Məhkəmə qərarları › İş №1(107)-255/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-255/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-255/2021 02.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(051)-85/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 23 aprel 2021-ci il tarixli 1(051)-85/2021 nömrəli il tarixli hökmü ilə xx.xx.1961-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri “Kür” mehmanxanasında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci il tarixdən 22 dekabr 2020-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 23 aprel 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Mingəçevir Şəhər Polis Şöbəsində saxlanan 6,15 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğdə ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi, vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə quruldulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,17 qram olan bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 20 dekabr 2020-ci il tarixdə saat 20:00-da Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Kür” kompyuter zavodunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 20:30-da üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən təmiz çəkisi 6,17 qram olan bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmünə etiraz edərək işə yenidən baxılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsalandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmünü ədalətli hesab etmir. Ona görə də onun işinə yenidən baxılmalıdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Fərid Əliyev apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Telman Əhmədov apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Məmmədov X4 Şəhər Məhkəməsinin 27.10.2016-cı il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.11.2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının 1 il 26 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 21.01.2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. CM-in 83.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə isə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, ittiham olunduğu maddənin aşağı həddində cəza təyin olunmuşdur. Təqsirləndirilən şəxs qаnunsuz оlаrаq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni çəkisi 6,17 qram olan bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlamaqla cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs cinayəti 5 qram şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 6,17 qram) hesab olunan narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etməklə törətməsi, bundan əvvəl də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluğu ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsi və əvvəlki cəzanın islah təsirinə məruz qalmaması onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(051)-85/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(051)-85/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar