Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-303/2021 27.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(014)-71/2021 nömrəli hökmü ilə, xx.xx.2001-ci ildə ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan və Ağdaş şəhəri H.Əliyev prospekti 67-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılması və qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,062 qram kustar üsulla hazırlanmış narkotik maddə olan heroinin məhv edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdə Ağdaş şəhəri Məşəd küçəsindən şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,112 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində daşımış, 26.03.2021-ci il tarixdə saat 14:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri H.Əliyev prospektindən Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsi 12 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 15:06 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvəllər məhkum olunmadığını, narkotik vasitə olan heroinin istifadəçisi olduğunu, xəstə olduğunu, ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyini, 26.03.2021-ci il tarixdə saat 14:30 radələrində Ağdaş şəhərində H.Əliyev prospektində olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını, onu polis şöbəsinə dəvət etdiklərini, orada ona vəkil təyin etdikdən sonra onu tutduqlarını və Ağdaş RPŞ-nin növbətçi hissəsində vəkilin, polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümün aşkar olunduğunu, sellofan bükümün açıldığını, içərisindən qəhvəyi rəngli, toz halında olan maddə aşkar olunduğunu, sonra həmin bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,35 qr olduğunu, sonra həmin bükümün kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, bundan başqa üzərindən 1 ədəd alışqan aşkar olunduğunu, onun da özünə qaytarıldığını, özünün və digər iştirakçıların qablaşmaya imza etdiklərini, şəxsi axtarış prosesinin mobil telefon vasitəsilə videoqeydə alındığını, üzərindən aşkar olunmuş həmin narkotik vasitəni təxminən 5 gün bundan əvvəl, yəni 21.03.2021-ci il tarixdə Ağdaş şəhəri Məşəd küçəsində gedərkən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, üzərindən aşkar olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 26.03.2021-ci il tarixdə günorta radələrində xidmətdə olduğunu, həmin zaman Ağdam şəhəri Qiyaslı kəndində qeydiyyatda olan və Ağdaş şəhəri H.Əliyev prospekti 67-də yaşayan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən müvafiq sənədləşdirmələr aparılaraq raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, həmin gün saat 14:30 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt Pünhanın və özünün Murada yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumatlarının olduğunu bildirdiklərini, bu zaman Təqsirləndirilən şəxs də özünü şübhəli aparmağa başladığını və onlardan uşaqlaşmaq istədiyini, hər ikisinin doğurdan da onun üzərində narkotik vasitə olduğunu və bu səbəbdən onlardan uzaqlaşmağa çalışdığını başa düşdüklərini, bundan sonra Muradı RPŞ-yə dəvət etdiklərini, RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra şübhəli şəxs qismində tutulduğunu, daha sonra RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Muradın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Muradın əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan büküm və əynində olan şalvarının cibindən 1 ədəd alışqan aşkar olunduğunu, aşkar olunmuş sellofan bükümün açıldığını və içərisindən qəhvəyi rəngli, toz və krsital halında olan maddə aşkar olunduğunu, sonra həmin bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,35 qr olduğunu, bundan sonra həmin büküm kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmin zərfin üzərinin imzalandığını, şəxsi axtarışın video çəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etdiklərini, Muradın üzərindən başqa heç bir şey aşkar olunmadığını, həmçinin onun üzərindən aşkar olummuş alışqanın da onun özünə qaytarıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni təxminən 5 gün bundan öncə, yəni 21.03.2021-ci il tarixdə Ağdaş şəhəri Məşəd küçəsində gedərkən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Muradın narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(014)-71/2021 nömrəli hökmünün barəsində verilmiş 1 il həbs qərarının ləğv edilməsni xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini və Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(014)-71/2021 nömrəli hökmünün ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 oğlu Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmamasını və Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(014)-71/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(014)- 71/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Muradın əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan büküm və əynində olan şalvarının cibindən 1 ədəd alışqan aşkar olunmuş, aşkar olunmuş sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz və krsital halında olan maddə aşkar olunmuş, sonra həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,35 qr olmuş, bundan sonra həmin büküm kağız zərfə qablaşdırılmış, üzərinə DİNin 111 nömrəli möhür vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmiş, Muradın üzərindən başqa heç bir şey aşkar olunmamış, həmçinin onun üzərindən aşkar olunmuş alışqanın da onun özünə qaytarılmış, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni təxminən 5 gün öncə Ağdaş şəhəri Məşəd küçəsində gedərkən tapmış və özü istifadə etmək üçün üzərində saxlamış olduğunu bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 26.03.2021-ci il tarixli, 17/231 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkiləri 1,112 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 27.04.2021-ci il tarixli 452 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 aprel 2021-ci il tarixli 1337 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 67 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X10; X2. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə almış və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud olmamışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, aşkar edilmiş narkotik vasitənin miqdarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış, ona bu xüsusatların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(014)-71/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(014)-71/2021 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-303/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-303/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver