Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-30/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının iclas katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri –Şəki Şəhər Vəkil Bürosunun vəkilləri Qədimov Cavid Əbdürrəhman oğlu və X4 iştirakı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə CM-in 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxx 1977-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, barəsində xx xxxxxx 2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olan və Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan iki ay on bir gününün CM-in 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməsi, qəti olaraq üzərində iki il yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan yəni, xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olub Yevlax Rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Habil Məhərrəmova məxsus bir ədəd pul qabının hökm qanuni qüvvəsini aldıqdan sonra Habil Məhərrəmova qaytarılması, hökmün maddi sübutla bağlı icrasının Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. xx xxxxxx 1968-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, barəsində xx xxxxxx 2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, İmişli şəhəri, Xiyabani küçəsi, ev 5-də qeydiyyatda olan, Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayının 7-də, saat 14 radələrində qabaqcadan əlbir olub bir qrup yaratmaqla cinayət əlaqəsinə girdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli talamaq məqsədi ilə ünvan 1 ünvanında yaşayan Əliyev Babək Zakir oğlunun evində olmamasından istifadə edib, həyətyanı hasardan həyətə daxil olub, Əsgər Mirzəyevin dəmir lingdən istifadə edərək mənzilin pəncərəsindəki dəmir barmaqlığı sındırmasından sonra içəriyə qanunsuz daxil olub oradan 1050 manat və həmin günün manata olan məzənnəsi ilə 1018 manat 20 qəpik təşkil edən 600 dollar miqdarında özgə əmlakını talamaqla zərərçəkmiş Babək Əliyevə, ümumilikdə 2068 manat 20 qəpik ziyan vurmaqla oğurluq etmişlər. Hökmdən təqsirləndirilən şəxslər Habil Məhərrəmov və Əsgər Mirzəyev apelyasiya şikayətləri vermişlər. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti, apelyasiya şikayətlərinə qarşı etiraz, dövlət ittihamçısı tərəfindən apelyasiya protesti həmçinin apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs Habil Məhərrəmov apelyasiya şikayətini ailə vəziyyəti, himayəsində anası və bir övladının olması, qazanc gətirən yeganə şəxs olması ilə əsaslandıraraq, ona daha yüngül cəza təyin edilməsiniapelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs Əsgər Mirzəyev isə apelyasiya şikayətini himayəsində üç azyaşlı övladının olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməli olması ilə ilə əsaslandırmışdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən təqsirləndirilən şəxs Habil Məhərrəmov bildirmişdir ki, bu cinayəti sərxoş vəziyyətdə olduğum üçün törətdim. Bu əməldə özümü təqsirli bilirəm və əməlimdən peşmanam. Ailə vəziyyətimi, himayəmdə anamın və bir övladımın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmağımı nəzərə alaraq mənə yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən digər təqsirləndirilən şəxs Əsgər Mirzəyev bildirmişdir ki, içkili olduğum üçün bu cinayəti törətmişəm. Törətdiyim əməldən peşmanam və özümü təqsirli bilirəm. Himayəmdə azyaşlı övladlarım var. Ona görə də qeyd etdiyim halları nəzərə alaraq mənə yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Mazan Fətəliyev bildirmişdir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. İş materiallarından görünür ki, Habil Məhərrəmov cəzadan şərti olaraq vaxtından əvvəl azad olunsa da, həmin dövrdə yenidən cinayət törətmiş, onun əməlində cinayətin residivi vardır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Birinci instansiya məhkəməsi həmin maddənin tələblərini nəzərə almaqla və Habil Məhərrəmova təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edib çəkilməmiş qalan hissəsini, yəni 02 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki cəzaya qismən birləşdirilməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Eyni qaydada Əsgər Mirzəyevin də əməlində cinayətin residivi vardır. Yevlax Rayon Məhkəməsi qanunvericiliyin tələblərinə əsasən hər iki təqsidlərndirilən şəxsə ən aşağı həddə cəza təyin etmişdir. Bu baxımdan hesab edirəm ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza təyin etmişdir. Ona görə də apelyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Habil Məhərrəmovun müdafiəçisi Cavid Qədimov müdafiəçisi olduğu şəxs Habil Məhərrəmovun apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Əsgər Mirzəyevin müdafiəçisi Dəyanət Mustafayev hüquqlarını müdafiə etdiyi şəxs Əsgər Mirzəyevin apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayətləri təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Habil Məhərrəmovun CM-in 177.2.1 və 177.2.3, Əsgər Mirzəyevin isə CM-in 29, 177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Habil Məhərrəmovun əməli CM-in 177.2.1 və 177.2.3, Əsgər Mirzəyevin əməli isə CM-in 29, 177.2.1 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, onlara təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəxsiyyətinə uyğun olmuşdur. Apelyasiya şikayətlərindən və təqsirləndirilən şəxslər Habil Məhərrəmov və Əsgər Mirzəyevin apelyasiya şikayətlərinin dəlillərinə münasibətlərindən görünür ki, onlar birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzaların yüngülləşdirilməsini istəyirlər. Bununla bağlı məhkəmə kollegiyası hər iki apelyasiya şikayətinin dəlilləri üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarında olan (i. v. 36-48) Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 29, 177.2.2 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmündən cinayətlərin residivinə dair müddəlar xaric edilmiş və Təqsirləndirilən şəxs2na təyin edilən dörd il müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq üç il altı ay həddində müəyyən edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş iki ay on bir günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan (i. v. 132-144) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünün surətindən isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.1, 177.2.2ci maddələri ilə təqsirli bilinib, dörd il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən məhkum edilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 177.2.2-ci maddələri ilə olan əməli CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2-ci maddələrinə tövsif edilmiş, həmin hökmlə təyin edilmiş dörd il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası dörd il üç aya endirilmiş və xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, hər iki təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinаyət törətmişdir ki, bu da cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından təqsirləndirilən şəxs Habil Məhərrəmova təyin olunmuş qəti olaraq iki il yeddi ay müddətə azadlıqdan məhrum etmə, digər təqsirləndirilən şəxs Əsgər Mirzəyevə isə təyin olunmuş iki il müddətə azadlıqdan məhrum etmə cəzalarını qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə təyin etdiyi cəzaları islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrin sanksiyalarında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Habil Məhərrəmov və Əsgər Mirzəyevin şəxsiyyətini, cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onların islаh olunmаlarınа və аilələrinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onlarа həmin mаddələrin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Bu cəzalar CM-in ədalət və humanizm prinspinə, habelə cəzanın islah təsiri baxımından tələblərə uyğun olmuşdur. Ona görə də təqsirləndirilən şəxslərə təyin edilmiş cəzalar ağır hesab oluna, apelyasiya şikayətləri əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, təqsirləndirilən şəxs habil Məhərrəmov və Əsgər Mirzəyevin apelyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-30/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-30/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver