Məhkəmə qərarları › İş №1(107)-231/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-231/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-231/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı üç günün CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, hökmün icrasının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, ondan aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 23,935 qram çəkidə narkotik vasitə olan tiryəkin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, ondan ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məhkəmə məsrəfinin tutulub dövlət büdcəsinə ödənilməsi, vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 120 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 17 radələrində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 24,035 qram olan şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki Mingəçevir kəndinə piyada gedən zaman yolun kənarından tapıb qanunsuz olaraq üzərində saxlayaraq daşımış və xx xxx 2020-ci il tarixdə, saat 21 radələrində Mingəçevir ŞPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən “Dünyaya pəncərə” adlı binanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə, saat 21:55-də üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdə təmiz çəkisi 24,035 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza yüngüldür. Ona görə də onun CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə cinayət işi üzrə Mingəçevir ŞəhərMməhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ona cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Telman Əhmədov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs ailə vəziyyətinin çox çətin olduğunu, himayəsində xəstə, ahıl anasının olmasını, İİİ qrup əlil olduğunu, təzəcə işləməyə başladığını, əməlindən çox peşman olduğunu bildirmiş və ona görə də apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Ruslan Salahov bildirmişdir ki, apellyasiya protestinə etiraz edirəm. Belə ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyim şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, himayəsində yaşlı qoca anasının olmasını, özünün İİİ qrup əlil olmasını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. O da nəzərə alınmalıdır ki, şəxs İİİ qrup əlil olduğundan ona məcburi müalicə təyin etmək də mümkün deyil. Ona görə də apellyasiya protestinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya protesti təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş, cəza tədbirinin müəyyən edilməsində səhvə yol vermiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında” tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdara görə isə aşağı həddi 50 qram təşkil etdiyi halda Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından yuxarı həddindən 48 dəfə artıq, yəni 24,035 qram tiryəki satış məqsədi olmadan qanunsuz olaraq saxlamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl də CM-in 234.1-ci maddəsilə iki dəfə cinayət törətmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarxili hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş, daha sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 178.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində tətbiq edilmiş Milli Məclisin Amnistiya qərarı ilə cəzası 06 ay azaldılmış və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur. Göründüyü kimi, təqsirləndirilən şəxs bundan əvvəl də eyni xarakterli, yəni narkotik vasitəni özündə saxlama cinayəti törətmiş və bu əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cəzalardan şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin təqsirləndirilən şəxs yenidən eyni cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmış və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, Təqsirləndirilən şəxs sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamış və yenidən cinayət törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə onun törətdiyi əməldən peşman olmasını bildirməyini də əsas götürməklə yenə də həbslə bağlı olmayan cəza təyin etməklə onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun olmayan cəza təyin etmişdir ki, bu da CM-in 8-ci maddəsinin tələbləri baxımından ədalətli hesab edilə bilməz. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs bundan əvvəl də eyni cinayətləri törətmiş və bununla əlaqədar olaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş və o cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almamışdır Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsi barədə nəticəyə gələrkən cəzanı yüngülləşdirən halların məcmusunu və iş üzrə cəzanı ağırlaşdıran halların isə olmamasını onun təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin məhkəmə cinayət qanunvericiliyinin bir şəxsin eyni növ cinayətə görə məhkum olunduğunu və hazırki cinayəti də azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə törətdiyini nəzərə almamış və əsassız olaraq yenidən ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Ona görə də cəzanın yüngül olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, təqsirləndirilən şəxs CM-234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı üç gün CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq bir il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarti altına vermə qətimkan tədbiri ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 407 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı üç gün CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq bir il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar