Məhkəmə qərarları › İş №1(107)-236/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-236/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-236/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Rəcəb oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X5 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Rəcəb oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Məhkəməsinin (hakimlər Rəşid Hüseynov (sədrlik edən), Nahid Mirzəyev və Bilal Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilo olmayan, evli, işləməyən, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, bina 4, mənzil 41-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə olduğu xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilə kimi olan iki günün ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılması, üzərində qəti olaraq üç il iki ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan, yəni xx xxxxxxx 2020-ci ildən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalından həbs edilməsi, saxlanması üçün X2 təhvil verilməsi, onun X2 çatdırılması və təhvil verilməsinin X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilməsi, həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, maddi sübut olan və X8 Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd idman şalvarı, bir ədəd poliver və bir ədəd papaqlı poliver, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçənin müvafiq olaraq sahiblərinə qaytarılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə, saat 21:30-da, Yevlax şəhəri, Nizami prospekti, 33 nömrəli yaşayış binasının qarşı tərəfindəki səkidə, sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs qardaşı Şahid1 narkotik vasitələrdən istifadə etməyə öyrətməsi və Şahid1 azyaşlı oğlu Cavad Ağahəsənlini döyməsi səbəbi ilə şəxsi münasibətlər zəminində mübahisə edərək qisas almaq məqsədi ilə üzərində olan ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə Zərərçəkmiş şəxs sağ bud və sol körpücükaltı nahiyələrindən iki dəfə qəsdən vuraraq ona “sağ budun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran və sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hökmdən təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs təyin olunan cəzanın CM-in 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilməsini apellyasiya şikayətinə əlavədə isə Təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsi tətbiq edilməklə cəzasının 1 il altı ay müəyyən edilməsi, həmin cəzanın da şərti hesab edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, səhv etmişdir. İçkili olmuşdur. Ailə vəziyyəti çətin olduğundan və səhhətinə görə işləməyən qardaşının uşaqları da onun himayəsində olduğundan, ona güzəşt edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Telman Əhmədov bildirmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və təqsirəndirildiyi maddənin sanksiyası çərçivisində ona aşağı həddə cəza təyin etmişdir. Hesab edirəm ki, təqsirləndirilən şəxs CM-in 62 və 70-ci maddələrinin tətbiqi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə uyğun çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin və ona verilmiş əlavənin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayət və narazılığı yoxdur. Təqsirləndirilən şəxs yetimdi, atası, anası yoxdur. Təqsirləndirilən şəxsin cəzasını şərti olaraq çəkməsinə etirazı, şikayət və tələbi yoxdur. Qol və çiyin nahiyəsindən, habelə ayağından xəsarət almışdır. Xəsarətləri ağır olmamışdır. Ağır yaralansaydı, xəstəxanada yatardı. O isə xəstəxanadan səhərisi gün çıxmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, X5 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən, apelyasiya şikayətinə əlavədən və Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. O, Zərərçəkmiş şəxs sağ budun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası, sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirmişdir. Xəsarətlərdən sağ budun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran, sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası isə yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin aşağı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrın (himayəsində xx xxxxxx 2010-cu il təvəllüdlü Rəna və xx xxxxxx 2014-cü il təvəllüdlü Rasim adlı iki azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödəməsi) olması, ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi cəzanın islah təsiri baxımından mütənasib deyil. Ona görə də apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Həm apellyasiya şikayətinə əlavədən, həm Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətindən, həm də onun müdafiəçisinin çıxışından görünür ki, təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsinin tətbiq edilərək qanunla müəyyən edilmiş digər alternativ cəza təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti sayılması xahiş olunur. Bu tələblərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan təqdirdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxsə CM-in 70-ci maddəsinin tətbiq edilməsi məsələsinə gəlincə, CMin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün sayıla bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, X5 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. X5 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar