Məhkəmə qərarları › İş №1(107)-317/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-317/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-317/2022 03.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2 iştirakı ilə müdafiçi–Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 16 iyun 2022-ci il tarixli 1(024)- 35/2022 nömrəli nömrəli hökmü ilə, xx.xx.1991-ci ildə Qax rayonunun Marsan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 18 mart 2022-ci ildən 19 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılması, onun üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilib barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbsə salınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 iyun 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 338,81 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 18 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax şəhəri ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sol iç döş cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,28 qram narkotik vasitə olan qurudulmuş marixuana, daha sonra ona məxsus həyətyanı sahədə yerləşən mal tövləsinə baxış keçirilən zaman mal tövləsinin çardağı ilə divarın arasında olan boşluq sahədən 1 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi 332,53 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi verdikləri apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündən apellyasiya protesti və Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində həbs ilə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Müdafiəçi X7 əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs şəxsin vəziyyətini yüngülləşdirən hallar mövcuddur. Belə ki, təqsirləndirilən şəxsin atası Əfqanıstan və 1-ci Qarabağ müharibələrinin iştirakçısıdır. Özünün Respublika üzrə keçirilən bir sıra idman turnirlərində təltifləri vardır. Diplomları vardır. Üç dəfə respublika birincisi olmuşdur. Beynəlxalq turnirlərdə uğurları vardır. Bundan başqa övladı var azyaşlı. Oğlu Umummilli Lider Heydər Əliyevin 96 illiyi münasibəti ilə keçirilən 2019-cu il tarixli Respublika turnirlərində iki növ üzrə 1-ci və 2-ci yerlərə layiq görülmüşdür. Qeyd edilən sənədləri iş materiallarına əlavə edilməsi üçün təqdim edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində ədalətli qərar qəbul edilməsini və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında çıxış edən dövlət ittihamçısı İ dərəcəli hüququşünas X4 şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Dövlət ittihamçısı İ dərəcəli hüququşünas X4 əlavə olaraq bildirdi ki, appelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu düşünür. Şəxsin təqsirliliyi təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Ona görə də şəxsin əməlinin düzgün tövsif edildiyini düşünür. 1ci instansiya məhkəməsi də şəxsin üzərində və evində aşkar edilmiş narkotik vasitənin ümumi çəkisinin 338.81 qram olmasını nəzərə alaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərarına gəlmişdir. Təyin edilmiş 1 il müddətə azadlıqdan məhrumetmə cəzasının ədalətli cəza olduğunu hesab edir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli və Qax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hərdənbir yadına düşəndə narkotik vasitə olan marixuanadan istifadə edir. 2021-ci ilin yay aylarında Qax rayonu Qapıçay kəndində balıq tutmağa gedən zaman, orada çay kənarında yabanı halda bitmiş çətənə kollarını görmüş, yarpaqlarını qurudub gələcəkdə özü çəkmək üçün bir-neçə kol qopardıb kənara atmışdır. Bir-neçə gün sonra həmin yerə gələndə onların quruduğunu görüb, onları sellofan torbaya yığdıqdan sonra yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsində gizlətmişdir. 18 mart 2022-ci il tarixdə səhər saat 10 radələrində həmin qurudulmuş marixuanadan özü çəkmək üçün bir qədər götürüb kibrit qutusuna qoymuş və evdən çıxaraq Qax şəhəri H. Əliyev prospekti ilə gedən zaman polis əməkdaşları özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Qax RPŞ-nin inzibati binasında onun razılığı və hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Baxışdan əvvəl ona təklif olunmuşdur ki, üstündə qanunsuz əşya və ya narkotik vasitə varsa özü könüllü təqdim etsin. O, əynindəki qara gödəkcənin sol iç döş cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 01 (bir) ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Narkotik vasitəni Qax şəhəri, M.Əmirov küçəsində yerləşən evinin həyətindəki tövlədə gizlətdiyini bir qədərini isə özü çəkmək üçün götürüb üstündə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə evin həyətindəki tövləyə baxış keçirmiş, gizlətdiyi narkotik vasitənin yerini polislərə göstərmişdir. Həmin narkotik vasitə çəkildikdə ümumi təmiz çəkisi 6.28 qram olmuş və kütlə qablaşdırılıb götürülmüşdür. Daha sonra yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilmiş, həyətdə yerləşən mal tövləsində gizlətdiyi 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, ümumilikdə 336 qram olmuş və kütlə qablaşdırılıb götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni satmaq niyyəti olmamış, hərdənbir özü istifadə etmək üçün üstündə saxlamışdır. Əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Seymur adlı şəxsin üzərində narkotik vasitə olan qurudulmuş marixuananı saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat tədbiri hazırlanmışdır. Digər polis əməkdaşları ilə birlikdə həmin gün Qax rayonu ərazisində Seymur adlı şəxs saxlanılmış və özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hal şahidlərinin iştirakı ilə Seymur Əsgərovun üstünə baxış keçirilmiş, baxış zamanı əvvəlcə əynindəki qara gödəkcənin sol iç döş cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı X5 təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu və onu Qax rayonu Qapıçay kəndinin ərazisində tapdığını demişdir. Onun həmin narkotik vasitəni satmaq məqsədi olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan qurudulmuş marixuanaya bənzər maddə tərəzidə çəkilmiş, çəkisi 6.28 qram olmuş qablaşdırılmış və 108 saylı möhürlə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin qalan hissəsini Qax şəhəri, M.Əmirov küçəsində yerləşən evinin həyətindəki tövlədə gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evin həyətində yerləşən tövləyə baxış keçirmiş, baxış zamanı Seymurun tövlədə gizlətdiyi sellofan torbada olan narkotik vasityə bənzər kütlə aşkarlanmışdır. Həmin narkotik vasitə çəkildikdə ümumi təmiz çəkisi 336 qram olmuş və kütlə qablaşdırılıb götürülmüş və 108 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edildikdən sonra əməliyyat tədbiri iştirakçıları tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşı Şahid5 ifadəsində və məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 Qazi oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Qax rayon Kənd Təsərrüfatı İdarəsində baş aqronom vəzifəsində işləyir. 10 may 2022-ci il tarixdə polis əməkdaşları onu Qax rayonu, Qapıçay kəndi ərazisində yerləşən meşəlik ərazisində kolluq sahəyə baxış keçirilməsində aqronom kimi dəvət etmiş, birlikdə Qax rayonu, Qapıçay kəndi ərazisində yerləşən meşəlik ərazidə kolluq sahəyə baxış keçirmişlər. Baxış zamanı həmin ərazidə həqiqətən də yabanı halda narkotik vasitə olan çətənə kollarının bitməsinin mümkün olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Qax RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdə polis əməkdaşları tərəfindən yaşadıqları evin həyətində olan mal tövləsində oğlu Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi üçün həyətdə olan mal tövləsinə və evə baxış keçirilmiş, baxış zamanı Seymur tövlədə gizlətmiş 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Seymurun təqdim etdiyi 1 (bir) ədəd sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmuş, Seymur 2021-ci ilin yay aylarında dəqiq günü yadında olmayan vaxtda Qax rayonu, Qapıçay kəndi ərazisində yerləşən balıq tutulan yerdə çətənə kollarının yetişdiyini gördüyünü, həmin çətənə kollarının yarpaqlarını yığaraq qurutduğunu və narkotik vasitə olan qurudulmuş marixuananı həyətdə yerləşən mal tövləsində saxladığını demişdir. Bundan sonra həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi 336 qram olmuş, daha sonra bu barədə protokol yazıb iştirakçılar tərəfindən imzalanmışdır. Seymur narkotik vasitə olan qurudulmuş marixuananı ona məxsus yaşayış evinin həyətində yerləşən mal tövləsində gizlətdiyindən onun və ailə üzvlərinin xəbəri olmamış, bu barədə polis əməkdaşları tərəfindən keçirilən axtarış zamanı xəbəri olmuşdur. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 106-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 577 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 94-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon X6 Hüquqi şəxsin 01 aprel 2022-ci il tarixli, 215 saylı məktuba əsasən Təqsirləndirilən şəxs Qax rayon poliklinikasının narkoloji və psixatrik kabinetlərdə dispanser qeydiyyatında yoxdur İşin 46-47-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/250 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 (bir) ədəd kibrit qutusu dolu kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-6,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan mal tövləsindən aşkar edilmiş kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 332,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumilikdə 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın qalığı 6.23 qram, 01 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuananın qalığı 332.48 qramdır. İşin 45-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 26-32-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin gün hal şahidlərinin iştirakı ilə Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç döş cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, Qax şəhəri, Qapıçay kəndinin ərazisində çayın kənarında bitən çətənə bitkisinin kollarının yarpaqlarını yığaraq qurutduqdan sonra yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki mal tövləsində gizlətdiyini, bir hissəsini götürərək üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkarlanmış narkotik vasitə çəkildikdə ümumi təmiz çəkisi 6.28 qram olmuş və kütlə qablaşdırılıb götürülmüş, işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İşin 38-39-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün hal şahidlərinin iştirakı ilə Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan mal tövləsindən saxladığı 01 ədəd sellofan torbada 332.53 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 14-15-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə saat 10:40-da tutulmuşdur. İşin 67-68-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan görünür ki, həmin günü Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Qax RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 81-82-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, 26 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda olan ümumi təmiz çəkisi tədqiqatdan sonra 6.23 qram və 1 ədəd sellofon bükümdə içərisində ümumi təmiz çəkisi tədqiqatdan sonra 332.48 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin aidiyyatı üzrə xidmət sahəsinə verilmişdir. İşin 116-118-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan və aqronom rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X8 baş aqronomu Şahid4 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yerə, yəni Qax rayonu, Qapıçay kəndi ərazisində yerləşən kolluq sahəyə baxış keçirilmiş və həmin yerdə həqiqətəndə yabanı halda narkotik tərkibli çətənə bitkilərinin yetişməsinin mümkün olması müəyyən olunmuşdur. İşin 89-90-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qapıçay kəndinin ərazisində yerləşən ərazidəki kolluq sahədən çətənə kollarının yarpaqlarını yığdığı yeri və şəraiti göstərmişdir. İşin 101-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Qax şəhər İƏD-nin verdyi xx.xx.2022-ci il tarixli 1002 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatdadır. İşin 102-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Qax şəhər İƏD-nin verdyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 93-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 121-128-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 14 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında Qərarından görünür ki, Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılarkən və yaşadığı evin həyətində yerləşən mal tövləsinə baxış keçirilərkən qeydə alınmış videogörüntüləri əks etridən 02 (iki) ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Öz növbəsində məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarnı, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi isə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq azdlıqdan məhrum etmə ilə bağlı cəza təyin etmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Qax rayon bölməsindən təqdim edilmiş 27 iyul 2022-ci il tarixli, 201 saylı arayışdan görünür ki, Əliyev X1 müharibəsi veteranıdı və ona 17 mart 2009-cu il tarixli 078558 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Qax rayon bölməsindən təqdim edilmiş 27 iyul 2022-ci il tarixli, 202 saylı arayışdan görünür ki, Şahid1 17 aprel 1986-cı il tarixdən 28 aprel 1988-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında və 12 avqust 1994-cü il tarixdən 03 fevral 1996-cı il tarixədək ordu sıralarında hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi tərəfindən verilmiş diplomlardan görünür ki, Təqsirləndirilən şəxs çoxmübarizəli idman yarışlarında müxtəlif illərdə dörd dəfə Respublika birincisi, iki dəfə Respublika ikincisi, üç dəfə isə Respublika üçüncüsü olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs оğlunun himаyəsində 2 azyaşlı övladı var; Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən Təqsirləndirilən şəxs оğlunun himаyəsində 2 azyaşlı övladı olmaqla ailəli olması, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn azyaşlı uşaqlarının fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət və 16 iyun 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək həbsdə olduğu 1 ay 18 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla 3 ay 10 gün müddət ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 2 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Qax rayonu İcra və Probasiya Şöbəsi həyata keçirsin. Hökm baxılmış apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət Prosesual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar