Məhkəmə qərarları › İş №1(107)-234/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-234/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-234/2021 11.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(051)-60/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən N.Paşayev) 20 aprel 2021-ci il tarixli, 1(051)-60/2021 nömrəli hökmü ilə, xx xxxx 1982–ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Astara Rayon Məhkməsinin 02.03.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1 -ci maddələri ilə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri Günəşli bağ massivi 8 küçədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitesiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 228.1– ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1– ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 02 dekabr 2020–ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.836 qram və 0.023 qram olan narkotik vasitə heroin, həmçinin 0.021 qram psixatrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8 ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı olan patronlar dövlət nəfinə alınmaqla müsadirə edilməsi, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 102 manat 54 qəpik (bir yüz iki manat əlli dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində təmiz çəkisi 0.886 qram, 1 (bir) ədəd üzərində ”Valerian” yazısı olan kiçik şüşə qabda təmiz çəkisi 0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evində yataq otağındakı dolabın içərisində olan göy rəngli gödəkçəsiniıı sol yan cibində və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 8 (səkkiz) ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab olunan patronları isə həmin evin yataq otağında olan paltar dolabında saxlamış, 02.12.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun və CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin yerdən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş içərisində təmiz çəkisi 0.886 qram, l (bir) ədəd üzərində”Valerian” yazısı olan kiçik şüşə qabda təmiz çəkisi 0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 8 (səkkiz) ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavodu üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(051)-60/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Dövlət ittihamçısı apellyasiya protestində Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(051)-60/2021 nömrəli hökmü ilə məhkum olunan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona maddə üzrə sanksiyanın yuxarı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, apellyasiya protestinə etiraz edirəm. Belə ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyim şəxsin şəxsiyyətini, nəzərə alaraq, ona qanuni və ədalətli cəza təyin etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti qismən təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Məhkəmə kollegiyası qpellyasiya protestinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlma ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Bundan başqa "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş, Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahıda narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qram, müəyyən edilmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Astara Rayon Məhkməsinin 02 mart 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 dekabr 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs bundan əvvəl də eyni xarakterli, yəni narkotik vasitəni özündə saxlama cinayəti törətmiş və bu əməlinə görə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəkdiyi cəzanın islah təsirinə məruz qalmamış, yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Bundan başqa, Astara Rayon Məhkəməsinin 02 mart 2016-ciil tarixli hökmünə nəzər salanda müəyyən olunur ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirmişdir Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmışdır və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, Təqsirləndirilən şəxs sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamış və yenidən cinayət törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə onun törətdiyi əməldən peşman olmasını bildirməsini də əsas götürməklə yenə də onun ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etməsi CM-in ədalət prinsipi baxımından ədalətli hesab edilə bilməz. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1ci maddəsi ilə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 228.1-ci maddəsi ilə isə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzasının nəzərdə tutulduğu halda ona qəti olaraq iki il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü dəyişdirilməli və təqsirləndirilən şəxsə təyin olunmuş cəza ağırlaşdırılmalıdır. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş iki il azadlıqdan məhrum etmə cəzası artırılaraq iki il altı ay müəyyən edilsin. Hökm baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar