Məhkəmə qərarları › İş №1(107)-231/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-231/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-231/2021 23.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 06 aprel 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsidə üç yetkinlik yaşına çatmayan uşağ olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 18 fevral 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Kür küçəsi, ev 25-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd şərfin hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılması, hökmün icrasının Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, iş üzrə mülki iddianın veriməməsi, ekspertiza xərcinin olmaması, Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi müəyyən edilmişdir. işin halları: Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan işgəncə verməklə törədilən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə qəsdən əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 25-də arvadı Zərərçəkmiş şəxs mobil telefonla başqa şəxslə ünsiyyət qurmasını bilərək qısqanclıq zəminində onunla mübahisə edib sonuncunu cəzalandırmaq məqsədilə ona qəsdən işgəncə verib döyməklə güclü fiziki ağrı və psixi iztirablar vermək qərarına gəlib bu cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs yataq otağındakı çarpayıya şərflə və istintaqa məlum olmayan digər iplə bağlayıb ona güclü fiziki ağrılar yetirmək məqsədilə əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən çoxsaylı şillə və təpik zərbələri vurub istintaqa məlum olmayan əlindəki alışqanla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrini yandırmış, 03 dekabr 2020-ci il tarixdə saat 22 radələrində həmin ünvanda eyni səbəblə cinayətkar niyyətini davam etdirərək hərəkətlərini mütəmadilik dərəcəsinə çatdırmaqla yenidən əlləri və ayaqları ilə güclü fiziki ağrılar yetirmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən çoxsaylı şillə və təpik zərbələri vuraraq, istintaqa məlum olmayan qayçı ilə baş nahiyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə “qarının sağ yan səthinin, hər iki qalça çuxurunun, sağ bazunun orta 1/3-nin yan səthinin, sağ saidin orta və aşağı 1/3-nin tış və arxa səthinin, sol qabırğaaltı nahiyənin, sol saidin orta 1/3-nin arxa səthinin, sol baldırın orta 1/3-nin yan səthinin İ dərəcəli yanıq yaraları (cəmi on yeddi ədəd) xəsarətləri ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri və başın təpə nahiyəsinin sıyrığı, sol əlin arxa səthində, sağ yanağın və sol çənəaltı nahiyənin qançırları xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, 03 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs psixi iztirablar verməklə həmin qayçı ilə sonuncunun saçlarını zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirib səliqəsiz formada kəsməklə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan işgəncə verməklə törədilən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə qəsdən əzab vermişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı etiraz verərək, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya protestinin təmin edilməməsini və iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs zəng edərək hədəqorxu gəlməmişdir. Özləri gəlib onlardan bütün əşyalarını çıxarıb aparıblar, onun sənədlərini isə yandırıblar. Bundan əlavə onun geyim əşyaları da zərərçəkmiş şəxs tərəfindən yandırılıb. Apellyasiya protestinin dəlillərini qəbul etmir. Ona görə də həmin protest üzrə qərar qəbul edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd edir. Müdafiəçi X2 əlavə olaraq bildirdi ki, protestin dəlillərini əsassız hesab edir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi iclasında özü ərizə verib ki, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil. Bundan başqa hazırkı iş üzrə münaqişənin baş verməsinin səbəbkarı zərərçəkmiş şəxs özü olmuşdur. Məhkəmə kollegiyasının iclasındakı çıxışında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını, birinci instansiya məhkəməsi iclası zamanı ona təsir etdiyini, müvafiq şikayətlər etməyə qoymadığını, 2020-ci ilin dekabr ayından ayrı yaşadıqlarını, təqsirləndirilən şəxsin ona əvvəllər işgəncə verməsə də, dəfələrlə döydüyünü, birinci instansiya məhkəməsinin hökmündən sonar da, ona təzyiqlər etdiyini və öldürməklə hədələdiyini bildirdi. Ona görə protestin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya protestinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilməli, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiqi ilə bağlı müddəa hökmdən xaric edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə Ağdaş şəhərində yaşamış Zərərçəkmiş şəxs ilə rəsmi nikahla ailə qurmuşdur. Onların birgə nikahlarından üç uşağı olmuşdur. Əvvəllər Jalə ilə münasibəti yaxşı olmuş, aralarında dava-dalaş olmamışdır. Bəzi vaxt onun Jalə ilə sözlü mübahisəsi olmuşdur. O, Jalə ilə ailə qurduğu vaxtdan sonuncu 04 dekabr 2020-ci il tarixədək mobil telefon istifadə etmiş və Jalənin bir neçə ədəd telefon nömrəsi olmuşdur. 2020-ci ilin mart ayında o, Jalənin istifadə etdiyi ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə başqa şəxslərlə danışdığını müəyyən etmişdir. O, Jaləyə iradını bildirmiş və mobil telefonunu əlindən almış, nömrəsini isə sındırmışdır. 2020-ci ilin aprel ayında Jaləyə “Smartfon” tipli bir ədəd mobil telefon və bir ədəd mobil telefon nömrəsi almışdır. 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında Jalə həmin mobil telefondan və mobil telefon nömrəsindən istifadə etmişdir. 02 dekabr 2020-ci il tarixdə saat 17 radələrində işdən çıxaraq yaşadığı evə gəlmişdir. Həmin vaxt oğlanları Nihad və İsmayıl evdə olmuşdur. Saat 18 radələrində Jalə evə gəlmiş və yataq otağına daxil olmuşdur. O, Jalənin çantasından hansısa bir əşya çıxarıb çarpayının döşəyinin altında gizlətdiyini görmüşdür. Saat 22 radələrində o, Jaləyə “sən məndən nə isə gizlədirsən” demişdir. Jalə ona “heç nə gizlətmirəm” deyə cavab vermişdir. Jalədən döşəyin altında gizlətdiyi əşya barədə soruşmuşdur. Jalə heç bir əşya gizlətmədiyini demişdir. Jaləyə “gəl birlikdə döşəyin altına baxaq, görək nə var” demişdir. Jalə “lazım deyil” demişdir. O, döşəyi qaldırmış və döşəyin altında kiçik ölçüdə bəzəkli sellofan torbanın olduğunu görmüşdür. O, torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd ***-***-**-** saylı mobil telefon nömrəsi və yeddi ədəd mobil telefon nömrələri yazılmış bir ədəd kağız parçası olmuşdur. O, Jalədən bir ədəd mobil telefon nömrəsi və kağız parçasına yazılmış mobil telefon nömrələri barədə soruşmuşdur. Jalə ona nömrədən istifadə etmədiyini, kağız parçasına yazılmış nömrələrin isə kimə məxsus olduğunu bilmədiyini demişdir. Sonra Jalə ***-***-**-** saylı mobil telefon nömrəsini təxminən bir il əvvəl aldığını etiraf etmişdir. O, istifadə etdiyi telefonla kağız parçasına qeyd edilmiş mobil telefon nömrələrinə bir-bir zəng etmişdir. İki nəfər şəxs onun zənginə cavab vermişdir. Həmin şəxslərdən biri ona hərbiçi olduğunu, hərbi hissədə N nəfər hərbiçi olduğunu, telefonunu hər bir hərbiçinin istifadə etdiyini, onun arvadı ilə heç vaxt danışmadığını, digər hərbiçilərin isə danışıb-danışmadığını bilmədiyini demişdir. Digər şəxs isə Bakı şəhərində yaşadığını, ailəli olduğunu, onun arvadı ilə danışmadığını demişdir. O, Jalədən yenidən həmin şəxslər barədə soruşmuşdur. Jalə həmin şəxsləri tanımadığını və heç kimlə danışmadığını demişdir. Bundan sonra o, əli ilə Jalənin üz və baş nahiyələrindən bir neçə dəfə şillə zərbəsi vurub düzgün danışmasını tələb etmişdir. Jalə ona sonuncunu vurmamağı, baş verənləri düzgün danışacağını demişdir. O, Jaləni daha vurmamış və ona düzgün danışmasını demişdir. Lakin, Jalə əvvəl dediklərini yenidən təkrar etmiş və baş verənlərin hamısını danışmamışdır. Bundan sonra o, Jalənin qollarını sonuncuya məxsus olmuş boyun şərfi ilə, ayaqlarını isə tozsoranın naqili ilə çarpayıya bağlamışdır.O, əli ilə Jalənin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurmuş və həqiqəti söyləməsini tələb etmişdir. Lakin, Jalə mobil telefon nömrələri barədə bir söz deməmişdir. O, alışqanla Jalənin qarın, qol, ayaq və digər nahiyələrini bir neçə yerdən yandırmışdır. Onun oğlanları digər otaqda olmuşlar və Jaləni döydüyünü, yandırdığını görməmişlər. Həmin gün saat 23:40 radələrində o, oğlu İsmayılı yatızdırması üçün Jalənin qollarını açmışdır. 03 dekabr 2020-ci il tarixdə səhər saatlarında Jaləyə işə getməyə icazə verməmişdir. O, işə getmiş və saat 16 radələrində evə qayıtmışdır. Saat 17 radələrində Jaləyə onunla birlikdə əyləşməsini, telefon söhbəti barədə ona həqiqəti bildirməsini demişdir. Həmin vaxt qonşusu Raisə evə gəlmişdir. Buna görə də o, Jalə ilə söhbət etməmişdir. Raisə Jalə ilə birlikdə tort bişirmişdir. Bir neçə saat sonra Raisə yaşadığı evə getmişdir. Saat 21 radələrində o, Jaləni yataq otağına aparmışdır. Həmin vaxt Raisə gələrək onunla söhbət etmək istədiyini, Jalə ilə arasında baş verənlərdən xəbərinin olduğunu demişdir. Raisə ona Jaləni döyməməyi, Jalənin əvvəllər hansısa bir şəxslə danışdığını, sonralar isə Jalənin heç kimlə danışmadığını, Jaləni bağışlamağını demişdir. O, Raisəyə getməsini və ailə işinə qarışmamasını demişdir. Bundan sonra Raisə evdən çıxaraq getmişdir. O, Jaləni yataq otağına çağırıb həqiqəti danışmasını və kiminlə danışmasını ona deməsini bildirmişdir. Jalə yenə də kiminlə danışdığını ona deməmişdir. O, əli ilə Jalənin üz nahiyəsindən bir neçə dəfə şillə zərbəsi vurmuşdur. Jalə yenə də həqiqəti danışmamışdır. O, əli ilə Jalənin saçını tutub möhkəm dartmış, sonra isə Jalənin saçını kəsməyi qərara almışdır. O, qayçı ilə Jalənin saçının qabaq tərəfini kəsmiş, sonra isə Jalənin saçının hamısı dibindən kəsməyə çalışmışdır. Jalə əlləri ilə başını qoruyub saçını qayçı ilə kəsməyinə imkan verməmişdir. O, Jalənin başının qanadığını görmüşdür. Bundan sonra qayçını kənara qoymuş və Jaləyə ilkin tibbi yardım göstərmişdir. Jalənin başına yod vurmuş, dəsmalı soyuq su ilə isladıb Jalənin yarasına qoymuşdur. Həmin vaxt Raisə evə gəlmiş və Jalənin xəsarət aldığını görmüşdür. Raisə ona evdən çıxıb getməyini, təcili tibbi yardıma zəng edəcəyini demişdir. O, Raisəni evdən çıxartmışdır. Raisə qonşulara məlumat verdiyi üçün bir neçə dəqiqə sonra Raisənin əri Elnur, digər qonşusu Rövşən və Rövşənin arvadı Həqiqət onun yaşadığı ünvana gəlmişlər. O, həmin şəxsləri evə buraxmamışdır. Həmin şəxslər ona arvadı Jalə ilə dalaşmamağı, cavan ailə olduğu demişlər. O, həmin şəxslərə daha Jalə ilə dalaşmayacağını demişdir. Həmin gün Jalə evdə qalmışdır. 04 dekabr 2020ci il tarixdə saat 11 radələrində işdə olarkən Jalənin xalası Könül ona zəng edib onu evə çağırmışdır. O, evə gedərək Könülün, Sevincin, Leylanın və Rövşənin gəldiyini görmüşdür. Həmin şəxslər ondan nə səbəbə Jaləni döydüyünü soruşmuşlar. O, Jalənin mobil telefonla başqa şəxslərlə danışdığını müəyyən etdiyini demişdir. Həmin gün Jalə onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmədən əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxs Jalə Rəsulova ilə barışdığını və Jalənin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından üç uşaqları olmuşdur. Ailə qurduqdan sonra Natiqlə birlikdə Yevlax şəhəri, Kür küçəsində yaşamışdır. 2019-cu ilin dekabr ayının sonlarında bayram ərəfəsində Natiq “Smartfon” tipli bir ədəd mobil telefon alıb ona hədiyyə etmişdir. O, həmin telefonu 2020-ci ilin noyabr ayınadək istifadə etmişdir. Həmin vaxt Natiqlə onun arasında hər hansı bir hadisə baş verməmişdir. 02 dekabr 2020ci il tarixdə saat 17 radələrində o, işdən çıxaraq evə qayıtmışdır. Natiq və uşaqları evdə olmuşdur. Yataq otağına daxil olub taparaq əldə etdiyi çantasında saxladığı bir ədəd mobil telefon sim nömrəsini və nömrələr yazılmış kağız parçasını çarpayının üstündəki döşəyin altında gizlətmişdir. Natiq gələrək döşəyin altında hansı əşyanı gizlətdiyini ondan soruşmuş və döşəyi yuxarı qaldırmışdır. Natiq telefon nömrəsini və kağız parçasını tapmış, bu barədə ondan soruşmuşdur. O, Natiqə nömrə və kağız parçasının ona məxsus olmadığını, həmin əşyaları tapıb əldə etdiyini demişdir. Natiq onun telefonu ilə kağız parçasında yazılmış mobil telefon nömrələrinə bir-bir zəng etmişdir. Saat 20 radələrində Natiq onunla mübahisə etmiş, telefon nömrəsi və kağız parçasına yazılmış nömrələr barədə, kiminlə danışdığını soruşmuşdur. O, Natiqə heç kiminlə danışmadığını bildirmişdir. Lakin Natiq ona inanmayaraq bu barədə təkrar soruşmuşdur. Natiq onunla dalaşmağa başlamışdır. Natiq hamam xalatının ipi ilə onun qollarının bilək nahiyəsini birbirinə bağlamışdır. Natiq əli ilə onun üzünün hər iki tərəfindən təxminən 6-7 dəfə şillə zərbəsi vurmuşdur. Sonra o, aşağı əyilmiş və həmin vaxt Natiq ayağı ilə onun üzündən iki dəfə təpik zərbəsi vurmuşdur. Natiq əli ilə onun başını tutub dizi ilə təxminən 5-6 dəfə zərbə endirmişdir. Natiq iplə onun əllərini, tozsoranın naqili və xalatının ipi ilə isə onun ayaqlarını çarpayıya bağlamışdır. Natiq alışqanla onun gözlərini yandıracağını, heç kimi görə bilməyəcəyini demişdir. Sonra Natiq şərflə onun gözlərini və ağzını bağlamışdır. Natiq əlindəki alışqanla onun qollarını, ayaqlarını, qarnını, böyrünü və üzünü bir neçə dəfə, bir neçə yerdən yandırmışdır. Natiq onun gözünü yandıran zaman o, qollarını ipdən çıxartmış və Natiqə mane olmuşdur. Natiq onun gözlərini yandıra bilməmiş, lakin, alışqanla onun sağ qaşını yandırmışdır. O, ağrıdan qışqırmışdır. Digər otaqda olmuş uşaqları Natiqin onu döydüyünü bilib ağlamışlar. Uşaqlarının yataq otağına daxil olmasının qarşısını almaq üçün Natiq otağın giriş qapısını bağlamışdır. Həmin vaxt qonşusu Raisə adlı qadın onun yaşadığı evə gəlmişdir. Uşaqları ağladığı üçün Natiq onun ayaqlarını açmışdır. Natiqin onu döyməsi və yandırması nəticəsində o, bədəninin müxtəlif nahiyələrindən yanıq, başından, üzündən, qollarından, ayaqlarından qızarmış, şişmiş xəsarətlər almışdır. 03 dekabr 2020ci il tarixdə səhər saatlarında xəsarəti olduğu üçün işə getməmişdir. Natiq evdən çıxaraq işə getmiş və saat 18 radələrində evə qayıtmışdır. Natiq ona danışdığı şəxsin adını kağıza yazıb verməsini demişdir. O, yenə də Natiqə heç kimlə danışmadığını demişdir. Saat 20 radələrində Raisə onun yaşadığı evə bəzəmək üçün tort gətirmişdir. O, Raisənin tortunu bəzəmiş, Natiq də onlara kömək etmişdir. Bundan sonra Natiq Raisəyə evdən getməsini demişdir. O, Raisəyə Natiqin onu döyəcəyini demişdir. Raisə evdən getmək istəməmiş, Natiqə sakitləşməsini, onu döyməməsini demişdir. Natiq Raisəni məcburi olaraq evdən çıxartmışdır. Saat 22 radələrində Natiq onu yataq otağına salmış, zaldakı televizorun səsini yüksəltmiş və uşaqlara zalda olmalarını demişdir. Natiq yataq otağının giriş qapısını bağlamışdır. Natiq onu çarpayının üstünə uzadıb əlləri ilə onun üzündən, qollarından və ayaqlarından dəfələrlə şillə və yumruq zərbələri vurmuşdur. O, Natiqə yalvarıb onu döyməməyi bildirmişdir. Lakin Natiq ona məhəl qoymamış və onu döyməyə davam etmişdir. Bundan sonra Natiq kəlpətin, bıçaq və qayçı gətirmişdir. O, qorxmuş, Natiqin bıçaqla və qayçı ilə ona çoxlu sayda xəsarət yetirəcəyini bilmişdir. Ağlayaraq Natiqə yalvarmış, ona xəsarət yetirməməyi və onu döyməməyi demişdir. Natiq ona məhəl qoymayıb qayçı ilə onun saçını kəsəcəyini demişdir. Natiq qayçı ilə onun saçının ön və orta hissəsini iki yerdən kəsmişdir. Qayçı onun başının ortasına dəymiş və başı kəsilmişdir. O, qışqırıb kömək istəmişdir. Həmin vaxt qonşusu Raisə onun yaşadığı evə gəlmiş, başından qan axdığını, saçının kəsildiyini görmüşdür. Natiq Raisəni evdən çıxartmışdır. Natiq onun başından qan axdığından qorxub yarasına yod və “zelyonka” vurmuşdur. Bundan sonra Natiq onu daha döyməmişdir. 04 dekabr 2020-ci il tarixdə o, dayısının arvadı Sevincə zəng edərək Natiqin onu döyməsi barədə məlumat vermişdir. Onun anası, xalası Könül, bacısı Leyla və Leylanın əri evə gəlmişlər. Qohumları onun xəsarət aldığını və saçının kəsildiyini görmüşlər. O, mobil telefonla 102-yə zəng edərək Natiqin onu döyməsi barədə məlumat vermişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, Natiqin onun müalicə xərclərinə köməklik etdiyini, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını və gələcəkdə bir ailə kimi bir yerdə yaşayacaqlarının istisna olmamasının nəzərə alınmasını xahiş etdi. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ağdaş rayonunda yaşayır. Zərərçəkmiş şəxs onun doğma bacısı İfadənin qızıdır. Bacısı qızı Jalə 2007-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə qurmuşlar. 2018-ci il tarixdə Natiqin Jaləyə qarşı münasibəti pisləşmiş, bu səbəbdən həmin vaxt Jalə uşaqları ilə birlikdə Ağdaş şəhərində valideyinlərinin evinə yaşamışdır. 2020-ci ilin noyabr ayında və dekabr ayının əvvəlində Jalə oğlanları Nihad və İsmayılla birlikdə Yevlax şəhərində Natiqlə yaşamışdır. 04 dekabr 2020-ci il tarixdə səhər saatlarında bacısı İfadə ona Natiqin Jalə ilə dalaşıb Jaləni döydüyünü, Natiqin Jaləyə bədən xəsarətləri yetirdiyini, təcili olaraq Yevlax şəhərinə getmələrini demişdir. Həmin vaxt o, bacısı İfadə, İfadənin qızı Leyla, Leylanın əri Rövşən və qardaşı arvadı Sevinclə birlikdə Yevlax şəhərinə gəlmişlər. Jalə oğlanları Nihad və İsmayılla birlikdə yaşadığı evdə olmuş, Natiq isə evdə olmamışdır. O, Jalənin döyülmüş vəziyyətdə olduğunu və saçının səliqəsiz formada kəsildiyini görmüşdür. Jalə qarın, böyür, qol, ayaq və bədəninin digər nahiyələrini onlara göstərmişdir. Jalənin bədəninin müxtəlif nahiyələrində təxminən on ədəddən çox sayda yanıq xəsarətlərinin olduğunu, üzündə, qollarında, başında və digər nahiyələrində qızarmış, göyərmiş xəsarətlərin olduğunu görmüşdür. Jalə Natiqin 2020-ci ilin dekabr ayının 02-də və 03-də gecə saatlarında onu çarpayıya bağladığını, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurduğunu, alışqanla bədənini bir neçə yerdən yandırıb əzab verdiyini, qayçı ilə saçını kəsdiyini, həmin vaxt qayçının başının dərisini də zədələdiyini, başından qan axdıqdan sonra Natiqin ona əzab verməsini bitirdiyini və Natiqin onu mobil telefon vasitəsi ilə başqa şəxslərlə danışmaqla günahlandırdığını demişdir. Jalə onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla “102” xidmətinə zəng edərək Natiq tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları Jalənin yaşadığı ünvana gəlmişlər. Jalə Natiq tərəfindən döyülməyi barədə ərizə yazmışdır. Bundan sonra onlar Jaləni və uşaqlarını götürüb Ağdaş şəhərinə getmişlər. 05 dekabr 2020-ci il tarixdə o, Jaləni Yevlax şəhər ekspertiza şöbəsinə aparmışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağdaş rayonu, Maşad kəndində yaşayır. Zərərçəkmiş şəxs onun baldızı İfadənin qızıdır. Jalə 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşlar. 2018-ci il tarixdə Natiqin Jaləyə qarşı münasibəti pisləşmiş, bu səbəbdən həmin vaxt Jalə uşaqları ilə birlikdə Ağdaş şəhərinə valideyinlərinin evində yaşamışdır. 2020-ci ilin noyabr ayında və dekabr ayının əvvəlində Jalə oğlanları Nihad və İsmayılla birlikdə Yevlax şəhərində Natiqlə yaşamışdır. 04 dekabr 2020-ci il tarixdə səhər saatlarında Jalə ona zəng edərək Natiqin onu döyüb bədən xəarətləri yetirdiyini, saçını kəsdiyini və yanına gəlmələrini demişdir. O, bu barədə Jalənin anası İfadəyə bildirmişdir. Bundan sonra o, İfadə, İfadənin qızı Leyla, Leylanın əri Rövşən və İfadənin bacısı Könüllə birlikdə Yevlax şəhərinə gəlmişlər. Jalə oğlanları Nihad və İsmayılla birlikdə yaşadığı olmuşdur. Natiq isə evdə olmamışdır. O, Jalənin ağladığını, sonuncunun döyülmüş vəziyyətdə olduğunu, üst-başının, saçının səliqəsiz formada olduğunu görmüşdür. Jalə qarın, sinə, qol və bədəninin digər nahiyələrini onlara göstərmişdir. O, Jalənin bədəninin müxtəlif nahiyələrində təxminən iyirmi ədədə yaxın sayda yanıq xəsarətlərinin olduğunu, üzündə, ayaqlarında, qollarında, başında və digər nahiyələrində qızarmış, göyərmiş xəsarətlərin olduğunu görmüşdür. Jalənin saçı bir neçə yerdən kəsilmişdir. Jalə Natiqin 2020-ci ilin dekabr ayının 02-də və 03-də gecə saatlarında onu çarpayıya bağladığını, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurduğunu, alışqanla bədənini bir neçə yerdən yandırıb ona əzab verdiyini, qayçı ilə saçını kəsdiyini, qayçı ilə başından kəsilmiş xəsarət yetirdiyini, başından qan axdıqdan sonra Natiqin ondan əl çəkdiyini və Natiqin onu mobil telefon vasitəsi ilə başqa şəxslərlə danışmaqla günahlandırdığını demişdir. Jalə Könülün istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla “102” xidmətinə zəng edərək Natiq tərəfindən döyülməsi barədə məlumat vermişdir. İş üzrə Şahid5 birinci instansiya məhləməsinə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 10 ildən artıq müddətdir tanımışdır. Jalə onun qonşusu Təqsirləndirilən şəxs ailə qurmuşdur. Onun və ailə üzvlərinin Jalə və Natiqlə yaxşı qonşu münasibəti olmuş, birbirinin evinə gediş-gəlişləri olmuşdur. X5 münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir dava-dalaş baş verməmişdir. 2020-ci ildə Natiqin Jaləyə qarşı münasibəti pisləşmiş, Jalə uşaqları ilə birlikdə bir müddət Ağdaş şəhərində valideyinlərinin evində yaşamışdır. 2020-ci ilin noyabr ayında və dekabr ayının əvvəlində Jalə uşaqları ilə birlikdə əri Natiqin evində yaşamışdır. 03 dekabr 2020-ci il tarixdə səhər saatlarında Jalənin oğlu Nihad yaşadığı evə gələrək anasının onu çağırdığını demişdir. O, Nihadla birlikdə Jalənin yaşadığı evə getmişdir. Evdə Jalənin qolunda bir neçə ədəd yanıq xəsarətinin olduğunu görmüşdür. Jalə gecə saatlarında Natiqin onu döydüyünü, alışqanla onun qolunu və bədənini bir neçə yerdən yandırdığını demişdir. Bundan sonra Jalə paltarını açıb bədənini ona göstərmişdir. O, Jalənin böyür və üz nahiyələrində bir neçə ədəd yanıq xəsarətinin, ayaqlarında isə göyərmiş və qızarmış xəsarətlərin olduğunu görmüşdür. O, Jaləyə hadisə barədə valideyinlərinə məlumat verməsini demişdir. Jalə isə valideyinlərinə bildirmək istəmədiyini demişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında o, yanıq əleyhinə maz götürüb Jalənin yaşadığı evə getmiş və həmin mazı Jaləyə vermişdir. Bundan sonra Nihad yaşadığı evə gələrək ona “atam mamamı döyür” demişdir. O, dərhal Jalənin yaşadığı evə getmişdir. O, Nihad və İsmayılın evin zalında olduğunu, televizorun səsinin yüksək olduğunu görmüşdür. Natiq və Jalənin evin yataq otağında olduğunu bilmişdir. O, yataq otağına daxil olmamış və Jaləni səsləmişdir. Jalə yataq otağından çıxıb onun yanına gəlmişdir. Sonra isə Natiq otaqdan çıxaraq onun yanına gəlmişdir. O, Jalənin saçının səliqəsiz, dağınıq və yolunmuş vəziyyətdə olduğunu görmüşdür. Jaləyə bişirdiyi tortu bəzəməsini demişdir. Jalə onun tortunu bəzəmişdir. Natiq də onlara kömək etmiş və ayulduz hazırlamışdır. O, Natiqə Jalə ilə dalaşmamasını, uşaqlarının psixikasının pozula biləcəyini demişdir. Tort hazırlandıqdan sonra o, tortu götürüb yaşadığı evə getmişdir. Saat 22 radələrində Jalənin mobil telefonuna zəng etmişdir. Zəngə Nihad cavab verərək ona “atam mamamı otağa salıb döyür” demişdir. O, Nihada “mamanı çağır telefona” demişdir. Nihad “mamam gələ bilmir” demişdir. O, yaşadığı evdən çıxıb Jalənin yaşadığı ünvana getmişdir. O, həyətə giriş darvazasının bağlı vəziyyətdə olduğunu görmüş və qapını döymüşdür. Natiq gələrək qapını açmış və nə səbəbə gəldiyini soruşmuşdur. O, Natiqə yalan olaraq ləyən almaq üçün gəldiyini demişdir. Natiq evdə ləyən axtarmağa başlamışdır. O, isə evin yataq otağına daxil olmuş, Jalənin qana boyandığını və başında sarğı olduğunu görmüşdür. Jalə ona Natiqin qayçı ilə saçını kəsdiyini, həmin vaxt qayçının Jalənin başından xəsarət yetirdiyini demişdir. O, Natiqə evdən çıxıb onun yaşadığı evə getməsini, təcili tibbi yardım avtomobili çağıracağını, həkimlərin gəlib Jaləyə kömək etməsini demişdir. O, Jalənin qanını görüb qorxmuş və həyəcanlanıb qışqırmışdır. Natiq ona əsəbləşmiş və “burda heç nə yoxdur, çıx get burdan” demiş və onu evdən çıxartmışdır. O, yaşadığı evə gedərək əri Elnura hadisə barədə məlumat vermişdir. O, Elnura Jaləyə kömək lazım olduğunu, birlikdə gedib Natiqi evdən çıxarmasını, Jaləyə kömək edəcəyini demişdir. O, Elnur, qonşuları Rövşən və Rövşənin arvadı Xatirə ilə birlikdə Natiqin evinə getmişlər. Onlar Natiqi səsləyib çölə çağırmışlar. Natiq qapının önünə gəlmişdir. X8 yardım etmək istədiklərini demişlər. Natiq onlara “heç nə lazım deyil, özüm hər şey etmişəm” demişdir və onlar yaşadığı evə qayıtmışlar. Gecə saatlarında o, Natiqin Rusiya Federasiyasında yaşamış anası Gülnaza zəng edərək Natiqin Jaləni evdə döyüb xəsarət yetirdiyini demişdir. Səhəri gün Jalənin anası İfadə və qohumları gələrək Jaləni və uşaqlarını Ağdaş şəhərinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının 05 dekabr 2020-ci il tarixli 745 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-başın təpə nahiyəsinin sıyrığı, qarının sağ yan səthinin, hər iki qalça çuxurunun, sağ bazunun orta 1/3-nin yan səthinin, sağ saidin orta və aşağı 1/3-nin tış və arxa səthinin, sol qabırğaltı nahiyənin, sol saidin orta 1/3-nin arxa səthinin, sol baldırın orta 1/3-nin yan səthinin İ dərəcəli yanıq yaraları (cəmi on yeddi ədəd), sol əlin arxa səthində, sağ yanağın və sol çənəalatı nahiyənin qançırları; Bu xəsarətlərdən başın təpə nahiyəsinin sıyrığı sivri uclu alətin, ola bilsin qayçının, qançırlar küt alətin-alətlərin (əşyanın) təsirindən, qalan digər xəsarətlər yüksək hərarətin (alovun) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 2-4 gün əvvələ uyğun gəlir, 02-03.12.2020-ci il tarixdə yetirilməsi istisna edilmir. Qeyd olunan xəsarətlərdən İ dərəcəli yanıq yaraları səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər–sıyrıq və qançırlar sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlərdən bədənin müxtəlif nahiyələrinin İ dərəcəli yanıq yaraları adətən xüsusi ağrı törətmək məqsədi ilə yetirilən zaman törənir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji Kabinet tərəfindən verilmiş 08 fevral 2021-ci il tarixli 406 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Sabir, 2009-cu il təvəllüdlü Nihad və 2011-ci il təvəllüdlü İsmayıl adlı üç azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin daha ağır maddəsinə tövsüf edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri daha ciddi qətimkan tədbiri ilə əvəz edilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmənin tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan işgəncə verməklə törədilən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə qəsdən əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 25-də arvadı Zərərçəkmiş şəxs mobil telefonla başqa şəxslə ünsiyyət qurmasını bilərək qısqanclıq zəminində onunla mübahisə edib sonuncunu cəzalandırmaq məqsədilə ona qəsdən işgəncə verib döyməklə güclü fiziki ağrı və psixi iztirablar vermək qərarına gəlib bu cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs yataq otağındakı çarpayıya şərflə və istintaqa məlum olmayan digər iplə bağlayıb ona güclü fiziki ağrılar yetirmək məqsədilə əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən çoxsaylı şillə və təpik zərbələri vurub istintaqa məlum olmayan əlindəki alışqanla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrini yandırmış, 03 dekabr 2020-ci il tarixdə saat 22 radələrində həmin ünvanda eyni səbəblə cinayətkar niyyətini davam etdirərək hərəkətlərini mütəmadilik dərəcəsinə çatdırmaqla yenidən əlləri və ayaqları ilə güclü fiziki ağrılar yetirmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən çoxsaylı şillə və təpik zərbələri vuraraq, istintaqa məlum olmayan qayçı ilə baş nahiyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə “qarının sağ yan səthinin, hər iki qalça çuxurunun, sağ bazunun orta 1/3-nin yan səthinin, sağ saidin orta və aşağı 1/3nin tış və arxa səthinin, sol qabırğaaltı nahiyənin, sol saidin orta 1/3-nin arxa səthinin, sol baldırın orta 1/3-nin yan səthinin İ dərəcəli yanıq yaraları (cəmi on yeddi ədəd) xəsarətləri ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri və başın təpə nahiyəsinin sıyrığı, sol əlin arxa səthində, sağ yanağın və sol çənəaltı nahiyənin qançırları xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, 03 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs psixi iztirablar verməklə həmin qayçı ilə sonuncunun saçlarını zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirib səliqəsiz formada kəsməklə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan işgəncə verməklə törədilən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə qəsdən əzab vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlinin ictimai təhlükəliliyi xüsusi önəm kəsb edir. Belə ki, ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Hazırda zərərçəkmiş şəxs Jalə Rəsulovanın da Təqsirləndirilən şəxs şikayətçi olması, onunla heç bir barışığın əldə edilməməsi təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyini artıran, yəni onu ictimai təhlükəliliyi daha yüksək olan şəxs kimi xarakterizə edən haldır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmənin tətbiqinin cəzanın məqsədlərini təmin edə biləcəyinə əmin deyildir. Təqsirləndirilən şəxs oğlunun ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti olaraq çəkməsi onun islah olunmamasına, təhlükəli meyllərin təsirindən çıxa bilməməsinə və yenidən cinayət törətməsinə səbəb ola bilər. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını şərti olaraq təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı sayır. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə məhkum edilmələrinə dair Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilməli, həmin hökmdən “Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi” ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunsun və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 23 iyun 2021-ci il tarixdən hesablanmalı, Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilsin. Həmin hökmdən “Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi” ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunsun və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 23 iyun 2021-ci il tarixdən hesablansın. Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar