Məhkəmə qərarları › İş №1(107)-28/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-28/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-28/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx.xx.1971-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Zaqatala rayonunun Aşağı Tala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yerində çəkməsi, cəzaçəkmənin əvvəlinin onun işlədiyi və qazancından tutulmaların aparıldığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının onun qeydiyyatda olduğu yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə, saat 22 radələrində bacanağı, eyni zamanda qonşusu olan Şahid1 ilə birincinin evinin bankda girov qoyulması və həmin evin girovdan çıxarılmaması ilə bağlı uzun müddət aralarında yaranmış narazılıqla əlaqədar Şahid1 yaşadığı Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən evinin həyətinə getmiş, həyətə girdikdən sonra sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə, birbaşa onun üzərinə hücum çəkmiş, Şahid1 həmin vaxt orada olan bacısı Zərərçəkmiş şəxs onun qarşısını kəsərək onların dalaşmalarına əngəl olmağa çalışdığı zaman Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs sinəsinə qəsdən yumruqla vurmuş, sonuncu aldığı zərbənin təsirindən yerə yıxılsa da, onun qardaşı ilə dalaşmasına mane olmaq məqsədilə ayaqlarından tutduğu zaman qəsdən təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə sağ döş qəfəsində orta körpücük xətlə V-Vİ qabırğalar səviyyəsində qançır, sağ V qabırğada sınıq, sağ əlinin üstündə qançır və sol baldırında sıyrıq xəsarətlərinin yaranmasına və bununla da ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər yetirmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən apelyasiya şikayətinə qarşı etiraz verilərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmün dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü tamamilə ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının köçürülməsindən ibarətdir. Məhkəmə istintaqında ancaq üç nəfər şahid dindirilmiş və hər üç şahid də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmadığını və onlar arasında hər-hansı bir davanın olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmasını iddia edən şahidlər məhkəmə iclasına gəlməmiş və onların ifadələri məhkəmədə dinlənilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində heç kimi vurmadığını, Zərərçəkmiş şəxs ona böhtan atdığını, qardaşının ona borclu olduğu pulu ödəməkdən yayınmaq məqsədi ilə belə etdiyini bildimişdir. Məhkəmə tək ekspert rəyinə əsaslanaraq hökm çıxarmışdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığı, ittiham tərəfindən irəli sürülən ittihamda təqsiri sübuta yetirilmədiyi üçün onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. ETİRAZİN DƏLİLLƏRİ Dövlət ittihamçısı etirazını belə əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi toplanmış sübutlarla tam təsdiq edilmiş, məhkəmə işin hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə ədalətli cəza təyin etmişdir. Odur ki, apelyasiya şikayətində göstərilənlər əsassızdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmün dəyişdirilmədən saxlanılması xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxx 2019-cu ildə Sumqayıt şəhərində yaşayan bacım Xanza qardaşım Şahidin Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən evinə Qurban bayramı ilə əlaqədar gələndə, mən də Xanzanı görmək məqsədi ilə saat 21 radələrində Şahidgilə getdim. Şahidgildə olarkən orada Şahid və Xanzadan başqa Fərmanın qızı Nigar, bacıları İzafətlə Züleyxa da olublar. Biz həyətdə stol arxasında oturduq və təxminən 10 dəqiqəyə yaxın aramızda söhbət oldu. Söhbətdən sonra Fərmanın qızı Nigar, bacıları İzafət və Züleyxa çıxıb evlərinə getdilər. Bundan təxminən 10 dəqiqə sonra isə Fərmanın arvadı Gülnarla qızı Nigarın həyətə gəldiklərini gördüm. Gülnarla Nigarın ciddi baxışlarından və hay-küylə gəlişindən anladım ki, onlar söz-söhbətə gəliblər. Mən ayağa qalxıb Gülnarla Nigara tərəf gedəndə digər tərəfdən Fərmanın gəldiyini gördüm. Fərman Şahidin üstünə ana söyüşü söyərək gəldiyindən, mən Fərmanın qabağına keçdim ki, hər hansı xoşagəlməz hal baş verməsin. Mən əvvəlcə Fərmanın sinəsindən tutdum ki, Fərman Şahidə tərəf getməsin. Bu zaman Fərman məni itələyib yerə yıxdı. Sonra da Fərman üstümdən təpikləyərək keçəndə təpik mənim sinəmə dəydi. Mən yerə yıxılsam da, əlimdən gələni edirdim ki, Fərman irəli getməsin. Mübahisə zamanı qabırğam sındı, bunun nəticəsində xeyli vaxt keçməsinə baxmayaraq, mən işimlə, yəni çörəyin bişirməsi ilə məşğul ola bilmirəm. Hayküyə qonşular gəlib Fərmanı evlərinə apardılar. Sonda biz Fərmanın etdiyi hərəkətlərlə bağlı polis şöbəsinə şikayət etdik. Bundan başqa Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Fərmanın təpiyi sinəmə dəydiyi üçün çatlar əmələ gəldi. Fərman qoluma da vurdu. Qolum şişdi və nə qədər vaxt ağrıdı. Buna görə işə gedə bilmədim. İlk əvvəl Fərmanın arvadı Gülnarla qızı Nigar həyətə daxil olub qardaşıma nalayiq sözlər deməyə başladılar. Fərman məni yerə yıxıb təpiklə vurub keçdi. Hadisədən əvvəl qabırğam sınmayıb. Mən çörək bişirmək üçün təndirə gedirdim. Qabırğam ağrıdığından artıq işləyə bilmirəm. İstər-istəməz hərəkət edəndə qabırğamda ağrı olur. Təqsirləndirilən şəxslə barışmamışam, barışmaq fikrim də yoxdur. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs vurmamışam. Ümümiyyətlə mən orda olmamışam. Mənim iki bacım Şahidin həyətinə keçdilər. Şahidin bacıları Xanza ilə İntizar bacılarımı və arvadım Gülnarı itələyib həyətlərindən qovmaq istəyirdilər. Bacım İzafətin şəkəri düşüb yerə yıxılanda mən hadisə yerinə getdim. Mən Şahidgilin həyətinə iki metr içəri girərək İzafəti qaldırıb evimə tərəf gətirdim. Sonra da təcili tibbi yardım avtomobilini çağırdım. İntizarı vurmaq üçün heç bir səbəbim yoxdur. Kimisə vurmaq fikrim olsaydı, Şahidi vurardım. Çünki, Şahidin mənə yüz min manat borcu var. Evim ipotekadadır. Mən özüm Şahidə görə bir il yarım müddətə azadlıqdan məhrum edilmişəm. Belə bir fikrim olsaydı, bu on il ərzində Şahidi vurardım. Şahid yaxın qonşumdur. Onu vurmaq istəsəydim, təklikdə Şahidlə danışardım. İntizarın qabırğası təndirdə çörək yapanda sınıb. Mübahisə zamanı mən Şahidin həyətində olmamışam. Bundan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ilk əvvəl Şahidin həyətinə bacılarım getdi. Bacılarım Şahidə evimi girovdan çıxarmasını deməyə getdilər. Bundan sonra mənim ortancıl bacımın şəkəri düşdü. Bunu mənə uşaq dedi. Təcili tibbi yardıma zəng etdim. Şahid isə qəsdən bacılarına hücüm etdiyimi deyir. Mənim onlarla işim yoxdur. Ona grə də apelyasiya şikayətimin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov birinci instansiya məhkəməsinin ona verilən ittiham daxilində işə baxaraq düzgün nəticəyə gəldiyini bildirmiş və ona görə də apelyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, və apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Şahid1 isə onun Gülnarə adlı bacısının əridir. Şahidlə heç bir ədavəti və ya düşmənçiliyi olmasa da son bir ildir ki, münasibətləri pisdir. Buna səbəb Şahidin onlara 96000 manat borcunun olmasıdır. xx xxxx 2019-cu ildə, saat 21 radələrində kreditlə bağlı məsələnin həll edilməsi üçün qızı Nigar, baldızları Züleyxa və İzafət Şahidgilə getmişdilər. Baldızlarının məqsədi Şahidlə danışıb evi girovdan götürmək olub. Təxminən 20 dəqiqə sonra baldızlarım qayıdıb gələndə ona demişlər ki, girovla bağlı söhbəti açanda orada Şahid və bacıları Fərmanın dalınca danışıb. Deyib ki, Fərman ona görə kişi olub, sexini işlədib. Həm də demişlər ki, guya bu söhbəti davam etdirmək istəyirsə, hünəri varsa buraya Gülnarın özü gəlsin. O da bu sözdən çox əsəbiləşərək Şahidgilin həyətinə getmişdir. Şahidgilin oturduğu stola tərəf əsəbi halda yaxınlaşaraq demişdir ki, “gəlmişəm”. Orada Şahid, bacıları İntizar və Xanza onunla sözləşməyə başlamış və onu təhqirlərlə həyətdən qovmuşlar. Əsəbindən o da həmin yerdə Şahidi, İntizarı və Xanzanı söymüşdür. Hay-küyə baldızları da gəlmişlər. Şahid telefonu götürüb polisə zəng edəcəyini deyəndə o, Şahidin əlindəki telefona aşağıdan yuxarı vurub demişdir ki, “sən yenə Fərmanı zibilə salmaq istəyirsən?”. Orada yaranan hay-küyə gələn baldızları İzafət və Züleyxa Şahidin yaşadığı evin güllük sahəsinin girəcəyində, yəni evin pəncərəsinin yaxınlığında həyəcandan yerə yıxıldığını görmüşdür. Bu zaman həmin yerə Fərman da gəlmişdir. Fərman da Şahidlə ağızlaşmağa başlamışdır. O, Züleyxa ilə birlikdə Fərmanı saxlamış, Şahidin bacıları da Şahidi irəli gəlməyə qoymamışlar. Fərmanı evə aparmaq istəyəndə qonşusu Məhəmməd və Eldəniz həyətə gəlib Fərmanı evə aparmışlar. İzafəti də evə köməkləşib Fərman gətirmişdir. Sonra onlar həmin yerə İzafət üçün təcili tibbi yardım avtomobilini çağırmışlar. Mübahisə baş verdiyi vaxt Fərmanın kimisə vurmasını görməmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, göstərdi ki, X9 onun qardaşıdır. Şahid1 isə bacanağıdır. Şahidlə Fərman arasında münasibət bir ildir ki, pisdir. Buna səbəb Şahidin Fərmanın evini banka girov qoyması və hazırki dövrə kimi də həmin evin girovunu bankdan çıxartmamasıdır. xx xxxx 2019-cu il tarixdə bacısı Züleyxa ilə birlikdə Fərmangilə, oradan da Şahidgilə Şahidlə Fərmanı barışdırmaq və Fərmanın evini danışıqla girovdan çıxartmaq üçün danışıqlara getmişdir. Onlar Şahidgilə gedəndə yanlarında Nigar da olmuş, Şahidgildə Şahidin bacıları Xanza və İntizar da olmuşdur. Onlar həyətdə stol arxasında oturub Şahidlə söhbət edəndə Şahidə narazılığın aradan qaldırılması üçün qapısına gəldiklərini deyərək xahiş etmişlər ki, evi girovdan götürsün. Şahid isə əsəbiləşərək girovdan evi götürməyəcəyini deyərək onları da hirsləndirmək üçün “girovdan götürməsəm nə edəcəksiz?” sözlərini demişdir. Bundan başqa, o, Fərman barədə pis söz də işlətmiş, demişdir ki, Fərman onun sayəsində kişi olub. Bu söz Nigara pis təsir etmiş, Şahid Nigara da iradını bildirmişdir ki, nə üçün telefonla səs yazısı edir. Nigar Şahidlə mübahisə etmiş və ona nə üçün atası barəsində pis söz işlətdiyini də demişdir. Məsələyə Şahidin bacıları da qarışmış və İntizar həmin vaxt ona demişdir ki, hünəri var Gülnar bura gəlsin. Onlar söhbətin uzanacağını görəndə Fərmangilə qayıtmışlar. Nigar anasına İntizarın dediklərini deyəndə Gülnar bu məsələdən çox əsəbiləşib Şahidgilin həyətinə getmişdir. Gülnar hasarın yanından onları qarğımağa başlamış, onlar da Gülnarın dalınca getmişlər ki, söz söhbət yaranmasın. Bu zaman Şahid və bacıları Gülnarla mübahisə edib dartışmağa başlamışlar. Şahidlə bacıları Gülnarın və Fərmanın ünvanına nalayiq söyüşlər söymüşlər. O, şəkər xəstəsi olması səbəbi ilə hay küydən təsirlənib həmin vaxt həyəcan keçirmiş və buna görə də təzyiqi düşüb yerə yıxılmışdır. Bundan sonra nə baş verdiyini bilməmişdir. Ayılanda görmüşdür ki, o, Fərmangildədir. Həyətdə Məhəmməd və Eldəniz də olub. Onlar Fərmanı və Gülnarı sakitləşdirməyə çalışırdı. Təcili tibbi yardım maşını gəlmiş, lakin təcili tibbi yardımın gəlməsinə ehtiyac olmamışdır. Çünki, qan təzyiqi normasına düşmüşdür. Birinci instansiya məhkəməsində ifadə vermiş Şahid6 ifadəsində Şahid5 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həm qapıbir qonşusu, həm də bacanağıdır. Münasibətləri son bir ilə kimi yaxşı olub və 20 ilə yaxındır ki, onunla birlikdə fındıq sexi işlədiblər. Fərman onun sexində aparıcı işçi olub. Fərman sexdə işləyən illərdə o, Bakı şəhərində olub və Fərmana sexin gəliri ilə bağlı məsələləri etibar edib. Lakin 2019-cu ilin təxminən mart ayından sexin gəliri ilə bağlı hesabatlarda aralarında narazılıq yaranıb. Bundan sonra o, Fərmanı sexindəki fəaliyyətindən kənarlaşdırıb. Sonrakı vaxtlarda onun özü fındıq sexinin fəaliyyətini dayandırmağa məcbur qalıb. Çünki, sexi işlətmək üçün əlində maddi sərmayə olmayıb. Fərmanın ona pul verməməsi ilə bağlı araşdırma aparanda aşkar etmişdir ki, Fərman ona qarşı haqsızlıq edib. Aralarında mübahisə də məhz buna görə yaranmışdır. Fərman iddia edirmişdir ki, onun bu sahədə heç bir günahı yoxdur. Onun özü isə Fərmandan 2011-ci ildən indiyə kimi qazandığı gəlirin 50 faizini istəmişdir. Fərman işlədiyi illərdə gəlirinin olmadığını deyib iddia edirmiş ki, sexdən yalnız ailəsini dolandıracaq qədər pul qazanıb, artıq pul qazanmayıb ki, 50 faizini də versin. Lakin o, Fərmanın Bakı şəhərində ev, Zaqatala rayonunda fındıq bağı, həmçinin bahalı maşın alması ilə bağlı məlumat alanda və bunları Fərmanın üzünə deyəndə aralarında 2019-cu ilin mart ayından mübahisə başlamışdır. Mübahisə aylarla davam etmiş və hər dəfəsində hesabatı ondan istəmişdir. xx xxxx 2019-cu ildə Sumqayıt şəhərində yaşayan bacısı Xanza Qurban bayramı ilə əlaqədar onun yaşadığı Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən evinə gəlmişdir. Xanzanı görmək üçün evə digər bacısı İntizar da gəlmişdir. Təxminən saat 21 radələrində o, İntizar və bacısı Xanza həyətdə oturub söhbət etmişlər. Bu zaman evinə Fərmanın qızı Nigar, bacıları İzafətlə Züleyxa da gəlmişlər. Onlar həyətdə stol arxasında oturarkən Fərmanın böyük bacısı İzafət onun Fərmanla bağlı narazılığından söhbət açmışdır. İzafət barışdırıcı mövqedən yanaşaraq nə üçün aralarında narazılığın yarandığını deyərək vurğulamışdır ki, 20 ildir ki, Fərmanla birlikdə işləyiblər, düşmənçiliyi bitirmək lazımdır, qohumluqda mübahisə olması ayıbdır. O, İzafətə cavab olaraq məsələ barədə izahat vermək istəyəndə görmüşdür ki, Fərmanın qızı Nigar özünün mobil telefonu ilə səs yazır. Lakin buna baxmayaraq, o, Nigara kobudluq etməmişdir. Nigara nəzakətlə demişdir ki, dediklərini yazsın. Sonra da söhbətinə davam edib İzafətə izah etmişdir ki, hesabat məsələsində o, haqlı olaraq özünə düşən haqqı istəyir. Fərmanın Bakı şəhərində aldığı evlərdən də xəbəri olduğunu demişdir. Sonra da o, Nigara ünvanlayıb demişdir ki, özündən böyüyün səsini telefona yazmaq ayıbdır. Ona böyüklərin işinə müdaxilə etməyə yaşının çatmadığını, belə işlərlə məşğul olmayıb imtahanlara hazırlaşmasını tövsiyə etmişdir. Nigar isə ona kobud yanaşıb “sənə dəxli yoxdu” sözlərini deyərək narazılıqla İzafətlə Züleyxa ilə çıxıb həyətdən getmişlər. 10 dəqiqə sonra Fərmanın arvadı Gülnarla qızı Nigarın həyətə gəldiyini görmüşdür. Həyətə girən kimi onlar hay-küy yaratmağa başlamışlar. Gülnar onlara uzaqdan qışqırıb “mənim qızıma söz deyəni cıraram!” kimi ifadələr işlədərək hay-küy yaratmağa başlamışdır. Onların arxasınca da Fərmanın bacıları İzafətlə Züleyxanın gəldiyini görmüşdür. Fərmanın bacıları Fərmanı tutmuşlar ki, Fərman ona tərəf gəlməsin. Fərman həmin qızışaraq uzaqdan söyüşlər söymüşdür. Fərman ona tərəf getmək istəyəndə Xanza və İntizar Fərmanın qarşısında dayanmışdır. Fərman ona söydüyü üçün o, da Fərmana cavab qaytarmışdır. Fərman ona cavabından bir az da qızışıb Fərmana tərəf gedəndə Fərman onun üzünə yumruq vurmuşdur. Sonra da əlinin baş barmağından tutub sıxmışdır. Bu zaman araya bacısı İntizar girmiş, Fərmana “niyə edirsən?” sualını verib irad bildirən kimi, Fərmanın bacısını da itələyib yerə yıxdığını görmüşdür. İntizar yıxılan zaman Fərman onu da söyüb üstündən keçərək ona tərəf gəlmişdir. Sonra da Fərman Xanzanı da itələyib yıxmışdır. Mübahisə səs küylü keçmiş, mübahisə boyu söyüşlər işlənmişdir. Fərman onu sözlə öldürməklə, sexini yandırmaqla da hədələmişdir. Hay-küyə qonşuları Eldənizlə Məhəmməd gəlib Fərmanı ayıraraq özlərinin evlərinə aparmışlar. Sonra onlar Fərmanın hərəkətlərindən polis şöbəsinə müraciət etmişlər. İbtidai istintaq zamanı şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahidgilin qapı qonşusudur. xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində o, yaşadığı Sumqayıt şəhərindən Zaqatala rayonuna bayramla əlaqədar gəlmişdir. Qardaşı Şahidin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evində olanda qardaşı Şahid, bacısı İntizar, Fərmanın qızı Nigar, Fərmanın bacıları Züleyxa və İzafətlə stol arxasında olublar. O, həmin müddətdə İntizarla ayrıca söhbət etmiş, Şahid də Fərmanın bacıları Züleyxa və İzafət isə ayrıca danışmışlar. Aralarında söhbətlərinin məzmunundan başa düşmüşdür ki, onlar Fərmanla aralarında olan narazılıqla bağlı söhbət edirlər. Şahid də onlara tövsiyə edirdi ki, bu məsələyə onlar qarışmasınlar. Çünki, Fərmanla aralarında onların da bilmədiyi şeylər var. Həmin müddətdə Şahid Nigara da irad bildirib demişdir ki, əlindəki telefonla səs yazmasın, hələ uşaqdır və bu işlərə qarışmasın. Fərmanın qızı Nigar, bacıları Züleyxa və İzafət həyətdən çıxıb gedəndən təxminən 10 dəqiqə sonra görmüşdür ki, Nigarla anası Gülnar həyətə gəlirlər. Onlar əl-qolla danışıb həyətdə səs-küy salmışlar. Əsasən narazılıqlarını Şahidə bildirib qarğış edirdilər. Hadisə ani baş verdiyi üçün onların nə dediyinə diqqət etməmişdir. Lakin onların çox hay-küylü gəldiyini görüb ayağa durmuşdur. Onunla birlikdə bacısı İntizar da ayağa durub Gülnarla Nigarın qarşısına keçib onları sakitləşdirmək istəmişdir. Bu zaman Fərmanın söyüş söyərək həyətə gəldiyini görmüşdür. Fərmanın Şahidin üstünə gəldiyini görəndə o, qardaşını tutmuşdur. Onları araladıqları müddətdə Fərman Şahidə yumuruq vurmuşdur. Lakin həmin yumruq Şahidə zəif dəymişdir. İntizar Fərmanı tutmuşdur ki, qabağa gəlməsin. Həmin vaxt Fərman əli ilə İntizarın sinəsinə vurub yerə yıxmışdır. Yıxandan sonra İntizarı təpiklə bir dəfə möhkəm vurmuşdur. Təpiyin onun sinəsinə və əlinə dəydiyini görmüşdür. Bundan sonra Fərman onu da əli ilə itələyib gül bağı tərəfə yıxmışdır. Gül bağında olan kollar onun sol tərəfdən ayağını cızmışdır. Sonra Fərmanın bacıları Züleyxa ilə İzafət hay- küyə gəlib Fərmanı sakitləşdirməyə çalışırmışlar. Fərman mütəmadi onlara və Şahidə söyüşlər söydüyündən həyətdə hay-küy yaranmış, səsə gələn qonşular Eldəniz və Məhəmməd gəlib Fərmanı həyətdən aparmışlar. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid4 bildirmişdir ki, Şahid1 xalasının əridir. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Sadəcə olaraq bir ildir ki, münasibətləri pisdir. Buna səbəb Şahidin onun evini banka girov qoyması, lakin çıxartmamasıdır. xx xxxx 2019-cu il tarixdə o, evdə olub. Ailələri arasında narazılığın aradan qaldırılması üçün onlara bibiləri İzafət və Züleyxa gəlmişdir. Saat 22 radələrində bibiləri Şahid dayı tərəfə keçəndə, o da onlarla birlikdə getmişdir. Şahidgildə İntizar və Xanza da olmuşdur. Bibiləri narazılığın aradan qaldırılması üçün söhbətə başlamışlar. Bibiləri bu narazılığın nə vaxt qurtaracağı barədə Şahidə sual verərək soruşmuşlar ki, evi nə vaxt girovdan çıxaracaqdır. Şahid isə bibilərinin dedikləri ilə razılaşmayaraq, atası barədə təhqirlər etmişdir. Demişdir ki, onun atası ilə anası sırf Şahidə görə adam olublar, sexi işlədiblər, pulunu da indiyə kimi xərcləyiblər. Həmin vaxt hava qaranlıq olduğundan Şahid onun telefonunun işığını yandırdığını görüb elə zənn etmişdir ki, o, söhbətləri telefona qeyd edir. Hətta ona bu barədə söz də atmışdır. Şahid atası barəsində nalayiq ifadələr işlətdiyindən o, Şahidə etiraz etmişdir. Aralarında narazılıqla bağlı söhbət olmuş və bu zaman Şahid onları evindən çıxıb getmələrini tələb etmişdir. Bacıları da ona qoşularaq orada hay-küy yaratmışlar. Xanza həmin vaxt demişdir ki, bu məsələdə Gülnarın hünəri varsa gəlsin. Onlar evə gələndə anasına bu barədə danışmışdır. X6 barəsində dediklərindən çox əsəbiləşib Şahidgilin həyətinə keçmişdir. Orada hay-küy yaranmış və bibilərinin hər ikisi anasının dalınca getmişlər. Bibisi həmin vaxt şəkəri düşdüyündən yerə yıxılmış və onu Şahidgildən atası Fərman gətirmişdir. İkinci dəfə mübahisə baş verəndə o, Şahidgilin həyətində olmadığından heç nə görməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid7 bildirmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs onun qonşularıdır. xx xxxx 2019-cu ildə, saat 21 radələrində evdə olarkən həyətə çıxanda qonşu tərəfdən səs eşitmişdir. Həmin hay-küy qadın hay-küyünə oxşamışdır. Tez hay-küy olan tərəfə getmiş və səs Şahidgilin həyətindən gəldiyi üçün onlara getmişdir. Şahidgilin həyət darvazasının qarşısına çatanda digər tərəfdən səs-küyə Eldənizin də gəldiyini görmüşdür. Yəni onlar Şahidgilin darvaza qapısının qarşısında rastlaşıb həyətə girmişlər. Həyətə girən kimi orada Şahid, arvadı və bacıları, həmçinin Fərman, arvadı və bacılarının olduğunu, onların bir-birləri ilə aralı vəziyyətdən mübahisə etdiklərini görmüşlər. Fərman onu görən kimi Şahidgilin üstünə tərəf soxulmaq istəyəndə o, buna imkan verməyərək Fərmanı danlayıb özlərinin evləri tərəfə aparmışdır. Fərmanı özlərinin evində sakitləşdirəndən sonra Şahidgilə getmişdir. Şahidgilə gedəndə görmüşdür ki, Şahidin bacısı Xanzanın ayağı qanayıb. Digər bacısı İntizar da həm sinəsini, həm də barmağını tutmuşdur. İntizar ona demişdir ki, həmin xəsarətləri ona Fərman yetirib. Hansı qaydada Fərman onu vurduğunu deməmişdir. Sonra da o, həyətdən çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid8 Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Bunlardan əlavə, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 Zaqatala Rayon Şöbəsindən verilmiş xx xxxx 2019-cu il tarixli 254 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ döş qəfəsində orta körpücük xətlə V-Vİ qabırğalar səviyyəsində qançır, sağ V qabırğada sınıq, sağ əlinin üstündə qançır və sol baldırında sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İş materallarında olan Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1559 və 1560 nömrəli arayışlardan görünür ki, təqsirləndirilən şəxs Eyubov X5 rayon Aşağı Tala kənd sakinidir və ailə tərkibi özündən, arvadı X3, qızları 2002-ci il təvəllüdlü Şahid4 və 2012-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Eyubov X5 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-in 195.2-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun həmin məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən zərərçəkmiş şəxsin ibtidai istintaq, iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olmasıbаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün əsas deyildir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, ...Fərman Şahidin üstünə ana söyüşü söyərək gəldiyindən, mən Fərmanın qabağına keçdim ki, hər hansı xoşagəlməz hal baş verməsin. Mən əvvəlcə Fərmanın sinəsindən tutdum ki, Fərman Şahidə tərəf getməsin. Bu zaman Fərman məni itələyib yerə yıxdı. Sonra da Fərman üstümdən təpikləyərək keçəndə təpik sinəmə dəydi. ...Mübahisə zamanı qabırğam sındı, bunun nəticəsində xeyli vaxt keçməsinə baxmayaraq, mən işimlə, yəni çörəyin bişirməsi ilə məşğul ola bilmirəm. ...Fərmanın təpiyi sinəmə dəydiyi üçün çatlar əmələ gəldi. Fərman qoluma da vurdu. Qolum şişdi və nə qədər vaxt ağrıdı. Buna görə işə gedə bilmədim. ...Fərman məni yerə yıxıb təpiklə vurub keçdi. Bundan başqa, Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində (i. v. 57- 59) bildirmişdir ki, ...Fərman qızışaraq uzaqdan söyüşlər söymüşdür. Fərman ona tərəf getmək istəyəndə Xanza və İntizar Fərmanın qarşısında dayanmışdır. Fərman ona söydüyü üçün o da Fərmana cavab qaytarmışdır. Fərmanın ona cavabından bir az da qızışıb Fərmana tərəf gedəndə, Fərman onun üzünə yumruq vurmuşdur. Sonra da əlinin baş barmağından tutub sıxmışdır. Bu zaman araya bacısı İntizar girmiş, Fərmana “niyə edirsən?” sualını verib irad bildirən kimi, Fərman bacısını da itələyib yerə yıxmışdır. İntizar yıxılan zaman Fərman onu da söyüb üstündən keçərək ona tərəf gəlmişdir. Sonra da Fərman Xanzanı da itələyib yıxmışdır... Bundan əlavə, xx xxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onu döyməsi faktını demişdir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apelyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 128-ci maddəsinin tərkibi vardır, apelyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 128-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin iclasında ancaq 3 şahidin dindirilməsi, Zərərçəkmiş şəxs vurulmasına iddia edən şahidlərin dindirilməməsi barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin Müdafiəçi məhkəmə kollegiyasına şifahi vəsatət verərək Şahid1, Şahid8 və Şahid7 növbəti məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmələrini məhkəmə kollegiyasından xahiş etmiş, məhkəmə kollegiyası şifahi vəsatəti təmin edərək məhkəmə iclasını şahidlərin iştirakını təmin etmək məqsədi ilə təxirə salmışdır. Həmin şahidlər növbəti məhkəmə iclasına gəlsələr də təqsirləndirilən şəxs və onun müdafiəçisi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Bundan sonra növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi MüdafiəçiŞahid1, Şahid8 və Şahid7 şahid qismində dindirilmələri barədə vəsatətdən imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar