Məhkəmə qərarları › İş №1(107)-287/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-287/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-287/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Məlikov Vəzirxan İsgəndərov oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(075)-47/2021 nömrəli hökmündən dövlət ittihamçısı kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 09 iyun 2021-ci il tarixli, 1(075)-47/2021 nömrəli hökmü ilə xx.xx.1963-cü ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində 28 mart 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinməsi və o, hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla bir il üç ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 (iki) gün həbsdə saxlanıldığı müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla bir il, iki ay, iyirmi iki gün müddət islah işləri cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, islah işləri cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanması, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 11 oktyabr 2020-ci il tarixdə saat 16:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonu, Böyük Dəhnə kənd ərazisində yerləşən, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Böyük Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının, «Sərfəli» marketin yaxınlığında, küçədə milli əxlaq qaydalarına zidd olaraq əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan hərəkətlərə yol verərək, ətrafda kənar şəxslərin olduğunu gördüyü halda onların gözü qarşısında Şəki rayonu, Böyük Dəhnə bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, ona istifadəsində olan fermanın ətrafındakı torpaq sahəsinin əkilməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb zor tətbiq etməklə hədələyib sillə ilə üzünün sağ nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sağ çənəgicgah oynağı nahiyəsinin travmatik şişkinliyi kimi xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt hadisə yerində olan və vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan qohumu Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs söyüş söyməsini görüb ona yaxınlaşaraq münaqişənin daha da dərinləşməsinin, sərxoş vəziyətdə ağır nəticələrə səbəb ola biləcək hər hansı hadisənin qarşısını almaq, ətrafdakı insanlar narahatçılıq yaradılmaması məqsədilə onu nizamintizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpası üçün hər iki əli ilə qucaqlayaraq onu hadisə yerindən uzaqlaşdıran zaman sonuncu aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb ona qarşı müqavimət göstərərək başı ilə onun baş-təpə nahiyəsinə qəsdən bir dəfə vuraraq ona başın təpə nahiyəsinin əzilmişsıyrılmış yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Şəki rayonu Böyük Dəhnə kənd ərazisində fəaliyyət göstərən «Sərfəli» marketin iş rejimini pozaraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ağırlaşdırıcı tərkib əlaməti qismində ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törətməsi, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, islah işləri cəzası təyin etməklə sosial ədalət prinsipi pozulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən hal kimi yaşlı olmasını (58 yaş) CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alsa da, onun yaşlı insan kimi davranış və hərəkətləri ilə örnək olmalı, cavan nəsilə həyat təcrübəsi, cəmiyyətdə formalaşmaları yönündə doğru yol göstərməli olduğu halda, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı ağırlaşdırıcı tərkib əlamətləri ilə qərəzli xuliqanlıq cinayəti törətməsini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını, ağırlaşdırıcı tərkib əlamətini nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış, cəzasızlıq mühiti formalaşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə öz hökmündə qanunun mənafeyini əsas tutmaq onun bir başa ali vəzifəsi olsa da, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin “ədalətli hesab edilə bilmədiyi və ictimai qınağa səbəb ola biləcəyini” əsas kimi göstərmişdir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül, islah işləri cəzasını təyin etmişdir ki, həmin cəza qanunda nəzərdə tutulmuş məqsədlərinə nail ola bilməz. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 221.2.2-c maddəsi ilə məhkum olunmasına dair Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixi hökmü ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs CM-nin 221.2.2-c maddəsi ilə məhkum olunmasına dair Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixi hökmü ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirdi ki, bu iş üzrə zərərçəkmiş odur. İbtidai istintaq düzgün aparılmamışdır. Birinci instansiya məhkəməsinin hökmü düzgün deyil. Apellyasiya protesti ilə razı deyil. Ona görə də apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Fərid Əliyev apellyasiya protesti əsassız olduğundan onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti qismən təmin edilməli və Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-nin 221.2.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Belə ki, protestin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərə aiddir və bilavasitə obyekti ictimai qaydalar olması ilə yanaşı, əlavə obyekti insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərdir. Belə ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdə saat 16:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonu, Böyük Dəhnə kənd ərazisində yerləşən, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Böyük Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının, «Sərfəli» marketin yaxınlığında, küçədə milli əxlaq qaydalarına zidd olaraq əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan hərəkətlərə yol verərək, ətrafda kənar şəxslərin olduğunu gördüyü halda onların gözü qarşısında Şəki rayonu, Böyük Dəhnə bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, ona istifadəsində olan fermanın ətrafındakı torpaq sahəsinin əkilməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb zor tətbiq etməklə hədələyib sillə ilə üzünün sağ nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sağ çənəgicgah oynağı nahiyəsinin travmatik şişkinliyi kimi xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt hadisə yerində olan və vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan qohumu Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs söyüş söyməsini görüb ona yaxınlaşaraq münaqişənin daha da dərinləşməsinin, sərxoş vəziyətdə ağır nəticələrə səbəb ola biləcək hər hansı hadisənin qarşısını almaq, ətrafdakı insanlar narahatçılıq yaradılmaması məqsədilə onu nizamintizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpası üçün hər iki əli ilə qucaqlayaraq onu hadisə yerindən uzaqlaşdıran zaman sonuncu aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb ona qarşı müqavimət göstərərək başı ilə onun baş-təpə nahiyəsinə qəsdən bir dəfə vuraraq ona başın təpə nahiyəsinin əzilmişsıyrılmış yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Şəki rayonu Böyük Dəhnə kənd ərazisində fəaliyyət göstərən «Sərfəli» marketin iş rejimini pozaraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməlinə görə CM-in 221.2.2-ci maddəsinin sanksiyası çərçivəsində daha yüngül cəzanın təyin edilməsi cəzanın islah təsiri baxımından yetərli hesab edilə bilməz. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Bundan başqa, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində əməlindən peşman olduğunu bildirsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında özünü zərərçəkmiş şəxs elan edərək ibtidai istintaqın düzgün aparılmadığını bildirmiş və beləliklə məsuliyyətindən yayınmağa davam etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri nəzərə alınmamış, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ağırlaşdırıcı tərkib əlaməti qismində ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törətməsi, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, islah işləri cəzası təyin etməklə sosial ədalət prinsipi pozulmuşdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən hal kimi yaşlı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alsa da, onun yaşlı insan kimi davranış və hərəkətləri ilə örnək olmalı, cavan nəsilə həyat təcrübəsi, cəmiyyətdə formalaşmaları yönündə doğru yol göstərməli olduğu halda, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı ağırlaşdırıcı tərkib əlamətləri ilə qərəzli xuliqanlıq cinayəti törətməsini nəzərə almamışdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla bir il, iki ay, iyirmi iki gün müddətə islah işləri cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunu norması düzgün tətbiq etmədiyinə və təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya protesti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(075)-47/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 1 il 3 ay müddətinə islah işləri cəzası 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 il azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının Şəki Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Şəki rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, qərarın icrası Şəki Şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(075)-47/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 1 il 3 ay müddətinə islah işləri cəzası 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 il azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Şəki rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Şəki rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Şəki şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar