Məhkəmə qərarları › İş №1(107)-289/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-289/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-289/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 179.1 və 177.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmü ilə xx xxxxx 1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 24 dekabr 2021-ci il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd gödəkcənin Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə maddi sübut olan 5 ədəd su motorunun və 40 metr mis kabelin zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs 75 (yetmiş beş) manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, zərərçəkmiş şəxs Dövlət ittihamçısı2 dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Təqsirləndirilən şəxs оğluna məhkəmədə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 69 (altmış doqquz) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində aralarında olan şifahi razılıq əsasında tanışı Ucar rayonu Ramal kəndində yaşayan Dövlət ittihamçısı2 məxsus mal-qara təsərüfatında çoban işlədiyi vaxtı, yəni özgənin əmlakını mənimsəmə yolla talamaq məqsədi ilə 07 may 2021-ci il tarixdə saat təxminən 11 radələrində Ucar rayonu Ramal kəndi ərazisində “Türyançay”ın yaxınlığındakı açıq otlaq ərazidən Dövlət ittihamçısı2 məxsus hər birinin qiyməti 500 manat olmaqla diri çəkisi təxminən 90 kiloqram təşkil edən, buynuzsuz, “qaradolaq” cinsli, 1-2 yaşlı toxumluq 5 (beş) baş qoçu talamaqla ümumilikdə zərərçəkmiş şəxs Dövlət ittihamçısı2 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vuraraq mənimsəmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 20 iyun 2021ci il tarixdə, saat 23 radələrində Ucar rayonu Ramal kəndi ərazisində yerləşən “Türyançay”ın kənarındakı motor yığılma məntəqəsindən Zərərçəkmiş şəxs2 məxsus 200 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan, yaşıl rəngli, 100 voltluq elektriklə işləyən “SHİMGE” markalı 1 ədəd su motorunu, Dövlət ittihamçısı2 məxsus 1 (bir) ədədi 160 manat dəyərində olmaqla, ümumilikdə 320 manat dəyərində Türkiyə istehsalı olan, bir ədədinin rəngi mavi, digər ədədinin rəngi isə göy olan 2 ədəd “MARSU” markalı su motorlarını, 130 manat dəyərində Rusiya Federasiyası istehsalı olan, tünd göy rəngli, 100 voltluq elektriklə işləyən “MARSHAL” markalı su motorlarını, Zərərçəkmiş şəxs1 məxsus 190 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan, yaşıl rəngli, 100 voltluq elektriklə işləyən “SHİMGE” markalı 1 ədəd su motorunu və 80 manat dəyərində 40 metr uzunluğunda, mis materialından olan, xarici görünüşünə görə istismar edilmiş 6-lıq elektrik kabelini oğurlayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 920 (doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 179.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində CM-in 179.1-ci maddəsi ilə ona verilən ittihamın əsassız və ədalətsiz olmasını bildirmiş, onun işinə CM-in 177.2.2-ci maddəsi ilə baxılmasını, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, özünü CM-in 177.2.2-ci maddəsi ilə təqsirli hesab edir, CM-in 179.1-ci maddəsi ilə isə təqsirli hesab etmir. Törətdiyi oğurluq əməlindən peşmandır. Ehtiyacı olduğu üçün belə bir əməl törətmişdir. Zərərçəkmiş şəxs Dövlət ittihamçısı2 dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Ziyanın hissə-hissə ödənilməsi ilə bağlı onunla razılığa gələ bilməmişdir. Apellyasiya şikayətini ona görə vermişdir ki, ailədə yeganə qazanc gətirən şəxsdir. Evdə 2 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü var. Anası və babası ilə birlikdə yaşayır. Anası işləmir, babasının isə 76 yaşı var. Həbsdə qalsa, ailəsinin vəziyyəti çətin olacaq. İlk dəfə cinayət törətmişdir. Dövlət ittihamçısı2 qoyunlarını Bərdə bazarında satmış və borcunu ödəmişdir. CM-in 179.1-ci maddəsi ilə əsassız olaraq ittiham edilmişdir. Ona köməklik göstərilməsini və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X1 apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)- 17/2022 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar rayonu Ramal kəndində fermada yaşayan Ağdam rayonu Mərzili kənd sakini Dövlət ittihamçısı2 əvvəllər həmin fermada işlədiyi üçün tanımışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 02 may 2021-ci il tarixdə, saat 10 radələrində o, Ucar rayonu Ramal kəndinə getmişdir. Fikri əvvəllər tanıdığı Dövlət ittihamçısı2 onu Zərdab rayonu ərazisində “ləzgilərin ferması” deyilən yerə işləmək üçün aparmasını xahiş etməsi olmuşdur. Bəhruzla görüşdükdə həmin xahişini etmişdir. Bəhruz ona “mənə kömək lazımdır, burda qal mənimlə fermada işlə” demişdir. O, Bəhruzla razılaşmış, əvvəlcə Bəhruzun qırxılmalı qoyunlarını qırxmış və buna görə Bəhruzdan 50 manat pul almışdır. Sonra isə Bəhruzun fermasında qalıb çoban işləməyə razılaşmışdır. Bəhruz hər ay ona 200 manat pul və bir blok siqaret verəcəyinə söz vermişdir. Habelə, Bəhruz sonra ona 1000 manatlıq dişi keçi alacağına söz vermişdir. Həmin 1000 manatı maaşından hissə-hissə tutulacağına razılaşmışlar. 06 may 2021-ci il tarixdə Bəhruzun qoyunlarını saymış və 179 baş irili-xırdalı qoyunları Bəhruz ona otarmaq üçün təhvil vermişdir. Aralarında olan razılıq şifahi şəkildə bağlanmış, heç bir yazılı sənəd olmamışdır. O, həmin gün qoyunları aparıb “Türyançay”ın üstündə otarmış və axşam qoyunları gətirib Bəhruza təhvil vermişdir. Səhəri gün 07 may 2021-ci il tarixdə, saat 07 radələrində o, Bəhruza məxsus olan 179 baş qoyunu tövlədən çıxardıb otarmaq üçün Türyançayın üstünə aparmışdır. Həmin gün, saat 08:30 radələrində Bəhruz özünə məxsus olan avtomobillə qardaşı ilə birlikdə yanından keçib xəstəxanaya getmişdir. Onun Mingəçevirdə və Bakı şəhərində tanışlarına 670 manat borcu olduğu üçün Bəhruzun qoyunlarının içində olan köhlən toğlulardan oğurlayıb satmağı fikirləşmişdir. Bəhruz yanından keçib gedəndən təxminən 10 dəqiqə sonra Mingəçevir şəhərində yaşayan bibisi oğlu Şahid2 zəng etmiş və Ucar rayonu Ramal kəndində olduğunu, yatıb qaldığını, heyvanlarının olduğunu və Bərdə bazarına satmaq üçün aparmaq istədiyini demişdir. Həsən ondan yenə harda olmağını soruşduqda Ucar rayonu Ramal kəndində olmasını və “Türyançay”ın bəndinin üstündən sağa dönüb irəli gəlməsini demişdir. Təxminən saat 11 radələrində Həsən onun olduğu yerə gəlmişdir. “Türyançay”ın kənarında, yulğun ağacları bitmiş yerdə ikisi birlikdə 5 baş qoyunu tutmuş və Həsənin “Opel Vectra” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı, qızılı rəngli avtomaşının yük yerinə qoymuşlar. Sonra qalan qoyunları Bəhruzun yaşadığı fermaya tərəf ötürmüşdür. Saat 13 radələrində həmin avtomaşınla Bərdə rayonu mal bazarına çatmışlar. Qoyunları həmin bazarda tanımadığı bir müştəriyə 930 manata satmışdır. Qoyunları satdığı şəxsə və Həsənə qoyunların özünün olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Həsənin həmin qoçların oğurluq olmasından xəbəri olmamışdır. Sonra 10 manat maşını yuduzdurmaq üçün, 50 manatda yol haqqı kimi Həsənə pul vermişdir. Qoyunları avtomobilə yükləyib Ucar rayonu Ramal kəndi ərazisindən çıxanda telefonunu söndürmüşdür. Qalan pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 20 iyun 2021-ci il tarixdə, saat 23 radələrində tək Ucar rayonu Ramal kəndinə, əvvəlcədən “Türyançay”da gördüyü, Bəhruza və əmisi Zərərçəkmiş şəxs1, eləcə də Zərərçəkmiş şəxs2 məxsus olan 100-lük, elektriklə işləyən ümumilikdə 5 ədəd su motorlarını oğurlamaq üçün gəlmişdir. O, 5 ədəd su motorlarını sudan çıxararaq iki-iki olmaqla həmin yerdən təxminən 500-600 metr məsəfəyə, qoyunları oğurladığı yerə aparmışdır. Motorları həmin yerə yığıb Həsənə zəng edib bildirmişdir ki, 5 ədəd su motorunu 300 manata almışdır. Ardınca Ucar rayonu Ramal kəndi ərazisindəki “Türyançay”ın bəndinin üstünə gəlməsini xahiş etmişdir. Təxminən bir saat sonra Həsən həmin yerə gəlmişdir. Su motorlarını Həsənin idarə etdiyi “Opel Vectra” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı, qızılı rəngli avtomaşının yük yerinə yığmış və həmin avtomaşınla Həsənin yaşadığı Yevlax rayonu Hürüuşağı kəndinə getmişlər. 21 iyun 2021-ci il tarixdə isə həmin matorları 400 manata Yevlax rayonu Hürüuşağı kənd sakini olan Samir adlı şəxsə satmışdır. Lakin həmin motorların oğurluq olmasını Samirə bildirməmişdir. Məhkəmədən yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı şikayətlərinin və tələblərinin olmamasını, ailə vəziyyətini, yəni himayəsində anasının və ahıl babasının olmasını nəzərə alaraq ona təqsirləndiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət ittihamçısı2 ifadəsində göstərmişdir ki, yaşadığı Ucar rayonu Ramal kəndi ərazisində “Türyançay” çayının kənarında köhnə camışçılıq fermasında qoyun saxlamaqla məşğuldur. Fərdi təsərüfatında olan 179 baş qoyununu özü otarmış, lakin işlərinin çoxluğu ilə bağlı çoban axtarmışdır. 02 may 2021-ci il tarixdə mobil telefonuna gələn zəngdə özünü Xəyal kimi təqdim edən şəxs “ləzgilərin ferması”na aparılmasını xahiş etmişdir. O, Xəyalı təxminən 10 il əvvəl hələ babası, nənəsi və qardaşı qonşu təsərrüfatda çoban işləyərkən tanımışdır. Xəyala öz fermasında iş olduğunu və qoyunlarını qırxmaq lazım olduğunu demişdir. Xəyal 3 gün onun qoyunlarını qırxmış və buna görə Xəyala 50 manat pul vermişdir. Bundan sonra isə Xəyal onun fermasında çoban kimi işləməyə razılıq vermiş, bunun müqabilində isə Xəyala aylıq 200 manat pul, 1 blok siqaret və 1000 manatlıq dişi keçi alıb verəcəyinə söz vermişdir. 06 may 2021-ci il tarixdə qoyunlarını sayıb Xəyala təhvil vermiş və qardaşı xəstə olduğu üçün sonuncunu xəstəxanaya aparmışdır. Xəyal həmin günü qoyunu otarıb gətirmiş, axşam qoyunu saydıqda sayı düz olmuşdur. 07 may 2021-ci il tarixdə, saat 08 radələrində yenə qardaşını Ağdaş rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəyalın qoyunları bu zaman köhnə göl yerində otarmasını görmüşdür. Saat 11 radələrində atası Bayram ona zəng vuraraq qoyunların fermaya qayıtması və Xəyalın olmadığı barədə məlumat vermişdir. Atasına qoyunları saymasını demiş və atası zəng vuraraq 5 baş qoçun olmadığını bildirmişdir. O, 5 baş qoçu Xəyalın oğurladığını başa düşmüşdür. Xəyalın istifadəsində olan mobil nomrəyə zəng vurduqda zəng çatmamışdır. Xəyalın qaçmasını başa düşmüş və qoyunların otarıldığı yerə gedərək baxdıqda hadisə yerində Xəyalın əynində olmuş göy rəngli gödəkçəni isə qoyunların yığıldığı yerdə tapmışdır. Oğurlanmış qoyunları boz və qumral rənglərdə, 1-2 yaşlı, diri çəkiləri təxminən 90 kq, erkək cinsli, toxumluq olmaqla hər birinin qiyməti 500 manat olmuşdur. Əkdiyi əkin yerini “Türyançay” çayından qoşduğu elektriklə işləyən su motoru vasitəsi ilə sulamışdır. Həmin motorları yaşadığı ünvandan təxminən 200-250 metr məsafədə yerləşən motor məntəqəsində quraşdırmışdır. Məntəqəyə nəzarət edən şəxs yoxdur. Məntəqədə onun 3 ədəd su motorundan başqa onunla bir fermada yaşayan əmisi Zərərçəkmiş şəxs1 və digər qonşusu olan Zərərçəkmiş şəxs2 da elektriklə işləyən 1 ədəd su motoru olmuşdur. Onlar motorları bir yerdə quraşdırmış və əkin yerləri də eyni istiqamətdə yerləşdiyi üçün 1 kanaldan istifadə etmişlər. 22 iyun 2021-ci il tarixdə, saat 04:30 radələrində su gəlmədiyi üçün məntəqəyə gedərək motorlara baxdıqda özünə məxsus 2 ədəd “Marsu” markalı, 1 ədəd “Marshal” markalı, qonşusu Natiq və əmisi İbada məxsus hərəsinə 1 ədəd aid olmaqla “Shimge” markalı, eləcə də əmisi İbada məxsus təxminən 40 metr uzunluğunda mis kabelin oğurlandığı məlum olmuşdur. Ardınca motorları axtarmış, “Türyançay” çayının üstü ilə getdikdə təxminən 400 metr məsafədə çay tərəfə maşın dönmə izini görmüşlər. Bundan sonra tam şəkildə motorların kimsə tərəfindən oğurlanmasına əmin olmuş və motorları avtomaşına yükləyib aparılmasını bilmişlər. Bundan sonra isə qonşusu Zərərçəkmiş şəxs2 DİN-in 102 xidmətinə müraciət edərək 5 ədəd su motorunun oğurlanması barədə məlumat vermişdir. Onun su motorları 2 ədəd Türkiyə istehsalı, “Marsu” markalı, hər ibiri 260 manat dəyərində, biri mavi, digəri göy rəngli olmuş, 3-cü su motoru “Marshal” markalı tünd göy rəngli, 250 manat dəyərində olmuşdur. Hər 3 motor işlək vəziyyətdə olmuşdur. İbtidai istintaq zamanı su motorları ona qaytarılsa da, təqsirləndirilən şəxs oğurladığı 5 baş qoçu ona qaytarmamış və bununla bağlı dəymiş zərəri ödəməmişdir, odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əkdiyi çəltik əkini yerini “Türyançay” çayından qoşduğu elektriklə işləyən su motoru vasitəsi ilə sulamışdır. Həmin su motorunu motor məntəqəsində quraşdırmışdır. Məntəqədə onun 1 ədəd su motorundan başqa onunla bir fermada yaşayan Dövlət ittihamçısı2 və digər qonşusu Zərərçəkmiş şəxs1 motorları olmuşdur. Məlum motor məntəqəsi yaşadığı ünvandan təxminən 200-250 metr məsafədə yerləşmiş və məntəqəyə nəzarət edən hər hansı şəxs olmamışdır. 22 iyun 2021-ci il tarixdə, saat 04:30 radələrində qonşusu İbad ona zəng vuraraq çayda su motorlarının olmaması və oğurlanması barədə məlumat vermişdir. Ardınca həmin yerə gələrək motorları axtarmış, “Türyançay” çayının üstü ilə Ağdaş rayonu istiqamətində təxminən 400 metr məsafə getdikdə çay tərəfə maşın dönmə izini görmüşlər. Bundan sonra tam şəkildə motorların kimsə tərəfindən oğurlanmasına əmin olmuş və motorları avtomaşına yükləyib aparılmasını bilmişlər. Bundan sonra isə o, DİN-in 102 xidmətinə müraciət edərək 5 ədəd su motorunun oğurlanması barədə məlumat vermişdir. Ona məxsus su motoru Çin istehsalı, “SHİMGE” markalı, 249 manat dəyərində, yaşıl rəngli, işlək vəziyyətdə olan, 100-lük elektriklə işləyən su motoru olmuşdur. Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsinin iclasında ərizə ilə müraciət edərək göstərmişdir ki, ona məxsus oğurlanmış bir ədəd su motoru özünə qaytarılmışdır və şikayəti yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əkdiyi çəltik əkini yerini “Türyançay” çayından qoşduğu elektriklə işləyən su motoru vasitəsi ilə sulamışdır. Həmin su motorunu motor məntəqəsində quraşdırmışdır. Məntəqədə onun 1 ədəd su motorundan başqa onunla bir fermada yaşayan Dövlət ittihamçısı2 və digər qonşusu Zərərçəkmiş şəxs2 motorları olmuşdur. Məlum motor məntəqəsi yaşadığı ünvandan təxminən 200-250 metr məsafədə yerləşmiş və məntəqəyə nəzarət edən hər hansı şəxs olmamışdır. 22 iyun 2021ci il tarixdə, saat 04:30 radələrində Bəhruz ona zəng vuraraq çayda su motorlarının olmaması və oğurlanması barədə məlumat vermişdir. Ardınca həmin yerə gələrək motorları axtarmış, “Türyançay” çayının üstü ilə Ağdaş rayonu istiqamətində təxminən 400 metr məsafə getdikdə çay tərəfə maşın dönmə izini görmüşlər. Bundan sonra tam şəkildə motorların kimsə tərəfindən oğurlanmasına əmin olmuş və motorları avtomaşına yükləyib aparılmasını bilmişlər. Bundan sonra isə Natiq DİN-in 102 xidmətinə müraciət edərək 5 ədəd su motorunun oğurlanması barədə məlumat vermişdir. Ona məxsus su motoru Çin istehsalı, “SHİMGE” markalı, 240 manat dəyərində, yaşıl rəngli, işlək vəziyyətdə olan, 100lük elektriklə işləyən su motoru olmuşdur. Bundan başqa ona məxsus 6-lıq, 40 metr uzunluğunda, 1 metri 3 manat olan mis kabel oğurlanmışdır. Bütövlükdə ona 360 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinin iclasında ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırda ona dəymiş ziyan aradan qaldırılmışdır, odur ki, şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında yaşadığı kənddə 5 ədəd su motorlarını Xəyaldan ümumilikdə 400 manata alsa da, həmin motorların oğurluq olmasından xəbəri olmamışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları gəlib motorların oğurluq olmasını dedikdə həmin motorların oğurluq olmasını bilmiş və motorları təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, 07 may 2021ci il tarixdə dayısı oğlu Xəyal ona zəng vuraraq Ucar rayonu Ramal kəndində çoban işlədiyini, işlədiyi fermada özünə aid qoyunları olduğunu, evə pul göndərmək lazım olduğunu və buna görə də qoyunları bazara aparıb satmaq istədiyini demişdir. Təxminən 1 saat sonra idarə etdiyi “Opel Vectra” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Xəyalın dediyi yerə gəlmiş, orada Xəyalla birlikdə qoyunları idarə etdiyi avtomaşının yük yerinə yığaraq Bərdə bazarına aparmış və orada qoyunu sata bilmədiklərindən Mingəçevir şəhərinə gedərək tanımadığı bir qəssaba 930 manata Xəyal satmışdır. Xəyal ona maşını yuduzdurmaq üçün 10 manat, yol haqqı olaraq da 60 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra iyun ayının 20-də saat 21 radələrində Xəyal ona zəng vuraraq yenə Ramal kəndində olduğunu, təxminən 3 saat sonra qoçları yığdıqları yerə gəlməyini xahiş etmişdir. Eyni zamanda Xəyal orada göl qurutduqlarını və göldə olan su motorlarını 300 manata aldığını ona demişdir. Saat 23 radələrində həmin yerə gəldikdə Xəyal onu gözləmişdir. Bu zaman Xəyalın gətirdiyi 5 ədəd su motorunu avtomaşına yük yerinə yığmış və Yevlax rayonu Hürüuşağı kəndinə gələrək həmin 5 ədəd su motorunu həmkəndlisi Samirə 400 manata satmışlar. Hər iki halda oğurlanmış əşyaların oğurluq olmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, hər iki cinayət əməli törədilərkən yaşadığı ünvanda olmamış və idarə etdiyi “Opel Vectra” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını Həsənin sürməsindən xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2021-ci il tаrixli, 9/6125 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublika ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərində və inşaat materialların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiqata təqdim edilmiş tədqiqat obyektlərinin, 2021-ci ilin iyun ayına respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - Bir ədəd Türkiyə Respublikası istehsalı olan, üzərində “MARSU, Vater Pump, 220B” markalanma yazıları olan, gövdəsi mavi rəngli metaldan olan, xarici görünüşünə görə istismar olunmuş “MARSU” markalı elektriklə işləyən su mühərriki 160,00 manat; bir ədəd Türkiyə Respublikası istehsalı olan, üzərində “MARSU, QDX 60-8-2-2F, Vater Pump, 220B” markalanma yazıları olan, gövdəsi göy rəngli metaldan olan, xarici görünüşünə görə istismar olunmuş “MARSU” markalı elektriklə işləyən su mühərriki 160,00 manat; bir ədəd Rusiya Federasiyası istehsalı olan, üzərində “MARSHAL” markalanma yazıları olan, gövdəsi tünd göy rəngli metaldan olan, xarici görünüşünə görə uzun müddət istismar olunmuş, “Marshal” markalı elektriklə işləyən su mühərriki 130,00 manat; bir ədəd Çin Xalq Respublikasının istehsalı, üzərində “SHİMGE” markalanma yazıları olan, gövdəsi yaşıl rəngli metaldan olan, xarici görünüşünə görə istismar edilmiş, 100-lük elektriklə işləyən “SHMİGE” markalı su mühərriki 200,00 manat; bir ədəd Çin Xalq Respublikasının istehsalı olan, üzərində “SHİMGE” markalanma yazıları olan, gövdəsi yaşıl rəngli metaldan olan, xarici görünüşünə görə istismar olunmuş, 100-lük elektriklə işləyən “SHMİGE” markalı su mühərriki 190,00 manat; 40 metr uzunluğunda, mis materialdan olan, xarici görünüşünə görə istismar edilmiş 6-lıq elektrik kabeli 80,00 manat. "xxxx" MMC-nin 27 iyul 2021-ci il tarixli, 472 nömrəli məktubundan görünür ki, 2021ci ilin may ayında 1 baş, diri çəkisi təxminən 90 kq, buynuzsuz, “Qaradolaq” cinsli, 1-2 yaşlı toxumluq qoçun satış qiyməti 450-500 manat olmuşdur. X8 İnkişaf Mərkəzinin 09 yanvar 2022-ci il tarixli, 05/X nömrəli məktubundan görünür ki, “Qaradolaq” cinsli, təxmini diri çəkisi 90 kq olan toxumluq qoçun satış qiyməti həmin heyvandan 54-56 faiz ət çıxımı nəzərə alsaq, 2021-ci ilin may ayının bazar qiymətlərinə əsasən 450-500 manat civarında müəyyənləşir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 3 saylı Mənzil istismar sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xаrаkterizə оlunur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Xəyal Süleymanı CM-in 179.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai isintaq zamanı, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdikləri ifadələrə, ekspert rəyinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs CM-in CM-in 179.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmiş və onun əməli istintaq orqanı tərəfindən CM-in 179.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs nəzərdə tutulan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. CPM-in 143-cü (Sübutların toplanılması) maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır. Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərərçəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 144-cü (Sübutların yoxlanılması) maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci (Sübutların qiymətləndirilməsi) maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146-cı (Sübutların kifayət etməsi) maddəsində isə qeyd olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: -ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; -cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; -cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: -sübut materiallarının lüzumsuz artıq toplanmasına; -ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Təqsirləndirilən şəxs CM-in 179.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyini mübahisələndirirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsi CM-in 179.1-ci maddəsində nəzərdə tutulan cinayət əmələrlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 179.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası ona görə belə qənaətə gəlir ki, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlara əsasən, Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını talamaqla mənimsəmişdir. Təqsirləndirilən şəxsin əməllərinin yalnız CM-nin 177.2.2-maddəsi ilə tövsif edilməli olması barədə apellyasiya şikayətinin dəlilləri məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində aralarında olan şifahi razılıq əsasında tanışı, Ucar rayonu Ramal kəndində yaşayan Dövlət ittihamçısı2 məxsus mal-qara təsərüfatında çoban işlədiyi vaxtı, yəni özgənin əmlakını mənimsəmə yolu ilə talamaq məqsədi ilə 07 may 2021-ci il tarixdə, saat təxminən 11 radələrində Ucar rayonu Ramal kəndi ərazisində “Türyançay”ın yaxınlığındakı açıq otlaq ərazidən Dövlət ittihamçısı2 məxsus hər birinin qiyməti 500 manat olmaqla diri çəkisi təxminən 90 kiloqram təşkil edən, buynuzsuz, “qaradolaq” cinsli, 1-2 yaşlı toxumluq 5 (beş) baş qoçu talamaqla ümumilikdə zərərçəkmiş şəxs Dövlət ittihamçısı2 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vuraraq mənimsəmişdir. Məhkəmə kollegiyasının iclasında işin faktiki halları və sübutlar tədqiq edilərkən müəyyən olunur ki, hadisənin baş verməsi, inkişafı və nəticəsi bir-birini tamamlayır, sübutlar bir-biri ilə üst-üstə düşür və onların arasında heç bir ziddiyyət qalmır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Əksinə, həmin sübutlara əsasən, kollegiya belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 179.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində CM-in 179.1-ci maddəsi ilə ona verilən ittihamın əsassız və ədalətsiz olması ilə bağlı göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin qeyd olunan dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi zəruriliyi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası onları əsaslı hesab edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası ona qəti olaraq təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılmasının mümkünlüyünü müsbət qiymətləndirir və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə o, müsbət xarakterizə olunaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidən yaşadığı müddətdə Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 3 saylı Mənzil istismar sahəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf edərək səmimi peşman olması, ilk dəfə az ağır cinayət törətməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayətinin və tələbinin olmaması, gənc olması məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılması CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən hallarla müqayisədə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi işin faktiki hallarına tam uyğun gəlmir. Ona görə də ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, ona yuxarıda göstərilən əməllərinə görə daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Həm apellyasiya şikayətindən, həm də Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə bildirdiyi münasibətdən görünür ki, o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan peşmаn olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə, CM-in 179.1-ci maddəsi ilə 01 (bir) müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təyin olunmuş cəzanın 2 (iki) ilə endirilməsi də onun islаh olunması üçün yetərli ola bilər. Göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılmasının mümkünlüyünü müsbət qiymətləndirir və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmünə əsasən CM-in 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) ilə endirilməli, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təyin olunan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmünə əsasən CM-in 179.1-ci maddəsi ilə təyin olunan 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 və 177.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin olunan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Ucar Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(063)-17/2022 nömrəli hökmünə əsasən CM-in 179.1-ci maddəsi ilə təyin olunan 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Baxılmış apellyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar