Məhkəmə qərarları › İş №1(107)-252/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-252/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-252/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (sədrlik edən İ.Hüseynov) 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmü ilə, xx xxxx 1960–cı il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı rayonu, Bizlan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 306.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və qanuni qüvvəyə minmiş 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı və 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı qətnamələri icta etmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzatəri yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İsmayıllı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs 3000,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30,00 manat olmaqla, cəmi 3030,00 manatın alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı və 3950,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20,00 manat olmaqla, cəmi 3970,00 manatın alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair 01 may 2017-ci il tarixli 2(037)-361/2017 qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qanuni qüvvəyə minmiş qətnamələri müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiydən həmin məhkəmənin 15 aprel 2019-cu il tarixli 3(037)-201/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 3(037)-289/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib yenidən 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə 01 oktyabr 2020-ci və 12 oktyabr 2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 oktyabr 2020-ci il tarixədək hər bir icra sənəti üzrə ayrı-ayrılıqda 3030 manat və 3970 manat olmaqla, ümumilikdə 7000 (yeddi min) manat məbləğində borcunu ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi onların mövqeyini nəzərə almamış və ifadələrini təhrif etmişdir. Onlar ifadə verərkən təqsirləndirilən şəxsə ciddi cəza verilməsini xahiş etmişlər. Lakin ona həddindən artıq yüngül cəza verilmişdir. Məhkəmə qərar qəbul edərkən onlara vurulmuş ziyanın ödənilməməsini nəzərə almamışdır. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə etmə ilə əlaqədar daha ağır cəza verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, Ədliyyə müşaviri X5 apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmünün birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi cəza həddində dəyişdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Səmədov X3 Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 306.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, zərərçəkmiş şəxslər apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etməklər əlaqədar daha ağır cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini əsaslı sayır. Belə ki, öyrənilən işdən aydın olur ki, İsmayıllı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs 3000,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30,00 manat olmaqla, cəmi 3030,00 manatın alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı və 3950,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20,00 manat olmaqla, cəmi 3970,00 manatın alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair 01 may 2017-ci il tarixli 2(037)-361/2017 qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qanuni qüvvəyə minmiş qətnamələri müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiydən həmin məhkəmənin 15 aprel 2019-cu il tarixli 3(037)-201/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 3(037)-289/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib yenidən 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə 01 oktyabr 2020-ci və 12 oktyabr 2020ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 oktyabr 2020-ci il tarixədək hər bir icra sənəti üzrə ayrı-ayrılıqda 3030 manat və 3970 manat olmaqla, ümumilikdə 7000 (yeddi min) manat məbləğində borcunu ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Məhkəmə kollegiyası bu fikridədir ki, həm yuxarıda sadalanan hallar, həm də Təqsirləndirilən şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması (məhkəmə qətnamələri 17 aprel 2017-ci il və 01 may 2017-ci il tarixdə çıxıb) onun barəsində daha ciddi cəza tədbirinin tətbiqinə zərurət yaradır. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilib 1(bir) il 6 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, CM-in 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CPM-in 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi, hökmlərin məcmusu üzrə cəza təyini məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırda qüvvədə olan cinayət qanununvericiliyinin tələbinə görə CM-in 306-cı maddəsi uzanan cinayətlərə aiddir. Hüquq ədəbiyyatında uzanan və davam edən cinayətlərin elmi anlayışına görə uzanan cinayət məlum dövr ərzində fasiləsiz olaraq törədilən müəyyən kriminal əməldir. Davam edən cinayət isə ümumi məqsədə yönələn, vahid niyyətlə əhatə olunan bir sıra eyni, yaxud da eyni növlü ictimai təhlükəli hərəkətlərdən ibarət bir əməldir. Göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 306.1-ci maddəsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməmə uzanan cinayətdir. Məhkəmənin qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli icra etməmə məhkəmə və ya icra məmuru tərəfindən müvafiq şəxslərin həmin aktları müəyyən müddətə icra etmək vəzifəsi haqqında yazılı xəbərdarlıq edildiyi andan başlayır və bu aktların icra edildiyi, yaxud bu əməlin istintaq orqanları və ya buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən dayandırıldığı anda başa çatır. Məhkəmə aktının icra edilməsinə maneçilik törətmə məhkəmə qərarlarının icrasına yol verməməyə yönələn hərəkətin edildiyi andan başa çatmış hesab edilir. Belə ki, cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 3000 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3030 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 3950 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3970 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən verilmiş 01 iyun 2017–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı icra sənədi 01 iyun 2017–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən verilmiş 03 iyul 2017–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı icra sənədi 03 iyul 2017–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 01 iyun 2017–ci il tarixli və 20 iyun 2017-ci il tarixli tələbin könüllü icrası üçün bildirişlərdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuş və əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 02.04.2019-cu il tarixli, 06.12.2019-cu il tarixli, 03.07.2020-ci il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmış və həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan 05 sentyabr 2018-ci il tarixdə İsmayıllı rayonu Bizlan kəndində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyularaq tələbin yönəldilə biləcəyi hər hansı əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli 8(037)-25/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 15.04.2019–cu il tarixli 3(037)–201/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati cərimə edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020–ci il tarixli 3(037)–289/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati cərimə edilmişdir. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli CMnin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş digər alternativ cəza növlərinin təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Göründüyü kimi, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Əslində bu cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə bütövlükdə götürdükdə məhkəmə orqanlarını nüfüzdan salır və ən başlıcası, pozulmuş hüquqların bərpası təqsirkarın cəzalandırılması, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin çıxardığı başqa qərarlar yuxarıda qeyd edildiyi kimi kağız üzərində qalır. Bununla da, təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş olur. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. CPM-in 405.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Nəticəvi hissə Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(037)-30/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar