Məhkəmə qərarları › İş №1(107)-236/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-236/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-236/2022 14.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (sədrlik edən C.İmanov) 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1989-cu ildə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş; Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, həbs olunana kimi Göyçay rayonu, Qarabaqqal kəndində yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 4 ay müddətə azadlıqdan məhrum etmə cazası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq doqquz il doqquz ay müddətə azadlıqdan məhrum etmə cazasının saxlanılması, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 08 fevral 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkməsi, iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmış, tədqiqatdan sonra qalıq qalmış 0,62 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə məhkəmə xərci olan 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X4, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ**********0000003944 SWİFT. Bik CTREAZ22 hesaba köçürülməsi, Maddi sübutla bağlı hökmün icrası Şəki rayon icra şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir ona görə ki, o, Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında saxlanılarkən "X1 İntizam Qaydaları" ilə qadağan olunmuş əşya sayılan təmiz çəkisi 0,66 qram olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və 25 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində həmin təcridxananın 2-ci korpusunda yerləşən telefon otağından çıxarkən həmin otaqla üzbəüz yerləşən həkim otağının qarşısında olan Şahid3 ilə rastlaşdığı zaman üzərində gəzdirdiyi içərisində qeyd edilən narkotik vasitə olan kağız bükülünü sonuncu ilə əllə görüşərək ona verərkən müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ilk dəfə məhkum olunmasını, ali təhsilli olunmasını, cəza müddətinin ağır olmasını, törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 317- 2.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı qanunsuz hesab edərək, ona daha aşağı həddə cəza verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallarır məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CMin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növünün aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həm qanuni, həm də ədalatli hesab etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Şikayətin məzmunundan göründüyü kimi, təqsirləndirilən şəxs həmin şikayətdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının daha aşağı həddinin təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar