Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-254/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X1, müdafiəçi- Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 06 may 2021-ci il tarixli hökmü ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 fevral 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 414,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, iş üzrə 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsRasim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi müəyyən edilmişdir. işin halları: Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 02 fevral 2021-ci il tarixdə saat 14:00 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində saxlanılıb, üzərində həmin gün saat 14:50 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkçəsinin sol yan hissəsindən sellofan torbada istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda -415,00 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadə etsə də, lakin 02 fevral 2021-ci il tarixdə üzərində hər hansı narkotik vasitə olmamışdır. Həmin gün o, Yevlax şəhərində “poçtun” yanında yerləşən dostunun evinə getmiş, dostu evdə olmadığı üçün o, evə qayıtmaq istəyərkən sənəm marketinin polis əməkdaşları onu tutaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona zor tətbiq etməsələr də, ona bildirmişlər ki, üzərində narkotik vasitə gəzdirdiyini etiraf etməsə, ona daha ağır ittihamla cinayət işi başlayacaqlar. O da məcbur qalaraq üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Son olaraq verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində tapılan narkotik vasitənin ona məxsus olmadığını qeyd etməklə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı Yevlax rayon polis şöbəsində ona qarşı təzyiqlər olmuş, o, CM-nin 234.1-ci maddəsi ilə bağlı ittiham üzrə özünü təqsirli bilməsə, barəsində daha ağır ittiham veriləcəkdir. Ona görə də prokuror qarşısında sanksiyaya çıxarılarkən özünü yalandan təqsirli bilmişdir. O, istintaq zamanı polislər tərəfindən ona qarşı edilmiş təzyiqlər ilə bağlı heç bir orqana müraciət etməmiş, həmçinin istintaq orqanı tərəfindən ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Hərdən narkotik vasitə olan marixuana istifadə etmiş, həmin narkotik vasitəni isə yabanı halda bitmiş narkotik tərkibli çətənə kolundan yığıb istifadə etmişdir. 01 fevral 2021-ci il tarixdə günorta vaxtlarında təkcə Kür çayının Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisindəki sahilində gəzişərkən oradan sellofan torbada narkotik vasitə olan marixuana tapmış, həmin narkotik vasitəni istifadə etmək üçün götürmüşdür. 02 fevral 2021-ci il tarixdə saat 14:00 radələrində həmin narkotik vasitə üzərində Yevlax şəhəri Q.Quliyev küçəsi ilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, içərisində marixuana olan bir ədəd sellofan torbanı ondan aşkar etmişlər. Sorğu-sual zamanı o, sellofan torbada narkotik vasitə olan marixuana olduğunu, gələcəkdə özü istifadə etmək üçün gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütləni elektron tərəzidə çəkmiş, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 02 fevral 2021-ci il tarixdə ona, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuana olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsinə getmişlər. Rəşadın Q.Quliyev küçəsi ilə gəldiyini görmüşlər. Rəşada yaxınlaşıb özlərini təqdim etmiş, Rəşad özünü şübhəli apardığına görə ona polis şöbəsinə getməyi təklif etmişlər. Rəşad bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Rəşadın üstünə baxış keçirmişlər. Baxış zamanı Rəşad əynindəki gödəkçənin içəri tərəfində saxladığı sellofan torbanı təqdim etmiş və sellofan torbanın içərisinə açıb içərisini nəzərdən keçirdikdə içərisində yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus iyi olan kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Rəşad sellofan torbanın içərisindəkinin marixuana olduğunu, marixuananı 01 fevral 2021-ci il tarixdə Kür çayının kənarından tapdığını və özü istifadə etmək üçün götürüb gəzdirdiyini etiraf etmişdir. Həmin kütləni elektron tərəzidə çəkmişlər, sonra kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 18-19); şəxsi axtarış və götürmə haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçəsinin sol yan hissəsindən sellofan torbada bükülmüş bükülünün içərisindəki narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 24-31); məhkəmə bioloji ekspertizasının 03.02.2021-ci il tarixli 17/88 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi- 415,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,02 qram, qalıq- 414,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 51,06 manatdır. (iş vər. 37-38); Cinayət işi materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 04 fevral 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 02 fevral 2021-ci il tarixdən saat 14:00dan hesablanmışdır. (iş vər. 63-64); maddi sübut kimi tanınma haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqatdan sonra qalan təmiz çəkisi 414,95 qram olan qurudulmuş marixuana və baxış zamanı aparılmış videoçəkilişi əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmışdır. Marixuana saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmiş, kompakt disk cinayət işinə əlavə edilmişdir. (iş vər. 65); məhkəmə narkoloji ekspertizasının 30 mart 2021-ci il tarixli 312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 87); Cinayət işi materiallarına əlavə edilmiş Yevlax şəhər 3 saylı Mənzil-Təmir İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. (iş vər.77); Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17.02.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29.11.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1(CM-67.1) maddəsi ilə təqsirli bilinib 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vər.68); Cinayət işi materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəkilməmiş 02 il 06 ay 12 gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (iş vər. 79-82) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, ibtidai istintaq zamanı ona hədə-qorxu gəlinərək verilmiş ittiham üzrə özünü təqsirli bilməyə məcbur edilməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, üzərində şəxsi axtarış aparılarkən müdafiəçiyə və barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə ona qarşı hədə-qorxu gəlindiyini, narkotik vasitənin ona məxsus olmamasını bildirməmiş, ona qarşı edilən “qanunsuz hərəkətlərlə” bağlı müvafiq orqanlara müraciət etməmiş və verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, əksinə əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi qeyd etmişdir. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17.02.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29.11.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1(CM-67.1) maddəsi ilə təqsirli bilinib 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vər.68); Şəki Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəkilməmiş 02 il 06 ay 12 gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs təqsirli bilindi maddə üzrə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına, həmin məhkumluq ilə bağlı qanunvericilikdə məhkumun islah edilməsi məqsədi ilə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə baxmayaraq yenidən cinayət əməli törətmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadllqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təqsirli bilindiyi maddə üzrə barəsində bəraət hökmünün çıxarılmasına əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-254/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-254/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver