Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-230/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X4 və onların müdafiəçiləri Şəki Regional Vəkil Bürosunun vəkili X3 və X6 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(051)-77/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin (sədrlik edən Ə.Hüseynov) 16 aprel 2021-ci il tarixli, 1(051)-77/2021 nömrəli hökmü ilə, 01 avqust 1995-ci ildə Gədəbəy rayonu, Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Gədəbəy rayonu, Kərimli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-cü və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 dekabr 2020-ci il tarixdən 06 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx xxxx 1996-cı ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş,Azərbaycan Respublikasıvətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan barəsində 06.12.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 ( iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 dekabr 2020-ci il tarixdən 06 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 24.11.2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən evin həyətinin giriş qapısına yaxınlaşıb aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Faxrəddin Şirinov küçədə pusquda dayanaraq gözləmiş, o, isə yerdən götürdüyü dəmir linglə qapının üzərində olan dəmir qıfılı sındırıb qapını açaraq həmin yerdən həyətə qanunsuz olaraq daxil olub həyətdəki evin zirzəmisindən 1 (bir) ədədinin qiyməti 8 (səkkiz) manat olan 432 (dörd yüz otuz iki) manat dəyərində 54 (əlli dörd) ədəd kombi isitmə sisteminin radiyatorlarını, evin otağından 1 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində “Nobella” markalı kombi isitmə sisteminin aparatını, 1 (bir) ədəd 60 (atmış) manat dəyərində laqondanı, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində elektrikli çaydanı özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 972 (doqquz yüz yetmiş iki) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 24.11.2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən evin həyətinin giriş qapısına yaxınlaşıb aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən o, küçədə pusquda dayanaraq gözləmiş, Elmir Mirzəyev isə yerdən götürdüyü dəmir linglə qapının üzərində olan dəmir qıfılı sındırıb qapını açaraq həmin yerdən həyətə qanunsuz olaraq daxil olub həyətdəki evin zirzəmisindən 1 (bir) ədədinin qiyməti 8 (səkkiz) manat olan 432 (dörd yüz otuz iki) manat dəyərində 54 (əlli dörd) ədəd kombi isitmə sisteminin radiyatorlarını, evin otağından 1 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində “Nobella” markalı kombi isitmə sisteminin aparatını, 1 (bir) ədəd 60 (atmış) manat dəyərində laqondanı, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində elektrikli çaydanı özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 972 (doqquz yüz yetmiş iki) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(051)-77/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Dövlət ittihamçısı apellyasiya protestində Mingəçevir şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(051)-77/2021 nömrəli hökmü ilə məhkum olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-cü və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək onlara daha ağır- azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya protestinə etiraz verərək protestin təmin edilməməsini, Mingəçevir şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs1 ailə vəziyyətinin çox çətin olduğunu, əməlindən çox peşman olduğunu bildirmiş və ona görə də apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X3 bildirdi ki, apellyasiya protestinə etiraz edir. Belə ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyi şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlillərinə münasibət bildirən təqsirləndirilən şəxs X4 bildirdi ki, əməlindən səmimi peşmandır. İlk dəfə cinayət törətmişdir. Ona görə də apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs X1 müdafiəçisi X9 törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyi şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, şəxsin ilk dəfə cinayət törətməsini nəzərə alaraq apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya protesti qismən təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Apelyasiya protestindən və dövlət itthamçısının apelyasiya protestinin dəlillərinə münasibətindən müəyyən olunur ki, o təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı yüngül hesab edir və həmin cəzaların ağırlaşdırılmasını istəyir Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərinə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından vəəməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tam olaraq ödəməsi, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların heç biri mövcud olmamışdır. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin 14.12.2020-ci il tarixli tələbnamələrindən görünür ki, X4 məhkum olunmamışdır Bundan başqa cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs 01.04.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirlinən şəxslər ona dəymiş maddi ziyanı tam ödəmişlər. Ona görə də onlardan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməllərinə CM-in ədalət prinsipi baxımından yanaşıb, onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, onların təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı, azadlığın məhdudlaşdırılması cəzalarınında nəzərdə tutulduğu halda və cəzanı yüngülləşdirən kifayət qədər halların olduğu, lakin azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin əsaslandırılmasının mümkün olmadığı bir vəziyyətdə tn Təqsirləndirilən şəxs2uə yuxarıda göstərilən əməllərinə görə CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətsiz deyildir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş, cəza tədbirinin müəyyən edilməsində səhvə yol vermiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədə göstərilən məlumatlarla müəyyən edilmişdir ki, Nəsibov X5 Şəhər Məhkəməsinin 29.07.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 1 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11.10.2020-ci il tarixdə cəzası bitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 cinayət törətməyə meyillidir, əvvəllər də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri məhkum olunaraq cəzalanmasına baxmayaraq islah olunmamış, yenidən cinayət törətməklə öz cinayətkar fəaliyyətini davam etdirmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları təhlil edərkən bu kimi halları qiymətləndirməmiş və ona cəza təyin edərkən onun cinayətkar fəaliyyətə meyilli olmasını, əvvəllər ona təyin edilmiş cəzadan nəticə çıxarmamasını nəzərə almamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 bundan əvvəl də eyni xarakterli, cinayət törətmiş və bu əməllərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib bitirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmış və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, Təqsirləndirilən şəxs1 sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamış və yenidən cinayət törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tam olaraq ödəməsi, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsinə də əsas götürməklə yenə də həbslə bağlı olmayan cəza təyin etməklə onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun olmayan cəza təyin etmişdir ki, bu da CM-in 8-ci maddəsinin tələbləri baxımından ədalətli hesab edilə bilməz. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 bundan əvvəl də eyni cinayətləri törətmiş və bununla əlaqədar olaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almamışdır Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsi barədə nəticəyə gələrkən cəzanı yüngülləşdirən halların məcmusunu və iş üzrə cəzanı ağırlaşdıran halların isə olmamasını onun təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin məhkəmə cinayət qanunvericiliyinin bir şəxsin eyni növ cinayətə görə məhkum olunduğunu nəzərə almamış və əsassız olaraq yenidən ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Ona görə də cəzanın Təqsirləndirilən şəxs1 münasibbətdə yüngül olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 04 dekabr 2020-ci ildən 06 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddətin hər bir günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalı və barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmalı və baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 407 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs1 04 dekabr 2020-ci ildən 06 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddətin hər bir günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun və barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablansın. Baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-230/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-230/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver