Məhkəmə qərarları › İş №1(107)-240/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-240/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-240/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 1(016)-20/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 07 aprel 2022-ci il tarixli, 1(016)- 20/2022 nömrəli hökmü ilə xx.xx.1970-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilmiş, Ağsu şəhəri X12 küçəsi ev 37-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 26 yanvar 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış və Ağsu Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş vəziyyətdə qalıq çəkisi 1,560 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat 10 qəpik) manat məbləğində məhkəmə xərcinin Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini əldə edib, yerini dəyişdirərək daşıyıb yaşadığı Ağsu şəhəri M.V.Vidadi küçəsində yerləşən 37 nömrəli evə gətirərək üzərində saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 10:20 radələrində Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri M.V.Vidadi küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada saat 10:30 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki yaşıl rəngli gödəkçəsinin sol qoltuq cibində qanunsuz olaraq saxladığı bir ədəd şəffaf sellofan bükülünün içərisində 1,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi X9 verdiyi apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(016)-20/2022 nömrəli hökmünü ləğv edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli hesab edərək birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdi və əlavə olaraq göstərdi ki, təxminən bir il olar narkotik vasitələrdən istifadə edir. Üzərində aşkar edilmiş heroin ona məxsus olmuşdur. Hökmdən narazılığı yoxdur. Narkotikdən istifadə etməklə səhv etdiyini dərk edir. Şəkər xəstəsidir. İmkan daxilində ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X4 hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 1(016)-20/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən ara-bir istifadə edir. Tutulmamışdan iki gün əvvəl, yəni 24 yanvar 2022-ci il tarixdə yaşadığı Ağsu şəhəri M.V.Vidadi küçəsində piyada şəkildə hərəkətdə olarkən həmin küçədə yerləşən avtobus dayanacağının arxasında yerdən bir büküm şəffaf sellofana bükülmüş kütlə olduğunu görmüş və özü əvvəllər narkotik vasitə olan heroindən istifadə etdiyi üçün həmin kütlənin heroin olduğunu bilmiş və istifadə edər deyə yerdən götürərək əynində olan yaşıl rəngli gödəkcənin sol qoltuq cibinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat 10:20 radələrində yaşadığı Ağsu şəhəri M.V.Vidadi küçəsində piyada şəkildə tək gəzərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək ona narkotik vasitədən istifadə etməyini bildirmişlər. Ona bu barədə məlumatları olduğunu və onlarla birlikdə Ağsu RPŞ-nə gəlməyi təklif etdikdə, o, heç bir yerə qaça və üzərində olan narkotik vasitə olan heroini tullaya bilməyəcəyini görmüş, onlarla birlikdə Ağsu Rayon Polis Şöbəsinə gəlmişdir. Daha sonra barəsində toplanmış material rayon polis şöbəsinin təhqiqat qrupuna verilmişdir. O, şübhəli şəxs qismində tutulmuş, hüquqları izah olunmuşdur. Öz istəyi ilə hüquqlarını müdaifə etmək üçün vəkil dəvət edilmiş və dəvət olunmuş vəkilin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış və götürmə keçrilərkən üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, o, üzərində narkotik vasitə olan narkomanlar arasında kokos kimi tanınan heroinin olmasını etiraf etmişdir. Polis əməkdaşlarına əynində olan yaşıl rəngli gödəkcəsinin sol qoltuq cibindən bir büküm şəffaf sellofona bükülmüş heroini cibindən çıxararaq təhvil vermişdir. Təqdim etdiyi sellofan bükülüdə olan kütlə sellofan qarışıq elektron tərəzidə çəkilmiş və çəkisinin 1,76 qram olması müəyyən olunmuşdu. Üzərindən aşkar olunmuş vasitənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonradan protokol tərtib olunmuş, tərtib olunmuş protokol düzgün tərtib olunduğu üçün o və baxışda iştirak edənlər protokolu imzalarla təsdiq etmişlər. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, 2020-ci ildən Ağsu RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 yanvar 2022-ci il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsində və istifadə etməsində şübhəli olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Sonra şöbənin Kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağsu şəhəri M.V.Vidadi küçəsində saxlayıb onunla söhbət edərək üzərində narkotik vasitə olmasını, narkotik vasitə qəbul etməsini, üzərində saxlaması barədə məlumatı olduğunu, həmin məlumatı yoxlamaq məqsədi ilə polis şöbəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra tərəfindən toplanmış material üzrə qərar qəbul edilməsi üçün RPŞ-nin rəisinə məruzə etmiş və toplanmış material TQ-na verilərkən Şahid2 Təqsirləndirilən şəxs yanında dayanmışdı. Toplanmış material üzrə araşdırma aparılması üçün rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Yaşar Ədilova həvalə olunmuşdur. Yaşar Ədilov tərəfindən Ceyun Abuşova şübhəli şəxs qismində tutulduğu bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün öz istəyi ilə vəkil təyin olunmuşdur. Bundan sonra rayon polis şöbəsində vəkil, foto və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkcəsinin sol qoltuq cibində 1 ədəd şəffaf sellefona bükülmüş bükümdə, deməsinə görə narkotik vasitə olan heroini təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni tutulmamışdan təxminən 2 gün əvvəl yaşadığı Ağsu şəhəri M.V.Vidadi küçəsində piyada şəkildə tək gəzərkən həmin küçədə yerləşən avtobus dayanacağının arxasında yerdən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülünün içərisində qəhvəyi rəngli, spesfik iyə məxsus, ilk görünüşündən heroinə bənzər narkotik vasitə elektron tərəzidə sellofan qarışıq çəkilmiş və çəkisinin 1,76 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin vasitəni ineksiya vasitəsi ilə məhlul halına gətirib damara vurma yolu ilə qəbul etdiyini bildirmişdir. Aşkar olunmuş vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib olunduğu üçün Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxslər protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Daha sonra alınmış rəydən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı bir ədəd sellofan bükülünün içərisində 1,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində Şahid2 göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsində və istifadə etməsində şübhəli olması barədə məxfi mənbədən Şahid1 daxil olmuş məlumatı yoxlamaq məqsədilə onun tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra onunla birlikdə Təqsirləndirilən şəxs Ağsu şəhəri M.V.Vidadi küçəsində saxlayıb onunla söhbət edərək üzərində narkotik vasitə olmasını, narkotik vasitə qəbul etməsini, üzərində saxlaması barədə məlumat olduğunu, həmin məlumatı yoxlamaq məqsədi ilə polis şöbəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra toplanmış material üzrə qərar qəbul edilməsi üçün RPŞ-nin rəisinə məruzə olunmuş və toplanmış material TQ-na verilərkən Təqsirləndirilən şəxs yanında dayanmışdır. Bundan sonra toplanmış materialın icrası təhqiqat qrupunun təhqiqatçısı Yaşar Ədilova həvalə olunmuşdur. Yaşar Ədilov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonuncunun öz istəyi ilə ona vəkil təyin olunmuşdur. Bundan sonra rayon polis şöbəsində vəkil, foto və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkcəsinin sol qoltuq cibində 1 ədəd şəffaf sellofana bükülmüş büküm təqdim etmiş, həmin bükümün içərisində narkotik olmuş və həmin narkotik vasitəni tutulmamışdan 2 gün əvvəl yaşadığı Ağsu şəhəri M.V.Vidadi küçəsində piyada şəkildə tək gəzərkən həmin küçədə yerləşən avtobus dayanacağının arxasında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülünün içərisində qəhvəyi rəngli, spesfik iyə məxsus, ilk görünüşündən heroinə bənzər narkotik vasitə elektron tərəzidə sellofan qarışıq çəkilmiş və çəkisi 1,76 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin vasitəni ineksiya yolu, damara vurmaqla qəbul etdiyini bildirmişdir. Aşkar olunmuş vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib olunduğu üçün Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxslər protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Daha sonra alınmış rəydən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı bir ədəd sellofan bükülünün içərisində 1,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində Şahid3 Yeylaqalı oğlu göstərdi ki, Təqsirləndirilən şəxs qohumudur. Ceyhun hazırda subaydır. Ceyhun Ağsu şəhəri Vidadi küçəsi 37 saylı evdə tək yaşayır. Hazırda onun narkotik vasitədən istifadə etməsini onun həbs olunmasından sonra eşitmişdir. Daha sonra ona məlum olmuşdur ki, Ceyhun narkotik vasitə olan heroindən ineksiya yolu ilə istifadə edir. Lakin Ceyhunu narkotik vasitə olan heroindən istifadə edərkən görməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri M.V.Vidadi küçəsində saxlanılıb polis şöbəsinə gətirilərəkən onun üzərindən narkotik vasitə heroin çıxdığı üçün həbs olunmuşdur, üzərindən aşkar olunmuş vasitəni isə tutulmamışdan iki gün qabaq tapdığını eşitmişdir. Cinayət işinin materiallarında olan: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 26 yanvar 2022-ci il tarixli, 17/98 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Tərtib etdi: təhqiqatçı: hal şahidləri...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 1,610 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” Ağsu Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma haqqında” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş vəziyyətdə olan narkotik vasitə qalıq çəkisi 1,560 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 17 fevral 2022-ci il tarixli, 199 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyndən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 83.2-ci maddəsi ilə təqsiri bilinrək 2 il şərti sınaq müddəti müəyyən edilməklə 3 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, cinayət işində (i. v. 23-24) olan şəxsi axtarış və götürmə barədə protokoldan, izahatından (i. v 30-31), 27 yanvar 2022-ci ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən (i. v. 55-57), barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Ağsu Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatdan (i. v. 69), birinci instansiya məhkəməsində verdiyi ifadəsindən (i. v.158-159), nəhayət apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edimiş narkotik vasitə olan heroinin ona məxsus olmasını və cinayət törətdiyini etiraf etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Hazırda baxılan cinayət işi üzrə tədqiq edilmiş sübutların məcmusu ilə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi öz təsdiqini tapır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 17 fevral 2022-ci il tarixli, 199 nömrəli rəyinə əsasən müəyyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyndən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların tərtib edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroin narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Velikova Bolqarıstana qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında göstərilmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə şikayətin dəlilləri məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya mərhələsində verdiyi ifadələri, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə birbirini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci nistansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxsona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun üzərindən çıxan 1,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroinin çəkisinin külli miqdara yaxın olmasını, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ağsu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(016)-20/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(016)-20/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar