Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-278/2021 09.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə məhkum olunmasına dair Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(025)-32/2021 nömrəli hökmündən dövlət ittihamçısı kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 09 iyun 2021-ci il tarixli, 1(025)- 32/2021 nömrəli hökmü ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Solquca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Solquca kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 127.2.2 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 127.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 128-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs oğlu CM-in 127.2.2 və 128-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin yaz ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailədaxili münasibətlər zəminində əsaslı səbəb olmadan mübahisə edib, həmin mübahisə zamanı sonuncuya xüsusi amansızlıqla və ağır iztirablar verməklə, yəni onun döş qəfəsinin arxa hər iki tərəfinə sobada qızdırdığı metal dəmir parçasını basıb yandıraraq Zərərçəkmiş şəxs döş qəfəsinin arxa hər iki yuxarı hissələrinin yanıqdan sonrakı çapıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, təkrarən 2018-ci ilin yay aylarının sonu və ya payız aylarının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailədaxili münasibətlər zəminində əsaslı səbəb olmadan mübahisə edib, həmin mübahisə zamanı sonuncuya xüsusi amansızlıqla və ağır iztirablar verməklə, yəni onun boyun nahiyyəsindən aşağıya doğru qaynar suyu bədəninə tökməklə, eləcə də sobada qızdırdığı dəmir parçasını onun üzünə, boynuna, qollarına, belinə, döş qəfəsinin arxası tərəfinə və bud nahiyyələrinə basıb yandırmaqla Zərərçəkmiş şəxs üzün sağ tərəfinin, boyunun sağ orta və aşağı hissələrinin, bel, oma, hər iki sağrı nahiyyələrinin, sağ budun ön-çəri yuxarı 1/3-nin, sol budun içəri yuxarı 1/3-nin, döş qəfəsinin arxa sağ və sol aşağı hissələrinin yanıqdan sonrakı çapıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, 13.10.2019-cu il tarixdə saat 23 radələrində Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailə daxili münasibətlər zəminində əsaslı səbəb olmadan mübahisə edib, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla, ağır iztirablar verməklə xəsarət yetirmək məqsədi ilə onu evdən həyətə düşürüb stula otuzduraraq əl-qolunu və ayaqlarını metal tros və təsərrüfat ipi ilə bir-birinə və otuzdurduğu stula bağlayıb onu köməksiz vəziyyətə saldıqdan sonra yüksək hərarətlə qızdırdığı metal parçasını onun aralıq nahiyyəsinə və cinsiyyət orqanına basıb yandırmış, nəticədə ona aralıq nahiyyəsində yəni sol və sağ böyük cinsiyyət dodaqlarının, hər iki büküşlərinin təzə yanıqları, sol mil bilək oynağının ön bayır və arxa səhtinin, sağ mil bilək oynağının içəri ön və arxa səthinin, hər iki baldırın aşağı 1/3-nin topuqdan yuxarı hisəsələrinin dairəvi formada qançır və sıyrıqları, üzün sağ tərəfinin, boyunun sağ orta və aşağı hissəsinin, bel, oma, sol və sağ sağrı nahiyyəsinin, sağ budun ön içəri yuxarı1/3-nin, sol budun içəri yuxarı 1/3-nin, döş qəfəsinin arxa sağ və sol aşağı hissələrinin, döş qəfəsinin arxa hər iki yuxarı sağ və sol hissələrinin yanıqdan sonra törənmiş çapıq toxumaları kimi xəsarətlər yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(025)-32/2021 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestində cinayət qanunun müddəalarına uyğun olaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(025)-32/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 127.2.2 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(025)-32/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.2 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” və “böyük ictimai təhlükə törətməyən” cinayətlər kateqoriyasına aid olmaqla, həyat və sağlamlıq əleyhinə olan cinayətlərlə əlaqədardır və bilavasitə obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdə ifadə olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlinin CM-in 127.2.2 və 128-ci maddələri ilə tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsada, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı cinayət qanunvericiliyin tələblərinə uyğun bilmir. Belə ki, qeyd olunan cinayətin ictimai təhlükəli xarakteri qəsdin vətəndaşların hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə yanaşı, əlavə obyekt qismində çıxış edən insanların həyat və sağlamlığına yönəlməsində, təqsirin forması cinayətin subyektiv cəhətdən baş vermiş nəticələrə münasibətdə qəsdən törədilməsində, ictimai təhlükəliliyi isə insanların həyat və sağlamlığına xüsusi amansızlıqla, ağır iztirablarla zərər vurmaqda ifadə olunmuşdur. Xüsusi amansızlıq zərərçəkıniş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkıniş şəxsə xüsusi ağrılara səbəb olan çoxlu miqdarda bədən xəsarətləri yetirməsi, şiddətli ağrılar verən üsullardan istifadə edilməsi, onun uzun müddət və dəfələrlə döyülməsi, küt və iti alətlərlərin köməyi ilə mütamadi ağrılar yetirilməsi, uzun müddət ağrıverici vəziyyətdə saxlanılmasında ifadə olunur. Təqsirləndirilən şəxs 3 halda zorərçəkmişin döş qəfəsinin arxa hər iki tərəfinə sobada qızdırdığı metal dəmir parçasını basıb yandırmaqla, onun boyun nahiyyəsindən aşağıya doğru qaynar suyu bədəninə tökməklə, eləcə də sobada qızdırdığı dəmir parçasını onun üzürə, boynuna, qollarına, belinə, döş qəfəsinin arxa tərəfinə və bud nahiyələrinə basıb yandırmaqla, ən sonda onu evdən həyətə düşürüb stula otuzduraraq əl-qolunu və ayaqlarını metal tros və təsərrüfat ipi ilə bir-birinə və otuzdurduğu stula bağlayıb onu köməksiz vəziyyətə saldıqdan sonra yüksək hərarətlə qızdırdığı metal parçasını onun aralıq nahiyyəsinə və cinsiyyət orqanına basıb yandırmaqla özünün son dərəcədə qəddarlığını, insan şəxsiyyəti və ləyaqətinə qarşı amansızlığını nümayiş etdirmiş, birinci instansiya məhkəməsi isə subyektiv mülahizələrini işin faktiki hallarından üstün tutmaqla qanunun normalarına zidd, tam ədalətsiz, qərar qəbul etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən halların təhlil edilərək qiymətləndirilməsində də ciddi səhvlərə yol vermişdir. Belə ki, məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs hərəkətlərində zərərçəkmiş şəxslə barışığın əldə edilib-edilməməsi, yəni CM-in 59.1.12-ci maddəsində göstərilən hallarının mövcud olub-olmamasını qiymətləndirməli və cəza təyini zamanı bu halı nəzərə alınmalı idi. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində belə hallar olmamış, xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə törətdiyi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurulması cinayəti nəticəsində Zərərçəkmiş şəxs ayrıayrı vaxtlarda 3 epizod üzrə müxtəlif xəsarətlər yetirməsi ilə əlaqədar sonuncu ilə barışıq əldə etməmiş, əksinə törətdiyi cinayət əməlindən yaxa qurtarmaq məqsədi ilə təqsirini qismən etiraf etmiş və səmimi peşimançılıq hissi keçirtməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs səmimi peşimançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanununun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Öyrənilən işdən müəyyən olunur ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibi Zərərçəkmiş şəxs şikayəti əsasında başlanılmış və təqsirləndirilin şəxs cinayətin iistünün açılmasına heç bir köməklik göstərməmiş, törətdiyi cinayət əməllərini tam etiraf etməmiş, zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə nail olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə uyğun olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.2 və 128-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(025)-32/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Qəbələ Rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(025)-32/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.2-ci maddəsi ilə 01 il müddətə, CMin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 127.2.2 və 128-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli bu gündən, yəni 09 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunsun. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №1(107)-278/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-278/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver