın 18.08.2020-ci il tarixdə saat təxminən 11:00 radələrində evinin yaxınlığında, Şəki-Oğuz avtomobil yolunun kənarından oğurlandığını, oğurluq baş verən zaman dananı oğurlayan şəxsləri görmədiyini bildirmişdir. Göstərmişdir ki, həmin dana 02 yaşında, qara rəngli, təxminən 250 kq çəkidə, təxminən 1600 manat dəyərində ola biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 12.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqram göndərərək ibtidai istintaqdakı vermiş olduğu ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərin ona vurulmuş ziyanı tamamilə ödədiklərini, onlardan hər hansı şikayətinin və tələbinin olmamasını bildirmişdir. Bu barədə notarial ərizəni zərərçəkmişlərə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təsərrüfatla məşğul olur və təsərrüfatında 8 baş iri buynuzlu mal-qarası vardır. Yaşadığı Daşkəsən rayon Daşkəsən qəsəbə sakinləri və təsərrüfatında olan mal-qarasını həmin qəsəbədə yerləşən örüş otlaq sahəsinə nəzarətsiz buraxırlar. 25.07.2020-ci il tarixdə səhər saat 07:00 radələrində təsərrüfatında olan 8 baş iri buynuzlu mal-qarasını qəsəbənin örüş otlaq sahəsinə nəzarətsiz buraxıb, iş yoldaşları Seymur Tağıyev və Qoşqar Allahverdiyev ilə birlikdə Qoşqarın idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə işlədikləri Daşkəsən rayon Əmirvar kəndində yerləşən “Qoşqar MMC" ağdaş karyerinə getmişlər. Həmin gün şənbə günü olduğu üçün iş vaxtı saat 16:30-da bitmiş, Qoşqar və Seymurla birlikdə evə qayıtmışlar. Daşkəsən qəsəbəsinin girəcəyində avtomobildən düşmüş Qoşqar isə Seymuru düşürmək üçün Daşkəsən rayon Quşçu kəndinə getmişdir. Təxminən 2-3 dəqiqə sonra saat 18:00 radələrində Seymur mənə zəng vuraraq heyvanlarının yolun qırağında olmasını demişdir. O, heyvanları gətirməyə gedəndə 3 baş heyvanının yolun kənarında olmasını qalan 5 baş mal-qarasının orada olmamasını görmüşdür. O, yolun kənarında olan ona məxsus 3 baş iri buynuzlu mal-qaranı yaşadığı ünvana gətirib, qalan 5 baş iri buynuzlu heyvanı axtarmaq üçün qəsəbənin örüş otlaq sahəsinə getmişdir. Onlar qəsəbənin yaxınlığındakı “Güyəli“ dərəsi deyilən örüş otlaq sahəsindən 4 baş iri buynuzlu mal-qaranı tapıb yaşadığı ünvana gətirmiş, lakin, 1 baş, 2 illik, qırmızı rəngli, iri buynuzlu, ümumilikdə çəkisi 200 kiloqram və dəyəri 1000 manat olan düyəni tapa bilməmişdir. Əvvəl elə bilmişdir ki, düyə itibdir və buna görədə yaxın qohumlarına məlumat verərək düyənin tapılmasında köməklik etmələrini xahiş etmişdir. X6 25.07.2020-ci il tarixdə saat 16:00 radələrində 3 baş iri buynuzlu mal-qaranın və itmiş düyəsinin Daşkəsən rayon, Quşçu körpü qəsəbəsinin yaxınlığında yerləşən “Elba” kəsim sexinin yanında gördüyünü demişdir. Bundan sonra qardaşı Eşqin və o, Güyəli dərəsinin, Quşçu Körpü qəsəbəsinin və yaşadığı Daşkəsən qəsəbəsinin örüş otlaq sahələrini axtarsalarda 1 baş qırmızı rəngli düyəni tapa bilməmişdir. Bundan sonra 27.07.2020-ci il tarixdə heyvanı tapılması üçün Daşkəsən rayon polis şöbəsinə müraciət etmişdir. Bir müddət sonra Daşkəsən rayon polis şöbəsindən məlumat verilmişdir ki, onun bir baş qırmızı rəngli, iki illik, iri buynuzlu, ümumilikdə çəkisi 200 kiloqram olan düyə itməmiş və həmin düyənin Gəncə şəhər sakinləri olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə Daşkəsən qəsəbəsində yolun kənarında gizli yolla oğurlamışlar və buna görə tez bir zamanda Daşkəsən rayon polis şöbəsinə gəlməyini xahiş etmişlər. Şahid1 09 aprel 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə göndərərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Oğuz RPŞnin PPXT-nin polis nəfəri vəzifəsində işləyir. Vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Hər gün saat 09:00-dan 21:00-a qədər avtopatrul olaraq Oğuz rayonunun Kərimli kəndi ərazisində xidmət yoldaşları ilə birlikdə xidmət aparır. 18.08.2020ci il tarixdə günün birinci yarısında xidmət yoldaşları Şahid2 və Şahid1 ilə birlikdə avtopatrul olaraq Oğuz rayonu Kərimli kəndi ərazisində xidmət apardığı zaman yolun kənarında dayanıb ətrafı nəzərdən keçirərkən yol ilə hərəkətdə olan Ford transit markalı, ağ rəngli yük maşınının onlara tərəf yaxınlaşdığını görmüşlər. Həmin yük maşınının dövlət nömrə nişanının “20” ilə başladığını, yəni Gəncə şəhərinin seriyası ilə başladığını görüb həmin şəhərin karantində olması səbəbindən həmin avtomobilin Oğuz rayonu ərazisində olmasının normal hal olmadığını düşünüb, onu dayandırıb sürcünün şəxsiyyətini müəyyən etmək və Oğuz rayonu ərazisində olmasının səbəbini öyrənmək qərarına gəlmişlər. Bu məqsədlə həmin yük maşını yaxınlaşdıqda Şahid1 əli ilə yük maşınının sürücüsünə dayanması üçün işarə etmiş və sürücü yanlarına çatdıqda yük maşınını yolun kənarında saxlamışdır. Bu zaman həmin yük maşınına yaxınlaşdıqda yük maşınının kabinəsində sürücü və iki nəfər sərnişinin olduğunu görmüşlər. O, həmin şəxslərə özünü təqdim edib, onlardan şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməsini xahiş etdikdə, həmin şəxslər şəxsiyyət vəsiqələrinin üzərlərində olmadığını bildirmişlər. Həmin vaxt yük maşının yük yerindən səs-küy eşidib, sürücüdən yük yerində nə olmasını soruşduqda, sürücü yük yerində Balakən rayonundan aldıqları heyvanlar olduğunu bildirib, yük yerinə baxmağı təklif edib, maşından enərək yük yerinin qapısını açmışdır. Bu zaman yük yerində bir baş erkək dana və bir baş erkək qoyun olduğunu görmüşlər. Adətən heyvan daşınan maşınların üstü və ya ətrafı açıq olduğundan, həmin heyvanların daşındıqları maşının hər tərəfi qapalı yük maşını olması şübhələndirmiş və həmin yük maşınını sürücü və sərnişinləri ilə birlikdə Oğuz RPŞ-yə aparmaq qərarına gəlmişlər. Bu məqsədlə sürücüyə Oğuz RPŞ-yə getməyi təklif etmiş və o, da təklifi qəbul edib, yük maşınına əyləşib, maşını ardları ilə sürmüşlər. Onlar Oğuz RPŞ-yə çatdıqda, həmin sürücü və sərnişinləri Növbətçi Hissəyə təqdim edib, raport yazıb, xidməti ərazilərinə qayıtmışlar. Daha sonra xidmət yoldaşlarından yük maşınının yük yerindəki bir baş erkək dana və bir baş erkək qoyunun həmin şəxslərin özlərinin oğurladıqları heyvanlar olduqlarını öyrənmişlər. Bundan başqa həmin şəxsləri əvvəllər tanımadığını, onlarla heç bir münasibəti, o cümlədən heç-bir ədavət və düşmənçiliyinin olmamasını, həmçinin onlarla heç bir qohumluq əlaqəsinin olmadığını həmin şəxsləri əvvəllər Oğuz rayonu ərazisində görmədiyini, həmin şəxslərə qarşı heç bir təzyiq və təsir etmədiklərini bildirmişdir. Şahid3 24.11.2020-ci, Şahid2 isə 25.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqram göndərərək ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini bildirmişlər. Onlar ibtidai istintaq zamanı digər Şahid1 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişlər. İşdə olan Bakcell MMC-dən daxil olmuş 18.09.2020-ci il tarixli BKC\LGL-18597\20 nömrəli məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki, həmin 01 ədəd "CD" disk "HP" markalı kompüterə daxil edilərək baxış keçirildi, baxış zamanı diskin məzmununda 14 ədəd fayl aşkar edilmişdir.Baxış keçirilərək müəyyən edilmişdir ki; -“Nömrənin. Məxsusluq. Tarixçəsi **********4648 **********7” adlı faylı açıldıqda onun içərisində ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs4 aid olması barədə məlumatlar aşkar edilmişdir. -“Nömrənin. Məxsusluq. Tarixçəsi **********5506 5********.17” adlı faylı açıldıqda onun içərisində ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs1 oğluna aid olması barədə məlumatlar aşkar edilmişdir. -“Nömrənin. Məxsusluq. Tarixçəsi. **********0605 5********.17” adlı faylı açıldıqda onun içərisində ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs2 oğluna aid olması barədə məlumatlar aşkar edilmişdir. -“SMS.Tarixçəsi. **********5456 997998820” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5511 559327424” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5515 559327424” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5529 555215835” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5551 555215835” adlı faylı açıldıqda onun içərisində iş üşün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“Zənglərin Detallaşması **********4618 ********* 17”adlı faylı açıldıqda onun içərisində Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** mobil nömrəsinə daxil və xaric olan zənglərin siyahısına, həmçinin həmin mobil nömrənin anten dairəsinə dair məlumatlar özündə əks etdirdiyi müəyyən edilmişdir. Həmin siyahıya baxış keçirən zaman sonuncu zəng tarixinin 11.07.2020-ci il tarixdə olması müəyyən edildi. Həmçinin iş üzrə toplanmış materiallardan görünür ki, Şəki rayon ərazisində baş vermiş oğurluq hadisəsi 18.08.2020ci il tarixdə baş vermişdir. Buna görə həmin faylda iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. -“Zənglərin Detallaşması **********5455 ********* 17” adlı faylı açıldıqda onun içərisində Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə daxil və xaric olan zənglərin siyahısına, həmçinin həmin mobil nömrənin anten dairəsinə dair məlumatlar özündə əks etdirdiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 məxsus mobil nömrəsi ilə 29 dəfə, Təqsirləndirilən şəxs2 məxsus mobil nömrəsi ilə isə 97 dəfə telefon danışıqların olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 məxsus mobil nömrə ilə sonuncu danışığının 18.08.2020-ci il tarixdə saat 00:56-da Gəncə rayon ərazisində olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil nömrənin anten dairəsinin 25.07.2020 14:03:17 radələrində Gəncə şəhəri. Bayan küçəsi, saat 17:25:54 radələrində Göygöl rayonu,Üçtəpə kəndi 18:30:36 radələrində Göy-göl rayon, Üçtəpə kəndində olması müəyyən edilmişdir. Həmçinin 18.08.2020-ci il tarixdə anten dairəsinin 10:58:17 radələrində Şəki rayon Baş Zəyzid kəndi olması müəyyən edilmişdir. “Zənglərin. Detallaşması. **********0555 ********* 17”adlı faylı açıldıqda onun içərisində Təqsirləndirilən şəxs2 məxsus mobil nömrəyə daxil və xaric olan zənglərin siyahısına, həmçinin həmin mobil nömrənin anten dairəsinə dair məlumatlar özündə əks etdirdiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 məxsus mobil nömrəsi ilə 2 dəfə, Təqsirləndirilən şəxs1 məxsus mobil nömrəsi ilə isə 89 dəfə telefon danışıqların olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 məxsus mobil nömrə ilə sonuncu danışığının 18.08.2020-ci il tarixdə saat 00:59-da Gəncə şəhər ərazisində olması müəyyən edildi. Baxış zamanı T. Nağıyevə məxsus mobil nömrənin anten dairəsinin 24.07.2020-ci il tarixdə saat 20:03 və 20:17-də anten dairəsinin müvafiq olaraq Daşkəsən rayonu, Fərhad heykəlinin yaxınlığında və Daşkəsən rayonu, Xoşbulaq kəndində olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı anten dairəsinin 25.07.2020ci il tarixdə saat 15:52-də Göygöl rayonu, 17:30 Gəncə rayonu, 18:00-dan 18:30-dək Göygöl rayonu Üçtəpə kəndi, 19:30-da Gəncə rayonu ərazisində olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı anten dairəsinin 18.08.2020-ci il tarixdə 11:08 və 11:11-də Şəki rayon Orta Zəyzid kənd ərazisində olması müəyyən edilmişdir. - “Zənglərin. Məxsusluq.Tarixçələri **********5459 ********* BKC” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilmədi. -“Zənglərin.Məxsusluq.Tarixçələri **********2650 997998820J3KC (2)” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“Zənglərin.Məxsusluq.Tarixçələri **********2701 559327424JBKC (2)” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. İşdə olan 27.08.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşdə olan 27.08.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan 09.09.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İşdə olan 27.08.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 06.02.2006-cı il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 müddətinə azadlıqdan məhrum edilmiş, 26.11.2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu məhkəməsinin qərarına əsasən isə cəzasının qalan 10 ay 22 gün hissəsindən vaxtından əvvəl şərli olaraq azad olunmuşdur. Göründüyü kimi CM-nin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. İşdə olan 25.08.2020-ci il tarixli, 2389 nömrəli Gəncə şəhəri Psixonevroloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda deyildir. İşdə olan 26.08.2020-ci il tarixli, 3003 nömrəli Gəncə şəhəri, Rayonlararası Narkoloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda deyil. İşdə olan 07.09.2020-ci il tarixli Daşkəsən rayon X7 Mərkəzindən daxil olmuş məktubdan görünür ki, təxminən diri çəkisi 200 kq olan 01 baş düyənin orta bazar qiyməti 1000 manat ola biləcəyi qeyd edilmişdir. İş materiallarında olan 20.08.2020-ci il tarixli, 625 nömrəli Şəki-Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, 01 baş, 2 yaşlı, təxminən diri çəkisi 250 kiloqram olaraq erkək dananın 18.08.2020-ci il tarixinə orta bazar satış qiyməti 1600 manat təşkil edir. İşdə olan 10.10.2020-ci il tarixli 633 nömrəli Şəki-Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, bir baş diri çəkisi 25 kq olan erkək qoyunun 18 avqust 2020-ci il tarixə orta satış bazar qiyməti 140 manat təşkil etmişdir. İşdə olan 14.10.2020-ci il tarixli, 634 nömrəli Şəki-Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, 01 metr əl ilə hörülmüş, istifadə olunmuş kəndirin 18 avqust 2020ci il tarixə orta satış bazar qiyməti 02 (iki) (15 metr X2 man= 30 man) 30 manat təşkil edir. İşdə olan 09.10.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında qeydiyyadadır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşin 212-ci səhifəsində olan Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 istintaq dövründə 1 baş erkək dananı və 15 metr uzunluğunda 1 ədəd kəndiri təhvil almışdır. İşdə olan Daşkəsən rayon, Daşkəsən qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 27.08.2020-ci il tarixdə Daşkəsən RPŞ-nə ərizə ilə müraciət edərək 01 baş inəyinin oğurlanması nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini, buna görə də şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 1692 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19.08.2020-ci il tarixdə saat 22:05-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 21.08.2020-ci il tarixli, 4(075)-82/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan AA2490899 seria nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 18.12.2020-ci il tarixdə anadan olmuş X3 adında 1 azyaşlı övladı vardır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə almışdır. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 oğluna nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, işdə olan 27.08.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 06.02.2006-cı il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 müddətinə azadlıqdan məhrum edilmiş, 26.11.2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu məhkəməsinin qərarına əsasən isə cəzasının qalan 10 ay 22 gün hissəsindən vaxtından əvvəl şərli olaraq azad olunmuşdur. Göründüyü kimi Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Buna baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Belə ki, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında isə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, qanunvericiliyin tələbi baxımdan təqsirləndirilən şəxsə onun yarısından aşağı cəza verilməsi mümkün deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 oğlunun apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1(075)-11/2011 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar