Məhkəmə qərarları › İş №1(107)-32/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-32/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-32/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İİ dərəcəli hüquqşünas X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(024)-35/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən M.Qarayev) xx xxxxxxx 2020-ci il tarixli, 1(024)-35/2020 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs oğlu-xx.xx.1961-ci ildə Qax rayonu Zərnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X18 Bölmələrinin X21 rayon X12 Hüquqi Şəxsində cərrah işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi Qəsəbəsi, Hərbi Şəhərcik ev 37, mənzil 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına, CM-in 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasının saxlanılması, cəzasını iş yeri üzrə çəkməsi, təyin edilmiş əsas cəza olan islah işləri cəzasının çəkilməsinin əvvəlinin qazancından tutulmaların aparıldığı gündən hesablanması, əlavə cəza olan dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının çəkilməsi müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert X2 barəsində olan 0238003AAEBZ nömrəli göndəriş, X14 barəsində olan 0238003AAEKN nömrəli göndəriş, X15 barəsində olan 0238003AAEK6 nömrəli göndərişlər iş materiallarında saxlanılması, Hökmün icrası Təqsirləndirilən şəxs daimi qeydiyyat yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna biləbilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquq və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, x xxxxxx 2013-cü il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qax rayon Mərkəzi Xəstəxanasında cərrah işləyərkən həmin Nazirlik üzrə xx xxxxxx 2017ci il tarixli, 6 №-li əmrə əsasən həmin xəstəxananın Həkim məsləhət komissiyasının tərkibində həkim ümumi cərrah vəzifəsinə təyin edilməklə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxx 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə üzvü olduğu həmin X6 əlillik dərəcəsi almaq üçün x xxxxxx 2018-ci il tarixdə müraciət etmiş tanışı - x xxxx 1969-cu il təvəllüdlü, Qax rayonu, Tasmalı kəndində qeydiyyatda olmaqla orada yaşayan X17 Qax rayon hərbi komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılaraq döyüş zonasında hərbi xidmət keçib xx.xx.1993-cü ildə yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1220 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı sol çiyin qurşağının odlu silah yaralanmasından sonra körpücük sümüyünün akromial çıxıntısının ostiomeliti travmatik pleksit, mil sinirinin nevriti, çiyin qurşağının yad cismi, bazu oynağının kontrakturası və sol bazu oynağının odlu silah yarası, sol kürək sümüyünün akromial çıxıntısının osteomieliti ilə fəsadlaşması, travmatik pleksit” diaqnozu qoyulmasına və özü tərəfindən müayinə zamanı həmin diaqnozların müəyyən edilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azər Razmanov barəsində, faktiki olaraq əziyyət çəkməsə də, əlavə diaqnozlar hesabına əlillik dərəcəsinin təyin edilməsinə nail olmaq niyyətilə xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə sonuncunu müayinə və müalicə edərək həkim məsləhət komissiyasının cinayətdən xəbərsiz digər üzvlərinin və sədrinin imzaları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndəriş” vərəqəsinin (Forma 88) özü tərəfindən yazılmalı olan müvafiq qrafasında Azər Razmanova “Sol bazu oynağı nahiyəsinin, çiyin qurşağının çoxsaylı qəlpə yaralanmasının uzaq nəticələri, travmatik pleksit, sol akromial çıxıntısının ostiomeliti, çiyin qurşağının metal yad cismləri (qəlpələr), sol bazu oynağının kontrakturası, əlin tutma funksiyasının itirilməsi, sağ əlin iflici” diaqnozlarını şəxsən qeyd edib özünün adına alınmış olan Kart N22CF25EC00730007 saylı elektron imza vasitəsilə imzalayıb təsdiq etsə də, Azər Razmanov qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə onun barəsində kliniki, laborator və instrumental müayinələr aparmadan xx xxxxxxx 2019-cu il tarixdə Qax şəhəri, 9 Aprel küçəsi, 8 ünvanında yerləşən Qax rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq X16 əsas diaqnozu qismində düzgün olmayan, yəni “Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nin nəticələri, kəskin nəzərə çarpan vegetativ və hərəki-koordinator funksiyanın pozulması, tez-tez təkrarlanan damar (qıcolma) krizləri” kimi bilə-bilə yalan məlumatları xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan xx xxxxxxx 2019-cu il tarixli, 0238003AAEBZ nömrəli elektron göndərişə daxil edib cinayətdən xəbərsiz həmin komissiya üzvləri və sədrin elektron imzasından istifadə edərək təsdiq edib həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qax rayon Mərkəzi xəstəxanasının (x xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X22 Bölmələrini X23 rayon X12 Hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə üzvü olduğu X6 əlillik dərəcəsi almaq üçün xx xxxxxx 2018-ci il tarixdə müraciət etmiş tanışı - xx xxxx 1967-ci il təvəllüdlü, Qax rayonu, Tasmalı kəndində qeydiyyatda olamaqla, Qax rayonu, Qorağan kəndində yaşayan X10 Qax rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağrılaraq döyüş zonasında hərbi xidmət keçib xx.xx.1993-cü ildə yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1742 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı “Sağ baldırın orta 1/3-nin yumşaq toxumaların qəlpə yaraları. Sağ baldırın orta 1/3-nin və sol diz oynağının qəlpə yaralanması. Sol diz oynağının artrozu. Sol diz və sağ baldır nahiyyələrində yad cism. Sol budun yumşaq toxumalarının xırda qəlpəli kor odlu güllə yaralanması” diaqnozu qoyulmasına və özü tərəfindən müayinə zamanı həmin diaqnozların müəyyən edilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Nazim Durmuşov barəsində, faktiki olaraq əziyyət çəkməsə də, əlavə diaqnoz hesabına əlillik dərəcəsinin təyin edilməsinə nail olmaq niyyətilə sonuncu qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə onun barəsində kliniki, laborator və instrumental müayinələr aparmadan x xxxxxx 2020-ci il tarixdə qeyd edilən ünvanda yerləşən Qax rayon X12 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq X8 ağırlaşma diaqnozu qismində düzgün olmayan, yəni “dayaq hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” kimi bilə-bilə yalan məlumatlardan ibarət diaqnozu, bilərəkdən təhrif edilmiş formada informasiya resursu sayılan xx.xx.2020-ci il tarixli, 0238003AAEKN nömrəli elektron göndərişə daxil edib cinayətdən xəbərsiz həmin komissiya üzvləri və sədrin elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X22 Bölmələrini X23 rayon X12 Hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumaları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə müraciət etmiş x xxxxxx 1976-cı il təvəllüdlü, Qax rayonu, Turaclı kəndində qeydiyyatda olmaqla yaşayan X11 Qax rayon Hərbi Komissarlığı tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılaraq döyüş zonasında hərbi xidmət keçib 1997-ci ildə yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 719 nömrəli qərarı ilə “Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyyəsinin sağ tərəfinin tüklü hissəsində bir ədəd sağ saidin aşağı 1/3-nin ön-bayır səthində iki ədəd, sol saidin yuxarı 1/3-nin ön səthində bir ədəd, sol biləyin ön səthində bir ədəd, sağ əlin arxa səthində V daraq sümüyünün distal ucunda bir ədəd, sağ əlin İV daraq sümüyünün distal ucunun ovuc səthində bir ədəd, döş qəfəsinin sağ arxa səthində orta xətdən 8 sm sağa, İX döş fəqərəsi səviyyəsində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd, sol ayaq pəncəsinin arxa səthində İ daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd köhnə çapıq toxumalar” diaqnozu qoyulmasına və özü tərəfindən müayinə zamanı həmin diaqnozların müəyyən edilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Qoşqar Mirzəyev barəsində, faktiki olaraq əziyyət çəkməsə də, əlavə diaqnoz hesabına əlillik dərəcəsinin təyin edilməsinə nail olmaq niyyətilə sonuncu qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə onun barəsində kliniki, laborator və instrumental müayinələr aparmadan xx xxxxxx 2020-ci il tarixdə Qax şəhəri, 9 Aprel küçəsi, 8 ünvanda yerləşən Qax rayon X12 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq X9 əsas diaqnozu qismində düzgün olmayan, yəni “Kəllədaxili travmaların nəticələri, bədənin müxtəlif nahiyyələrinin o, cümlədən kəllənin çox saylı qəlpə yaralanması nəticəsində QKBT-nin qalıqları” kimi bilə-bilə yalan məlumatlardan ibarət diaqnozu, bilərəkdən təhrif edilmiş formada informasiya resursu sayılan xx.xx.2020-ci il tarixli, 0238003AAEK6 nömrəli elektron göndərişə daxil edib cinayətdən xəbərsiz həmin komissiya üzvləri və sədrinin elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X22 Bölmələrini X23 rayon X12 Hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumaları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(024)-35/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə məhkum edilməsi barədə cinayət işi üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə cinayətlərin məcmusu üzrə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə əsas cəza təyin edilməklə dəyişdirilməlidir. Belə ki, CM-in 8.1 -ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs yüngül cəza növü kimi islah işləri cəzasını təyin edərkən Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin ictimai təhlükəlilik dərəcəsinin nədə ifadə olunmasını, ona təyin etdiyi cəzanın törədilən cinayətlərin xarakterinə və törədilmə hallarına uyğun olub-olmadığını heç bir tutarlı hüquqi arqumentlə əsaslandıra bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin ictimai təhlükəliliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarının mənası prizmasından yanaşdıqda onunla fərqlənir ki, Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətlərin törədilməsi dövlət hakimiyyət və idarəetmə orqanlarının normal fəaliyyətinin pozulmasında, dövlət xidmətinin və səhiyyə xidmətinin mənafelərinə qəsd edilməsində, qanunsuz və əsassız əlillik dərəcələri təyin olunması, dövlət büdcəsi vəsaitlərinin israf edilməsinə şərait yaradılmasında özünü birmənalı olaraq təzahür etdirmişdir. Sürətli inkişaf və bütün sahələrdə qabaqcıl beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi, həmçinin dövlətin əlilliyi olan şəxslərlə bağlı siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzmi artıq Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin X1 qoşulmasına şərait yaratmışdır. Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunmuşdur. Azərbaycan Respublikası yuxarıda qeyd olunan Konvensiyaya qoşulduqdan sonra həm qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylərini davam etdirmişdir. Saxta yollarla əlilliyin təyin edilməsi isə dövlətin sosial müdafiə siyasətini zəiflədir. Bu həm də sosial ədalətin pozulması kimi qiymətləndirilir. Bundan əlavə, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə saxta yolla əlillik dərəcəsi təyin etdirməsi !ə bağlı cinayətinə görə cəza təyini zamanı nəzərə alınmalıdır ki, həmin hərəkətlər hazırda Azərbaycan Respublikasında gedən aktiv müharibə şəraitində müharibədə yaralanmış şəxslərlə əlaqədar gələcəkdə dövlət tərəfindən tətbiq ediləcək sosial təminatları da şübhə altına qoymaqla cəmiyyətdə bu həssas sahəyə inamsızılığa, ruh düşkünlüyünə və dövlətin sosial təminatlar siyasətinə münasibətdə etibarsızlığa gətirib çıxarır. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməllərinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə cəza təyin edərkən onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almasının təhlilini apararkən həmçinin aşağıdakılar qeyd edilməlidir. CM-in 72.1 -ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs isə dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuşdur ki, belə halda məhkəmə cəza təyini zamanı səmimi peşimançılığı nəzərə ala bilməzdi. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasını “Qax Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müəyyən etmiş, lakin bu halın nədə ifadə olunması və bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Həmçinin iş materiallarında Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanın ödənilməsini təsdiq edən hər hansı bir sübut növü mövcüd deyildir və bu halı da məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandıra bilməmişdir. Bundan əlavə məhkəmə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsir, edəcəyini qeyd etsə də, bunun nədə ifadə olunduğunu hökmün təsviri- əsaslandırıcı hissəsində göstərməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs barəsində humanist qərar qəbul edilməsi barədə xahişini təqsirləndirilən şəxs-Vəti İsaqova cəzasının yüngülləşdirən hal kimi göstərməklə yanaşı, cəza təyini zamanı onun şəxsiyyətini, iş yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını əsas götürməsi özü özlüyündə ziddiyyətin yaranmasıdır. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə cəza növünü müəyyən edərkən hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam müəyyən etməmiş, təqsirləndirilən şəxsin vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquq və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini cəzanın növünü müəyyən edərkən kifayət qədər nəzərə almamış və əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan islah işləri cəzasını təyin etmişdir. Məhkəmədə baxılmış cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin biri böyük ictimai təhlükə törətməyən cinayətlər, biri isə az ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətlərin əsas bilavasitə obyektləri dövlət orqanlarının və şəxslərin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyektləri isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret- müəyyən insanın-fərdin sağlamlığıdır. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 bildirdi ki, birinci instansiya məhkəməsində iş üzrə dövlət ittihamçısı kimi çıxış edərək Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilməsi, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi xhiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yüngül cəza növü kimi islah işləri cəzasını təyin edərkən Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin ictimai təhlükəlilik dərəcəsinin nədə ifadə olunmasını, ona təyin etdiyi cəzanın törədilən cinayətlərin xarakterinə və törədilmə hallarına uyğun olub-olmadığını heç bir tutarlı hüquqi arqumentlə əsaslandıra bilməmişdir. Ona görə də yuxarıda qeyd etdiyi xüsusilatları nəzərə alaraq apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən Qax rayon Mərkəzi xəstəxanasında cərrah işləyir. Həkim kimi fəaliyyət göstərdiyi müddətdə heç bir ciddi nöqsanlara yol verməmişdir. O öz işində həm məsuliyyətli, həm də bacarıqlı həkim kimi ad çıxarmışdır. Bundan əlavə Vətən müharibəsində yaralanmış və Qax rayon Mərkəzi Xəstəxanasında müalicə alan 72 hərbiçi və əsgərin müalicəsində sarğılarının dəyişdirilməsində gecə-gündüz bilmədən öz köməyini əsirgəməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən onlara və onların işlədiyi kollektivə heç bir maddi və mənəvi zərər vurulmamışdır. Ona görə də, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X20 bildirdi ki, təqsirləndirilən şəxs cinayətin açılmasında fəal iştirak etmiş, əməlindən peşman olmuşdur. İnsanlara köməyi var və onu cəmiyyətdən uzaqlaşdırmaq düzgün deyil. Apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, o, Vətən müharibəsində yaralanmış 72 hərbiçi və əsgərin müalicəsində sarğılarının dəyişdirilməsində öz köməyini əsirgəməmişdir. Həmçinin, 1992- 1994-cü illərdədə o, 40 hərbiçi və əsgərin müalicəsində sarğılarının dəyişdirilməsində öz köməyini əsirgəməmişdir. Hərbi həkim kimi orduda xidmət etdiyi müddətdə müsbət işlər görmüş, xidmətdə fərqlənmiş, mayor rütbəsinə kimi yüksəlmişdir. O humanistlik, mərhəmərlik göstərərək İ Qarabağ müharibəsinin iştirakçılarına Azər Ramzanova, Nazim Durmuşova və 1997-ci ildə Qazaxda hərbi vəzifələrini yerinə yetirərkən mina-partlayış travmasına məruz qalmış Qoşqar Mirzəyevə kömək məqsədi ilə əlillik dərəcəsi alması üçün onlara düzgün diaqnoz yazmamışıdr. Onların heç birinində ondan şikayəti yoxdur. Dövlət əmlakı korlanmamış, dövlətə heç bir ziyan dəyməmişdir. Bütün bunları nəzərə alaraq apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi, barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(024)-35/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 308.1 və 313-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 308.1 və 313-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha ağır cəza təyin edilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməllərinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasını “Qax Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müəyyən etmiş, lakin bu halın nədə ifadə olunması və bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Eləçədə iş materiallarında Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanın ödənilməsini təsdiq edən hər hansı bir sübut növü mövcüd deyildir və bu halı da məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandıra bilməmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da daha ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs əməlini səmimi etiraf edir, törətdiyi əmələ görə səmimi peşimançılıq hissi keçirir, həmçinin həm yaşayış yeri üzrə, həm də iş yeri üzrə müsbət xarakterizə olunur. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxsin həm yaşayış yeri üzrə, həm də iş yeri üzrə müsbət xarakterizə olunması isə özü-özlüyündə onu əhatə edən insanların, əmək kollektivinin təqsirləndirilən şəxsi cəmiyyətin normal üzvü kimi qəbul etdiklərini və ona olan inamların saxlandığını özündə ehtiva edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, təqsirkar ailəlidir və himayəsində onun qazancına möhtac uşaqları var. Hansıki, bu uşaqların inkişafı, cəmiyyətə inteqrasiyası, cəmiyyətin fəal üzvünə çevrilməsi məhz təqsirkar ataya təyin ediləcək cəzanın növündən bilavasitə aslıdır. Həmçinin, apellyasiya protestində Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanın ödənilməsini təsdiq edən hər hansı bir sübut növü mövcüd deyildir və bu halı da məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandıra bilmədiyini qeyd etsədə, məhkəmə kollegiyası bunu əsaslı bilmir. Çünki, tədqiq edilən iş materiallarından, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışından aydın olur ki, zərərçəkmiş hüquqi şəxsə heç bir ziyan vurulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(024)-35/2020 nömrəli hökmü ilə bağlı apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(024)-35/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(024)-35/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar