Məhkəmə qərarları › İş №1(107)-227/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-227/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-227/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair X6 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Məhkəməsinin (hakimlər R.Hüseynov (sədrlik edən), N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxx 1985-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında pasport qeydiyytında olan, həbs edilənə kimi Şəki şəhəri, B.Məmmədov küçəsi, dalan 4, ev 1 ünvanında yaşamış, xx xxxxx 2020-ci ildən həbsdə olanTəqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin təyin edilmiş cəzaya hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan xx xxxxx 2020-ci ildən hesablanması, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, ekspertiza xərci olan 102,12 manatın tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2,579 qram narkotik vasitə - heroin və 0,783 qram psixotrop maddə - metafetaminin məhv edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs qəsdən, məlum olmayan mənbədən, tamah niyyəti və satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda metafetamini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxx 2020-ci ildə, saat 00:10 radələrində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən “Aytac” şadlıq sarayının qarşısında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdar təşkil edən təmiz çəkisi 2,629 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən təmiz çəkisi 0,883 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, X6 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi qanunsuz və əsassızdır. Ona görə də hökm həmin hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü addəsi ilə təqsirli bilinərək cinayət qanununu norması düzgün tətbqiq edilməklə ona cinayət qanunvericilyinin müddəalarına uyğun cəza təyin olunmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında protestin dəlillərinə münasibət bildirən dövlət ittihamçısı Telman Əhmədov protestin dəlillərini müdafiə etdiyini, apellyasiya protestinin təmin edilməsini, İlham Musatafayevin əməlinin CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona uyğun cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Xəyal İbrahimov bildirmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlmişdir. X6 Məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyim şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya protestinin dəlilləri əsassızdır. Ona görə də apelyasiya protestinin təmin edilməməsini, X6 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, özümü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilirəm. Narkotik vasitə istifadəçisi olduğumu heç kim bilmirdi, mən onun alqı-satqısı ilə məşğul olmamışam. Heroindən bu vaxta qədər istifadə etməsəm də, metafetamindən istifadə etmişəm. Metafetamini Bakıdan adını xatırlamadığım şəxsdən 30 manata almışam. Onunla whatsapp proqramı vasitəsi ilə tanış olmuşam. Mənə qarşı zorakılıq tətbiq edilməyib. Barəmdə qətimkan tədbiri seçilərkən metafetamindən istifadə etdiyimi etiraf etmişəm. Mən taksi sürücüsü işləyirdim, metafetamindən istifadə edirdim ki, yuxulamağıma mane olsun. Hüquqi savadsızlığımdan özümü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmişəm. Əslində özümü təqsirli bildiyim zaman narkotikdən istifadə etdiyimi nəzərdə tutmuşam. Metafetamini öz istifadəm üçün almışam. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya protestinin dəlilləriniqismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməli və iş üzrə X6 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, İlham adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, İlhamın şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə xx xxxxx 2020-ci ildə əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. İlhamın ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən Aytac şadlıq sarayının yaxınlığında olması müəyyən edildiyindən əməliyyat qrupunun üzvləri ilə həmin yerə gedib, xx.xx.2020-ci ildə saat 00:10 radələrində “Aytac” şadlıq sarayının qarşısında ona üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamaqda və narkotik vasitənin satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olan biri Samsung markalı, digəri “kgtel” markalı olmaqla 2 ədəd mobil telefonu, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən pul əsginaslarını, gödəkçənin sol iç döş cibindən özünə məxsus bir ədəd şəxsiyyət vəsiqəsini, özünə məxsus bir ədəd ağ rəngli kağız bükümü və bir ədəd “Winchester” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bir ədəd ağ rəngli kağız büküm açıldıqda içərisində birinin içində ağ rəngli narkotik vasitəyə bənzər kütlə, digərinin içində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan, başlıq hissələri xüsusi qaydada bağlanmış iki ədəd sellofan bükülü olduğu aşkar olunmuşdur. Sonra içərilərində narkotik vasitəyə bənzər kütlələr olan həmin iki ədəd sellofan bükülü ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil nömrənin balansına pul yüklənilməsinə dair bir ədəd çek və “Winchester” markalı siqaret qutusu qutunun içərisindəki siqaret dənələri ilə birlikdə özünə qaytarılıb verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş biri “Samsung” markalı, digəri “kgtel” markalı olmaqla iki ədəd mobil telefon isə ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Bunlardan başqa, cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizanın xx xxxxx 2020-ci il tarixli 17/231 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş... heroinə oxşar kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-2,629 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,883 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra № 27) daxil olan metafetamindir. Təqdiqata təqdim olunmuş heroin narkotik vasitə, metafetamin isə psixotrop maddə olduğundan onların müqayisəli tədqiqatı aparılmadı. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizanın xx xxx 2020-ci il tarixli 409 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Tərkibində narkotik vasitə olan tiryək alkoloidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizanın xx xxx 2020-ci il tarixli 224 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Şəki ŞRPŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barədə polis şöbəsində əməliyyat qeydiyyat işi olmamışdır. Cinayət işinin olan videoçəkilişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin, psixotrop maddə olan metafetamin bir bükümdə aşkar edilir və o bir bükümdə olan heroin və bir bükümdə olan metafetamini təqdim edir. Cinayət işinin materillarında olan tələbnamədən və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum olunmuş və CM-in 70-ci maddəsinə əsasən, təyin edilmiş cəzası 01 il 02 ay sınaq müddəti ilə şərti hesab edilmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə CM-in 178.2.4-ci maddəsi ilə təqsirli bilinmiş, CM-in 67-ci maddəsinə əsasən, hökmlərin məcmu üzrə 06 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 317-2.1-ci madəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmu üzrə 03 il müddətə azadlıqdan məhrum cəzası təyin edilmişdir. xx xxxxxx 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, protestə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında heroin və metamfetaminin şəxsi istehlak miqdarı 0,15 qr, külli miqdarı isə 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən isə 2 bükümdə-2,629 qram olmaqla, yəni şəxsi istehlak miqdarından şəxsi istehlak miqdarından 17 dəfə çox, külli miqdardan isə 1 dəfə çox narkotik vasitə olan heroin, həmçinin 0,883 qram olmaqla şəxsi istehlak miqdarından 5 dəfə çox metamfetaminin aşkar edilmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, müstəqil qazancı və ailəni dolandırmaq üçün kifayət qədər gəliri olmamışdır. Ümumiyyətlə, narkomaniyadan əziyyət çəkən, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edən şəxsin hər hansı faydalı işlə, fərdi əməklə məşğul olması, ailəsini dolandırmaq üçün kifayət qədər qazanc əldə etmə imkanının olması sağlam məntiqlə uyğunluq təşkil edə bilməz. Bu kimi hallar özü Təqsirləndirilən şəxs 2 bükümdə 2,629 qram olmaqla, yəni şəxsi istehlak miqdarından 17 dəfə çox, külli miqdardan isə 1 dəfə çox narkotik vasitə olan heroin, həmçinin 0,883 qram olmaqla şəxsi istehlak miqdarından 5 dəfə çox metamfetamini üzərində daşıması narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Təqsirləndirilən şəxsə verilən ittihamın əsası ondan ibarətdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd torbada külli miqdarda təmiz çəkisi 2,629 qram olan heroin və 0,883 qram psixotrop maddə olan metafetamini əldə edib ayrı-ayrı torbalarda daşıyaraq özündə saxlamış, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbiri zamanı xx xxxxx 2020-ci ildə, saat 00:10-də aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli 189-11211-1220 nömrəli müstəntiqin əməliyyat tapşırığına cavabda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2,629 qram çəkidə narkotik vasitə olan heroin və 0,883 qram çəkidə psixotrop maddə metafetamini satış məqsədi ilə əldə edib, üzərində saxlayıb, daşıması, onun narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin əməliyyat məlumatı CPM-in 137-ci maddəsinə əsasən əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə edildikdə və CPMin tələblərinə uyğun təqdim edildikdə və yoxlandıqdan sonra cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bu baxımdan Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və metafetamini satış əqsədi ilə əldə etməsinə dair əməliyyat məlumatı əməliyyatçının subyektiv fikrindən başqa heç nəyi əks etdirmir, həmin məlumat yoxlanıldıqda isə heç bir mənbəyi olmayan məlumat olması aşkar edilir. Odur ki, məhkəmə həmin məlumatı da obyektiv həqiqəti əks etdirən məlumat olmaması qənaətinə gəlir. O da qeyd olunmalıdır ki, Şəki ŞRPŞ X6 Məhkəməsinin sorğusuna cavab olaraq xx xxxxxxxx 2020-ci il tarixli məktubunda göstərmişdir ki, Təqsirləndirilən şəxs barədə polis şöbəsində əməliyyat qeydiyyat işi olmamışdır. Bundan əlavə, iş materiallarında olan videoçəkilişdən isə görünür ki, Təqsirləndirilən şəxs bir bükümdə heroin və metafetamini təqdim edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materillarından isə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən əzab çəkir, məcburi müalicə olunması və qeydiyyata alınması məsləhət görülür. Aşkar edilmiş narkotik vasitə heroinin miqdarı isə ümumilikdə 2,629 qram, metafetamin isə 0,883 qam olmuşdur. İş materillarında onun hər hansı istehlakçı ilə razılıq əldə etməsi faktları yoxdur. Onların hazırlanması üçün hər hansı bir avadanlıq olmamışdır. Hətta, Təqsirləndirilən şəxs 055- ***-***-**-** mobil nömrəsindən X1 adına qeydiyyatda olan ***-***-**-** mobil nömrəsinə göndərilmiş ismarıcın detallarından: “xx-xx- 2020-ci il saat 01:06:53, 03-042020-ci il saat 11:31:23, 1.1.**********45 1.1.**********65 - Ay qaqas dine gelmiyecem da. - Niye gozdedirsen axi. Ozun yaxsi bilirsen axi ki agri nedi.” ismaricinin olması, onu Şahin Abdullayevə göndərməsi, narkomaniya xəstəsi olması və qeydiyyata alınmasının məsləhət görülməsi onu göstərir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən şəxs olmuşdur. Həmin heroinin çəkisi 2,629 qram, külli miqdardan az artıq olması, eləcə də psixotrop maddənin çəkisi 0,883 olması özlüyündə Təqsirləndirilən şəxs satmaq məqsədində olması qənaətinə gəlməyə birmənalı əsas vermir. İşin faktiki halları onu göstərir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və psixotrop maddə metafetamini özü qeyd etdiyi kimi, satış məqsədi olmadan özü istifadə etməsi üçün əldə edərək saxlamışdır.Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3cü maddəsindən 234.1-ci maddəsinə tövsif edərkən səhvə yol verməmişdir. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ..hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs məhkəmə kollegiyası və birinci instansiya məhkəməsində verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iş üzrə cəzanı yüngülləşdirən bütün halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alnaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasına uyğun olaraq iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın islah təsiri baxımından qаnuni, əsaslı və ədalətli nəticəyə gəlmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəmməhkumlar,həmdəbaşqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, İlahm Mustafayevə israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiyatələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya protestinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır, apellyasiya protestinin təqsirləndirilən şəxs İlham Mustafyevin əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması və onun əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsif edilməli olması barədə dəlilləri konkret sübutlarla təsdiq edilməyən fərziyyə və mülahizələrdən ibarətdir ki, bu əsaslarla müstəsna əhəmiyyət daşıyan əməlin tövsifi müəyyən oluna bilməz. Ona görə də apellyasiya protesti təmin edilmədən, X6 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. X6 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar