Məhkəmə qərarları › İş №1(107)-245/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-245/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-245/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(091)-102/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakim Rəşad Əliyev) 28 aprel 2021-ci il tarixli, 1(091)-102/2021 nömrəli hökmü ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həbs edilənə kimi Ağsu rayonunun Musabəyli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi vaxtdan, yəni 08 noyabr 2020-ci ildən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 110 AZN (yüz on manat) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Ağsu rayon polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş, bir ədəd cins şalvar sahibi Zərərçəkmiş şəxs, bir ədəd jaket isə Təqsirləndirilən şəxs qaytarılması, bir ədəd bıçaq dəyəri müəyyən olunmadığına görə məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdə saat 19 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, mərc oyunlarının gedişini izləmək məqsədi ilə ünvan 3 ünvanda yerləşən «Topaz» idman mərc oyunları məntəqəsinə gəlmiş, içəri daxil olduqda, əvvəldən tanıdığı Ağsu şəhər sakini Zərərçəkmiş şəxs masa arxasında oturub oyunların gedişini izlədiyini görüb, sonuncuya yaxınlaşaraq əl verib görüşmüş, sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs onun əlindən tutub özünə tərəfə çəkməklə, həmin vaxt davam edən «Vətən müharibəsi»nə könüllü getməməkdə ittiham edib, ünvanına nalayiq ifadələr işlətmiş, yerə yıxaraq təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurub, əyninə geydiyi gödəkçəsini dartıb çıxarmışdır. Həmin vaxt o, məntəqədə olan kənar şəxslərin müdaxiləsindən sonra ərazidən uzaqlaşıb, Zərərçəkmiş şəxs, arxasınca onu təqib edəcəyini yəqin etdiyi üçün, yol kənarındakı mağazalardan birindən soyuq silah hesab edilməyən mətbəx bıçağı alıb özü ilə götürərək, Ü. Hacıbəyov küçəsi 3/1 ünvanında yerləşən «Görüş kafesi»nə gəlib, otaqlardan birində əyləşmiş, aradan bir neçə dəqiqə keçəndən sonra həmin kafedəki otağa daxil olan Zərərçəkmiş şəxslə aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı, o, Zərərçəkmiş şəxs üzərində olan bıçaqla bir dəfə vuraraq, sonuncuya sol baldırın 1/3 nahiyəsinin iç-arxa səthinin 12x0,2 sm ölcüdə yara, böyük dərialtı venanın və şaxələrinin, dərialtı gizli venanın, baldır əzələsinin tam kəsilməsi ilə kəskin qanaxma verən ağır dərəcəli posthemorragik şokla nəticələnən bir ədəd kəsilmiş yara ilə müşayiət olunmaqla, dərəcəsinə görə yetirilən andan həyat üçün təhlükəli olan, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(091)-102/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, olmadığı təqdirdə 1 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının verillməsini və cəzanın CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətləri üzrə məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilən Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(091)- 102/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(091)-102/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 126.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, olmadığı təqdirdə 1 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının verillməsini və cəzanın CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti tətbiq edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhrumetmə cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(091)-102/2021 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(091)-102/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(091)-102/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar