Məhkəmə qərarları › İş №1(107)-229/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-229/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-229/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxs X3 və onun müdfiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs X2 müdafəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 04 may 2021-ci il tarixli, 1(075)- 44/2021 nömrəli hökmü ilə, xx xxxxx 1973-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, Şəki şəhəri, Azadlıq küçəsi ev 15-də pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X2 ibtidai istintaq zamanı tutularaq 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbs edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 04 may 2021-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunması, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 26.958 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfləri təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs X3 məhkum edilmişdir ona görə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib özündə daşıyaraq saxlamış, 05 fevral 2021-ci il tarixdə Şəki şəhər-rayon X7 Mübarizə Qrupunun və X4 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri X14 küçəsində yerləşən Şəki Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yaxınlığında saat 18 radələrində saxlanılaraq Şəki şəhəri, X15 prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, оrada şübhəli şəxs qismində tutulаrаq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibinin içərisindən 1 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 27.058 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da X3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs X2 müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs X2 müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmünün cəza ilə bağlı hissəsi dəyişdirilərək və onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi Fəxərddin oğlu apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs X9 оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, narkotik vasitə hesab edilən tiryəkdən arabir istifadə edir. Yanvar ayının sonlarında Bakı şəhərində olarkən tanımadığı şəxsdən 80 manata 20 Yanvar metrosunun yaxınlığında narkotik vasitə olan tiryək almışdır. Həmin vaxt onun cəmi 100 manat pulu olmuş, 20 manatını qayıtmağa yol pulu saxlamış, qalanına narkotik vasitə almışdır. 80 manatı həmin şəxsə vermiş, iki saat gözlədikdən sonra razılaşdıqları kimi yaxınlıqda olan “Socar” petrolun yanındakı otluqdan sellofan torbada tiryəki götürmüşdür. Həmin günün səhəri 15 manat müqabilində Şəki şəhərinə qayıtmış, tiryək də üzərində olmuşdur. Bir neçə gün tiryəkdən istifadə etmiş, üzərində gəzdirmiş, gizlətməyə yer axtarmışdır. Köhnə Şəki Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yanına gəlmiş, binanın arxa hissəsində, yəni şam ağacları olan həyətində tiryəki gizlətmək istəmişdir. Lakin bu vaxt 2 nəfər mülki paltarda olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Şöbədə şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparılmışdır. Ona təhqiqatçı üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da üzərində olan 01 ədəd sellofan torbada narkotik vasitəni masanın üzərinə qoymuşdur. Başqa üzərində heç nə aşkar olunmamışdır. Aşkar olunan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. O, etdiyi hərəkətdən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir, islah yoluna qədəm qoymasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkilidir, polis leytenantıdır. 05 fevral 2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 05.02.2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş Şəki RMX-nin inzibati binasının yaxınlığında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş, vəkillə təmin olunduqdan sonra təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin, onun, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı üzərindən narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Həmin şəxs aşkar olunan tiryəki şəxsi istifadəsi üçün Bakı şəhərində, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Daha sonra Qəribzadə Əlövsətin üzərindən aşkar olunmuş narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilməklə ifadəsi elan olunan Şahid2 ibtidai istintaq dövründə ifadə verərək bildirmişdir ki, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantıdır. Onun vəzifəsi ictimai qaydanın qorunması və ictimai təlhlükəsizliyin təmin edilməsindən ibarətdir. 05 fevral 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. Şahid1 05 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra ondan, Şahid1 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bu barədə qərar qəbul edilmiş, hər iki qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra məhkəməyə və prokurorluğa bu barədə məlumat verilmişdir. Bundan sonra 05.02.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş Şəki RMX-nin inzibati binasının yaxınlığında tərəflərindən saxlanılaraq Şəki ŞRPŞnə gətirilmişdir. Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasının birinci mərtəbəsində olan təhqiqatçının otağına keçmişdir. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Ona dövlət hesabına vəkil Cavid Qədimov təyin edilmiş, sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin, onun, Şahid1, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, təhqiqatçı həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, üzərində olan göy rəngli qalın gödəkçənin sol iç cibindən, 01 ədəd sellofanda olan narkotik vasitəyə bənzər tiryəki çıxararaq masanın üzərinə qoymuş, başqa üzərində heç nə olmadığını bildirmişdir. Əllərini qaldırmaq təklif olunmuş, o da hər iki əlini yuxarı qaldırdıqdan sonra təhqiqatçı tərəfindən əynindəki şalvarın bel nahiyəsində, şalvarın sol və sağ yan ciblərində, həmçinin şalvarın sol arxa ciblərində, üst gödəkçəsinin altında olan tünd göy rəngli gödəkçənin sağ və sol yan, sol iç və döş ciblərində, eyni zamanda papağında axtarış aparılmışdır. Sonra şəxs ayaqqabılarını çıxarıb silkələmiş, corablarını çıxarıb silkələmiş, burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst başını səliqəyə salmış, corablarını və ayaqqabılarını geyinmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif etmiş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərində olan sellofan bükülünü açaraq içərisində olan qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddəni göstərib narkotik vasitə olan tiryək olduğunu, şəxsi istifadəsi üçün təxminən 1 həftə bundan əvvəl, yəni 29 yanvar 2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 80 manata aldığını, özünün istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını demişdir. Təhqiqatçı daha sonra narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddəni ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağını bildirmişdir. Əvvəlcə 01 ədəd zərfi açaraq içərisini Əlovsətə, vəkilinə və onlara göstərmiş, zərfin içərisinin boş olduğunu gördükdən sonra təhqiqatçı masanın üzərində, sellofanın içərisində olan qəhvəyi rəngli maddəni həmin zərfə qoymuş və zərfin ağzını bağlamışdır. Daha sonra narkotik vasitəyə bənzər maddənin qoyulduğu zərfin üzəri Şəki ŞRPŞ-nin möhürü ilə möhürlənmiş, videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət olmamış, protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs, vəkili Cavid Qədimov və o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Şahid1 ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki əldə edib, saxlayıb istifadə edərək gəzdirdiyi, həmçinin həmin narkotik vasitə olan tiryəki satması barədə məlumat daxil olmuşdur. Lakin sonradan bu məlumat öz təsdiqini tapmamış, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki əldə edib, saxlayıb istifadə edərək gəzdirmiş, heç kimə satmamışdır. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd sellofan torbada narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 06 fevral 2021-ci il tarixli, 17/97 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik...» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 27.058 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. İş materiallarında olan Tiryəkin təmiz çəkisi – 27.058 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 26,958 qram. (Aparılmış tədqiqatın dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir). İş materiallarında olan 07 fevral 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-in 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarında olan 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 221 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilmiş 253 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs 09.12.2003-cü il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Şəki RMX publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 10 mart 2021-ci il tarixli, 229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 05 mart 2021-ci il tarixli, 124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki rayon X10 Hüquqi şəxsindən daxil olmuş 10 fevral 2021-ci il tarixli 253 nömrəli arayış, Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 12 fevral 2021-ci il tarixli 221 saylı arayış,) anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz, acıqlı və əsəbiliyə meylli olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 25.02.2003-cü il tarixli hökmünə əsasən CM-in 333.4-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, 17.06.2003-cü ildə amnistiya aktına əsasən azad edilib. Bundan başqa Şəki Rayon Məhkəməsinin 04.12.2006-cı il tarixli hökmünə əsasən CM-in 177.1-ci maddəsi ilə 02 il islah işləri cəzasına məhkum olunmuşdur. Daha sonra Şəki Rayon Məhkəməsinin 01.05.2007-ci il tarixli hökmü ilə CMin 234.1, 237.1, 67.1, 66.3, 68.1.3 maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.12.2009-cu il tarixli qərarı ilə CM-in 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 07 ay 14 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. İş materiallarında olan Şəki şəhər İHB-nin Giləhli məhəllə nümayəndəliyi tərəfindən verilmiş 14 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri, Azadlıq küçəsi 15 saylı evdə yaşayır. İş materiallarında olan Şəki şəhər İHB-nin Giləhli məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 0,5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi adı çəkilən Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Yuxarıda şərh edilənlərlə sübut olunur ki, Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs X3 məhkum edilmişdir ona görə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib özündə daşıyaraq saxlamış, 05 fevral 2021-ci il tarixdə Şəki şəhər-rayon X7 Mübarizə Qrupunun və X4 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri X14 küçəsində yerləşən Şəki Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yaxınlığında saat 18 radələrində saxlanılaraq Şəki şəhəri, X15 prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, оrada şübhəli şəxs qismində tutulаrаq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibinin içərisindən 1 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 27.058 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməldə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı CM-in 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyаsiyа şikаyətindən göründüyü kimi, təqsirləndirilən şəxs X3, barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız himayəsində ailə üzvlərinin olmasını, zərərçəkən şəxsin olmamasını və təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını nəzərə alaraq onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin birinci instansiya məhkəməsi CM-in 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirmişdir. Bundan başqa, T.Mustafayev ailəli evli olmaqla bir azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Eyni zamanda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da, təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl CM-nin müxtəlif maddələri, o, cümlədən 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyillidir, əvvəllər ona təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Odur ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. X2 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (uzunmüddətli) cəza təyin edilməsinə haqq qazandırır. Apellyasiya şikayətinin məhkəmə baxışı zamanı X2 cəzasını yüngülləşdirməyə əsas verən hər hansı yeni hal müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafəçisi Müdafiəçi Fəxərddin oğlunun apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)- 44/2021 nömrəli hökmünün dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs X2 müdafəçisi Müdafiəçi Fəxərddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(075)-44/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar