Məhkəmə qərarları › İş №1(107)-311/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-311/2020

30.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-311/2020 30.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ (ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair) Şəki Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, Allahverdiyeva Yeganə Möhlət qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlunun Zərdab Rayon Məhkəməsinin hakimi və sədri Qubadov Tahir Möhsüm oğluna verdiyi etirаzın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Allahverdiyeva Yeganə Möhlət qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlu məhkəməyə ərizə verərək həmin şikayətə Zərdab Rayon Məhkəməsinin hakimi və sədri Qubadov Tahir Möhsüm oğlu tərəfindən baxılmasına etiraz etmiş və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Eyvazov Akif Məhərləm oğlunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əliyev Böyükağa Mahmud oğlunun Zərdab Rayon Məhkəməsinin hakimi və sədri Qubadov Tahir Möhsüm oğluna verdiyi etirаz təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əliyev Böyükağa Mahmud oğlunun Zərdab Rayon Məhkəməsinin hakiminə verdiyi etirаz təmin edildiyindən ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM-in) 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apelyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrində isə göstərilir ki, cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: -bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özüözünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; -məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə. Eyni zamanda CPM-in 76.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apelyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, hesab edirəm ki, etirazın təmin olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan xüsusi ittiham qaydasında şikayətə dair məhkəmənin ərazi aidiyyəti dəyişdirilməlidir. Belə qənaətə gəlirəm ki, Allahverdiyeva Yeganə Möhlət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Əliyev Böyükağa Mahmud oğlunun xüsusi ittiham qaydasında şikayətinin baxılması üçün ərazi baxımından Zərdab rayonuna daha yaxın olan Ucar Rayon Məhkəməsinə göndərilməsi məqsədə müvafiqdir. Şərh оlunаnlаrı və CPM-in 109 və 76-cı mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Allahverdiyeva Yeganə Möhlət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Əliyev Böyükağa Mahmud oğlunun xüsusi ittiham qaydasında şikayəti baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin sədri: Mübariz Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar