Məhkəmə qərarları › İş №1(107)-263/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-263/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-263/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən A.Əsgərov) 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmü ilə, xx.xx.1991-ci il tarixdə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, evli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 08 yanvar 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs oğu tərəfindən oğurlanmış bir ədəd 300x500 ölçüdə, Türkiyə Cümhuriyyəti istehsalı olan Almira markalı xalça, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, nazik materiallı “Tivoli” markalı pakrval, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, qalın materiallı “Tivoli” markalı pakrvalı, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan “Blisaan” markalı pakrval, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan “Bamboo” markalı yorğan-döşək dəsti, bir ədəd Almaniya Respublikası istehsalı olan “Franko” markalı, düz formalı tozsoran, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı aspiratoru, bir ədəd Almaniya Respublikası istehsalı olan “Franko” markalı, şirəçəkən aparatı, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “Thermo” markalı 3-lük tava dəsti, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, Qalaksi markalı 4-lük tava dəsti, 2 ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı blender aparatları, bir ədəd Almaniya Respublikası istehsalı olan “Franko” markalı kartof qızardan aparat, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “Özkent” markalı samovar, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “ Nilay” markalı boşqab servisi, bir ədəd Almaniya Respublikası istehsalı olan “Franko” markalı saz vəziyyətdə olan işlənmiş tozsoran, bir ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı 9 parça adlanan qazan dəsti kimi əşyaların qanuni sahibinə qaytarılmasının nəzərə alınması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Şahid6 məxsus fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz yolla daxil olaraq evdən Göygöl rayon Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs məxsus olan və sonuncunun satmaq üçün Ağsu rayonuna gətirərək Şahid6 məxsus fərdi yaşayış evinə yığdığı bir ədəd 290 manat dəyərində 300x500 ölçüdə, Türkiyə Cümhuriyyəti istehsalı olan Almira markalı xalçanı, bir ədəd 360 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, nazik materiallı “Tivoli” markalı pakrvalı, bir ədəd 390 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, qalın materiallı “Tivoli” markalı pakrvalı, bir ədəd 550 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan “Blisaan” markalı pakrvalı, bir ədəd 350 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan “Bamboo” markalı yorğan-döşək dəstini, bir ədəd 190 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı, düz formalı tozsoranı, bir ədəd 230 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı aspiratoru, bir ədəd 190 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı, şirəçəkən aparatı, bir ədəd 230 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Thermo” markalı 3-lük tava dəstini, bir ədəd 190 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, Qalaksi markalı 4-lük tava dəstini, hər biri 180 manat dəyərində, ümumilikdə 360 manatlıq 2 ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı blender aparatlarını, bir ədəd 250 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı kartof qızardan aparatı, bir ədəd 250 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Özkent” markalı samovarı, bir ədəd 340 manat olan Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı boşqab servisini, bir ədəd 200 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı saz vəziyyətdə olan işlənmiş tozsoranı, bir ədəd 360 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı 9 parça adlanan qazan dəstini ümumilikdə 4.730 manat dəyərində müxtəlif növ məişət əşyalarını oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4.730 manat məbləğində maddi ziyan vurmaqla, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində bir azyaşlı övladı vardır. İlk dəfə cinayət törətmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmış və dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X8 apelyasiya şikayətinə uyğun izahat verərək Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər alternativ cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətinə uyğun izahat verərək Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)- 32/2022 nömrəli hökmünün dəyişdirilərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər alternativ cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansiya məhkəmisinin hökmünü dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya şikayətlərinin təmin edilməməsi, barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Şahid6 məxsus fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz yolla daxil olaraq evdən Göygöl rayon Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs məxsus olan və sonuncunun satmaq üçün Ağsu rayonuna gətirərək Şahid6 məxsus fərdi yaşayış evinə yığdığı bir ədəd 290 manat dəyərində 300x500 ölçüdə, Türkiyə Cümhuriyyəti istehsalı olan Almira markalı xalçanı, bir ədəd 360 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, nazik materiallı “Tivoli” markalı pakrvalı, bir ədəd 390 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, qalın materiallı “Tivoli” markalı pakrvalı, bir ədəd 550 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan “Blisaan” markalı pakrvalı, bir ədəd 350 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan “Bamboo” markalı yorğan-döşək dəstini, bir ədəd 190 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı, düz formalı tozsoranı, bir ədəd 230 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı aspiratoru, bir ədəd 190 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı, şirəçəkən aparatı, bir ədəd 230 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Thermo” markalı 3-lük tava dəstini, bir ədəd 190 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, Qalaksi markalı 4-lük tava dəstini, hər biri 180 manat dəyərində, ümumilikdə 360 manatlıq 2 ədəd Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı blender aparatlarını, bir ədəd 250 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı kartof qızardan aparatı, bir ədəd 250 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Özkent” markalı samovarı, bir ədəd 340 manat olan Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı boşqab servisini, bir ədəd 200 manat dəyərində Almaniya Respublikası istehsalı olan “Franko” markalı saz vəziyyətdə olan işlənmiş tozsoranı, bir ədəd 360 manat dəyərində Türkiyə Cümhuriyyəti istehsalı olan, “Nilay” markalı 9 parça adlanan qazan dəstini ümumilikdə 4.730 manat dəyərində müxtəlif növ məişət əşyalarını oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4.730 manat məbləğində maddi ziyan vurmaqla, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlinin CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarnı, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzanı yüngülləşdirən hallardan bəhs edən CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən halların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışması, ona vurduğu zərəri ödəməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, zərərçəkmiş şəxslə barışması, ona vurduğu zərəri ödəməsi törətdiyi əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə aldığını hökmdə qeyd etsə də, ancaq həmin halları kifayət qədər nəzərə almadan Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Halbuki, məhkəmə onun şəxsiyyətini, cəzasını yüngülləşdirən diqqətəlayiq digər halları nəzərə almaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edə bilərdi. Çünki, məhkəmə kollegiyasının fikrincə, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal mövcud olsun, yaxud da istinad edilmiş cəzanı yüngülləşdirən hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın tam olaraq ödənilməsini nəzərə alır, həmçinin yuxarıda qeyd edilənləri Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edərək, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsi üzrə bu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(016)-32/2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən bugünədək, yəni xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 05 ay 20 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar