Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-297/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmü ilə, xx xxxx 1986-cı ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Namazgah kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2020-ci il tarixdən 04 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 16 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 01 il 06 ay sınaq müddəti müəyyən edilərək şərti hesab olunması hökm edilmişdir. işin halları: İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 18 aprel 2020-ci il tarixdə saat 13:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “LADA 21214 Urban” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun yaşadığı İsmayıllı rayonu Namazgah kəndi ərazisində yerləşən evin yaxınlığında olduğunu görüb heç bir əsaslı səbəb olmadan evdə saxladığı 20 kalibrli, İjK modelli, çaxmaqlı, tək lüləli, L-38285 nömrəli, yivsiz, odlu ov silahını götürüb evin yanında yerləşən məktəbin həyətinə keçərək oradan ictimai yer hesab olunan küçədə insanların olmasına əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs avtomobilin içərisində olduğunu yəqin etdikdən sonra ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək əlində olan ov silahından Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinə üç dəfə atəş açaraq avtomobilə 360 (üç yüz altmış) manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs qarşı silahdan istifadə etməklə zor tətbiq edilməsi hədəsi, habelə silahdan istifadə etməklə sonuncunun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.10.2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə məhkum edilməsinə dair İsmayıll Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 1(037)-35/2020 nömrəli hökmü baxılmış apelyasiya protesti üzrə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Apellyasiya instansiya məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16.06.2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs haqqında Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına xaric olmaqla, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərlə əlaqədardır və bilavasitə obyekti ictimai qaydadır, təqsirkarın silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərində ifadə olunur. Qeyd olunan cinayətin ictimai təhlükəli xarakteri qəsdin ictimai təhlükəsizliyə təminat verən ictimai münasibətlərin, ictimai əxlaqın qərəzli pozulmasına və bunun son nəticəsi kimi vətəndaşların hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə yanaşı əlavə obyekt qismində çıxış edən insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, mülkiyyətinə yönəlməsində, təqsirin forması cinayətin subyektiv cəhətdən baş vermiş nəticələrə münasibətdə qəsdən törədilməsində, ictimai təhlükəliliyi isə vətəndaşların hüquqlarını və qanunla qorunan mənafelərini tənzimləyən normaların qərəzli şəkildə pozulmasında, insanların həyat və sağlamlığına, eləcə də mülkiyyətinə zərər vurmaqda ifadə olunmuşdur. Lakin, məhkəmə hökmdə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanın təqsirləndirilən şəxsin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etsə də, hökmün təsviri hissəsində bunları əsaslandırmamış və əməlin konkret olaraq ictimai təhlükəlilik dərəcəsi və xarakterini tam açıqlamamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, törədilmə üsuluna və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığı halda şərti məhkum etmənin tətbiq edilməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 apelyasiya protestinin təmin edilməsini, İsmayıll Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 1(037)-35/2020 nömrəli hökmünün qanunsuz, əsassız və ədalətsiz olduğundan, cinayət qanununun norması düzgün tətbiq edilmədyindən ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair İsmayıll Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bildiyini və apelyasiya protestinə etiraz etdiyini göstərərək bildirmişdir ki, etdiyi əməldən səmimi olaraq peşman olmuşdur. Odur ki, apelyasiya protestinin təmin etməməsini, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs ilə barışmışdır, hazırda zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Psixi xəstəlikdən əziyyət çəkir və ruhi-əsəb kabinetində qeydiyyatdadır. Odur ki, apelyasiya protestinin təmin olunmamasını, İsmayıll Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 1(037)-35/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zərər Təqsirləndirilən şəxs ilə qohum olduqlarını, heç bir şikayətinin olmadığını, barışdıqlarını bildirdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmü dəyişdirilməli, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiqi ilə bağlı müddəa hökmdən xaric edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16.06.2021-ci il tarixli qərarında göstərmişdir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CMin 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham edildiyi cinayəti odlu silahdan istifadə etməklə törətməsi CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Buna baxmayaraq, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınsa da, onun əməlində cəzanı ağırlaşdıran halın olmadığı qeyd edilmiş, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsinin cəzanı ağırlaşdıran hal kimi nəzərə almamasının səbəbləri qərarda göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət əməlinin həm odlu silahdan istifadə edilməklə törədilməsi, həm də onun törədilməsi şəraiti və forması əməlin və həmin cinayət əməlini törədən şəxsin daha çox ictimai təhlükəli olmasına dəlalət edən amillərdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərlə əlaqədardır və bilavasitə obyekti ictimai qaydadır, təqsirkarın silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərində ifadə olunur. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır Apellyasiya instansiya məhkəməsi sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmənin tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlinin ictimai təhlükəliliyi xüsusi önəm kəsb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmənin tətbiqinin cəzanın məqsədlərini təmin edə biləcəyinə əmin deyildir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti olaraq çəkməsi onun islah olunmamasına, təhlükəli meyllərin təsirindən çıxa bilməməsinə və yenidən cinayət törətməsinə səbəb ola bilər. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını şərti olaraq təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı sayır. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)- 35/2020 nömrəli hökmü dəyişdirilməli, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiqi ilə bağlı müddəa hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunmalı və barəsində seçilmiş “başqa yerrə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 15 sentyabr 2021-ci il tarixdən hesablanmalı, İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmü dəyişdirilməli, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiqi ilə bağlı müddəa hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)- 35/2020 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunsun və barəsində seçilmiş “başqa yerrə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 15 sentyabr 2021-ci il tarixdən hesablansın. İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 1(037)-35/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-297/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-297/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver