Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-244/2021 19.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X5 oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 128-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 1(046)-35/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 21 aprel 2021-ci il tarixli 1(046)-35/2021 nömrəli hökmü ilə xx.xx.1980-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla, Göyçay şəhəri H.Əliyev prospekti bina 172-də yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirli bilinib, ona 240 saat müddətinə ictimai işlər cəzasının təyin edilməsi, təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerlərdə çəkməsi, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, cəzasının əvvəlinin ictimai işlərə cəlb edildiyi vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Göyçay Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay Rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 13.10.2020ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri Nizami küçəsində “Avtobazanın dairəsi” adlanan yerdə əvvəllər onun yanında fəhlə kimi işləmiş tanışı Zərərçəkmiş şəxs ondan borclu olduğu 132 manat pulunu istəməsini bəhanə edib əslində isə heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, habelə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə, sonuncuya qarşı ucadan nalayiq söyüşlər söyərək, üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib yumruq və təpiklə bir neçə dəfə sifət nahiyəsindən vuraraq ona, burun çəpərinin bir qədər sola əyilməsi, burunun yumşaq toxmalarının şişkinliyi, əllədikdə ağrılı olması, tənəffüs aktının hər iki burun dəliklərində bir qədər pozulması, hər iki burun dəliyindən qanaxma izləri ilə müşahidə edilən burun sümüklərinin yerini dəyişməmiş sınığı ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, CM-in 73.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi təqsirli bilinməsini xahiş etsə də, məhkəmənin gəldiyi qənaətlə razılaşır. Lakin məhkəmə hökmündə qeyd etdiyi kimi Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət və cinayət prosessual qanunvericiliyində imperativ normalar kimi müəyyən olunmuşdur. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsinin tətbiq edilməməsini əsaslandırmamış və əsassız olaraq tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmişdir. Ona görə də Göyçay Rаyоn Məhkəməsinin Təqsirləndirilən şəxs bаrəsindəki 21 aprel 2021-ci il tаriхli hökmü ləğv edilərək CM-in 73.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməlidir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Rəhman Kərimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini və zərərçəkmiş şəxslə barışdığı üçün Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа iştirak edən Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona ziyan vurulmadığını, ondan şikayətinin və tələbinin olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs ərizə təqdim edərək cinayət işi üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu bildirdi. O, məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs törətdiyi əmələ görə bir daha üzr istədi və barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X5 oğlu apellyasiya protestinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 1(046)-35/2021 nömrəli hökmü ləğv edilməli, CM-in 73.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətdən azad edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər onun yanında fəhlə işləyən Zərərçəkmiş şəxs 132 manat borcu qaldığından 13.10.2020-ci il tarixdə Cəfər ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin gün saat 10 radələrində Göyçay şəhəri Nizami küçəsində “Avtobaza dairəsinin” yaxınlığında Cəfərlə görüşərkən Cəfər ondan pulunu istədikdə ona pulu Ağasəfin verəcəyini bildirmişdir. Sonra isə Cəfər ona axşam görüşməyi təklif etmiş, Cəfərlə razılaşmış, lakin Cəfər axşam görüşə gəlməyənin ünvanına var-yox söyüşü söymüşdür. Daha sonra isə Cəfər onun ünvanına var-yox söyüşü söymüş, bundan sonra əsəbləşib yumruqla Cəfərin burun nahiyəsindən vurmuş Cəfər yerə yıxılarkən sifəti onun ayağına dəymişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmiş ki, Farizin ona 132 manat pul borcu olduğundan 13.10.2020-ci il tarixdə Farizə zəng edərək ondan pulunu istəmiş, sonra isə saat 10 radələrində Göyçay şəhəri Nizami küçəsində Farizlə görüşmüşdür. Farizə yaxınlaşaraq ondan hal-əhval tutmuş, sonra isə pulunu istəmişdir. Fariz bu zaman onun ünvanına nalayiq ifadələr işlədərək yumruqla burun nahiyəsindən vurmuş, həmin zaman zərbədən yerə yıxılmışdır. Hadisə zamanı ətrafda heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 13.10.2020-ci il tarixli 447 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – burun çəpərinin bir qədər sola əyilməsi, burunun yumşaq toxmalarının şişkinliyi, əllədikdə ağrılı olması, tənəffüs aktı hər iki burun dəliklərində bir qədər pozulması, hər iki burun dəliyindən qanaxma izləri ilə müşahidə edilən burun sümüklərinin yerini dəyişməmiş sınığı, küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 13.10.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyаsının qənaətincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 128.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 128.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ancaq məhkəmə kollegiyаsı hesab edir ki, birinci instаnsiyа məhkəməsi cinayət qanununun normasını tətbiq etməkdə səhvə yol vermişdir ki, bu da birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Belə ki, CM-in 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İşdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bunları birinci instansiya məhkəməsində verdiyi ifadəsində də bildirmişdir. Lakin birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə almadan Təqsirləndirilən şəxs əsassız və qanunsuz məhkum edərək ona cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə olan halda, apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 1(046)-35/2021 nömrəli hökmü ləğv edilməli, CM-in 73.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs CM-in 128.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətdən azad edilməlidir. CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407, 408-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya protesti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 1(046)-35/2021 nömrəli hökmü ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətdən azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-244/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-244/2021
19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver