Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-24/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X11, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsiləndirilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(024)-29/2019 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən M.Qarayev) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx.xx.1992-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qax şəhəri, Qaxmuğal küçəsi, ev 9-da pasport qeydiyyatında olan, faktiki olaraq Qax şəhəri, N.Hikmət küçəsi, ev 27-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddətin bir günü CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerini gecə vaxtı saat 23:00- dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Zaqatalarayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyata alındığı gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Hökmün icrasının Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 211.11 (iki yüz on bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, iş üzrə maddi sübut olan bir ədəd “Keneksi” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması, iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməmiş qalan hissəsini ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olmasının izah olunması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qəsdən, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki o, qəsdən, özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Qax şəhər sakini Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı Qax şəhəri, F.Əmirov küçəsi, ev 10-da yerləşən həyət evinə pəncərədən qanunsuz daxil olaraq yataq otağındakı siyirməli şkafdan 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində gümüş klonları, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində gümüş uşaq boyunbağını, 3 ədəd iki ədədinin dəyəri 15 manat və bir ədədinin dəyəri 10 manat olmaqla 40 manat dəyərində gümüş boyunbağını, 3 ədəd hər birinin dəyəri 10 manat olmaqla 30 manat dəyərində gümüş qolbağı, 2 ədəd hər birinin dəyəri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd gümüş sırğanı və hər birinin dəyəri 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd gümüş üzüyü və həmin siyirməli şkafın yanında olan digər paltar şkafından isə bir ədəd 180 manat dəyərində 583 əyarlı 3 qramlıq qızıl üzüyü, bir ədəd 583 əyarlı 360 manat dəyərində 6 qramlıq qızıl üzüyü, bir ədəd 583 əyarlı 180 manat dəyərində 3 qramlıq qızıl boyunbağını, bir ədəd 583 əyarlı 180 manat dəyərində 3 qramlıq qızıl sırğanı, bir ədəd 583 əyarlı 120 manat dəyərində 2 qramlıq qızıl klonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 1200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən, özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Qax şəhər sakini Zərərçəkmiş şəxs2 yaşadığı Qax şəhəri, N.Hikmət küçəsi, ev 34-də yerləşən həyət evinə qanunsuz daxil olaraq evin yataq otağındakı çarpayının üstündə olan bir ədəd 130 manat dəyərində “KENEKSİ” markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 130 (bir yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(024)-29/2019 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Qax Rayon Məhkəməsinin 1(024)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarılmamış, cinayətin əsl təfərrüatları doğru qeyd edilməmiş hüquqları əhəmiyətli dərəcədə pozulmuşdur. Belə ki, o Qax Şəhəri, F.Əmirov küçəsi ev 10-da kirayədə yaşadığı müddətdə yəni, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində olduğu zaman ev sahibinin yeznəsi Təqsirləndirilən şəxs gecə saatlarında saxlanc yerinə girərək ona məxsus olan zərgərlik əşyalarını oğurlamış və ona 3855 manat dəyərində zərər vurmuşdur Bundan başqa həmin zaman 400 manat pul və 200 ABŞ dolları pul oğurlanmışdır. O, oğurlanmış zərgərlik əşyalarının qiymətləndirilməsi barədə Zaqatala rayon Kooperativ Cəmiyyəti tərəfindən rəy alaraq müstəntiqə təqdim etmişdir. Lakin, müstəntiq və məhkəmə rəyi nəzərə almamışdır. Lakin, cinayət işini aparan müstəntiq maddi ziyanı cəmi 1200 manat məbləğində səhf hesablamışdır. Belə ki, müstəntiq Z.Abdullayev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə məhkəmə-əmtəəçünaslıq ekspertizasının rəyini iş materiallarına əlavə etmişdir. Halbuki ekspertin rəyindən görünür ki, maddi sübutlar elspertizaya təqdim edilməmişdir. Belə olduğu halda ekspertin rəyi ilə razılaşmır. Halbuki, Təqsirləndirilən şəxs oğurlanmış qızıl əşyalarını Zaqatala Şəhər sakini X1 bildirmişdir. Belə olan halda maddi sübutlar aşkar olunduğu yerdən götürülməli və ekspertizaya təqdim edilməli idi. Ona dəymiş maddi ziyan cəmi 4255 manat və 200 ABŞ dolları pul təşkil edir. Pul barədə ittiham aktında eyni zamanda Məhkəmə hökmündə heç bir qeyd yazılmamamış, ümumiyyətlə bu məsələ mübahisələndirilməmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə o cinayət işinin istintaqı ilə razılaşmamış və imza etməmişdir. Bundan əlavə, olaraq məhkəmə təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin etmiş, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallara düzgün hüquqi qiymət verməmiş, təqsirləndirilən şəxsin mənfi xarakteriza olunmasını, əvvəllər məhkum olunmasını, dəymiş zərəri ödəməməsini nəzərə almamış və həbslə əlaqədar olmayan cəza təyin etmişdir. Lakin, o həmin cəza ilə razı deyil. Çünki, zərərçəkmiş şəxs bir dəfədə olsa zərəri ödəmək üçün ona müraciət etməmişdir. Ona görə də hökmün ləğv edilməsini, cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və müstəntiqin barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X22 oğlu hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(024)-29/2019 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs1 Qax Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 1(024)-29 saylı hökmünü ləğv edilməsini, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və müstəntiqin barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X8 bildirdi ki, müdafiə tərəfi olaraq apelyasiya şikayətinin əsassız olduğun bildirir. Qeyd olunan halların movcudluğu ilə əlaqədar qarşı tərəf hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, işdə olan ekspert rəyi tam qanunidir. Bu rəydə dəymiş ziyan göstərilmiş və tam dəqiqliklə hesablanmışdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs bildirdi ki, qalan ziyan nə qədərdirsə onu da qaytaracaqdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(024)-29/2019 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş itihamda özünü təqsirli bilərək bildirdi ki, iyul ayının 15-də ona pul lazım olduğu üçün evə daxil olmuşdur. Oğurladığı əşyaları Zaqatala şəhərində X2 680 manat pul almışdır. Polis tətəfindən tutulduqdan sonra əməlini etiraf etmişdir. Müstəntiq ona dəymiş zərərin ödənilməli olduğunu bildirmişdir. Anası Rusiyadan qayıtdıqdan sonra kredit götürərək zərəri ödəmişdir. Məhkəmədə ona əlavə 200 manatında ödənilməli olduğu bildirilmişdir. Gümüşləri fərdi adama satmışdır. Sonradan həmin adamı taparaq 40 manata satdığı gümüş əşyaları 100 manata alaraq geri qaytarmışdır. Əməlindən səmimi peşmandır. Ehtiyacı olduğu üçün oğurluq etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, oğurladığı gümüş əşyalardan 2 boyunbağı və s. zinət əşyaları qalıb. Evə tək daxil olmuşdur. Dəymiş zərəri ödəyəcəkdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirdi ki, yaşadıqları mənzil təqsirləndirilən şəxsin qaynatasının evi olmuşdur. Bakı şəhərində olduğları vaxt qonşu tərəfindən onlara zəng olunmuşdur. Bundan sonra polisə məlumat vermişlər. Hadisə yerinə gələn polislər iki nəfərin əl izinin olduğunu müəyyən etmişlər. Səhəri gün polis şöbəsinə ifadə vermək üçün getmişlər. Müstəntiqin göstərişləri əsasında məlum izahatları yazmışdır. Çünki, müstəntiq bildirmişdir ki, bu oğrunun tapılması üçündür. Bundan sonra işi aparan müstəntiq dəyişmiş, iş Zöhrab müəllimə keçmişdir. Ona bildirmişdir ki, dəyən zərərlərin məbləği təkcə qızıllardan ibarət deyil. Evdə mebellər qırılmış, əlavə olaraq 400 manat pul və 200 dollar oğurlanmışdır. Bundan sonra müstəntiq onlardan rəy istəmişdir. Onlarda Zaqataladan rəy alıb gətirmişlər. Daha sonra müstəntiq onlara rəyin Bakıdan gəldiyini bildirmişdir. Müstəntiq işin aparılması üçün lazım olan biliyə malik olmamışdır. Aparılan araşdırma ilə razı deyil. Məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, konkret olaraq qızıl, gümüş zinət əşyaları və pulları oğurlanmışdır. Apelyasiya şikayətində göstərdiyi siyahını Zaqataladan aldığı rəy əsasında vermişdir. Ona dəymiş zərər 1200 manat deyil, daha artıqdır. Göstərilən məbləğ aşağıdır. Təqsirləndirilən şəxs ona 1000 manat pul ödəmişdir. Siyahıda qeyd etdiyi əşyaların qiymətinin qramla ifadədə daha artıq göstərməsinin səbəbi onların üzərində olan daşların qiymətli olması ilə əlaqədardır. Məbləği əvvəl az sonra daha çox göstərməsinin səbəbi hadisədən xəbər tutduqdan sonra yol gəlməsi, gecə saat 4-5-ə qədər onlarda polis olmasına görə əvvəlcə oğurlanan əşyaların dəqiq nələr olduğunu bilməməsdir. Əvvəlcə izahat verərəkən təqsirləndirilən şəxsdə pencəyin cibindən qızıl oğurladığını dediyinə görə elə zənn etmişdir ki, təkcə o qızıllar oğurlanıb. Gümüşlərin müəyyən hissəsi geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda fərdi əməklə məşğul olur. Əvvəllər oğurluq etdiyinə məhkum olunmuş və həmin məhkumluğu ödənilmişdir. xx xxxx 2019-cu il tarixdə axşam saat təxminən 18 radələrində avtovağzalın həyətində yerləşən “PUB” kafesində pivə içmiş, həmin günü gecə saat 24 radələrində kafedən çıxıb evə gedən zaman Zərərçəkmiş şəxs1 evinin qarşısından keçərkən evdən oğurluq etmək qərarına gəlsə də, yay vaxtı olduğu üçün bir az da gözləmək qərarına gəlmiş və evinə getmişdir. Saat 02 radələrində evdən çıxaraq Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gəlmiş, hasardan aşaraq həyətə düşmüş, evdən səs gəlmədiyini, işığın yanmadığını və giriş qapsınını bağlı olduğunu görərək, həmin qapının yanındakı açıq halda olan pəncərədən evə daxil olmuşdur. Evin girişində ayaqqabılar qoyulan şkafı axtarmış, lakin oradan pul və qiymətli hər hansı əşya tapmamış, evdəki yataq otaqlarından birinə daxil olmuş, otağı axtarsa da oradan da pul və qiymətli hər hansı əşya tapmamış, digər yataq otağını axtardıqda isə həmin otaqdakı siyirməli şkafda olan 2 ədəd gümüş klonları, 2 ədəd gümüş uşaq boyunbağısını, 3 ədəd gümüş boyunbağı, 3 ədəd gümüş qolbağı, 2 ədəd gümüş sırğa və 2 ədəd gümüş üzüyü, həmin şkafın yanındakı digər şkafdan isə bir ədəd 583 əyarlı 3 qramlıq qızıl üzüyü, bir ədəd 583 əyarlı 6 qramlıq qızıl üzüyü, bir ədəd 583 əyarlı 3 qramlıq qızıl boyunbağını, bir ədəd 583 əyarlı 3 qramlıq qızıl sırğanı, bir ədəd 583 əyarlı 2 qramlıq qızıl klonu oğurlayaraq gəldiyi yerdən evi tərk etmişdir. Həmin qızılları Zaqatala şəhərində yerləşən bazardakı qızıl-zinət əşyaları satılan mağazalardan birində 680 manata satmışdır. Gümüş əşyalarını isə həmin bazarda tanımadığı valyuta dəyişən şəxsə 34 manata satmışdır. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində yaşadığı evin yerləşdiyi küçədə gəzişərkən qonşusu Muradın evndən oğurluq etmək qərarına gəlmiş, evin həyətinə girib Muradı səsləmiş, Murad səs vermədiyi üçün onun evdə olmadığına əmin olaraq evə girmiş, evin yataq otağındakı çarpayının üstündə olan bir ədəd “Keneksi” markalı mobil telefonu oğurlayaraq evi tərk etmişdir. Hər iki cinayəti təkbaşına törətmiş, oğurluğu heç kim görməmiş və köməklik etməmişdir. Həmin oğurluqları maddi imkansızlığına görə törətmişdir. Qax rayon polis şöbəsinə dəvət edildikdə törətdiyi əməlləri səmimi olaraq etiraf etmişdir. Hərəkətindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxslərdən Murada vurduğu ziyanı tam olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurduğu 1200 manat maddi ziyandan isə 1000 manatını istintaq zamanı ödəmiş, qalan 200 manatını da qısa vaxtda ödəyəcəkdir. Himayəsində bir yetkinlik yaşına çatmayan uşağı, qardaşı və anası vardır. Onlara yalnız özü baxır. Hərəkətindən peşman olmasını, öhdəsində bir yetkinlik yaşına çatmayan uşağı, qardaşı və valideyininin olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə 2016-cı ilin dekabr ayından Qax şəhəri, F.Əmirov küçəsi, 10 ünvanında yerləşən fərdi yaşayış evində kirayədə qalır. Oğurluq hadisəsi baş verən günü evdə olmamış, ailə üzvləri ilə birlikdə Bakı şəhərində olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə isə otaqlardakı əşyaların dağınıq halda olduğunu görərək evdən oğurluq edildiyindən şübhələnmişdir. Evi axtardıqda evin yataq otağındakı paltar skafına qoyduğu bəzək əşyalarının yəni-2 ədəd gümüş klonların, 2 ədəd gümüş uşaq boyunbağısının, 3 ədəd gümüş boyunbağının, 3 ədəd gümüş qolbağın, 2 ədəd gümüş sırğanın və 2 ədəd gümüş üzüyün, eləcə də digər şkafdakı bir ədəd 583 əyarlı 3 qramlıq qızıl üzüyün, bir ədəd 583 əyarlı 6 qramlıq qızıl üzüyün, bir ədəd 583 əyarlı 3 qramlıq qızıl boyunbağının, bir ədəd 583 əyarlı 3 qramlıq qızıl sırğanın, bir ədəd 583 əyarlı 2 qramlıq qızıl klonun yerində olmadığını görmüşdür. Həmin əşyaların oğurlandığını anlayaraq ərizə ilə rayon polis şöbəsinə müraciət etmişdir. Polisin apardığı araşdırma nəticəsində oğurluğu Təqsirləndirilən şəxs törətməsi məyyən edilmişdir. Təqsirləndirilən şəxs ona hesablanmış 1200 manat zərərin 1000 manatını ödəmişdir. Lakin, hesab edir ki, ona məxsus qızıl-zinət əşyalarının dəyəri ekspertiza rəyi ilə 1200 manat müəyyən edilsə də, onların faktiki dəyəri daha yüksəkdir. Təqsirləndirilən şəxs onun tələb etdiyi məbləği tam ödəmədiyi üçün onunla barışmamışdır. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qax şəhərində yaşayır. Oğurluq hadisəsi baş verən xx xxxx 2019-cu ildə evdə olmamış, dostları ilə birlikdə şəhərə gəzməyə çıxmışlar. Evdən tələsik çıxdığı üçün 130 manat qiymətində olan “Keneksi” markalı mobil telefonunu çarpayının üstündə unutmuşdur. Lakin, saat 21 radələrində evə qayıtdıqda telefonun çarpayının üzərində olmadığını görmüş, axtarsa da tapmamış, itirdiyini düşünmüşdür. Polis şöbəsinə dəvət olunduqda isə telefonunun qonşusu Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs onun telefonun geri qaytarmış, onunla barışaraq razılıq əldə etmişdir. Özü də həmin şəxsi bağışlamışdır. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində şahid qismində dindirilmiş X24 oğlu zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zaqatala şəhərindəki mərkəzi bazarda təxminən 15 ildir ki, qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin iyul ayının 16-da işdə olan zaman saat təxminən 16 radələrində bir nəfər şəxs ona yaxınlaşıb 3 və 6 qram çəkidə 2 ədəd qızıl üzüyü, 3 qram çəkidə qızl boyunbağını, 3 qram çəkidə qızıl sırğanı, 2 qram çəkidə qızıl klonu satmaq istədiyini bildirmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsini tələb edərək aldıqdan sonra vəsiqədəki şəxsiyyəti barədə məlumatları dəftərdə qeyd edərək həmin qızılları ondan 682 manata almışdır. Lakin sonradan Qax rayon polis şöbəsinə dəvət edildikdə Adil adlı həmin şəxsin qızılları oğurladığını öyrənmişdir. İşin 204-205-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2019cu il tarixli 21179 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonun 2019-cu ilin iyul ayı üçün orta bazar qiyməti 80 manat, təqdim edilməyən 5 adda malların nəzəri qaydada qiyməti təxminən 1020 manat təşkil edir. Digər təqdim edilməyən 5 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 46-47-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2019-cu il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 112-114-cü vərəqələrində olan Qax rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(024)-15/2019 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad olunmuşdur. İşin İ15-116-cı vərəqələrində olan müstəntiqin “Təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 93-95-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Qax şəhər sakini Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı Qax şəhəri, F.Əmirov küçəsi, ev 10-da yerləşən fərdi yaşayış evindən 2 ədəd hər birinin dəyəri 10 manat olmaq 20 manat dəyərində gümüş klonları, 2 ədəd hər biri 10 manat olmaqla 20 manat dəyərində gümüş uşaq boyunbağını, 3 ədəd ikisi 15 manat və biri 10 manat olmaqla 40 manat dəyərində gümüş boyunbağını, 3 ədəd hər biri 10 manat olmaqla 30 manat dəyərində gümüş qolbağı, 2 ədəd hər biri 15 manat dəyərində olmaqla 30 manat dəyərində 2 ədəd gümüş sırğanı və hər biri 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd gümüş üzüyü və bir ədəd 180 manat dəyərində 583 əyarlı 3 qramlıq qızıl üzüyü, bir ədəd 583 əyarlı 360 manat dəyərində 6 qramlıq qızıl üzüyü, bir ədəd 583 əyarlı 180 manat dəyərində 3 qramlıq qızıl boyunbağını, bir ədəd 583 əyarlı 180 manat dəyərində 3 qramlıq qızıl sırğanı, bir ədəd 583 əyarlı 120 manat dəyərində 2 qramlıq qızıl klonu və xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Qax şəhər sakini Zərərçəkmiş şəxs2 yaşadığı Qax şəhəri, N.Hikmət küçəsi, ev 34-də yerləşən fərdi yaşayış evindən bir ədəd 130 manat dəyərində “KENEKSİ” markalı mobil telefonu oğurladığı yeri və şəraiti göstərmişdir. İşin 32-33-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “maddi sübutun könüllü təqdim edilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı evindən oğurladığı bir ədəd “Keneksi” markalı mobil telefonu könüllü olaraq polisə təqdim etmişdir. İşin 126-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “sənədlərin təqdim edilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, X9 Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarının 682 manat müqabilində ona satmasını təsdiq edən sənədin surətini istintaqa təqdim etmiş, həmin sənəd sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İşin 199-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi 2888 saylı arayışdan görünür ki, X7 ailə tərkibi özündən, anası X4, qardaşı X10 və 2003-cü il təvəllüdlü qızı X5 ibarətdir. İşin 200-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, X14 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 132-133-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Qax rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2 və 232.1-ci maddələri ilə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmin məhkumluqları ödənilmişdir. İşin 179-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına yazılmış qəbzdən görünür ki, ona dəymiş maddi ziyanın 1000 (bir min) manatı ödənilmişdir. İşin 217-226-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut olan bir ədəd “Keneksi” markalı mobil telefon saxlanılması üçün cinayət işi üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Həmin telefonun qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 80 manat qiymətləndirilsə də, zərərçəkmiş şəxsin ifadəsi əsas götürülərək 130 manat qiyməti qəbul edilmiş və ittiham həmin qiymətlə verilmişdir. Hazırda araşdırılan işdən bəlli olur ki, apelyasiya şikayətinin əsas dəlillərindən biri kimi Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanın cəmi 4255 (3855 manat dəyərində oğurlanmış əşyalar+400 manat) və 200 ABŞ dolları pul təşkil etdiyini bildirmişdir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlilləri ilə razılaşmır. Belə ki, Zərərçəkmiş şəxs1 iş materiallarında ilkin verdiyi izahatında (bax cinayət işi İ cild vərəq 11) dəymiş zərərin 85 manat olduğunu, ikinci izahatında (bax cinayət işi İ cild vərəq 23) 1000 manat zərər dəydiyini, zərərçəkmiş şəxs kimi verdiyi ifadəsində isə 1200 manat zərər dəydiyini bildirmişdir. Bundan əlavə zərərçəkmiş özü də ifadəsində bir ədəd 583 əyarlı 3 qramlıq qızıl üzüyün, bir ədəd 583 əyarlı 6 qramlıq qızıl üzüyün, bir ədəd 583 əyarlı 3 qramlıq qızıl boyunbağının, bir ədəd 583 əyarlı 3 qramlıq qızıl sırğanın, bir ədəd 583 əyarlı 2 qramlıq qızıl klonun oğurlandığını bildirmiş, həmçinin Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli 21179 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonun 2019-cu ilin iyul ayı üçün orta bazar qiyməti 80 manat, təqdim edilməyən 5 adda malların (qızılların) nəzəri qaydada qiyməti təxminən 1020 manat təşkil edir. Digər təqdim edilməyən 5 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Öyrənilən işdən bəlli olur ki, Zərərçəkmiş şəxs1 hər dəfə ona vurulmuş maddi zərərlə bağlı fərqli məbləğlər göstərsədə, yekunda ona vurulmuş zərərin 1200 manat olduğunu göstərmiş, eləcədə cinayət işinin materialları ilə tanış olaraq, sonda buna etiraz etmədiyini bildirmişdir. Digər tərəfdən, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadələrində ona məxsus mebellərin yarasız hala salındığını, həmçinin nəqd pulunun oğurlandığını bildirməmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs1 apelyasiya şikayətinin göstərdiyi dəlillər tədqiq edilən sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən də məhkəmə kollegiyası zərərçəkmişin apelyasiya şikayətində göstərdiyi dəlilləri inandırıcı qəbul etmir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxslərin, zərəçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, həmçinin hazıkı məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrlə, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi, bu cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 1200 manat məbləğində zərər vurulması heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə, həm də yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlinin CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Yuxarida şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, həmin subutlar kifayət qədər aydın, mötəbər və biri-birini tamamlayan təkzibolunmaz faktlara əsaslanır. Bununla da, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 apelyasiya şikayətində göstərdiyi (cəzanın yüngüllüyü) dəlillərinə də münasibət bildirmək istəyir. Çünki, Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı da ədalətli hesab etməmiş, şəxsin əvvəlki məhkumluğunun nəzərə alınmadığını qeyd etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də əsaslı saymır. Çünki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, (CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə X21 məhkəməsi x xxxx 2013-cü il taerixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Hazırda öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vuruduğu zərəri tam ödəmiş, onunla barışmış, digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurduğu zərərin isə əhəmiyyətli hissəsini ödəmişdir. Belə olan halda, məhkəmə kollegiyası Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(024)-29/2019 nömrəli hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxsə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(024)-29/2019 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(024)-29/2019 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-24/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-24/2020
30.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver