Məhkəmə qərarları › İş №1(107)-265/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-265/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-265/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli 1(091)-129/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmü ilə xx xxxx 1962-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Şambul kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 12.01.2021-ci il tarixdən 14.01.2021-ci il tarixədək müddət cəzasına hesablanmaqla çıxılması və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 21 may 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun, dərhal məhkəmə iclas zalında həbsə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə 71,94 AZN (yetmiş bir manat 94 qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 2,611 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında Bakı şəhəri Masazır qəsəbəsində istintaqa məlum olmayan şəxsdən qəsdən şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq bir ədəd sellofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 2,661 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib əynindəki şalvarın ön sol cibinə qoymaqla daşıyaraq üzərində saxlamış və 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın ön sol cibində bir ədəd sellofan bükümdə saxladığı təmiz çəkisi 2,661 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)- 129/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti daxil olmuşdur. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmü sərtliyinə görə ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, səmimi etirafını və sair halları real olaraq yüngülləşdirici hal kimi nəzərə almamış və təqsirləndirilən şəxsi azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs üzərindən 2,661 qram olmaqla, şəxsi istehlak miqdarından 17 dəfə çox, külli miqdardan isə 1 dəfə çox heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs gündəlik tələbatı isə 05-1 qram olmuşdur. Bu hallar həmin narkotik vasitənin şəxsi istehlakla bağlı deyil, satış məqsədi ilə əldə edilib daşınmasına dəlalət edir. Bundan başqa Təqsirləndirilən şəxs heç yerdə işləmir, başqa gəliri də yoxdur. Belə olduğu təqdirdə onun külli miqdarda narkotik vasitə əldə etməsi və tanışı ilə paylaşması satış məqsədindən xəbər verir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmü əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi hissəsində ləğv edilməli, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin tövsifə uyğun cəza təyin edilməlidir. Cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya protestinin məzmununa uyğun izahat verərək protestin təmin edilməsini xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının çıxışlarını və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərmişdir ki, o, narkotik maddələrin istifadəçisidir, narkomaniya xəstəliyindən əziyyət çəkir, qohumu ilə birlikdə onların evlərində narkotik maddə istifadə edən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Özünü yalnız narkotik maddə istifadəçisi olduğuna görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Uzun illər Bakı şəhərində yaşamış və narkotik maddəni də istifadə etmək məqsədi ilə orada olarkən əldə etmişdir. Hər dəfə təxminən bir qram və ya bir qram yarıma qədər narkotik maddə istifadə etmişdir. Narkoman olan yaxın qohumu ilə birlikdə narkotik maddə istifadə etmək üçün ürəyi açıq insan olduğundan özündə olan bütün narkotik maddələri onlara gedərkən özü ilə aparmış və birlikdə istifadə etdikləri zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. O, heç vaxt heç kəsə narkotik maddə satmamışdır. Narkotik vasitəni alıb üzərində saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞnin əməkdaşı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Balakən rayonunun Şambul kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan küçədə saxlanılmaqla 12.01.2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa, könüllü təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol cibindən bir ədəd şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisində «kokos» adlandırılan narkotik vasitə - heroin olduğunu bildirmişdir. Onun təqdim etdiyi narkotik vasitəyə bənzər maddənin çəkisinin 3,03 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni Bakı şəhərində tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında ona ünvanlanan sualları cavablandırarkən Şahid1 qeyd etmişdir ki, onlarda Təqsirləndirilən şəxs barəsində əvvəllər onun narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamış, habelə onlara daxil olan məlumat yalnız Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞnin əməkdaşı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Balakən rayonu Şambul kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan küçədə saxlanılmaqla Balakən RPŞ-nə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd içərisində narkotik vasitə - heroin olan şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. Cinayət işinin materiallarında olan 12 yanvar 2021-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə 12.01.2021-ci il tarixdə Balakən rayonu Şambul kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət olunmuşdur. (cild 1, iş vərəqi 3). İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Cinayət işinin materiallarında olan 12.01.2021-ci il tarixli “Şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 12.01.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 19:50-dən 20:20-dək keçirilmişdir. Şəxsi axtarış zamanı müəyyən olunmuşdur: Şəxsi axtarış üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə Balakən RPŞ-yə dəvət olunmuş və təhqiqatçı İsa Yolçuyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Balakən rayonu Şambul kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Hüquq və vəzifələri izah olunduqdan sonra vət. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən təklif edilmişdir ki, üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya və ya vasitə varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərindən, əynində olan şalvarın sol cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim etmişdir. İçərisində narkotik vasitə olan «kokos» adlanan maddə olduğunu bildirmişdir. Onun üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq qanunsuz olaraq saxlanılan əşya, vasitə aşkar edilməmişdir. Yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən sellofan büküm açıldıqda içərisindən narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidən istifadə edilməklə çəkilmişdir. Çəkisi 3,03 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə bir ədəd kağız zərfə qoyulub, üzəri «DİN arayışlar üçün» 185 nömrəli möhürü ilə möhürlənərək iş üçün sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış başa çatmışdır. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən «Panasonic» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol ucadan oxunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Qeyd olunmuş videogörüntülərin əks oldunduğu disk protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan 13 yanvar 2021-ci il tarixli 17/25 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 2,661 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (cild 01, iş vərəqi 92) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspert komissiyasının 22 fevral 2021-ci il tarixli 158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 87) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin şəxsdən aşkar olunan narkotik vasitənin növünü və onun çəkisinin çoxluğunu əsas götürərək sonuncuya azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Bundan əlavə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yaşını, səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Qeyd olunanlara əsaslanaraq, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib, onu 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddələsinə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsi isə onu 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməkdə haqlı olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunan maddi hüquq normasının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, müdafiəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, səmimi etirafını və sair halları real olaraq yüngülləşdirici hal kimi nəzərə almadığını bildirsə də, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs yaşını, səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş, həmin hallara, habelə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə mütənasib cəza təyin etmişdir. Bununla da məlum olur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)- 129/2021 nömrəli hökmü qanuni olmaqla yanaşı, həm də ədalətlidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protesti əsaslandırılmamış, formal mülahizələrdən, ehtimallardan və fərziyyələrdən ibarət olmuşdur. Belə ki, dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs əldə etdiyi və saxladığı narkotik vasitənin külli miqdarda olmasına və onu tanışı ilə paylaşmasına əsaslanaraq, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satmaq məqsədinin olduğunu, buna görə də onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3cü maddə ilə tövsif edilməli olduğunu bildirsə də, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan isə görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi ümumilikdə 2,661 qram narkotik vasitə olan heroinin saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. Belə ki, həmin narkotik vasitənin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqla saxlanılmaması, təqsirləndirilən şəxsin evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərində elektron tərəzinin aşkar olunmaması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əzab çəkməsi, onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,661 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət- Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış niyyəti sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət- Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə, ehtimallara, fərziyyələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır Qeyd edilənlərə əsasən apellyasiya protestinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin: 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə uyğun olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Azzərbaycan Respublikası CPM-nin: 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. 139-cu maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinin məzmununa görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının çıxışlarını və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(091)-129/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar