Məhkəmə qərarları › İş №1(107)-23/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-23/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-23/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1962-ci ildə Ağdaş rayonunun Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi, 14 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki günün CM-in 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd günün təyin edilmiş cəzadan çıxılması, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 237.1-ci madəsi ilə təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş iyirmi səkkiz gününün CM-in 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilərək qəti olaraq iki il altı ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, ona saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmağın vəzifə olaraq tapşırılması, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, narkoloji kabinetdə qeydiyyata alınması, aparılmış ekspertiza tədqiqatının dəyərinin 34 manat 55 qəpiyin ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübutun qalığının, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 180,28 qram 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, İ.Qaradağlı küçəsindəki evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan, cəmi 06 ədəd, xeyli miqdarda, ümumi təmiz çəkisi 180,58 qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini polietillen torbada torpaqda, 04 ədəd narkotik tərkibli çətənə bitkilərini torpaqda qanunsuz olaraq 2020-ci ilin may ayının ortalarında əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı Ağdaş şəhəri, İ.Qaradağlı küçəsindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsi Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs azadlıqadan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, səhv etmişdir. Ona görə imkan daxilində ona təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Xəyal İbrahimov apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Tofik Məmmədova CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Belə ki, prtotestin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Təqsirləndirilən şəxs bundan əvvəl Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və birinci instansiya məhkəməsində işə baxılıb barəsində hökm çıxarılan günə, yəni xx xxxxxxxx 2020-ci ilə onun əvvəlki hökm üzrə 28 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə bunu hökmündə də qeyd etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs bundan əvvəl də eyni xarakterli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayəti törətmiş və bu əməlinə görə o qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzanın islah təsirinə məruz qalmamış, həmin cəzanı tam çəkib qurtarmamış yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünə nəzər salanda müəyyən olunur ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşmüş və bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmışdır və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, təqsirləndirilən şəxs Tofik Məmmədov sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamış, cəzanın islah təsirinə məruz qlmamış və yenidən eyni xarakterli cinayət törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə onun törətdiyi əməldən peşman olmasını bildirməsini də əsas götürməklə yenə də onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdn məhrum etmə ilə bağlı olmayan aşağı həddə cəza təyin etməsi CM-in ədalət prinsipi baxımından ədalətli hesab edilə və cəzanın islah təsiri baxımından yetərli hesab oluna bilməz. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona bir il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Digər tərəfdən, o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq məhkum olunduğu 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırda çəkib qurtarmışdır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır (CM-in 18.4.4-cü maddəsi). Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər (CMin 56.1.2). CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunu norması düzgün tətbiq etmədiyinə və təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya protesti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalında həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli və baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq iki il altı ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar