Məhkəmə qərarları › İş №1(107)-251/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-251/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-251/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmündən Dövlət ittihamçısı Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmü ilə, xx.xx.1978-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi-39 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 08.03.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddətin onun cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayon Ləki qəsəbəsi C.Məmmədov küçəsi 39-da yerləşən yaşayış yerini saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması və Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülməsi, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yerin Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunması və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut, Ağdaş Rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 312.64 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində pulun tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 132 (yüz iyirmi) manatın dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına, 120 (yüz iyirmi) manatın Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili X3 “xxxx” ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməsi hökm edilmişdir. İşin halları Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, 2021-ci il yanvar ayının axırlarında Ağdaş rayon Ləki Qəsəbəsindən su arxının kənarından şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 312.84 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən 300,78 qramını evində saxlamış, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,95 qram, kağıza bükülmüş 02 ədəd ağ rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,54 qram və 0,57 qram, ümumi təmiz çəkisi 12,06 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımış və 06.03.2021-ci il tarixdə saat 13:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 13:32 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür. Habelə həmin gün saat 14:03 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi ev 39 ünanında yerləşən evində axtarış aparılan zaman qanunsuz olaraq satış məqsədi olmadan saxladığı 01 ədəd ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 312.84 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuanadan qalan 01 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 300,78 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun evindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi lə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmündən Dövlət ittihamçısı Nazim oğlu tərəfindən apellyasiya protesti daxil olmuşdur. Apellyasiya protestinin dəlilləri Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cəzaya münasibətdə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, nəticələrini və işin digər hallarını nəzərə almamışdır. Bundan başqa təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 10 avqust 2011-ci il tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmişdir ki, məhkəmə bunu da nəzərə almamışdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi qiymətləndirərkən də doğru olmayan qənaətə gəlmişdir. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı verdiyi apellyasiya protestinin məzmununa uyğun çıxış edərək Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X15 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinın hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, himayəsində 2 azyaşlı və xəstə övladı, habelə yaşlı anası vardır. Etdiyi cinayət əməlindən səmimi peşmandır. Ailəsinin yeganə qazanc gətirən şəxsi odur. Ona azadlıqdan məhrum etmə cəzası təyin edilərsə ailəsi ağır vəziyyətə düşər. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, ailəli olduğunu və heç bir yerdə işləmədiyini, səhhətində amma problemlər olduğunu, narkotik vasitə olan marixuananın istifadiçisi olduğunu, xəstə olduğunu, ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyini, 06.03.2021-ci il tarixdə saat 13:00 radələrində Ağdaş şəhəri M.İsayev küçəsi ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona müdafiəçi təyin etdiklərini, sonra onu tutduqlarını, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarışın mobil telefon vasitəsilə video qeydə alındığını, şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin sol cibindən 01 ədəd sellofan büküm, sağ cibindən də 01 ədəd kağız büküm aşkar olunduğunu, başqa üzərindən heç bir şey aşkar olunmadığını, sellofan büküm açıldıqda içərisində yaşıl rəngli, xüsusi iyə malik, qurudulmuş bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 12 qram olduğunu, kağız bükümün içərisindən isə 02 ədəd kiçik kağız bükümlərin aşkar olunduğunu, həmin kağız bükümlərin içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, həmin kağız bükümlərin də elektron tərəzidə çəkildiyini, çəkilərinin 0.91 və 0.85 qram olduğunu, aşkar olunmuş bükümlərin kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, qablaşmaya imza etdiklərini, sonra yaşadığı evin həyətində də narkotik vasitə saxladığını bildirdiyini, sonra birlikdə onun yaşadığı ünvana getdiklərini, orada həyətdə gizlətdiyi sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini, həmin narkotik vasitənin də elektron tərəzidə çəkildiyini, çəkisinin 308 qram olduğunu, həmin sellofan torbanın da qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların qablaşmaya imza etdiklərini, üzərindən və yaşadığı evindən aşkar olunan həmin narkotik maddəni 2021-ci ilin yanvar ayının axırlarında Ləki qəsəbəsindən su arxının yanından yerdən sellofan torbada tapdığını, daha sonra həmin sellofan torbanı götürüb evində saxladığını, içərisindən bir az götürüb üzərində istifadə etmək üçün saxladığını, qalanını isə istifadə etmək evdə üçün saxladığını, yaşadığı evdə narkotik vasitə saxlamağı barədə ailə üzvlərinin və ya başqa hər hansı bir şəxsin xəbəri olmadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini göstərmişdir. Eyni zamanda məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən X4 ifadəsində Təqsirləndirilən şəxs onun oğlu olduğunu, oğlu Ənvərin ailəli olduğunu və öz ailəsi ilə birlikdə onunla yaşadığını, Ənvərin bir müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, 06.03.2021-ci il tarixdə Ənvərin Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Ağdaş şəhərində üzərində narkotik vasitə gəzdirərkən saxlandığını eşitdiyini, daha sonra da Ənvəri polis şöbəsinə apardıqlarını və həmin zaman onun üzərindən narkotik vasitə aşkar olunduğunu bildiyini, həmçinin də həmin gün polis əməkdaşlarının onların yaşadıqları evə gəldiklərini, həmin vaxt Ənvərin də polis əməkdaşları ilə birlikdə olduğunu, polis əməkdaşlarının onların yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirdiklərini və baxış zamanı yaşadıqları evin arxa sol tərəfində olan tualetin arxasında topa halda yığılmış odunların arasından 01 ədəd sellofan torba aşkar olunduğunu, daha sonra həmin torbanın içərisindən narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürüldüyünü, bundan başqa onların yaşadığı evdən heç nə aşkar olunmadığını və götürülmədiyini, oğlu Ənvərin də yaşadıqları evdə narkotik vasitə olmadığını bildirdiyini, bundan sonra Ənvərin də polis əməkdaşları ilə birlikdə getdiyini, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən aşkar olunmuş narkotik maddəni onun haradan əldə etməsi barədə dəqiq heç nə bilmədiyini, 06.03.2021-ci il tarixdə 14:03 radələrində yaşadığı evdə axtarış aparılan zaman yaşadığı evin həyətindən 01 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 300,78 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi barədə yaşlı olduğu üçün və habelə səhhəti ilə bağlı problemləri olduğu üçün yaşadığı evin həyətinə düşmədiyini, bu səbəblə də həyətdə harada nə olmasını bilmədiyini, Ənvərin evdə narkotik vasitə saxlamadığını, başqa yerdə saxlayıb saxlamaması barədə heç bir məlumatının olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 06.03.2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi-39 ünvanında yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 13:00 radələrində CABnin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ənvərin Ağdaş şəhəri M.İsayev küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, bundan sonra onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Ənvərin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ənvərin əynindəki gödəkçənin sol cibindən 01 ədəd sellofan büküm, sağ cibindən də 01 ədəd kağız büküm aşkar olunduğunu, başqa üzərindən heç bir şey aşkar olunmadığını, sellofan büküm açıldıqda içərisindən yaşıl rəngli, xüsusi iyə malik, qurudulmuş bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 12 qram olduğunu, kağız bükümün içərisindən isə 02 ədəd kiçik kağız bükümlər aşkar olunduğunu, həmin kağız bükümlərin içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, həmin kağız bükümlərin də elektron tərəzidə çəkildiyini, çəkilərinin 0.91 və 0.85 qram olduğunu, aşkar olunmuş bükümlərin kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmin zərfin üzəri imzalandığını, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi-39 ünvanına baxış keçirildiyini, həmin baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, baxış zamanı Ənvərin yaşadığı evin arxa tərəfində sol tərəfində olan tualetin arxasında topa halda yığılmış odunların arasından 01 ədəd sellofan torba aşkar olunduğunu, həmin sellofan torba açılan zaman içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, bundan sonra həmin sellofan torbanın elektron tərəzidə çəkildiyini, çəkisinin 308 qram olduğunu, həmin sellofan torbada qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmin torbanın üzərinin imzalandığını, baxışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra baxışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 2021-ci ilin yanvar ayının axırlarında Ləki qəsəbəsindən su arxının yanından yerdən sellofan torbada tapdığını, daha sonra həmin sellofan torbanı götürüb evində saxladığını, içərisindən bir az götürüb üzərində istifadə etmək üçün saxladığını, qalanını isə istifadə etmək üçün evdə saxladığını bildirdiyini, Ənvər Əzzizovun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və özündə bu barədə heç bir məlumat olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evinə baxış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, habelə şəxsi axtarışın və baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: “Şəxsi axtarış keçirilməsi haqqında” 06 mart 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video diskdən müəyyən edilir ki, həmin tarixdə saat 13:32- dən saat 13:43-ə dək Ağdaş RPŞ-nin inzibati binasının növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və öncə Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd kağız büküm, sağ yan cibindən də 01 ədəd sellofan büküm aşkar olunmuş, kağız büküm açıldıqda içərisindən qırmızı rəngli selofan büküm çıxmışdır. Həmin selofan bükümun içərisindən isə yaşıl rəngli xüusi iyə malik bitki kütləsi askar olunmuş, həmin selofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 12 qram olmuşdur. Sonra sağ yan cibdən çıxan sellofan büküm açılmış, içərisindən 2 ədəd kiçik kağız büküm aşkar olunmuş, onlar da açıldıqda içərisindən yaşıl rəngli, iyli, bitki kütləsi aşkar olunmuş, həmin kağız bükümlər elektron tərəzidən çəkilmiş, çəkiləri müvafiq olaraq 0.91 və 0.85 qram olduğu müəyyən edilmişdir. Sonra hər üç büküm kağız zərfə qablaşdırılaraq üzərinə 111 nömrəli möhür vurulmuş, bütün iştirakçılar imza etmiş, proses TB-nın rəisi Rəşid Musayev tərəfində vido qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 16.03.2021-ci il tarixli 17/176 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 10,95 qr, kağıza bükülmüş 02(iki) ədəd ağ rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,54 qr, 0,57qr ümumi təmiz çəkisi – 12, 06 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş sellofan büküm...” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi – 300,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 01(bir) ədəd zərfdəki 01(bir) ədəd sellofan bükümdə və 02 (iki) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar ilə 01(bir) sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 19.03.2021- ci il tarixli 269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannibinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X20 12 mart 2021-ci il 349 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 10.08.2011-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə maddəsinə əsasən 4000 (dörd) min manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 2500 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Ağdaş rayon İHB-nın Ləki qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Ləki qəsəbə icra nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ləki X13 üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 59 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi 39 №-li evdə yaşamaqla ailə tərkibi X5- anası, X11-qardaşı, X8- həyat yoldaşı, uşaqları-15.10.2012-ci il təvəllüdlü X12 və 17.07.2014-cü il təvəllüdlü X6 ibarətdir. Şübhəli şəxsin tutulması haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında 08.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gələrək bu cəza ilə cəzanın məqsədlərini təmin etməyi mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-nin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdırıb, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı Nazim oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)- 56/2021 nömrəli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur; İkincisi, o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü, Təqsirləndirilən şəxs himаyəsində 2 azyaşlı və xəstə övladı, habelə yaşlı anası var. Dördüncüsü, təqsirləndirilən şəxsin ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, o, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, Təqsirləndirilən şəxs himаyəsində 2 azyaşlı övladının olması, yaşlı anasının olması, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оna azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinin ailə üzvlərinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Habelə onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protesti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Belə ki, dövlət ittihamçısı apellyasiya protestində bildirmişdir ki, birinci instansiya məhkəməsinin cəzaya münasibətdə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, nəticələrini və işin digər hallarını nəzərə almadığını bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları almış, onun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gələrkən haqlı olmuşdur. Bundan əlavə dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 10 avqust 2011-ci il tarixli hökmü ilə cərimə cəzasına məhkum edilməsinə istinad edərək onun çətin islah edilən şəxs olduğunu göstərməsi ilə bağlı qeyd edilməlidir ki, tam əksinə, Təqsirləndirilən şəxs hazırda məhkumluğunun olmaması onun həmin cəza üzrə islah olunduğuna dəlalət edir. Bundan başqa dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının yüngülləşdirici hal kimi qiymətləndirilməsinə də etiraz etmişdir ki, məhkəmə kollegiyası diqqətə çatdırır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi qiymətləndirmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun, əsaslı və ədalətli hesab edir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Azərbаycаn Respublikаsının CM-nin: 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü mаddəsinə əsаsən, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsində göstərilir ki, məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlаrlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumlаrdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanından irəli gələn tövsiyələrin ruhuna da uyğundur. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə uyğun hesаb edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı Nazim oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(014)-56/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar