Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-25/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (sədrlik edən Abbas Əliyev) 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmü ilə xx.xx.1967-ci ildə Qəbələ rayonu Dızaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Qəbələ rayon Yeni Dızaxlı kəndində qeydiyyatda olan, Qəbələ rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 4(025)-22/2022 nömrəli qərarı ilə barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi, Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 21 iyul 2022-ci il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməsi və onun, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə məhkəmə məsrəfi olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************), iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 0,893 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 439,95 qram qurudulmuş marixuananın, həmçinin 01(bir) ədəd şprisin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, ona göstərilmiş 10 (on) saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 (altmış) manat məbləğində pulun dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməsi hökm edimişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir ədəd şəffaf sellofan torbaya bükülü təmiz çəkisi 0,943 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış, 21 iyul 2022-ci il tarixdə saat 18 radələrində Qəbələ şəhəri Polad Həşimov küçəsində üzərində daşıdığı zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin küçədə saxlanılıb polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə- heroin əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən aşkarlanaraq götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 20 radələrində Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qəbələ rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli 5(025)- 53/2022 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Yeni Dızaxlı kəndindəki evinə və həyətinə baxış keçirilən zaman onun 2021-ci ilin yay aylarında Qəbələ rayon Bayramkoxa kəndində əkin sahəsinin kənarında yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurudub, kustar üsulla hazırlamaqla satış məqsədi olmadan bir ədəd göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan torbaya bükülü vəziyyətdə həyətindəki tövlədə olan dəmir çəlləyin içərisində qanunsuz olaraq saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə təmiz çəkisi 440 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ibtidai istintaq orqanı Azərbaycan Respublikasının qanunlarını və CPM-in tələblərini, insan və vətəndaş hüquq və azadlıqlarının tələblərini kobud surətdə pozaraq sübut kimi yolverilməz saxta materiallardan istifadə etməklə təqsirləndirilmiş və barəsində cinayət işi açılmışdır. Lakin, birinci instansiya məhkəməsi də göstərilən hallara qiymət verməmiş və barəsində əsassız hökm çıxarılmışdır. Nəticədə onun və üç ailə üzvünün çətin həyat şəraitində qalmasına səbəb olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X11 apellyasiya şikayətində qeyd edilmiş xüsusatlarla bağlı oxşar məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirdi ki, apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna baxmayaraq Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona bəraət verilməsini xahiş etmişdir. Lakin, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini inandırıcı qəbul etməkdən imtina edir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X13rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bu baxımdan da, apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası bu fikirdədir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı sayı bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Beləki, təqsirləndirilən şəxs özünü həm birinci instansiya məhkəməsində həm də hazırda verdiyi ifadəsində özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsə də işdə olan 21 iyul 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında və 22 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmiş və protokollar həm özü həm də müdafiəçisi tərəfindən imzalanmışdır. Bundan başqa iş materialından görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Yeni Dızaxlı kəndində yerləşən yaşadığı evə və həyətyanı torpaq sahəsinə daxil olma və baxış keçirilməsi Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 5(025)-53/2022 nömrəli əməliyyat-axtarış tədbirlərinə dair qərarı əsasında həyata keçirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxs, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxs məhkəmə iclasında yeni şahidlərin dindirilməsinə dair vəsatətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, sözügedən vəsatət əsaslı sayıla bilməz. Belə ki, CPM-in 397.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: CPM-in 397.3.1-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; CPM-in 397.3.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə. CPM-in 397.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi yeni sübutların tədqiqini apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının uzadılması cəhdi kimi qiymətləndirdikdə, həmin sübutların tədqiq edilməsi haqqında vəsatəti rədd etmək hüququna malikdir. Lakin göründüyü kimi vəsatətdə dindirilməsi xahiş edilmiş şahidlərin nə ibtidai istintaqda nə də birinci instansiya məhkəməsində dindirilməsi üçün vəsatət verilməmiş, eyni zamanda həmin vaxt vəsatətin təqdim edilməsi üçün hər hansı maneə mövcud olmamışdır. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədən məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Həmçinin, uyğun olaraq apellyasiya şikayətinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı qeyri insani rəftara məruz qalması, məcburiyyət qarşısında qalaraq etirafedici ifadələr vermələri ilə bağlı dəlillərini qeyri səmimi hesab edir. Çünki, tədqiq edilən sübutlardan bəlli olur ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı daha ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, həqiqəti gizlətməyə çalışan ifadələr vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, təqsirləndirilən şəxs məlum cinayət işi ilə bağlı sərbəst ifadələr verərkən ona hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Bu hallar isə təqsirkarın məhkəmə istintaqında verdiyi ifadələrinin qeyri səmimiliyinə dəlalət edir. Təhlil olunan işdən bəlli olduğu kimi, ibtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlababatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi göstərilən şəxslər tərəfindən əsaslandırıla bilinməmişdir. Oxşar məsələləri tənzimləyən CPM-in 125.8-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətta şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən qeyd olunan şəxslərdən heç biri bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı təyziqə məruz qalaraq əməlini etiraf etdiyini bildirsə də işdə olan Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 4(025)-22/2022 nömrəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında polis şöbəsində hər hansı təyziqə məruz qalmadığını göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs məlum cinayət işi ilə bağlı sərbəst ifadələr verərkən ona hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Bu hallar isə təqsirkarın məhkəmə istintaqında verdiyi ifadələrin qeyri səmimiliyinə dəlalət edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasina görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmə də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbilədən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X5 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Digər tərəfdən iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdə Qəbələ rayon Xalq Məhkəməsi tərəfindən CMnin 145-ci maddəsinin 2-ci hissəsinin 41-ci bəndi il təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzası 05 il şərti sınaq müddəti cəzasına, xx.xx.2004-cü il tarixdə X12 şəhər Məhkəməsi tərəfindən Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin “V” bəndi ilə təqsirli bilinib 06 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)25/2017 nömrəli, 25aprel 2017-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxsAR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində CM-in 18.1-ci maddəsinə görə cinayətlərin residivi mövcud olmuşdur. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Belə olan halda, məhkəmə kollegiyası Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitənin çəkisinin kifayət qədər çox olmasını nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 1(025)-35/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-25/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-25/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver