Məhkəmə qərarları › İş №1(107)-29/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-29/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-29/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının iclas katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Şəki Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair X5 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Məhkəməsinin (sədrlik edən, R.Əliyev, hakimlər R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxx 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayonunun Aşağı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin xx xxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan - Məhkəmə Ekspertizası Mərkəzinin kağız paketlərində qablaşdırılmış 152 ədəd ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi - 18,52 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri və 300 ədəd ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi - 809 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsi, ondan 32,4 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs müəyyən olmayan vaxtda və şəraitdə yaşadığı Zaqatala rayonunun Aşağı Tala kəndindəki evinin həyətyanı sahəsində yerləşən istixanada, bundan başqa bir ədəd plastmas və bir ədəd taxta yeşiyin içərisində qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib xx xxxx 2019-cu il tarixədək olan müddətdə, ümumilikdə külli miqdarda - 452 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini və şitillərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirmiş, Hüseyn Ramazanovun qanunsuz olaraq narkotik vasitə olan marixuana əldə edib qəbul etməsi və satışı ilə məşğul olması, həmçinin tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin və Zaqatala Rayon Rolis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu ildə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Hüseyn Ramazanov həmin gün, saat 18:30-da yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən evinin qarşısında saxlanılaraq özünün icazəsi və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin sol tərəfində yerləşən istixanadan torpaqda qanunsuz olaraq aqrotexniki qaydada qulluq olunub yetişdirilməklə kultivasiya edilmiş ümumi təmiz çəkisi 815 qram olan külli miqdarda - 300 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və ümumi təmiz çəkisi 2,015 qram olan külli miqdarda - 35 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitilləri, həmçinin istixananın yanında bir ədəd taxta və bir ədəd plastmas yeşikdə ümumi təmiz çəkisi 18,025 qram olan külli miqdarda - 117 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Hüseyn Ramazanov hökmdən apelyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala rayonunun Aşağı Tala kəndindəki həyətyanı sahəmdə, ümumi çəkisi 815 qram olan marixuana əkmişəm. İstintaq zamanı əkilmiş şitillərin 300 ədədi istifadə üçün lazım olan şəklə çatdığı hesab olunsa da, əslində onların ölçüsü və keyfiyyəti istifadə üçün əlverişli olan həddə çatmamışdır. Ondan başqa, digər 152 ədəd olan şitillərin hündürlüyü 30 sm kimi göstərilsə də, onlar konkret olaraq 10 sm-dən keçməmişdir. Burada əkilən bitkilər külli miqdar yox, əslində xeyli miqdara uyğun gəlir. Bundan başqa, əməlindən peşmanam, evin tək övladıyam, anam, atam rəhmətə gedib. Həyat yoldaşımdan ayrılsam da, ona aylıq aliment ödəyirəm. Göstərilənləri nəzərə alaraq X5 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilib, barəmdə ədalətli hökm çıxarılmasını xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən təqsirləndirilən şəxs Hüseyn Ramazanov bildirmişdir ki, bu əməldə özümü təqsirli bilirəm. Əməlimdən peşmanam. Mən narkotik vasitələrinin istifadəçisiyəm. Çöldən yığdığım yabanı toxumları əksəm də, şitillər hələ böyüməmişdi. Onların böyüməsi dəqiq deyildi. Onlar xarab ola və bata bilərdi. Onlardan 5-6 ədədini özüm üçün saxlamaq fikrim var idi. Toxumları əkmişəm, amma şitillərin bitki kimi qəbul edilməsi ilə razı deyiləm. Çünki, onların əmələ gəlməsinə bir neçə ay lazımdır. Şitillərin ümumi çəkisi də bir kilo təşkil etmir. Ona görə də mənə təyin edilmiş cəzanın azaldılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Mazan Fətəliyev əsassız olduğundan apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Emil Əliyev apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, X5 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Hüseyn Ramazanovun CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Hüseyn Ramazanovun əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apelyasiya şikayətindən və təqsirləndirilən şəxs Hüseyn Ramazanovun apelyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, Zaqatala rayonunun Aşağı Tala kəndindəki həyətyanı sahəsində, ümumi çəkisi 815 qram olan marixuana əkdiyini, şitillərin ölçüsü və keyfiyyətinin istifadə üçün əlverişli olan həddə çatmamasını, şitillərin 152 ədədinin hündürlüyünün 30 sm göstərilməsinə baxmayaraq, onların 10 sm-dən artıq olmamasını, əkilən bitkilərin külli miqdara yox, əslində xeyli miqdara uyğun gəlməsini və ona təyin edilmiş cəzanın ağır olmasını mübahisələndirmişdir. Təqsirləndirilən şəxsin mübahisələndirdiyi miqdar məsələsi ilə bağlı qeyd olunmalıdır ki, CM-in 237-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin Məcəllənin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Həmin Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Digər tərəfdən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİİ siyahısına (Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər) görə, Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 16 ədədi (31 hissəsi) külli miqdar hesab olunur. İstinad olunan hüquq normalarının mənasına görə, cinayət məsuliyyətinin yaranması üçün əsas meyar kimi tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin çəkisi deyil, sayı çıxış edir. Təqsirləndirilən şəxs Hüseyn Ramazanovun əkib kultvasiya etdiyi həmin bitkilərin sayı isə 452 ədəd olmuşdur ki, bu da şəxsin CM-in 237.2.3-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün külli miqdar hesab olunan 16 ədəddən 28 dəfədən çoxdur. Ona görə də apelyasiya şikayətinin bu barədə dəlilləri əsaslı hesab edilə bilməz. Apelyasiya şikayətinin digər dəlili isə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Digər tərəfdən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Hüseyn Ramazanov ağır cinayətlər kateqoriyasına aid, qəsdən, qanunsuz olaraq külli miqdarda, yəni 452 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qaydada qulluq göstərmiş və kultivasiya etmişdir. Bununla da ona qarşı irəli sürülən cəmiyyət üçün daha təhlükəli olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlini törətmişdir. Bundan başqa, məhkumluğu olmasa da, Hüseyn Ramazanov 2011-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, RusiyaFederasiyasınınTümenvilayətinin Xantı-Mansiysk Muxtar Diyarının Nefteyugansk şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə (İ cild, i. v. 110) cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından təqsirləndirilən şəxs Hüseyn Ramazanova təyin olunmuş dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşdən görünür ki, tqsirləndirilən şəxs Hüseyn Ramazanov xx xxxx 2019-cu ildə qаnunsuz оlаrаq külli miqdarda, 452 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitilləri kultivasiya etmişdir. Onun ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında bu əmələ görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Hüseyn Ramazanovun şəxsiyyətini, cəzаnı yüngülləşdirən halların olmasını, ağırlaşdıran hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Hüseyn Ramazanovun apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, X5 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. X5 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar